Məhkəmə qərarları › İş №2(103)-1360/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1360/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1360/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə Cavabdeh Bəhram oğlunun vəkili X8, 3-cü şəxs "xxxx" QSC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(094)-317/2021 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı ("xxxx" BOKT müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmaqla) iddia tələbi ilə məhkəməyə müraciət edərək, 29.01.2021-ci il tarixli, 532-0***-******* saylı kredit müqaviləsi üzrə 3710 manat əsas borc, 516,23 manat faiz borcu, 587,06 manat dəbbə borcu, cəmi 4813,29 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh Bəhram oğlu arasında bağlanmış 29.01.2021-ci il tarixli, 532-0***-******* saylı kredit müqaviləsinə əsasən ililk 35% dərəcəsi olmaqla 24 ay müddətinə 3710 manat məbləğində cavabdehə kredit verilmişdir. 29.01.2021-ci il tarixli, 532-0***-******* saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh Bəhram oğlu kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 29.01.2021-ci il tarixli, 532-0***-******* saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 28-dən gec olmayaraq hər ay 217,11 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh Bəhram oğlunun 29.01.2021-ci il tarixli, 532-0***-******* saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3710 manat, faiz borcuna görə 516,23 manat, dəbbə borcuna görə 587,06 manat, cəmi 4813,29 manat təşkil edir. Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(094)-317/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, 02.03.2018-ci il tarixli İddiaçı ASC ilə "xxxx" BOKT QSC arasında bağlanmış “Tələbetmə hüquqlarının güzəşt olunmasına dair” 0002 saylı müqavilə və Cavabdeh tərəfindən imzalanmış 29.01.2021-ci il tarixli tələbetmə hüquqlarının ötürülməsi barədə bildirişin surətinə əsasən kredit üzrə tələbkar İddiaçı ASC-dir. Lakin bu nəzərə alınmadan iddia rədd olunmuşdur. Məhkəmə tərəfindən malın 14 gün ərzində qaytarılması məsələsi aydınlaşdırılmamışdır. Cavabdeh tərəfindən malın qaytarılmasına dair hər hansı bir akt təqdim olunmamışdır. İş üzrə pul tələbinə dair İddiaçı ASC tərəfindən məhkəməyə müraciət edildikdən sonrakı tarixlə tərtib olunmuş Polis İdarəsinin arayışan istinad edilərək iddiaları rədd olunmuşdur. Məhkəmə sübut kimi təqdim olunan Polis İdarəsinin arayışının həqiqiliyin araşdırmamışdır. Polis İdarəsinin arayışına üstünlük verilərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Məhkəmə iddiaçı və 3-cü şəxsin nümayəndələrinin izahatlarını nəzərə almadan qətnamə qəbul edib. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında İddiaçı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, izahatında qeyd etmişdir ki, "xxxx" QSC tərəfindən alınmış kredit mebel salonuna verilmiş, o, mebel almamışdır. Mebel ona gec təqdim olunduğuna görə, o, mebelin geri götürülməsini tələb etmiş, mağaza mebeli aparmışdır. O, qızının toyuna görə başqa mağazadan mebel almışdır. Sual olunur ki, İddiaçı ASC ondan pulu nəyə görə istəyir. O, pul almamış, mebel gec çatdırıldığı üçün geri qaytarmışdır. Onun öz hüquqları pozulmuşdur. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X13 apellyasiya şikayətini qəbul etməyərək, cavabdehin izahatına uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs "xxxx" QSC-nin nümayəndəsi X11 apellyasiya şikayətini qəbul edərək, iddia tələbində və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin və 3-cü şəxsin nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan 532-0***-******* nömrəli, 29 yanvar 2021-ci il tarixli kredit müqaviləsindən göründüyü kimi, Cavabdeh ilə "xxxx" BOKT QSC arasında illik 35 % olmaqla, 24 ay müddətinə istehlak məqsədi ilə 3710 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. İş materiallarından 29 yanvar 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 3710 manat müştəri X1. İş materiallarında olan 25.06.2021-ci il tarixli RB-02/PK-5743 nömrəli maliyyə arayışından göründüyü kimi, Cavabdeh 532-0***-******* nömrəli, 29 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 22 iyun 2021-ci il tarixə ödənilməmiş cəmi 4813.29 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin ********* nömrəli 14.07.2021-ci il tarixli arayışına əsasən Abşeron RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə təqsirləndirilən X10 icarə əsasında işlətdiyi “Nilay Mebel” mağazasından almaq üçün 27.01.2021-ci ildə İddiaçı vasitəsilə kredit müqaviləsi bağladığı mebel vaxtından gec çatdırıldığı üçün alınan vaxtdan iki gün sonra (qanunvericilikdə nəzərdə tutulan 14 gün müddətini keçmədən) Cavabdeh tərəfindən mağazaya geri qaytarılması faktı təqsirləndirilən Nicat Muradov tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından göründüyü kimi, cavabdehə borcun ödənilməsi təklif olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinəəsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 29 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ilə "xxxx" BOKT QSC arasında 29 yanvar 2021-ci il tarixdə istehlak məqsədi ilə kredit müqaviləsi bağlanmış, 3710 manat X12 ödənilmişdir. İddiaçı ASC ilə "xxxx" QSC arasında 02 mart 2018-ci il tarixdə bağlanmış 0002 saylı “Tələbetmə Hüquqlarının Güzəşt Olunmasına Dair” Müqavilənin 4.4-cü maddəsinə əsasən hüquq sahibi hazırkı Müqavilə üzrə ötürülən tələbetmə hüquqlarının həqiqiliyinə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməsinə görə cavabdehdir. Həmin müqavilənin 4.6-cı maddəsinə əsasən kredit vəsaiti hesabına əldə edilmiş malların borc alanlar tərəfindən 14 gün ərzində Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq qaytarılması hallarında hüquq sahibi tərəfindən razılaşdırılmış müqavilələr üzrə kreditin əsas məbləği qaytarılmadan sonra 3 iş günü ərzində hüquq əldə edənin hesabına ödənilməlidir. İş materiallarından İddiaçı ASC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 05 iyul 2021-ci il tarixli RB-02/1986 saylı məktubda qeyd olunur ki, Cavabdeh mebel alışı məqsədilə 3710 manat kredit verilmişdir. Lakin məhsul müştəriyə 1 ay sonra çatdırıldığı üçün, müştəri aldığı məhsulu geri qaytarmışdır. Məhsulun geri qaytarılması barədə ilk dəfə Banka məlumat daxil olduğu gün yəni 10.03.2021-ci il tarixində e-mail vasitəsilə "xxxx" QSC-yə vəsaitin İddiaçı ASC-yə geri qaytarılması üçün müraciət olunmuşdur. Müraciətdən sonra dəfələrlə xatırlatma xarakterli mail yazılmışdır. Müraciətə heç bir rəsmi cavab daxil olmamışdır, hər dəfə şifahi olraq "xxxx" QSC-nin əməkdaşları Kərimov Səbuhi və Dahdəmirov Rüfət tərəfindən ödənişin qısa zamanda təmin olunacağı bildirilmişdir. İddiaçı MMC ilə "xxxx" QSC arasında 02 mart 2018-ci il tarixdə bağlanmış 0002 saylı “Tələbetmə Hüquqlarının Güzəşt Olunmasına Dair” Müqavilənin 4.4-cü maddəsinə əsasən hüquq sahibi hazırkı Müqavilə üzrə ötürülən tələbetmə hüquqlarının həqiqiliyinə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməsinə görə cavabdehdir. Həmin müqavilənin 4.6-cı maddəsinə əsasən kredit vəsaiti hesabına əldə edilmiş malların borc alanlar tərəfindən 14 gün ərzində Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq qaytarılması hallarında Hüquq sahibi tərəfindən razılaşdırılmış müqavilələr üzrə kreditin əsas məbləği qaytarılmadan sonra 3 iş günü ərzində hüquq əldə edənin hesabına ödənilməlidir. Nəzərə alaraq ki, Cavabdeh İddiaçı ASC-yə kredit borcu 3710 manat əsas, 563,16 manat faiz və 716,36 manat dəbbə borcu qalmaqdadır, sözügedən müqavilənin 4.4-cü bəndinə görə cavabdehliyi hüquq sahibi daşıyır. Qeyd olunanlara əsasən Cavabdeh qeyd olunan məbləğdə kredit borcunun tam şəkildə ödənilməsi xahiş olunmuşdur. İş materiallarından İddiaçı ASC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 26 avqust 2021-ci il tarixli, RB-02/1986 saylı məktubda qeyd olunur ki, müştəri Cavabdeh tərəfindən İddiaçı ASC-yə onun əldə etdiyi mebeli “Nilay Mebel” mağazasına geri qaytarılması faktını təsdiq edən Azərbaycan Respublikası DİN Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Babək Hacıyev tərəfindən verilmiş 14.07.2021-ci il tarixli, ********* saylı arayışın surəti təqdim edilmişdir. Arayışda “Verilir, Cavabdeh ondan ötrü ki, hal-hazırda Abşeron RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə təqsirləndirilən X10 icarə əsasında işlətdiyi “Nilay Mebel” mağazasından almaq üçün 27.01.2021-ci ildə İddiaçı vasitəsilə kredit müqaviləsi bağladığı mebel vaxtından gec çatdırıldığı üçün alınan vaxtdan iki gün sonra (qanunvericilikdə nəzərdə tutulan 14 gün müddətini keçmədən) Cavabdeh tərəfindən mağazaya geri qaytarılması faktı təqsirləndirilən Nicat Muradov tərəfindən təsdiq edilmişdir.” qeyd edilmişdir. Abşeron RPİ-nin 22.02.2022-ci il tarixli, 128-12Q21 saylı məktubuna əsasən Abşeron RPİnin İstintaq X2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi 12 dekabr 2021-ci il tarixdə ittiham aktı ilə Abşeron Rayon Məhkəməsinə göndəərilmişdir. Bundan başqa əlavə olaraq bildiririk ki, 14 iyul 2021-ci il tarixli ********* saylı arayış həqiqi olmaqla Abşeron RPİ-nin İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis baş leytenantı Babək Hacıyev tərəfindən tərtib olunmuşdur. Məhkəmə kollegiyasnın iclasında şahid qismində dindirilən, hal-hazırda həbsdə olan X15 bildirdi ki, Cavabdeh “Nilay Mebel” mağazasından mebel almaq üçün 27.01.2021-ci ildə "xxxx" QSC ilə kredit müqaviləsi bağlamışdır. Müqavilə üzrə pul onlara gec köçürüldüğü üçün, mebelin çatdırılmasını bir aydan çox gecikdirmişlər. Mebel vaxtından gec çatdırıldığı üçün alınan vaxtdan iki gün sonra Cavabdeh tərəfindən mağazaya geri qaytarılmışdır. Rasim Xudaverdiye mebel gec çatdırıldığı üçün götürməmişdir. Kollegiya qeyd edir ki, "xxxx" QSC tərəfindən tələb hüququ 02 mart 2018-ci il tarixdə bağlanmış 0002 saylı “Tələbetmə Hüquqlarının Güzəşt Olunmasına Dair” Müqaviləyə əsasən İddiaçı ASC-yə ötürülmüşdür. 02 mart 2018-ci il tarixdə bağlanmış 0002 saylı “Tələbetmə Hüquqlarının Güzəşt Olunmasına Dair” Müqavilənin şərtlərinin pozulması İddiaçı ASC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 05 iyul 2021-ci il tarixli RB-02/1986 saylı və 26 avqust 2021-ci il tarixli, RB-02/1986 saylı məktublarla tam olaraq təsdiq olunur. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsində də, müəyyən olundu ki, həqiqətən mebel gec çatdırıldığı üçün, Cavabdeh tərəfindən 14 gün ərzində Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq mebel geri qaytarılmışdır. Buna görə də, iddiaçı tərəfindən tələb olunan kredit borcu Cavabdeh tərəfindən deyil, İddiaçı MMC ilə "xxxx" QSC arasında 02 mart 2018-ci il tarixdə bağlanmış 0002 saylı “Tələbetmə Hüquqlarının Güzəşt Olunmasına Dair” Müqavilənin 4.4, 4.6-cı bəndlərinin tələbinə görə "xxxx" QSC tərəfindən İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar əsasında iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(094)-317/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şıkayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar