Məhkəmə qərarları › İş №2(103)-137/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-137/2020

29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-137/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Valeh Məmməd oğlu Ağayevdən və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05 oktyabr 2015-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4-yə, X6, Cavabdeh1 və Cavabdeh2 qarşı- Cavabdeh4-dən, X3, X5 və Cavabdeh2 müştərək (birgə) qaydada 1222987,17 manat məbləğində əsas borcun, 80147,82 manat məbləğində faiz borcunun, 114852,97 manat məbləğində cərimə borcunun, 16,50 manat müqavilə üzrə öhdəliklərinin pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 1418034,46 manat məbləğində kredit borcunun İddiaçı-nin xeyrinə tutulması (ödənilməsi) barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.04.2010-cu il tarixdə İddiaçı və Cavabdeh4 arasında 32 nömrəli kredit müaviləsi (kredit xəttinin açılması barədə) bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh4yə maliyyə dövriyyəsinin genişləndirilməsi məqsədilə ******* manat məbləğində 29.08.2015-ci il tarixinədək kredit xətti açılmışdır və o, kreditin əsas məbləği və ona hesablanmış faizləri razılaşdırılmış qaydada geri ödəməli idi. Kreditinin ayrılması və qaytarılması üçün borcalan və müqavilə üzrə zaminlər X8, Cavabdeh2 və Cavabdeh1 müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərini tma icra etsə də, borclan Cavabdeh4 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğin və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalan və zaminə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmişlər və bu günədək borcu ödəməmişlər. Nəticədə cavabdehlərin banka borcları yaranmışdır. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək. Cavabdeh4-dən, X4, Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 1185104,49 manat məbləğində əsas kredit borcunun, 121110,73 manat məbləğində əsas məbləğə hesablanmış faiz borcunun, 196920,65 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 16,50 manat məbləğində müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilmə üzrə poçt xərclərinin və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 1503182,37 manat məbləğində kredit borcunun İddiaçı-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.10.2015-ci il tarixli qərardadı ilə İddiaçınin cavabdehlər Cavabdeh4-yə, X6, Cavabdeh1 və Cavabdeh2 qarşı-borc tələbi barədə iddiasına dair iş üzrə icraata cavabdeh X6 aid hissədə xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1.185,104.49 (bir milyon bir yüz səksən beş min bir yüz dörd manat qırx doqquz qəpik) manat məbləğində əsas borc, 121,110.73 (bir yüz iyrimi bir min bir yüz on manat yetmiş üç qəpik) manat faiz borcu, 1000 (bir min) manat məbləğində cərimə, cəmi 1.307,215.22 (bir milyon üç yüz yeddi min iki yüz on beş manat iyrlimi iki qəpik) manat məbləğində kredit borcu, 16,50 (on altı manat əlli qəpik) manat müqavilə üzrə pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh4-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05 oktyabr 2015-ci il tarixli qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 23.04.2010-cu il tarixdə İddiaçı və xxxx” MMC arasında 32 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, iddiaçı bank cavabdeh “xxxx” MMC-yə illik 14% olmaqla 12 ay müddətinə 803,600 manat məbləğində kredit vermişdir. Daha sonra müqaviləyə əlavə edilən razılaşmalara əsasən kreditin məbləği illik 12% olmaqla 42 ay müddətinə ******* manat təşkil edir. İddiaçı bankın iddia ərizəsində qeyd olunmuşdur ki, guya “xxxx” MMC-nin bank müqavilə üzrə ümumilikdə 1418034,46 manat məbləğində borcu qalmışdır. İddia ərizəsində gösətərilən məbləğ əslində olduğundan xeyli artıq göstərilmiş və reallığı əks elətdirmir. Faiz və dəbbə üzrə borc məbləği düzgün hesablanmamışıdır və məhkəmə də bunu nəzərə almayaraq işə birtərəfli yanaşmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6416/2016 saylı, 16 avqust 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05 oktyabr 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddianın cavabdeh “xxxx” MMC-yə qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh “xxxx” MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6416/2016 saylı, 16 avqust 2016-cı il tarixli qətnaməsini ləğv edərək işə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Resbublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 yanavar 2017-ci il tarixli, 2(102)-402/2017 saylı qərarı ilə “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2016-cı il tarixli qətnaməsi 121.110,73 manat faiz borcu tutulmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3766/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4608/2015 saylı 05 oktyabr 2015-ci il tarixli qətnaməsi fazi borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3766/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qətnaməsini ləğv edərək işə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Resbublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(102)-6314/2018 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2016-cı il tarixli qətnaməsi 121.110,73 manat faiz borcu tutulmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş üzrə təyin edilmiş ekspert rəyindən göstərilən faiz məbləği ilə razı deyillər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Qeyd olunan şəxslər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın faiz borcunun tutulması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iş üzrə qəbul edilmiş kassasiya inastansiya məhkəməsi qətnaməni həmin hissədə ləğv edərək, yenidən baxılması üçün apellyasiya şikayətinə göndərmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05 oktyabr 2015-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcu 76646,39 manat müəyyən edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh4 arasında 23.04.2010-cu il tarixdə bağlanmış 32 saylı kredit müqaviləsinə əsasən, bank Cavabdeh4-yə 12 ay müddətinə, illik 14 faiz dərəcəsi ilə 803,600 manat məbləğində kredit xətti açmışdır. İş materiallarında olan 23.04.2010-cu il tarixli. 32 saylı kredit müqaviləsinə 1 saylı əlavə Razılaşmadan görünür ki, kredit xəttinin məbləği 904050 manat təşkil edir. İş materiallarında olan 23.04.2010-cu il tarixli 32 saylı kredit müqaviləsinə 3 saylı əlavə Razılaşmadan müəyyən olunur ki, kredit xətti üzrə Borcalan kredit 25.08.2012-ci il tarixədək 18 ay müddətinə istifadə edilməsi üçün illik 14 % dərəcəsi ilə verilir. İş materiallarında olan 23.04.2010-cu il tarixli 32 saylı kredit müqaviləsinə 4 saylı əlavə Razılaşmaya əsasən, kredit xəttinin məbləği ******* manat təşkil edir. Kredit xətti üzrə Borcalana kredit 20.10.2013-cü il tarixədək 42 ay müddətinə istifadə edilməsinə görə illik 12% dərəcəsi ilə verilir. İş materiallarında olan 23.04.2010-cu il tarixli 32 saylı kredit müqaviləsinə 29.05.2013-cü il tarixli 5 saylı əlavə Razılaşmasından görünür ki, kredit müqaviləsi üzrə nəzərdə tutulan kredit məbləği 29.08.2015-ci il tarixinədək (64 ay müddətinə) istifadə edilməsi üçün illik 14 faiz dərəcəsi ilə borclana verilir. İş materiallarından görünür ki, verilmiş kreditin təminatı kimi iddiaçı “X13 Azırbaycan” QSC il cavabdehlər Cavabdeh1 Nazil oğlu. X8 və Cavabdeh2 arasında 23.04.2010-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İş materiallarından görünür ki, iddiaçı “X13 Azırbaycan” QSC cavabdehlərə borcu ödəmələrinə dair 23.04.2015-ci il tarixdə bildiriş (pretenziya) göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 19 yanvar 2017-ci il tarixli qərar ilə bu iş üzrə “Mülki Prosessual Məcəllənin kassasiya şikayəti qismən təmin edilərək qətnamə 121.110.73 manat faiz borcunun tutulmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, kassasiya instansiya məhkəməsi işə yenidən baxan məhkəmə üçün müvafiq göstərişlər o cümlədən faiz məbləğinin düzgün hesablanıb hesablanmamasını müəyyən etmək üçün ekspertiza təyin edilməsi zəruriliyinin müzakirə edilməsini göstərmiş, iş yeni apellyasiya baxışına qaytarıldıqdan sonra apellyasiya məhkəməsinin 05 aprel 2017- cı il tarixli qərardadı ilə hazırki iş üzrə faiz borcunun düzgün müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında ekspertin işdə olan məlumatından görünür ki, ekspertiza qarşısında qoyulmuş sualların tədqiqi üçün əlavə materialların zəruriliyi barədə məhkəmə orqanına 20.07.2007-ci il tarixli vəsatət göndərilmiş, lakin vəsatət təmin olunmamışdır. Ona görə ekspertiza keçirilməsinə dair qərardad icra olunmamışdır. İş materiallarında 20.07.2007-ci il tarixli belə bir vəsatət olduğu görünmür. Lakin işə baxan apellyasiya məhkəməsi qəbul etdiyi ekspertiza barədə qərardadının icraatını təmin etməmiş, 24 sentyabr 2017-ci il tarixdə iş üzrə icraatı təzələyərək 29 noyabr 2017-ci il tarixdə qətnamənin fazi borcunun tutulması hissəsində dəyişdirmədən saxlamış, beləliklə də Ali Məhkəmənin MK-nın 19 yanvar 2017-ci il tarixli qərarında şərh edilən göstərişlərə əməl etməmişdir. Həmin qərarda həmçinin qeyd edilir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 19 yanvar 2017-ci il tarixli qərarında şərh edilən göstərişləri yerinə yetirməmiş, faiz borcuna görə yalnız iddiaçının maliyyə arayışına əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinn yuxarıda qeyd olunan göstərişlərini nəzərə alaraq 23 yanvar 2019-cu il tarixli, 2(103)-693/2019 saylı qərarı ilə iş üzrə məhkəmə-mühasibatlıq еkspеrtizаsı təyin еdilmişdir. İş materiallarına əlavə edilmiş və təkrar apaellyasiya baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2019-cu il tarixli, 6949 nömrəli rəyindən görünür ki, 23 aprel 2010-cu il tarixli 32 saylı kredit müqaviləsinin və ona əlavə edilmiş müqavlələrin şərtləri nəzərə alınmaqla Cavabdeh4-nin İddiaçı-yə olan borcu aşağıdakı kimi müəyyən edilir. a. 27.05.2015-ci il tarixə (yəni məhkəməyə müraciət edilmə tarixinə) 1.299.633,56 manat: b. əsas borc üzrə-1.222.987,17 manat c. faiz borcu üzrə-76.646,39 manat d. 29.08.2015-ci il tarixə (yəni müqavilənin bitmə tarixinə) 1.286.822,31 manat: e. əsas borc üzrə-1.185.104,49 manat f. faiz borcu üzrə-101.717,82 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Qeyd olunan müddəaya əsasən iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı (tələbkar) tərəfindən öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh (borclu) isə üzərinə düşən öhdəlikləri lazımı qaydada tam yerinə yetirməmişdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-nin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instanisya məhkəməsi iddiaçının iddia tələbini əsas götürməklə cavabdehlər Cavabdeh4-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 121,110.73 (bir yüz iyrimi bir min bir yüz on manat yetmiş üç qəpik) manat faiz borcunun tutulması hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2019-cu il tarixli, 6949 nömrəli rəyindən görünür ki, 23 aprel 2010-cu il tarixli 32 saylı kredit müqaviləsinin və ona əlavə edilmiş müqavlələrin şərtləri nəzərə alınmaqla Cavabdeh4-nin İddiaçı-yə 27.05.2015-ci il tarixə (yəni məhkəməyə müraciət edilmə tarixinə) olan faiz borcu 76.646,39 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla 23 aprel 2010-cu il tarixli 32 saylı kredit müqaviləsi üzrə məhz ekspert rəyində göstərilən həddə faiz borcu müəyyənləşdirilməklə cavabdehlərdən İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatşünaslıq ekspertizasının dəyəri 245 (iki yüz qırx beş) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspert rəyinin dəyirini təşkil edən 245 (iki yüz qırx beş) manat cavabdeh “xxxx” MMC-dən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qətnaməni dəyişdirə bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05 oktyabr 2015ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcu 76646,39 manat müəyyən edilməli, cavabdeh “xxxx” MMC-dən məhkəmə-mühasibatşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 245 (iki yüz qırx beş) manat pul alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05 oktyabr 2015-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcu 76646,39 manat müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 245 (iki yüz qırx beş) manat pul cavabdeh “xxxx” MMC-dən tutularaq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Valeh Ağayev Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar