Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1364/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndələri X2 və X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(004)-345/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2015-ci il tarixli, № ƏH/2510 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 16530 (on altı min beş yüz otuz) ABŞ dolları əsas borc, 9176 (doqquz min yüz yetmiş altı) ABŞ dolları faiz borcu, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 26706 (iyirmi altı min yeddi yüz altı) ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan 28 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 110 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmış, Gəncə şəhəri, Kəpəz rayonu, X7 küçəsi, 2-ci Döngə, ev 25 A ünvanında yerləşən 99.5 kv.m ümumi sahədən ibarət, yaşayış sahəsi 50.1 kv/m, yardımçı sahəsi 49.4 kv/m olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması, ipoteka predmetinin 40.000 (qırx min) manat dəyərində qiymətləndirilməsi, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(004)- 345/2019 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia qismən təmin edilmiş, 28 oktyabr 2015-ci il tarixli, № ƏH/2510 saylı kredit müqaviləsinin ləğv edilməsi, 28 oktyabr 2015-ci il tarixli № ƏH/2510 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 16530 (on altı min beş yüz otuz) ABŞ dolları əsas borc, 9176 (doqquz min yüz yetmiş altı) ABŞ dolları faiz borcu, 100 (yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 25806 (iyirmi beş min səkiz yüz altı) ABŞ dolları məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, X7 küçəsi, 2-ci Döngə, ev 25 A ünvanında yerləşən 99.5 kv.m ümumi sahədən ibarət, yaşayış sahəsi 50.1 kv/m, yardımçı sahəsi 49.4 kv/m olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin tutulmalı məbləğ həddində banka ödənilməsi, artıq qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması, ipoteka predmeti satıldıqdan ən geci 1 ay ərzində boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, faizlərin tələb olunmasının əsassız olması, tələbin ipotekaya yönəldilməsi barədə iddiaçı tərəfindən xəbərdar olunmaması, lakin birinci instansiya məhkəməsinin qeyd olunan halı nəzərə almaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ona bildiriş göndərilməmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət olunmamış, bildiriş dövlət qeydiyyatına alınmamışdır. Birinci instansiya məhkəməsi həmin hissədə tam və hərtərəfli araşdırma aparmamış, kredit borcunu ipoteka qoyulmuş əmlaka yönəltməkdə haqlı olmamışdır. İddia həmin hissədə baxılmamış saxlanmalı idi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun vermiş, əlavə olaraq göstərmişlər ki, cavabdehə ipoteka ilə bağlı müvafiq bildiriş göndərilsə də, bildiriş sonradan dövlət qeydiyyatına alınmamışdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh1 rəsmi qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən Cavabdeh1iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh2 (ipoteka qoyan) apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni tutmanın Cavabdeh2 tərəfindən ipoteka qoyulmuş əmlaka yönəldilməsi hissələrində ləğv edilməli, ərizə həmin hissələrdə baxılmamış saxlanmalıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş «İpoteka haqqında» Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4.1-ci maddəsinin tələbinə görə, tutmanın yönəldilməsi proseduru tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə davam edə bilməz. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən iddiaçı qeyd edilən Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana göndərməli, bununla yanaşı həmin bildirişin dövlət qeydiyyatı orqanında qeydə alınması üçün ərizə ilə həmin orqana müraciət etməli olmuşdur. Məhz qeyd edilən məhkəməyə qədər nizamlama qaydasına riayət edildikdən sonra iddiaçı (ipoteka saxlayan) ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlaya bilərdi. Göründüyü kimi, mübahisə üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası qanunla müəyyən olunmuşdur və məhz mübahisə həmin qaydaya riayət edildikdən sonra məhkəmənin həllinə verilə bilərdi. İşdə olan sənədlərdən isə iddiaçı tərəfindən qanunvericiliyin qeyd edilən tələblərinə riayət olunması görünmür. Belə ki, işdə müvafiq bildiriş, həmçinin bildirişin dövlət qeydiyyatı orqanında qeydə alınmasına dair sübut mövcud deyildir (iddiaçı tərəfə qeyd edilən sənədlərin təqdim olunması üçün vaxt verilməsinə, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, həmin sənədlər təqdim olunmamışdır). Eyni zamanda, məhkəmə kollegiyasının bu istiqamətdə sorğusuna cavab olaraq göndərilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 10 mart 2020-ci il tarixli məktubundan aydın olur ki, ipoteka qoyulmuş Gəncə şəhəri, Kəpəz rayonu, X7 küçəsi, 2-ci Döngə, ev 25 A ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildiriş daxil olmamış və dövlət qeydiyyatına alınmamışdır. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi isə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddiaya mahiyyəti üzrə baxılmasına mane olan qeyd edilən halları nəzərdən qaçırmış, bununla prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Halbuki, MPM-in 259.0.1-ci maddəsinin tələbinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 saylı Qərarında göstərilmişdir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Qeyd edilən qərarın 1.3-cü bəndində iddia ərizəsində birləşən ayrı-ayrı tələblərin də baxılmamış saxlanılmasının mümkünlüyü qeyd olunmuşdur. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı hissələrdə ləğv edilməli, ərizə həmin hissələrdə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264, 357-358, 391, 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(004)-345/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(004)-345/2019 saylı qətnaməsi qismən, yəni «tutma Cavabdeh2 mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, X7 küçəsi, 2-ci Döngə, ev 25 A ünvanında yerləşən 99.5 kv.m ümumi sahədən ibarət, yaşayış sahəsi 50.1 kv/m, yardımçı sahəsi 49.4 kv/m olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilərək, açıq hərracda satılsın və satışdan əldə edilən vəsaitin tutulmalı məbləğ həddində banka ödənilsin, artıq qalan məbləq Cavabdeh2 qaytarılsın, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc ümumi qaydada Cavabdeh1 tutulsun, ipoteka predmeti satıldıqdan ən geci 1 ay ərzində boşaldılsın» hissələrdə ləğv edilsin, iddia ərizəsi qeyd edilən tələblərlə bağlı hissədə baxılmamış saxlansın. İzah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1364/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1364/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver