Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1354/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2(004)- 5626/2022 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, CC/29547/49/4 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3200 ABŞ dolları məbləğdə kredit verilmişdir.
2. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, CC/29547/49/4 nömrəli kredit müqaviləsinə əsasən 719,57 ABŞ dolları əsas, 430,11 ABŞ dolları faiz borcu vardır.
3. 25 may 2018-ci il tarixli V-83/2018 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25 noyabr 2017-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdeh miras əmlakdan tam irs almalıdır. Miras əmlak Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun arayışına əsasən mərhum Q.İ.Səmədovun adına xx.xx.2017-xx.xx.2017-ci il tarixli 805535 nömrəli xəstəlik vərəqəsi üzrə 561 manat 12 qəpik müavinatdan ibarətdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
4. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015ci il tarixli CC/29547/49/4 nömrəli müqaviləyə əsasən, 719,57 ABŞ dolları əsas, 430,11 ABŞ dolları faiz, cəmi 1149,68 ABŞ dolları borcun və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, CC/29547/49/4 saylı müqaviləyə əsasən bank ona ümumilikdə 3200 ABŞ dolları məbləğlərində kredit vermişdir. Hazırda mərhum X1 Banka ümumi olaraq 1149,68 ABŞ dolları borcu vardır. X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Cavabdeh X1 qanuni vərəsəsidir. X3 tərəfindən vərəsəsinə qalan miras əmlak AR Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun arayışına əsasən mərhum Q.İ.Səmədovun adına xx.xx.2017-xx.xx.2017-ci il tarixli 805535 nömrəli xəstəlik vərəqəsi üzrə 561 manat 12 qəpik müavinatdan ibarətdir.
6. Cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2(004)- 5626/2022 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
8. Qətnamənin əsaslarına görə müvafiq kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdehin mərhum həyat yoldaşı Q.İ.Səmədov arasında xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə bağlanılmışdır, yəni müqavilənin bitmə müddəti 03 fevral 2017-ci il müəyyən edilmişdir. Q.İ.Səmədov 25 noyabr 2017-ci il tarixdə vəfat etmiş, 25 may 2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin İddiaçı ASC xx.xx.2022-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3, 377.1, 554.1, 554.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, 3 saylı ASAN Xidmət mərkəzinin notariat ofisinin İddiaçı ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən onlara məlum olmuşdur ki, Cavabdeh X1 qanun üzrə vərəsəsidir. Beləliklə də, xx.xx.2022-ci il tarixdən İddiaçı ASC-yə hüquqlarının pozulduğu yəni, qanun üzrə vərəsə Cavabdeh tərəfindən vərəsəlik münasibətlərindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi məlum olmuşdur. Hazırki vəziyyətdə göstərilənlərə əsasən iddia müddətinin başlanğıcının xx.xx.2017-ci il tarixdən hesablanması əsassızdır. İddia müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Vərəsələr mirasqoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Vərəsəlik şəhadətnaməsinə əsasən miras əmlak 561,12 manatdan ibarətdir. Cavabdeh həmin miras əmlakı qəbul etməsinə baxmayaraq kreditor İddiaçı ASC qarşısında öhdəliyini vaxtında yerinə yetirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi X8 apelyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.,
14. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2(004)-5626/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. . TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə; Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.”
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
21. İşdə olan mötəbər sübutların məcmusu ilə (kredit müqaviləsi, maliyyə arayışı) təsdiq olunur ki, iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən X2 3200 ABŞ dolları məbləğdə kredit verilmiş, həmin müqavilə üzrə ödənilməmiş 719,57 ABŞ dolları məbləğdə əsas borc, 430,11 ABŞ dolları məbləğdə faiz borcu qalmışdır.
22. Göstərilən xüsusatlarla təsdiq olunur ki, İddiaçı ASC hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir.
23. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən məhkəmə kollegiyası bu istiqamətdə işin hallarını qiymətləndirir.
24. İşin hallarından müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti 2 il müəyyən edilmişdir, yəni, bu müddət 03 fevral 2017-ci il tarixdə, yəni, X1 ölümündən təxminən 9 ay əvvəl başa çatmışdır.
25. İddiaçı X1 ölümü barədə məlumatsız olduğu halda sonuncuya qarşı iddia 03 fevral 2020-ci il tarixə kimi irəli sürülməli idi.
25. Vərəsəlik haqqında şəhadətnamənin 25 may 2018-ci il tarixdə, yəni, mirasın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət başa çatdıqda verilməsi nəzərə alınarsa, hazırkı cavabdehə qarşı iddia 25 may 2021-ci il tarixə kimi irəli sürülməli idi.
26. Çünki, Mülki Məcəllənin 377.1-ci maddəsi iddia müddətinin axımının şəxsin öz hüququnun yalnız pozulduğunu bildiyi gündən deyil, eyni zamanda bilməli olduğu gündən başlanmasını nəzərdə tutur.
27. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X1 ölümü barədə məlumatlı olduğundan, müvafiq notariat ofisinə mirasın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət bitdikdən sonra da müraciət etmək imkanı olduğu halda, 3 il müddət keçdikdən sonra müraciət etmiş, 3 saylı ASAN Xidmət mərkəzinin notariat ofisinin 16 fevral 2022-ci il tarixli məktubunu aldıqdan 8 ay sonra hazırkı iddia ərizəsini məhkəməyə təqdim etmişdir.
28. Yəni, İddiaçı ASC hər 2 halda – həm X1 ölümü barədə məlumatlı olduğu, həm də məlumatlı olmadığı təqdirdə qanunvericilikdə müqavilə tələbləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.
29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2(004)- 5626/2022 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2(004)- 5626/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev