Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1362/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-4825/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, RGTK8759191A123 saylı kredit müqaviləsi imzalanmış və müqaviləyə əsasən Cavabdeh 59 ay müddətinə illik faiz dərəcəsi 20% olmaqla 2683.37 manat məbləğində kredit verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2683.37 AZN əsas; 229.16 AZN faizc; əmi 2912.53 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.
4. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-4825/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X1 2683,37 manat əsas borc və 229,16 manat faiz borcu olmaqla, cəmi 2912,53 manat (iki min doqquz yüz on iki manat əlli üç qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 49,13 manat İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X1 2683,37 manat əsas borc və 229,16 manat faiz borcu olmaqla, cəmi 2912,53 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 49,13 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385,1, 427.3, 442, 443.1, 448, 462.1 və 739-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
7. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-4825/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4825/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində buraxılmış yanlışlığın düzəldilməsi, qətnamədə cavabdeh “X3” əvəzinə “Cavabdeh” kimi oxunması qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-4825/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, kredit götürdükdən sonra müəyyən olunmuş qrafik üzrə vaxtında kredit təşkilatına ödənişlər edib. Lakin sonradan ondan asılı olmayan səbəbə görə iş yeindən ixtisara düşüb və iddiaçı təşkilata borcunu vaxtı-vaxtında qaytarnaq imkanından məhrum olub. Ailə vəziyəti elədir ki, 4 nəfər azyaşlı uşağı və əmək fəaliyyəti ilə məşğul olmayan həyat yoldaşı var. Eyni məlumatı o İddiaçı ASC-yə rəsmi qaydada bildirib. Yəni, məhkəməyə bildirmək istəyir ki, kredit götürən zaman iş yerindən ixtisara düşməyini o əvəlcədən görə bilməzdi. İstinad olunan maddi hüquq normasına əsasən, belə halda kredit müqaviləsi üzrə öhdəliklərimi müvəqqəti icra edə bilməməyinə görə məsuliyyət daşımalı deyil. Odur ki, belə hesab edir ki, istinad etdiyi maddi hüquq normasının tələbini məhkəmə hazırkı mübahisədə düzgün tətbiq etməmişdir. Digər tərəfdən, qeyd etdiyi kimi, çətin ailə və maddi vəziyyətimə baxmayaraq, hər ay iddiaçı təşkilata müəyyən məbləğdə ödəniş edib və edir. ” Barəsində iddia ərizəsinin daxil olması barədə bildirişi məhkəmə ona göndərməmişdir, o səbəbdən iddia tələbinə dair öz etirazlarını və sübutlarını məhkəməyə vaxtında bildirməyə imkanı olmayıb. Ona görə hesab edir ki, məhkəmə istinad olunan prosessual normaların tələbini pozmuşdur. Məhkəmə qəbul etdiyi 1409.2023-cü il tarixli qətnməni ona göndərməmişdir. Qətnamədə düzəliş edilməsinə dair qərardad ünvanına daxil olduqdan sonra qətnamədən xəbər tutub. Bununla belə, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana məhkəmənin qətnaməyə düzəliş etməsinə dair qərardadı daxil olduqdan sonra məhkəməyə təqdim etdiyi ərizəsində diqqətə çatdırıb ki, məhkəmə tərəfindən ona bildiriş, həmçinin iddia ərizəsinin surəti göndərilməmişdir. Məhkəmnin yol verdiyi prosessual pozuntu (iddia ərizəsini və müvafiq bildirişi ona göndərilməməsi) iddianın dəlilləri ilə tanış olub müdafiəni həyata keçirmək hüququnu pozmuşdur. Şikayət olunan qətnamədən görünür ki, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışını əsas götürüb iddia tələbini tam təmin etmişdir. Halbuki, məhkəmə həmin maliyyə aryışını yoxlamamış, kredit müqaviləsi üzrə əsas və faiz borcunun dəqiq nə qədər olmasını müəyyən etmədən sözügüedən maliyyə aryışını mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə prosesi barədə onun məlumatı olmamışdır, odur ki, ödəniş qəbzlərini təqdim edə bilməyib. İddiaçı onun ödənişləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin iddiaçı tərəfin sübutlarını digər sübutlarla müqayisə edə bilməmişdir. Odur ki, belə hesab edir ki, məhkəmə istinad etdiyi prosessual normanın tələbini pozmuşdur. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən o halı aydınlaşdırmamışdır ki, kredt borcunu vaxtında qaytamamağı iş yerindən ixtisara düşməyi olmuşdur. Kredit götürdüyü zaman o təxmin edə bilməzdi ki, müəyyən müddətdən sonra ixtisara düşəcək. Əgər məhkəmə işin bu halını aydınlaşdırsaydı, o zaman gəldiyi nəticə fərqli olacaqdı. Lakin məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında işə baxılıb iddia tələbini tam olaraq təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Tərəflər “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlamış, iddiaçı məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, apellyasiya şikayətinin rədd olunması və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, hazırkı iddiasında İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK8759191A123 saylı kredit müqaviləsi üzrə 2683,37 manat əsas borc, 229,16 manat faiz borcu olmaqla, cəmi 2912,53 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.
19. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
20. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
21. Cavabdehin tələb edilən borc məbləğinin düzgün hesablanmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
22. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
23. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
24. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-4825/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev