Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13575/2019 12.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh2 və onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə müraciət edərək, müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödəniş gününə olan məzənnə ilə 30000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının, 4500 manat pulun və məhkəməyə verilmiş iddiaya görə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: 2015-ci ildə Cavabdeh1 və Fətəfiyev Rövşən Alcan oğlu ilə birlikdə idman (trenajor) zalı işlətmək barədə razılığa gəlmişlər. İdman zalına avadanlıqlar Türkiyə Respublikasından gətirilməli idi. Rövşən Alıcanov Türkiyədə müəlliminin olmasını və onun bu işdə kömək edə biləcəyini bildirmişdir. Bu işdən ötrü onlar iddiaçıya 30000 ABŞ dolları pul lazım olduğunu da bildirdilər. Onu Nicat və Rövşənlə uşaqlıq dostu Ağa Sərxani tanış etmişdi. Təxminən 2015-ci ilin iyun ayında Nicat və Rövşənlə birlikdə görüşüb və pulu Rövşənin adına hesab açmaqla hesaba qoymaq istəmişlər. Çünki Rövşən pulu Türkiyəyə göndərəcəkdi. Həmin vaxtı Ağa da onunla birlikdə idi. Birlikdə Bakı şəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən “Bank of Baku” ya gedib, orada Rövşənin adına hesab açdırmışlar, lakin kartla bağlı problem olduğundan pulu karta qoya bilməmişlər. Bundan sonra 30000 ABŞ dolları pulu orada Ağa və Nicatın yanında Rövşənə vermişdir. İlk öncə onun çəkdiyi xərcin ödənildikdən sonra zaldan əldə olunacaq gəlirin 50%-i ona, yerdə qalan 50%-i isə Nicat və Rövşənin payına düşəcəkdi. İddiaçı 30000 ABŞ dollarını Rövşənə verdikdən sonra təxminən aradan 10 gün keçmiş Nicat ona zəng vuraraq pulun çatmayacağını əlavə olaraq 10000 ABŞ dolları da lazım olacağını bildirdiyindən, o, yenidən Ağa ilə birlikdə Gəncədən Bakıya gələrək, velosiped və qaçış aparatları almaları məqsədi ilə Nicat və Rövşənə həmin pulu vermişdir. 2015-ci ilin iyun ayının sonlarında yenidən taksi ilə 7000 ABŞ dollarını Nicatın adına göndərmişdir. Nicat həmin pulu aldıqdan sonra ona zəng vuraraq, bu barədə bildirmişdir. Daha sonra Nicat köhnə işlətdikləri yerdən çıxdıqlarını daha böyük yer götürdüklərindən 6000 manat pul lazım olduğunu dediyindən 2015-ci ilin iyul ayında avtobusla 6000 manat pulu Nicata göndərmiş və Nicat həmin pulu aldıqdan sonra onunla əlaqə saxlamışdır. Sonradan Nicat ona götürdükləri zalın təmirinə 3000 manat lazım olduğunu dediyindən ona 3000 manatı taksi ilə göndərmişdir. 2-3 gün sonra Nicat ona zəng edərək təmir işlərinin qaydasında olmasını, reklam işləri üçün isə 2000 manat lazım olduğunu dediyindən taksi ilə ona göndərmiş, 2015-ci ilin avqust ayında əlavə təmirlə bağlı 1000 manat lazım olduğunu 2 dəfəyə hər dəfə 500 manat olmaqla Cavabdeh2 adına “Bank of Baku” bankı vasitəsi ilə göndərmişdir. 2015-ci ilin avqust ayında Nicat yenidən ona zəng edərək zalın kişi və qadın bölümünə görə 2 hissəyə ayrılmasına 5000 manat lazım olduğunu dediyindən Bakı şəhərinə gələrək Nicata Bakı Beynəlxalq avtovağzalında 5000 manatı vermişdir. Bir müddət sonra Ağa ilə birlikdə Bakı şəhərinə gəlmiş və 28 May metro stansiyası yaxınlığında yerləşən zala baxarkən zalda 50-yə yaxın idman avadanlığı olmalı olduğu halda cəmi 20 idman avadanlığının olmasını, zalın təmir edilmədiyini, reklamın olmadığını görüb zalın sahibi ilə əlaqə saxlamış, zalın sahibi də Nicatgilin ona pulu tam ödəmədiklərini demişdir. Nicat və Rövşən onun pulunu ələ keçirməklə ona ziyan vurmuşlar. Bununla bağlı Bakı şəhəri, Binəqədi rayon X7 şöbəsində araşdırma aparılmış və iş üzrə X6, Cavabdeh2 izahatları alınmışdır. Onun 30000 ABŞ dollarının Cavabdeh2 şəxsən əlbəəl verməyinə baxmayaraq, Rövşən həmin pulu onun guya Nicata verməyini izahatında bildirsə də, qeyri-rəsmi olaraq istintaq otağında görüşləri zamanı Rövşən pulu ondan almasını etiraf etmişdir. O, pulu Rövşənə verməli idi ki, Rövşən-Türkiyədən idman avadanlıqları gətirsin. Çünki Rövşən özü də izahatında qeyd edir ki, məhz verilmiş 30000 ABŞ dolları onun adına açılmış hesaba qoyulmalı idi. Bu hesab “Bank of Baku” da həmin vaxtı məhz Rövşən Alıcanovun adına açılmışdır. Lakin kartla bağlı problem olduğundan, 30000 ABŞ dollarını hesaba qoymaq mümkün olmadığından həmin pulu iddiaçı əlbəəl Rövşənə vermişdir. Bundan başqa, Cavabdeh1 yazılı formada Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə ünvanlamış olduğu xx.xx.2019-cu il tarixli ərizəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh2 ilə trenajor işlətmək üçün razılığa gəlmişlər, bundan ötrü 2015-ci ildə İddiaçı ona 27300 manat, Cavabdeh2 isə 30000 ABŞ dolları pul vermişdir. İddiaçıla razılaşmalarına onun iddiaçıya cəmi 4500 manat borcu qalmışdır. Cavabdeh2 30000 dollar Elnura borcu olmasının ona aidiyyatı yoxdur. Çünki həmin pulu Rövşən Elnurdan şəxsən 2015-ci ildə almışdır. İddiaçı borclu qaldığı 45xx xxxx 2019-cu ilin avqust ayına kimi ödəyəcəyinə söz verir. Bütün bunlar Cavabdeh1 ona 4500 manat və Cavabdeh2 isə 30000 ABŞ dolları borclu olmalarını tam təsdiq edir. Bütün bunlar Bakı şəhəri Binəqədi rayon X3 şöbəsində aparılan araşdırma materialları ilə, xüsusən də bu iş üzrə qəbul edilmiş xx.xx.2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla tam sübuta yetirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30000 ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), 4500 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayəti vermiş, qətnamənin ona aid hissədə ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: İddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı bildirmişdir ki, o, Cavabdeh1 və Cavabdeh2 ilə qazancın 50 %-i ona qalmaq şərti ilə və onun maliyyələşdirməsi ilə birgə idman zalı açıb işlətmək barədə razılığa gəldikdən sonra bunun üçün Cavabdeh1 27.300 manat, Cavabdeh2 30.000 ABŞ dolları pul vermiş, lakin sonradan idman zalı açılmamış, Cavabdeh1 tərəfindən pulların bir qismi qaytarılaraq sonuncu tərəfindən ona 4.500 manat borclu qalmış, sonradan pulunun qaytarılmadığına görə Binəqədi RPİ-yə ərizə ilə müraciət etmiş, orada toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Həmçinin, məhkəmə baxışı zamanı İddiaçı bildirmişdir ki, o, 2016-cı ilin təxminən noyabr ayında Bakı şəhərində notariat kontorunda Cavabdeh1la 27.300 manat və 30.000 ABŞ dollarını nəzərdə tutan, xeyri də içində olmaqla 128.000 manata borc müqaviləsi bağlamışdır. Həmin xüsusat, mülki işin materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Elgiz Məmmədov tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli «cinayət işi başlanmasının rədd edilməsi barədə» qərarda İddiaçı izahatının təsvirində də öz təsdiqini tapmışdır. Həmin qərardan görünür ki, İddiaçı izahatında 2016-cı ilin təxminən noyabr ayında «Ukrayna dairəsi» adlanan yerdə Cavabdeh1la görüşüb, 27.300 manat və 30.000 ABŞ dollarını nəzərdə tutan, xeyri də içində olmaqla sonuncunun ümumilikdə 128.000 manat ödəməyi öhdəsinə götürməsinə dair borc müqaviləsi bağlamışdır. Eyni zamanda, qərardan görünür ki, Cavabdeh1, 30.000 ABŞ dolları pulun ona verildiyini təsdiq etmişdir.Eynilə, İddiaçı ərizəsi əsasında Binəqədi RPİ-ə toplanmış ilkin yoxlama materialı üzrə müstəntiq Elgiz Məmmədov tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarda da Cavabdeh1 izahatının təsvirində göstərilmişdir ki, Cavabdeh1 30.000 ABŞ dolları pulun ona verildiyini təsdiq etmişdir.Göründüyü kimi, İddiaçı Cavabdeh1la aralarında notariat kontorunda bağlanmış sözügedən 27.300 manat və 30.000 ABŞ dollarını nəzərdə tutan, xeyri də içində olmaqla sonuncunun ümumilikdə 128.000 manat ödəməyi öhdəsinə götürməsinə dair borc müqaviləsini məhkəməyə təqdim etməməsi və həmin müqavilə üzrə iddia verməməsi İddiaçı, hazırkı iddia tələbinin Cavabdeh2 qarşı münasibətdə tam əsassız və uydurma olduğunu sübuta yetirir.Məhkəmə baxışı zamanı Cavabdeh2 də, İddiaçı ona 30.000 ABŞ dolları məbləğində pulu verməsi barədə iddiasını rədd edərək, İddiaçı ona pul vermədiyini bildirmişdir.İddiaçı isə Cavabdeh2 30.000 ABŞ dolları pul verməsini, sonuncunun onun qarşısında öhdəliyi olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, o, Elnurla Nicat arasında pul məsələlərinə qarışmamışdır. Elnur, Ağa və Nicat dost olmuşlar. Onlar birgə iş görmək, idman zalı açmaq qərarına gəlmişlər. O, idman zalında məşqçi işləyirdi. İdman zalı açılsaydı orada da məşqçi işləməli idi. Elnurdan bütün pulları Nicat almış, pulla bağlı məsələlərə o, qarışmamışdır. Əvvəlcə, idman zalı üçün ləvazimatları Türkiyədən onun tanışı vasitəsi ilə alıb gətirməli idilər. Lakin, Nicat ona bildirmişdir ki, bütün məsələləri özü həll edəcək. Dəfələrlə Nicatı xəbərdar etmişdir ki, vəd etdiyi məsələyə məsuliyyətlə yanaşsın, lakin Nicat idman zalının açılması ilə bağlı məsələnin Elnurla onun məsələsi olduğunu bildirmiş, onun işlərinə qarışmamağı tapşırmışdır. Nicat ləvazimatları Qusarda sifariş vermiş və gətirmişdir. Elnur zala gələndə başa düşmüşdür ki, ləvazimatlar yerli istehsaldır. Bundan sonra mübahisə başlamışdır. Nicat özü etiraf etmişdir ki, pulun hamısı ona çatmışdır. Elnurun verdiyi vəsaitdən bir manat da olsa ona çatmamışdır. Onun bank hesabına iki dəfə 500 manat pul göndərilmişdir və həmin vəsait də Nicata verilmişdir. Nicat pulların ona çatdığını etiraf etdiyi üçün Elnurla Nicat notariat kontoruna getmiş və Nicat borcu olması ilə bağlı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsində göstərilən məbləğ verilmiş bütün məbləği və həm də Elnurun götürməli olduğu mənfəəti nəzərdə tutmuşdur. Polisdə araşdırma aparılarkən Elnur pulun ona çatmasını etiraf etmişdir. Elnur özü də bilir ki, pulun hamısını Nicat sərf etmişdir, ona pul verilməmişdir. O, həmin biznesdə öz zəhməti ilə, məşqçiliklə iştirak etməli və düşən payı almalı idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, Rövşəndən pul tələb olunmasının qanuni əsası yoxdur. Çünki Rövşən pul almamış, mənimsəməmişdir. İddiaçı yaxşı bilir ki, pulu Nicat almış və o, xərcləmişdir. İdman zalı işləyəcəyi təqdirdə təmsil etdiyi şəxs orada məşqçi işləməli idi. Ona görə Rövşənə qarşı iddia rəd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini qəbul etməmiş və iddia tələbinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə ilə bağlı dəyərləndirmə: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh1 və Fətəfiyev Rövşən Alcan oğlu ilə birlikdə idman zalı işlətmək barədə razılığa gəlmişlər. Rövşən Türkiyədə müəlliminin olmasını bildirmiş və onlara kömək edəcəyinə görə avadanlıqların Türkiyədən gətiriləcəyi barədə danışmışlar. Bununla bağlı iddiaçı 30 000 ABŞ dollarını Rövşənə vermişdir. Daha sonra Nicatla onun arasında olan danışıqlara əsasən verilmiş pul kifayət etmədiyi üşün hissə-hissə əlavə olaraq 10000 ABŞ dolları, yenidən taksi ilə Nicatın adına 7000 ABŞ dollarını, daha böyük yer götürdüklərindən icarə haqqı kimi 6000 manat pulu, zalın təmirinə 3000 manatı, reklam işləri üçün isə 2000 manatı, əlavə təmirlə bağlı 1000 manat lazım olduğundan 2 dəfəyə hər dəfə 500 manat olmaqla 1000 manatı, zalın kişi və qadın bölümünə görə 2 hissəyə ayrılmasına 5000 manatı göndərmişdir. Binəqədi rayon X3 şöbəsinin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh2 izahatında göstərmişdir ki, Nicat onun yanına gəlmiş və tanışının olmasını, pul verəcəyini, böyük idman zalı açmaq fikrinin olmasını, oranın da işlətməsini ona həvalə etmək istədiyini demişdir. O da əgər yaxşı idman zalı olarsa işlədəcəyini, idman avadanlıqlarının alınması ilə bağlı Türkiyə Cümhuriyyətində müəllimin olduğunu və lazım olarsa idman avadanlıqlarını oradan gətirə biləcəklərini demişdir. 2015-ci ilin iyun ayında Elnur və Ağa idman zalına gəlmişlər və Nicatla onlar birlikdə idman zalının həyətinə çıxmışlar, burada bir müddət söhbət etdikdən sonra Elnur əlində olan torbanın içərisindəki 30000 ABŞ dolları pulu uzadıb Nicata vermişdir. Bundan sonra onlar birlikdə 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən “Bank of Baku”ya getmişlər, orada onun adına kartda hesab açılmış, lakin problem olduğu üçün pul hesaba qoyulmamışdır. Növbəti gün Nicata zəng edib, pulları onun hesabına qoymağı və Türkiyədə olan tanışları ilə danışdığını idman avadanlıqlarını almağı demişdir. Nicat telefonda ona bu məsələnin ona aid olduğunu, Türkiyədən gətirməyin baha başa gələcəyini və Azərbaycanda bu məsələni həll edəcəyini demişdir. Daha sonra Nicatdan idman avadanlıqlarını soruşduqda Nicat ona Qusar rayonunda hazırlandığını və hazır olan kimi gedib gətirəcəyini bildirmişdir. Bir müddət sonra Nicat ona Elnurdan aldığı pulların hamısını şəxsi işlərinə xərclədiyini, idman alətlərini götürmək üçün 5000 manat pul lazım olduğunu, buna görə də gətirə bilmədiyini demişdir. O, işsiz qaldığı üçün məcbur olub, tanışı Toğrul və həmin vaxt onlara sürücülük edən Ədalətlə birlikdə Qusar rayonuna gəlmiş və orada xatırlamadığı kəndlərin birində idman, alətlərinin pulunu verib, həmin avadanlıqları götürüb, idman zalına yerləşdirmişdir. Binəqədi rayon X3 şöbəsinin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh1 izahatında göstərmişdir ki, 2015-ci ilin iyun ayında Elnur və Ağa idman zalına gəlmişlər və Rövşənlə onlar birlikdə idman zalının həyətinə çıxmış, burada bir müddət söhbət etdikdən sonra Elnur əlində olan torbanın içərisindəki pulları uzadıb Rövşənə vermişdir. Bundan sonra onlar birlikdə 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən “Bank of Baku”ya getmiş, orada Rövşənin adına kartda hesab açılmış, lakin pul hesaba qoyulmamışdır. Onlar pulu bankda saydırmış və ümumilikdə 27.500 manat pul olmasını görmüşlər. Rövşən ona bankda krediti olduğunu və pulu onun adına karta qoymamağını bildirmişdir. Lakin bankda problem olduğu üçün pulu Rövşənin hesabına yerləşdirə bilməmişlər. Buna görə də o, pulu götürüb evdə saxlamaq qərarına gəlmiş və orada 30000 ABŞ dolları yəni 27500 manat pulu Rövşəndən almışdır. Bundan sonra onlar bankdan çölə çıxmış və Elnurla Ağaya pulu karta qoya bilmədiklərini, sabah gəlib qoyacaqlarını demişlər. Elnurla Ağa da onlarla sağollaşıb yaşadıqları Gəncə şəhərinə qayıtmışlar. Səhəri gün Rövşən ona Türkiyədən gətirməyin baha başa gələcəyini, Qusar rayonunda tanışı olduğunu və idman avadanlıqlarını orada düzəltdirə biləcəklərini demişdir. O, da Rövşənlə razılaşmış və Qusar rayonuna gedib həmin şəxslə görüşmüş, onunla 22000 manata razılaşmışlar. O, ilkin olaraq 5000 manat pulu ona vermişdir. O, Bakı şəhərinə geri qayıtmış və “28 may” metrostansiyasının yaxınlığında idman zalı üçün yer tapmışdır. Həmin yerin sahibi aylığı 3000 manata verə biləcəyini demişdir. O, ilkin olaraq həmin şəxsə 6000 manat pul vermişdir. İdman avadanlıqlarının qalıq qalan pullarını hissə-hissə ödəyib bağlamışlar. Həmin avadanlıqların 2000 manatını Rövşən ona vermişdir. O, idman zalını təmir etdirməyə başlamışdır. O, pul çatmadığı üçün Elnura zəng edib pul istəməyə başlamışdır. Elnur taksi vasitəsi ilə hissə-hissə ona 22000 manat pul göndərmişdir. Beləliklə işin faktiki halları ondan ibarətdir ki, iddiaçı cavabdehlər ilə birlikdə idman zalı işlətmək barədə razılığa gəlmişlər. Aralarında olan razılığa əsasən, idman avadanlıqları Türkiyədən gətirilməli idi. Avadanlıqların alınmasında Rövşənin Türkiyədə olan müəllimi kömək edəcəyi üçün həmin pul vəsaiti Rövşənə verilmiş, daha sonra tərəflər həmin pulu Rövşənin bankda olan hesabına qoymaq üçün “Bank of Baku”ya getmişlər, orada onun adına kartda hesab açılmış, lakin problem olduğu üçün pul hesaba qoyulmamışdır. Bundan sonra Nicat həmin pulu Rövşəndən götürərək özündə saxlamışdır. İdman avadanlıqları Nicatın təşəbbüsü ilə Türkiyədən alınmamış, Qusar rayonunda düzəldilmiş, zala gətirilərək yerləşdirilmişdir. İddiaçı bununla razılaşmamış və verdiyi pulu geri tələb etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Elnur ilə Nicat arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Nicat 80 000 ABŞ dolları məbləğində pulu Elnura verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə hazırkı münbahisələndirilən məsələlər ilə əlaqədar bağlanmışdır. Elnurun Binəqədi rayon X3 şöbəsinə verdiyi izahatdan görünür ki, borc müqaviləsini Nicatın pulu qaytarmasını təmin etmək məqsədi ilə bağlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sadalanmışdır. Hazırkı işdə həmin əsaslara uyğun gələ biləcək bir sıra hallar ehtimal olunur. Tərəflər arasında (14.2.1.) qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər ola bilərdi, (14.2.6.) başqa şəxsə zərər vurulması halı ola bilərdi, (14.2.7.) əsassız varlanma halı baş verə bilərdi. Hazırkı işdə tərəflər arasında müqavilə münasibətləri yoxdur. İşə baxan məhkəmə zərər vurmadan və əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını tətbiq etməklə apelyantdan pul tutmuşdur. Məhkəmə kollegiyası belə bir dəyərləndirmə ilə razılaşmır. Əvvəla, işin hallarından Cavabdeh2 əsassız əmlak əldə etməsi təsdiq olunmur. İşin hallarından, polisdə aparılmış yoxlama materiallarından açıq-aydın görünür ki, əslində bütün vəsait Nicata çatmış və vəsaitin xərclənməsinə o nəzarət etmişdir. Sonda yenə özü kredit müqaviləsi bağlayaraq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Ona görə Rövşənin hər-hansı mənfət əldə etməsi sübuta yetmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1. maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Ona görə əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını tətbiq etməklə Rövşəndən pul tutulması üçün əsaslar yoxdur. Bundan başqa, elə yuxarıda qeyd olunan faktlar Cavabdeh2 iddiaçıya zərər vurması halını da istisna edir. Mülki Məcəllənin 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdeh2 hansı hərəkətləri ilə iddiaçıya zərər vurması məlum deyil. Beləki, birgə biznesin qurulması üçün Elnur, Ağa və Nicat razılığa gəlmiş, idman zalının tapılması, təmiri və ləvazimatlarla təmin olunması işini Nicat görməli idi. Rövşən idman zalında məşqçi kimi işləməli və müştəriləri cəlb etməklə vəsait qazanmalı idilər. Lakin Nicatın pulu mənimsəməsi və səmərəsiz israf etməsi nəticəsində idman zalı açılmamışdır. Yəni, birgə biznesdə Rövşən öz vəzifələrini icra etməyə başlamamışdan əvvəl hazırkı mübahisə başlamışdır. Ona görə Rövşənin iddiaçıya zərər vurması əsası ilə iddianın təmin olunması əsaslı görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilsin. İddia tələbi ona münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-13575/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13575/2019
12.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver