Məhkəmə qərarları › İş №2(103)-1356/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1356/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1356/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 5.508,53 manat məbləğində kredit borcu, 612.5 manat məbləğində faiz borcu və 1.204,1 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.325,13 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova, iş № 2(011)-4733/20) iddia tələbi qismən təmin edilərək Cavabdeh1 5.508,53 (beş min beş yüz səkkiz manat əlli üç qəpik) manat əsas borc, 612.5 (altı yüz on iki manat əlli qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 6.221,03 (altı min iki yüz iyirmi bir manat üç qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı “xxxx” ASC sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxx 2013-cü il tarixli 002R********** saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2018ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4.491,47 manat ödəmiş, onun 5.508,53 manat məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı QSC apellyasiya şikayəti ilə qətnamənin qismən-zaminə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri düzgün tədqiq etməmiş, xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit razılaşmasında göstərilən faiz dərəcələri, kredit müddəti, məbləği barədə zamin Cavabdeh2 məlumatlandırılmasını zaminin öz imzası ilə təsdiq etməsini nəzərə almamışdır. İddiaçı “xxxx” QSC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh1 apelyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb gğstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində cavabdehlər tərəfindən mübahisələndirilməmiş, yalnız iddianın zaminə münasibətdə təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilmişdir. Bu səbəbdən də qətnamə, yalnız mübahisələndirilən hissədə yoxlanılır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin və cavabdeh Ş.Alıuevanın izahatlarını dinləyərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı və iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından məlum olur ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxx 2013-cü il tarixli 02L000010461 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Müqavilə öhdəliklərinin cavabdehlər tərəfindən lazımi qaydada yerinə yetirilmədiyinə istinad edən İddiaçı QSC xx.xx.2020-ci il tarixdə cavabdehlərə qarşı hazırkı iddianı qaldırıb. İddiaçının tələbi cavabdehlərdən müştərək qaydada kredit borcunun tutulması barədədir. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddia tələbini borcluya (kredit alana) aid hissədə qismən təmin etmiş, zamin Cavabdeh2 aid hissədə isə rədd etmişdir. Məhkəmə zaminə aid hissədə iddianı rədd edərkən kredit müqaviləsində faiz dərəcəsinin müəyyən olunmasına onun razılığının alınmamasına istinad etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə məhkəmənin apellyasiya qaydasında mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etdi ki, zamin Cavabdeh2 xx.xx.2018-ci il tarixli 002R********** saylı kredit razılaşmasının ödəniş planına “ödəniş planı ilə tanış oldum və razıyam” yazaraq müvafiq borc üzrə faiz dərəcəsi, kreditin müddəti, məbləği barəsində məlumatlandırıldığını təsdiq etmişdir (i.v.9). Kredit razılaşmasının 1.2-ci bəndindən göründüyü kimi, ödəniş planı Kredit razılaşmasının ayrılmaz hissəsidir. Məhkəmə kollegiyası bu baxımdan hesab edir ki, zaminin kredit razılaşması ilə müəyyən edilən faiz dərəcəsinə razılığının harada qeyd olunmasının (ifadə edilməsinin) əhəmiyyəti yoxdur. Önəmli olan bu razılıq qeydinin olması və həqiqətən də zaminin iradə ifadəsini əks etdirib-etdirməməsidir. İşdən göründüyü kimi, zamin ödəniş planında yazdığı razılıq qeydini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi “məlumatlandırma (razılıq) olmaması” əsası ilə iddianı zaminə münasibətdə rədd edərkən səhvə yol vermişdir. Ona görə də qətnamə apellyasiya qaydasında mübahisələndirilən hissədə ləğv olunmalı və həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni zaminə qarşı tələbin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. Cavabdeh2 müştərək qaydada 5.508,53 (beş min beş yüz səkkiz manat əlli üç qəpik) manat əsas borc, 612.5 (altı yüz on iki manat əlli qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 6.221,03 (altı min iki yüz iyirmi bir manat üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 qarşı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar