Məhkəmə qərarları › İş №2(103)-1352/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1352/2025

05.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1352/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar (Açar sözlər: “alimentin artırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6755/2024 nömrəli xx.xx.2024-cü il tarixli iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1472/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə Nağıyeva (Musayeva) Maya Yusif qızı arasında xx.xx.2011-ci il tarixdə 224 nömrəli akt qeydi ilə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları Nağıyeva (Musayeva) Maya Yusif qızının yanında saxlanılmaları, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı Nağıyeva (Musayeva) Maya Yusif qızının xeyrinə ödənilməsi qət edilmişdir.

2. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı adına ********** və ********** qeydiyyat nömrəli daşınmaz əmlaklar qeydiyyatdan keçmişdir.

3. İş materiallarında olan arayışdan və “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də işləməklə, aylıq vəzifə maaşı 350 manat, İddiaçı Daxili İşlər Nazirliyində işləməklə, aylıq vəzifə maaşı ***-**** manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı

4 İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin artırılaraq, Cavabdeh övladları X6 və X1 üçün onların 18 yaşlarına çatanadək hər biri üçün hər ay 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah 05 mart 2011-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində qeyd edilmişdir. Birgə nikahlarından 19 dekabr 2011-ci il tarixdə Əli adlı və 08 avqust 2013-cü il tarixdə Azad oğlu adlı oğulları anadan olmuşdur. Cavabdehlə nikaha daxil olduqdan sonra birlikdə yaşamışlar. Cavabdehlə münasibətlərinin kəskinləşməsi səbəbindən nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1472/2022 saylı qətnaməsi ilə Cavabdehlə xx.xx.2011-ci il tarixdə qeydə alınmış nikahlarının pozulması, övladlarının onun yanında saxlanılmaları, övladları Əli Nağızadənin və Azad Nağızadənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş və hazırda icradadır. Uşaqların təhsilləri və saxlanılmaları ilə bağlı maddi yardıma ehtiyacı vardır. O, hazırkı bazar iqtisadiyyatını, istehlak zənbilinin dəyərini əsas gətirərək sabit pul məbləğində alimentin həcminin artırılması, Cavabdeh övladlarının saxlanılmaları üçün hər birinə hər ay 250 manat məbləğində alimentin tutulması barədə qətnamənin qəbul edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, hazırkı vaxtda uşaq üçün müəyyən olunmuş 193 manat müavinət onların ən minimum tələblərinin təmin edilməsinə belə kifayət etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələblərinə əsasən uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hazırkı vaxtda Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyənləşdirilmişdir və o, hesab edir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6755/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1472/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 manat dövlət rüsumunun Azərbaycan Respublikasının dövlət büdcəsinə tutulması, alimentin yeni məbləğdə tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. (hakim X7)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, məhkəmə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri daşımaqları prinsipinə əsaslanmaqla hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da, qismən əsaslı olduğu, cavabdehin iddiaçı tərəfindən tələb etdiyi miqdarda alimentin ödənilməsi üçün kifayət qədər qazancı ilə bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün, həmçinin tərəflərin hazırki (real) maddi imkanları (iddiaçının əmək haqqısının 900- 1000 manat məbləğində olması) nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1472/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci, 78.2-ci, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 115.0.9cu, 119.1-ci, 217.4-cü maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarına və bir sıra uşaq hüquqlarının müdafiəsinə aid qanunlara istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir əsas olmadan yalnız Cavabdeh marağına uyğun hərəkət etmiş, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumnun xx.xx.2016- cı il tarixli Qərarının müvafiq tələblərini cavabdehin xeyrinə şərh etmişdir. Əslində cavabdehin "xxxx" MMC-də işləməklə aylıq vəzifə maaşının 350 manat təşkil etməsinə dair elektron məlumata məhkəmə iclasında nümayəndəsi tərəfindən tənqidi münasibət bildirilmişdir. Həqiqətən də, 2024-cü i üçün minimum əmək haqqının 345 manat təşkil etdiyi bir vaxtda Cavabdeh aylıq 350 manata qulluq etməsi heç də həqiqəti əks etdirmir. Onun aylıq gəliri və qazancı bu 350 manatdan bir neçə dəfə artıqdır. Bundan başqa, Cavabdeh özünün ya anasının adına qeydiyytda olan daşınmaz əmlakı icarəyə verir və həmin icarə haqqından əlavə gəlir götürür. Hazırkı vəziyyətdə isə onun aylıq vəzifə maaşının hətta ***-**** manat civarında olması həmin tələbatlarının tək özü tərəfindən təmin edilməsi mümkünsüzdür. Məhkəmə isə bu halları da nəzərə almamış, alimentin miqdarının cüzi bir məbləğdə artırılmasını daha məqbul hesab etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.

13. İştirak etdiyi məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. “Uşaq hüquqları haqqında” Konvensiyanın 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Bu maddənin 1-ci bəndinə uyğun hər cür araşdırma zamanı bütün əlaqədar tərəflərə araşdırmada iştirak etməyə və öz nöqteyi-nəzərini şərh etmək imkanı verilir.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

16. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

17. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.

18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2024-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin dəyişdirilməklə iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilməlidir.

24. Kollegiya ilkin olaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin yüksək gəlir əldə etməsi barədə iddiaçı tərəfindən sübutlar məhkəməyə təqdim edilməmişdir. 25.Məhkəmə kollegiyası tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cavabdehdən tutulmalı olan alimentin miqdarını qanunvericiliyin tələblərinə və işin hallarına uyğun hesab edir.

26. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, uşaqları saxlamaq və onların maddi tələbatlarını ödəmək hər iki valideynin vəzifəsidir.

27. Bununla belə, kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq bu nəticəyə gəlir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı, qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir.

28. Hazırki işdə bir uşağın saxlanmasına görə aliment 200 manat həddində müəyyən edildiyindən, cavabdehdən iddiaçının xeyrinə 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0.57 mislində (345 x 0.57 = 200 manat) aliment tutulmalıdır.

29. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə müəyyən edilən məbləğ illik hesablandırqada beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6755/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.57 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar