Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1351/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 noyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun (vəkili) nümayəndəsi Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 9.737,47 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.004,51 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 288,23 manat olmaqla, cəmi 11.749,09 manat məbləğində borcun, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,09 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçı Banka xx.xx.2022-ci il tarixdə göndərdiyi ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və bu halı öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, cavabdeh, aylıq faiz dərəcəsi 1,8333% olmaqla 48 ay müddətinə, “Kredit müqaviləsinin” ayrılmaz hissəsi olan “1 saylı əlavədə” müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12.000 manat məbləğində kredit götürmüşdür. Bank, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi qismən icra etmiş, borcun bir hissəsini Banka ödəsə də, qalan borcu ödəməmişdir. Nəticədə cavabdehin 9.737,47 manat məbləğində əsas kredit borcu, 1.004,51 manat məbləğində faiz borcu yaranmışdır. Bank, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq “Kredit müqaviləsinin” şərtinə əsasən cavabdehə cərimə hesablamış və müqavilənin şərtlərinə uyğun olaraq cərimənin məbləğini 288,23 manat müəyyən etmişdir. Bank, yazılı qaydada cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 123,09 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bank, qeyd edilən məbləğlərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh “Kredit müqaviləsi” əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh “Kredit müqaviləsi” əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı Bank müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Bank iddiasını əsaslı olmasını sübut edən müvafiq sənədləri məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam və obyektiv şəkildə araşdırma aparılmamış, tərəflərin çəkişmə, bərabərlik prinsipləri pozulmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Bank öhdəliyin icra müddətini gözləmədən borcun ödənilməsini tələb etmiş, lakin bu hal Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
7. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak etməmiş, ərizə verərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
9. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. İddiaçı Bankın verdiyi iddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh xx.xx.2022-ci il tarixli kredit verilməsi barədə ərizə ilə Banka müraciət etmiş, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olduğunu, onları qəbul etdiyini, ərizədə istifadə edilmiş anlayışların “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, cavabdeh, iddiaçı Bankdan aylıq faiz dərəcəsi 1,8333% olmaqla 48 ay müddətinə qaytarmaq şərti ilə 12.000 manat məbləğində kredit götürmüşdür.
12. İşin hallarından müəyyən edilir ki, cavabdeh, yaranmış maliyyə çətinlikləri səbəbindən kredit borclarını Banka qaytara bilməmişdir.
13. Bankın təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehin “Kredit müqaviləsi” üzrə 9.737,47 manat məbləğində əsas borcu, 1.004,51 manat faiz borcu, 288,23 manat cərimə borcu yaranmışdır.
14. Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Lakin hazırki iş üzrə cavabdeh iddiaçı Banka borcunun olmadığı ümumiyyətlə iddia etməməşdir.
16. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).
17. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir.
18. Məhkəmə, cavabdeh tərəfindən ondan tələb edilən borcun miqdarının mübahisələndirilmədiyini nəzərə alaraq hesab edir ki, Bank tərəfindən tələb edilən borcun məbləği tərəflər arasında mübahisə doğurmadığından Rayon Məhkəməsi iddianı tam təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
19. Cavabdehin öz ərizəsi ilə şərtlərini qəbul etdiyi “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin” 7.32.1-ci bəndinə əsasən, müştəri krediti və kredit faizini bu Şərtlərə və müvafiq ərizəyə uyğun olaraq qaytara bilmədikdə Bank nağd kredit barədə müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir.
20. Bank tərəfindən təqdim edilmiş kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu aylıq ödəniş 2023-cü ilin aprel ayında olmuşdur. Bununla da müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuş və Bankın borcun qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. İddiaçı isə 2023-cü ilin oktyabr ayında məhkəməyə iddia vermişdir.
21. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.
22. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsi tərəfindən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. (məhkəmə bildirişi cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, həmçinin cavabdehə “AZEMİS” vasitəsilə sms bildiriş göndərilmişdir.)
23. Belə olan halda, MPM-in 185.5-ci və 185.6-cı maddəsinə əsasən, Rayon Məhkəməsi haqlı olaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Rayon Məhkəməsi tərəfindən tərəflərin çəkişmə prinsipinə riayət olunmuşdur. g) apellyasiya baxışının nəticəsi
24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunu, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
26. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı Bank hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
27. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
28. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 noyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kassasiya şikayəti verilə bilməz.