Məhkəmə qərarları › İş №2(103)-1362/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1362/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1362/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı BOKT QSC-nin nümayəndəsi X1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı BOKT QSC (BOKT) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin Mərkəzi Filialı (bank) və Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə kredit müqaviləsi bağlandığını, müqaviləyə əsasən cavabdehə illik 16%-lə, 24 ay müddətinə 603 600 ABŞ dolları məbləğində kredit verildiyini, cavabdehin bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyini və 249 600 ABŞ dolları əsas, 338 383,32 ABŞ dolları faiz borcu olmaqla cəmi 587 983.32 ABŞ dolları borcunun qaldığını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə bağlı bankdan Cavabdeh dair sənədlərin xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən BOKT-a verildiyini, borcun ödənilməsi barədə dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq bunun heç bir nəticəsi olmadığını bildirmiş, cavabdehdən qeyd olunan pul məbləğlərinin, həmçinin 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətində mülki qanunvericiliyin öhdəlik hüququ ilə bağlı bir sıra müddəlarına istinad etməklə, birinci instansiya məhkəməsinin əsassız olaraq iddia müddətinin ötürülmüş olması nəticəsinə gəldiyini irəli sürmüşdür. Məhkəmə kollegiyası şikayətin təmin olunmasını xahiş edən iddiaçının və şikayətin əsassız olduğunu bildirən cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, “xxxx” ASC-nin Mərkəz Filialı ilə Cavabdeh arasında xx xxxx 2009-cu il tarixdə kredit müqaviləsi bağlanaraq cavabdehə 24 ay müddətinə, illik 16 % (on altı) faiz hesablanmaqla 603 600 ABŞ dolları kredit verilmiş, müqavilənin 4.4-cü bəndində kredit vəsaitindən istifadə müddətinin xx xxxx 2011-ci il tarixdə bitəcəyi razılaşdırılmışdır. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, cavabdehlə bank arasında xx xxxx 2009-cu il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx xxxx 2011-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, xx xxxx 2009-cu il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxx 2011-ci il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti xx xxxx 2014-cü il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə xx xxxx 2020-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, iş materiallarından Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə banka sonuncu ödənişin xx.xx.2010-cu il tarixdə həyata keçirildiyi və iddia müddətinin axımı başladıqdan sonra müddəti kəsən hərəkətlərin edilmədiyi aydın olur. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2636/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Şeyda Məhərrəmova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar