Məhkəmə qərarları › İş №2(103)-1351/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1351/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1351/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-711/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 198,32 ABŞ dolları əsas, 798,85 ABŞ dolları faiz, 74,65 ABŞ dolları cərimə, cəmi 1.071,82 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-711/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 17 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh198,32 (yüz doxsan səkkiz dollar otuz iki qəpik) ABŞ dolları əsas borc, 798,85 (yeddi yüz doxsan səkkiz dollar səksən beş qəpik) ABŞ dolları faiz borcu və 10 (on) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1.007,17 (min yeddi dollar on yeddi qəpik) ABŞ dolları pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlili: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini, bu səbəbdən qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Q.Məmmədov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi İ.Şahverdiyev apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış 17 fevral 2015-ci il tarixli müqavilə əsasında kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqaviləninşərtlərini pozmuşdur. Cavabdehin cəmi 1.071,82 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh borc barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(011)-639/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh 17 fevral 2015-ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən yaranmış öhdəliyə xitam verilməsi, cavabdeh "xxxx" KB ASC-dən 367 manat pul və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 387 manat pulun tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyaisya Məhkəməsinin 05.02.2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.

1. İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən ümumilikdə nə qədər ödəniş edilmişdir.

2. Kredit müqavilənin qüvvədə olduğu müddət ərzində yaranmış əsas, faiz və cərimə borcunun məbləği müəyyən edilsin.

3. Kredit müqaviləsinin müddəti bittikdən sonra ödəniş edilmişdirmi, ödəniş edildiyi təqdirdə nə qədər ödəniş edilmişdir, həmin məbləğin nə qədəri əsas, nə qədəri faiz borcuna silinmişdir.

4. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı fərmanına əsasən verilmiş kompensasiyanın müqabilində həmin kredit müqavilisindən silinmə olmuşdurmu, olduğu halda silinmənin məbləği nə qədər olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 01.07.2021-ci il tarixli, 9/1365 saylı ekspert rəyinə əsasən: 1-ci sual üzrə Cavabdeh tərəfindən banka 3403,49 ABŞ dolları məbləğində ödəniş edildiyi; 2-ci sual üzrə 17.12.2018-ci il tarixə banka ödənilməli məbləğ 1418,52 ABŞ dolları təşkil edir, o cümlədən -əsas borc üzrə: 519,77 ABŞ dolları; -faiz borcu üzrə: 898,75 ABŞ dolları; 3-cü sual üzrə cavabdeh tərəfindən 17.12.2018-ci il tarixdən sonra kompensasiya ilə birlikdə 358,19 ABŞ dolları ödəniş edilmiş, onun 37,05 ABŞ dolları cərimə borclarına, 321,14 ABŞ dolları isə əsas borca silinmişdir. 4-cü sual üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı fərmanına əsasən verilmiş kompensasiyanın müqabilində həmin kredit müqavilisindən 08.05.2019-cu il tarixdə 169,00 ABŞ dolları məbləğində silinmə olmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən ona aid hissədə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 01.07.2021-ci il tarixli, 9/1365 saylı ekspert rəyinə əsasən 17.12.2018-ci il tarixə banka ödənilməli məbləğ 1418,52 ABŞ dolları təşkil edir, o cümlədən -əsas borc üzrə: 519,77 ABŞ dolları; -faiz borcu üzrə: 898,75 ABŞ dollarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri aparılmış məhkəmə araşdırmaları nəticəsində öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-711/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar