Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1355/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:dəymiş ziyanın ödənilməsi və kirayə haqqının ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(005)-402/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh MMC -yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 il müddətində kirayə haqlarını ödəməyərək ona vurduğu maddi zərərə görə 48000 (qırx səkkiz min) manat pulun Cavabdeh MMC dən tutulması, xx.xx.2021-ci il tarixdən bina təhvil verilənə kimi aylıq 2000 manat kirayə pulunu ödəmək öhdəliyinin Cavabdeh MMCnin üzərinə qoyulması, ödənmiş dövlət rüsumunun cavadehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin hallarına görə, Cavabdeh MMC ("xxxx"MTK) ilə aralarında 01 noyabr 2017-ci il tarixli 28 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı mülkiyyətində olan mənzili və qeyri-yaşayış sahəsini söküntü üçün “EvroStroy-S.S." MMCyə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyriyaşayış sahəsini qəbul etməyi və ümumi 137.000 manat məbləği 5 dekabr 2017-ci il tarixindən 30 ay ərzində hər ay 4566 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 137.000 manat məbləği vaxtından əvvəl ödəyərək öz öhdəliyini tam olaraq icra etmişdir. Tərəflər arasında razılaşmaya əsasən, 20 ay ərzində iddiaçı təhvil verdiyi qeyriyaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqı almayacağını, həmin kirayə haqqlarının müqabilində ona verilmiş ümumi sahəsi 145,6 kv.m qeyri-yaşayış sahəsinin ümumi dəyərinin bir hissəsi ilə əvəzlənəcəyini bildirmişdir.
3. İddiaçı bildirir ki, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilə ilə müəyyən edilmiş müddətdə qeyri-yaşayış sahəsini təhvil verməmiş, bununla da, onun öz əmlakına sahiblik edə bilməməsinə və maddi itkilərə məruz qalmasına səbəb olmuşdur.
4. Cavabdeh bildirir ki, pandemiya dövrü olduğu və iddiaçıdan başqa digər şəxslərin də həmin ərazidən çıxarılması və mənzilin boşaldılması ilə bağlı problemlər yarandığı üçün gecikmələr olub, ona görə də binanın təməli 2021-ci ilin fevral ayında qoyulub. Həmçinin, iddiaçı binanın təməlinin nə vaxt qoyulmasına dair sübut təqdim etməmişdir.
5. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/21-580 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Vəkil küçəsi, ev 17 ünvanda yerləşən, ümumilikdə sahəsi 145,60 kv.m olan (1-ci mərtəbə üzrə 72.80 kv.m, 2- ci mərtəbə üzrə 72,80 kv.m) qeyriyaşayış sahəsinin (təmirli olacağı nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixə olan orta aylıq icarə dəyəri 2.000 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-402/2022 nömrəli, xx.xx.2022ci tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia qismən təmin olunmuş, Cavabdeh MMCdən İddiaçı xeyrinə 24 ay müddətinə ödənilməmiş 48.000 (qırx səkkiz min) manat məbləğində kirayə pulu və 234 (iki yüz otuz dörd) ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 48.000 manat (24 ay x 2000 manat = 48.000 manat) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, məhkəmə iddia tələbinin “xx.xx.2021-ci il tarixdən bina təhvil verilənə kimi aylıq 2000 manat kirayə pulunu ödəmək öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, gələcəkdə müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirilməsi müqavilə tərəflərinin hərəkət və ya hərəkətsizliyindən asılı olduğundan iddianın qeyd olunan hissəsi əsaslı sayıla bilməz.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin – iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yanlışlığa yol verməklə müqavilənin bağlanması ilə binanın bünövrəsinin qoyulmasını eyni tarixdən hesablamışdır. Bildiyi kimi burada mülkiyyətçi təkcə İddiaçı deyil, ondan başqa neçə nəfərlə bu kimi işlər həyata keçirilmiş və binanın tikintisinə başlamaq üçün digər işlər görülmüşdür. Hər birinin bildiyi kimi tərəflə müqavilə bağlanması bu işlərin bir hissəsidir və bundan sonra kifayət qədər işlər görülməli və hazırlıq işləri aparılmalıdır. Yəni müqavilənin bağlanma tarixi ilə binanın bünövrəsinin bir tarixdə götürülməsi fiziki cəhətdən belə mümkün deyildir. Tərəflə müqavilə bağlandıqdan sonra digər işlərin görülməsi davam etdirilmiş, daha sonra pandemiya başlaması ilə bağlı müəyyən problemlər olmuş və bununla da binanın tikintisinə başlamaq və bünövrəsini qoymaq mümkün olmamışdır. Nəhayət binanın bünövrəsi 2021-ci ilin fevral ayında qoyulmuş və hazırda tikinti davam etməkdədir. Müqavilənin şərtlərindən də göründüyü kimi binanın tikilməyə başlanmasının tarixi dəqiq olaraq göstərilməmişdir. Bunun göstərilməsi də mümkün deyil, çünkü bunun üçün kifayət qədər işlərin görülməsinə zərurət vardır. Ona görə də hesab edir ki, 48000 manat kirayə haqqının alınıb iddiaçıya verilməsi tamamilə qanunsuzdur. Bundan başqa keçirilmiş ekspertiza zamanı alınmış rəyi də qanuni hesab etmirlər, çünkü həmin ərazidə qeyd edilən məbləğə kirayənin olması mümkün deyildir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4065/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki, 20 ay müddətin başlandığı tarix müqavilənin bağlandığı vaxtdan deyil, binanın bünövrəsinin qoyulduğu tarixdən hesablanmalıdır. Nə iddiaçı, nə də cavabdeh tərəf binanın bünövrəsinin qoyulduğu tarix barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyiblər. Apellyasiya baxışı zamanı da təklif edilməsinə baxmayaraq iddiaçı tərəf binanın bünövrəsinin 2021-ci ilin fevral ayında qoyulmasına, cavabdeh tərəf isə 2017-ci ildə qoyulmasına dair heç bir mötəbər sübut təqdim etmədilər. İddiaçı tərəf yalnız sosial şəbəkələrdən çıxarılmış 2018, 2019, 2021-ci il tarixlərə aid bünövrəsi qoyulmuş yaxud hansısa tikinti mərhələsində olan binaların şəkillərini təqdim etmişdir ki, bu cür şəkillər də mübahisə predmeti olan binanın bünövrəsinə aid olduğunu və qoyulma tarixini müəyyən etməyə imkan vermir. Həmçinin, iddia tələbi kirayə haqqı ilə bağlıdır ki, cavabdehin də müqavilə üzrə üzərinə belə bir öhdəlik götürməsi müəyyən edilmədi.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sadəcə 20 ay ərzində kirayə haqqından imtina etmiş, bu müddət ərzində binanın təhvil veriləcəyi düşünüldüyü üçün kirayə haqqının məbləği və otaqların sayı müqaviləyə daxil edilməmişdir. Lakin müqavilənin 2.1.2-ci və 2.2.4-cü bəndləri iddiaçının gələcəkdə baş verə biləcək gecikmə halları üçün kirayə haqqını tələb etmək hüququnu istisna etmir. Ekspert rəyindən də aydın olur ki, qeyri-yaşayış sahəsinin (təmirli olacağı nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixə olan orta aylıq icarə dəyəri 2.000 manat təşkil etmişdir. Lakin apellyasiya instnasiyası məhkəməsi tərəfindən bütün bunlar nəzərə alınmamışdır. Cavabdeh tərəf binanın bünövrəsinin 2021-ci ilin fevral ayında qoyulmasını bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən isə binanın bünövrəsinin qoyulması ilə bağlı cavabdeh tərəfindən ictimaiyyətə açıqlanmış, sosial şəbəkələrdən çıxarılmış məlumatlar məhkəməyə təqdim olunsa da, apellyasiya məhkəməsi tərəfindən həmin sübutlar qiymətləndirilməmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2(102)-4707/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4065/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, nə iddiaçı, nə də cavabdeh tərəf binanın bünövrəsinin qoyulduğu tarix barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyiblər. Həmçinin, müqavilədə cavabdehin iddiaçıya ümumiyyətlə kirayə haqqı ödəmək öhdəliyi nəzərdə tutulmamışdır.
16. Həmçinin, qeyd edilmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə binanın bünövrəsinin qoyulduğu tarixə dair sübutetmə yükünün hansı tərəfin üzərinə düşməsini müəyyən etməmiş, sübutetmə yükünü hər iki tərəfin üzərinə qoymuş, tərəflərdən hansının həmin hala dair sübutlar təqdim etmək imkanına sahib olmasını araşdırmamışdır.
17. Qərarda həmçinin qeyd edilmişdir ki, binanın bünövrəsinin nə zaman qoyulmasına dair rəsmi sənədlər və müvafiq məlumatlar bir qayda olaraq tikinti işlərini həyata keçirən təşkilatda olan məlumatlardır. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan halı nəzərə almayaraq, sübutetmə yükünün iddiaçının üzərinə düşməsi barədə yanlış qənaətə gəlmiş, həmçinin iddiaçının həmin halı hansı vasitəylə və necə sübut etməli olması məsələsinə münasibət bildirməmişdir.
18. Qərarda eyni zamanda qeyd edilmişdir ki, qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutların mötəbərliyinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin sübutlara münasibətdə qeyd etmişdir ki, bu cür şəkillər mübahisə predmeti olan binanın bünövrəsinə aid olduğunu və qoyulma tarixini müəyyən etməyə imkan vermir. Halbuki, apellyasiya instansiyası məhkəməsinin 20 iyun 2022-ci il tarixli məhkəmə iclasının protokolundan (səh.119) görünür ki, cavabdehin vəkili və nümayəndəsi iddiaçı tərəfindən təqdim olunan şəkillərin mübahisə predmeti olan binanın bünövrəsinə aid olduğunu inkar etməmişdir.
19. Qərarda eyni zamanda qeyd edilmişdir ki, hazırkı iddia tələbi kirayə haqqı qismində ödənilməli olan vəsaitin ödənilməməsi nəticəsində dəymiş zərərlə bağlıdır. Tərəflər müqavilə üzrə 20 ay ərzində iddiaçının təhvil verdiyi qeyri-yaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqının alınmayacağı və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 20 ay müddətində başa çatdırılaraq müqavilə şərtlərinə əsasən mənzilin “mülkiyyətçi”yə təhvil veriləcəyi barədə razılaşmışlar. Bu halda, cavabdehin müqavilə şərtlərinə əməl etməyərək razılaşdırılmış müddətdə əmlakı iddiaçıya təhvil verməməsi iddiaçını kirayə haqqı qismində dəymiş zərəri tələb etmək hüququndan məhrum etmir. Belə ki, müqavilə üzrə kirayə haqqının alınmaması yalnız binanın bünövrəsinin qoyulmasından sonra 20 aylıq müddət üçün müəyyən olunmuşdur. Həmin müddətdən sonra əmlakın təhvil verilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbi iddiaçının işgüzar adətlərdən irəli gələn hüququdur. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilmədilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin müqavilədə cavabdehin iddiaçıya ümumiyyətlə kirayə haqqı ödəmək öhdəliyinin nəzərdə tutulmaması əsası ilə iddia tələbini rədd etməsi də qanunazidd və əsassız olmuşdur
d) Hazırki Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil qeyd etdi ki, onlar özləri sosial şəbəkələrdə inşaatın başlanması barədə paylaşımlar ediblər.Əgər tikili sökülübsə, bu özü inşaatın başlanması deməkdir. Qarşı tərəf belə formada qərəzli münasibət göstərirlər. Şirkətin qərəzli münasibəti həm də onda öz əksini tapmışdır ki, şirkət indiyə qədər o binanı tamamlamamışdır. Hətta internet resursları vasitəsi ilə digər vətəndaşlar da kütləvi şəkildə bu məsələy öz narazıçılıqlarını bildirmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında qeyd edilən mövqeyə uyğun olaraq qeyd edilməlidir ki, hazırkı iş üzrə binanın bünövrəsinin qoyulduğu tarixə dair sübutetmə yükünün iddiaçının deyil, cavabdehin üzərinə düşür. Belə ki, həmin hala dair sübutlar təqdim etmək imkanına sahib olan şəxs cavabdeh tərəfdir. Yəni binanın bünövrəsinin nə zaman qoyulmasına dair rəsmi sənədlərdə, məlumatlarda bir qayda olaraq tikinti işlərini həyata keçirən təşkilatda olan məlumatlardır. Eyni zamanda kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə binanın bünövrəsini qoymaq o cümlədən sonrakı tikinti işlərini vaxtlı-vaxtında aparmaq cavabdehin vəzifəsi olduğundan, həmçinin binanın bünövrəsinin 2018-ci ildə deyil, bundan sonra qoyulduğunu iddia etdiyindən o, MPM-nin 77-ci maddəsinə əsasən işin faktiki halları baxımından iddiaya olan etirazlarını sübut etmək vəzifəsini daşıyır. Lakin cavabdehin nümayəndəsi sözügedən binada tikinti işlərinin başlanılmasının məhz 2021-ci il tarixdə başlamasını bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. 33.Əksinə, iddiaçı tərəfidnən təqdim edilmiş “facebook” və “instagram” sosial şəbəkələrindən çıxarılmış 2018, 2019, 2021-ci il tarixlərə aid bünövrəsi (özül) qoyulmuş eyni zamanda, artıq tikinti mərhələsində olan binaların şəkillərindən və həmin səhifədə yazılmış məlumatalardan (həmin səhifələrə həmin tarixlərlə bağlı məhkəmə tərəfindən də baxılmışdır) müəyyən edilir ki, 2018-ci ildə orada tikinti işlərinin getməsi barədə hər dəfə səhifədə yeni məlumatlar yerləşdirilməklə (Sipark inşaat adıyla-Təbriz layihəsi) tikinti işlərinin sürətlə davam etdirilməsi elan edilməklə ev almaq istəyən şəxslərə dəvət (ümumi oferta) göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilir ki, sözügedən ərazidə tikinti işləri cavabdeh tərəfindən (Sipark-inşaat adıyla) aparılmışdır. Belə olan halda kollegiya hesab edir ki, sözügən yerdə tikinti işlərinin aparılmasının ən azından 2018-ci ildə mövcudluğu müəyyən edildiyindən cavabdeh tərəfin tikintinin 2021-ci ilin fevral ayından başlaması barədə dəlili əsassız hesab edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, cavabeh tərəf əmlakı müqavilə öhdəliklərini pozmaqla təhvil verməsi üçün müqavilədə 2019-cu ilin sentyabr ayında təhvil verməmişdir. Belə olan halda həmin tarixdən sonra keçən 2 illik müddət iddia tələbində düzgün göstərilmiş və müddət həmin vaxtdan hesablanmalıdır. 34.Kollegiya qeyd edir ki, hazırkı iddia tələbi kirayə haqqı qismində ödənilməli olan vəsaitin ödənilməməsi nəticəsində dəymiş zərərlə bağlıdır. Tərəflər müqavilə üzrə 20 ay ərzində iddiaçının təhvil verdiyi qeyri-yaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqının alınmayacağı və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 20 ay müddətində başa çatdırılaraq müqavilə şərtlərinə əsasən mənzilin “mülkiyyətçi”yə təhvil veriləcəyi barədə razılaşmışlar. Bu halda, cavabdehin müqavilə şərtlərinə əməl etməyərək razılaşdırılmış müddətdə əmlakı iddiaçıya təhvil verməməsi iddiaçını kirayə haqqı qismində dəymiş zərəri tələb etmək hüququndan məhrum etmir. Belə ki, müqavilə üzrə kirayə haqqının alınmaması yalnız binanın bünövrəsinin qoyulmasından sonra 20 aylıq müddət üçün müəyyən olunmuşdur. 35.Məhkəmə araşdırması zamanı əmlakın iddiaçıya təhvil verilməsi müddətinin 2019-cu ilin sentyabr ayından hesablanmalı olması müəyyən edilmişdir. Həmin müddətdən sonra əmlakın təhvil verilməməsi nəticəsində kirayə haqqı qismində dəymiş zərərin ödənilməsi tələbi iddiaçının işgüzar adətlərdən irəli gələn hüququdur. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Odur ki, müqavilədə cavabdehin iddiaçıya ümumiyyətlə kirayə haqqı ödəmək öhdəliyinin nəzərdə tutulmaması əsası ilə iddia tələbinin təmin edilməməsi qanunazidd və əsassız olardı. Belə ki, iddiaçı tərəf müqavilədə qeyd edilən müddətdə əmlakını əldə edə bilmədiyindən həmin əmlakdan hər hansı formada yararlanmaq hüququndan da məhrum olmuşdur. Bu halda ən azından həmin əmlakın ona təhvil verilməli olan müddətdən sonrası üçün iddiaçı kirayə haqqı qismində zərər tələb etməsi əsaslıdır. 36.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, iddiaçı tərəfindən 24 ay müddətində kirayə haqqı qismində zərər cavabdehdən haqlı olaraq tələb edilir və həmin müddət üçün pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası həmin müddət üçün tələb edilən məbləğin müəyyənləşdirilməsi üçün həmin əmlakın aylıq kirayə haqqının müəyyən edilməsi üçün mütəxəssiz rəyi almış və rəydə həmin əmlakın orta aylıq icarə haqqının 2000 manat olması müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehdən iddiaçının xeyrinə 48000 manat tutulması nəticəsinə gəlmişdir. 37.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillləri məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(005)-402/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(005)- 402/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.