Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-137/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iş üzrə (Açar sözlər:kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və apelyatorun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2011-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. QSC "xxxx" KB QSC ilə R,Qocayev arasında bağlanmış 12 iyun 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 20% ödənilməsi şərti ilə 24 ay müddətinə 57000 manat məbləğində kredit verildiyi göstərilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X3 məxsus Bakı şəh, Xətai ray, Qafqaz küçəsində olan 0,01148 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 108,2 kv.m ümumi, 51,8 kv.m yaşayış, 56,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evini 12 iyun 2010-cu il tarixind 1xx/xx/2485/10 saylı ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. Borclu şəxs üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə Banka 56905,47 manat əsas, 3306,23 manat faiz, 367,87 manat cərimə borcu, ümumilikdə 60579,57 manat borcu yaranmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı QSC "xxxx" KB QSC cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 56905,47 manat əsas, 3306,23 manat faiz, 367,87 manat cərimə borcu olmaqla, cəmi 60,579.57 manat borcun, 20 manat dövlət rüsumunun və illik 26 faizlə hesablanmış cərimə məbləğinin tutulmasının, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka qoyanın və onun ailə üzvlərinin evdən çıxarılması və açıq hərracdan satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu şəxs üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə Banka ümumilikdə 60579,57 manat borcu yaranmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2011-ci il tarixli qətnaməsi ilə (hakim İ.İbrahimli, iş № 2(011)-3847/2011) iddia qismən təmin edilərək Cavabdeh iddiaçı QSC "xxxx" KB-nin xeyrinə 56905,47 manat məbləğində əsas borc, 3306,23 manat məbləğində faiz, 50 manat məbləğində cərimə, ümumilikdə isə 60261,70 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun tutulması, tutmanın iddiaçı QSC "xxxx" KB-nin qarşısında ipoteka ilə yüklü edilmiş X3 məxsus Bakı şəhəri. Xətai rayonu, Qafqaz küçəsində olan 0,01148 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 108,2 kv.m ümumi, 51,8 kv.m yaşayış, 56,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satıldıqdan sonra cavabdehlər X5, X6 və X4 göstərilən mənzildən ən geci 1 ay ərzində çıxarılması, əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı QSC "xxxx" KB-yə olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin X3 ödənilməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 448, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.3, 33, 34, 59.3, 59.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdə ölkə ərazisini tərk etmiş, yalnız xx.xx.2021-ci il tarixdə ölkəyə qayıtmışdır. Belə vəziyyətdə məhkəmədə onu təmsil etmək üçün kiməsə etibarnamə verməsi tamamilə absurddur. Hazırkı iş üzrə məhkəmə iclaslarından məlumatı olmamış və sözügedən məhkəmə qətnaməsinin surəti ona təqdim edilməmişdir. Belə ki, o, bir müddət bundan əvvəl kredit almaq məqsədilə banka müraciət edəndə müəyyən olunmuşdur ki, onun adında 57000 manat aktiv kredit var. Araşdıran zaman məlum olmuşdur ki, onun adından kredit alınması ilə bağlı saxta kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən verilmiş pulun götürülməsini əks etdirən kassa məxaric orderində onun imzası saxtalaşdırılmış və kassadan pul götürülmüşdür. Bundan sonra o, kreditin etibarsızlığına dair Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış, Səbail RPİ-yə müraciət etmiş və aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, tanışı Valeh Rüstəmli adlı şəxs onun etibarından suri-istifadə edərək onun adına 57000 manat kredit alaraq dələduzluq etmişdir. Onunla QSC "xxxx" KB arasında kredit müqaviləsi bağlanmamışdır. Odur ki, hazırkı işə apellyasiya qaydasında baxılarkən müqavilədə olan imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə xətşünaslıq eskpertizası keçirilməlidir. Qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apelyatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
16. Maddə 34. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
17. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
18. Maddə 59.4. bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Cavabdeh qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmiş, iddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən şikayət verilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apellyasiya şikayətinin dəlillərinə görə cavabdeh iddiaçı Bankla kredit müqaviləsi bağlamamışdır. Həmçinin o, məhkəmə iclasında iştirak etmək üçün heç kəsə etibarnamə verməmişdir.
22. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır.
23. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
24. Kollegiya ilk növbədə nəzərə alır ki, iddiaçı cavabdehdən 56905,47 manat əsas, 3306,23 manat faiz, 367,87 manat cərimə borcu olmaqla, cəmi 60579,57 manat borcun ödənilməsini tələb edir.
25. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 445, 448, 739cu maddələrinə istinad edir və tələbini təsdiq edən sübut qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinə, maliyyə sənədlərinə istinad edir.
26. Cavabdeh isə kredit müqaviləsi və kassa məxaric orderində imzanın ona məxsus olmadığını, Bankla müqavilə bağlamadığını, müqavilənin saxtalaşdırıldığını və kredit götürmədiyini bildirərək iddiaya etiraz edir.
27. İş materiallarından görünür ki, cavabdeh kredit müqaviləsinin etibarsızlığı və mərkəzləşdirilmiş kredit reyestrində müvafiq düzəlişin aparılması tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 201/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin olunmamışdır. Qətnamə qanuni qüvvəyə minmişdir.
28. Göründüyü kimi, hazırkı işdə iddia tələbinin faktiki əsası kimi istinad olunan kredit müqaviləsi qüvvədədir, ləğv edilməmiş və etibarsız sayılmamışdır.
29. Bundan əlavə, kredit müqaviləsinin bağlandığı müddətdə, yəni 12 iyun 2010cu il tarixdə cavabdeh Azərbaycan Respublikası ərazisində olmuşdur. Digər dəlilə münasibətdə isə qeyd edilməlidir ki, Cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixdə notarial qaydada təsdiq edilmiş etibarnamə verilmiş, həmin etibarnamənin əsasında onun nümayəndəsi hazırkı iş üzrə məhkəmə iclasında iştirak etmişdir. Etibarnamə verilən tarixdə Cavabdeh Azərbaycan Respublikası ərazisində olmuşdur. (i.v 119 )
30. Göründüyü kimi, hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddianı qismən qəbul etmiş, Cavabdeh kredit götürdüyünü, lakin maddi cəhətdən imkanı çatmadığı üçün ödəyə bilmədiyini bildirmişdir, yaxın vaxtlarda ödəyəcəyini, borcun ödənilməsi üçün bankla razılığa gəlməsi üçün ona vaxt verilməsini xahiş etmişdir.
31. Həmçinin, işdən görünür ki, qətnamə çıxarıldıqdan və icraya yönəldikdən sonra iddiaçı ərizə ilə müraciət edərək kredit müqaviləsinin əslinin qaytarılmasını xahiş etmiş, 03 noyabr 2011-ci il tarixli məktubla kredit müqaviləsi Banka qaytarılmış, bu barədə müvafiq poçt reyestri işə əlavə edilmişdir.
32. Bu baxımdan Kollegiya hesab edir ki, hazırda iş materiallarında kredit müqaviləsinin əslinin mövcud olmaması kredit müqaviləsinin ümumiyyətlə mövcud olmaması demək deyil. Belə ki, mübahisəyə baxıldığı dövrdə kredit müqaviləsi iş materiallarında mövcud olmuş, Bankın ərizəsinə əsasən ona qaytarılmışdır.
33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış 12 iyun 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 20% ödənilməsi şərti ilə 24 ay müddətinə 57000 manat məbləğində kredit verildiyi göstərilmişdir. Lakin iş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli kassa məxaric orderindən görünür ki, cavabdehə cəmi 55957 manat kredit verilmişdir. İşə əlavə edilmiş hesabdan çıxarış məlumatlarından və ödəniş cədvəlindən isə görünür ki, cavabdehə 2011-ci ilin fevral ayınadək 7210 manat faiz borcu hesablanmış, borcalan kredit üzrə cəmi 4000 manat ödəniş etmiş, həmin məbləğ faiz borcuna silinmiş, nəticədə həmin dövrə görə cəmi 3210 manat faiz borcu qalmışdır.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehə cəmi 55957 manat kredit verildiyindən və əsas borc üzrə hər hansı ödəniş aparılmadığından əsas borcun məbləği 55957 manat müəyyən edilməlidir.
35. Faiz borcuna münasibətdə isə Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun saymadığından belə qənaətə gəlir ki, faiz borcu da dəyişdirilməli və 3210 manat müəyyən edilməlidir. Nəticədə cavabdehdən əsas borca görə 55957 manat, faiz borcuna görə 3210 manat, dəbbə borcuna görə 50 manat pul tutulmalıdır.
36. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh qətnaməni ipoteka predmetinə tutma yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasi hissəsində mübahisələndirməmişdir. Bu baxımdan qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılmamışdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2011-ci il tarixli qətnaməsi Cavabdeh iddiaçı QSC "xxxx" KB-nin xeyrinə 56905,47 manat məbləğində əsas borc, 3306,23 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh Əli oğlundan tutulacaq əsas borcun məbləği 55957 (əlli beş min doqquz yüz əlli yeddi) manat, faiz borcunun məbləği 3210 (üç min iki yüz on) manat müəyyən edilsin. Ümumilikdə, Cavabdeh iddiaçı QSC "xxxx" KB-nin xeyrinə tutulacaq borcun məbləği 59217 manat müəyyən edilməklə bunun 55957 (əlli beş min doqquz yüz əlli yeddi) manatı əsas borca, 3210 (üç min iki yüz on) manatı faiz borcuna və 50 (əlli) manatı cərimə borcuna aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.