Məhkəmə qərarları › İş №2(103)-13538/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13538/2019

19.11.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13538/2019 19.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Qasımovun iştirakı ilə, İddiaçı cavabdeh Qasımov Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4908/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (bundan sonra – iddiaçı) ilə Qasımov Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlanmışdır, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Davud, xx.xx.2012-ci il təvəllüdlü İradə adlı övladları dünyaya gəlmişdir. Astara Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmış, onların saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdehdən hər ay 90 manat aliment tutulmuşdur. Baxılan iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarının artırılması, uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Hazırda işləmir, valideynlərinin maddi dəstəyi hesabına yaşayır. İddiaçı uşaqları saxlaya bilmirsə, ona versin. Apellyasiya baxışı zamanı cavabdeh şikayətin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, həvəskar musiqiçidir. Rəsmi heç yerdə işləmir. Sifariş olduqda kafelərdə musiqiçilik etməklə gündəlik 5-7 manat pul qazanır. Cavabdeh şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında şikayətə etiraz edərək bildirdi ki, cavabdeh musiqiçidir, tələbləri də var. Hal-hazırda rayonda özünə ev tikir. Cavabdehin məhkəmənin qət etdiyi məbləğdə aliment ödəməyə imkanı var. Özü isə uşaqlara baxdığından işləyə bilmir. İddiaçı şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddələrini, habelə "Azərbaycan Respublikası 2019-cu il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununu işin müəyyən olunmuş hallarına tətbiq etməklə cavabdehdən 160 manat alimentin tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşağın saxlanılması üçün alimenti artırmaqla mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Lakin Kollegiya uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilən alimentin məbləği barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Nəzərə alınmalıdır ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericilik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməyib. Hər bir işin hallarından, tərəflərin əmlak vəziyyətindən, uşağın əvvəlki təminat səviyyəsindən asılı olaraq, uşaqların saxlanılması üçün yaşayış minimumundan da az məbləğdə aliment tutula bilər. İddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun, yaxud cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı sübutlar təqdim etməmişdir. Həmin məhkəmə qətnaməsinin qəbulundan bir ildən bir qədər artıq müddət keçmişdir. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, qətnamə ilə iddiaçıdan cavabdehin xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmuş alimentin məbləği hər uşaq üçün 140 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: CavabdehQasımov Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4908/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi alimentin məbləğinin artırılması hissəsində dəyişdirilsin. Cavabdeh Qasımov Cavabdeh Astara Rayon Məhkəməsinin 2(018)-827/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla, xx xxxxxxxx 2009-cu il təvəllüdlü Qasımov Davud Cavabdeh oğlu və xx xxxxxx 2012-ci il təvəllüdlü Qasımova İradə Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar