Məhkəmə qərarları › İş №2(103)-1370/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1370/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1370/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair Bakı şəhəri Qaradağ rayon Мəhkəməsinin 2(002)-881/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8000 manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında xx.xx.2015-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi”nə əsasən iddiaçı tərəfindən cavabdehə xx xxxx 2015-ci il tarixə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh “Kredit müqaviləsi” üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, krediti ödəməkdən yayınmışdır. Nəticədə, cavabdehin iddiaçıya 8000 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı, tərəfindən cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, sonuncu, borcu ödəməmiş, iddiaçı da, bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmək və ərizənin verilməsi üçün dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Qaradağ rayon Мəhkəməsinin 2(002)-881/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçıdan götürdüyü borcu xx xxxx 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, hazırda isə iddiaçı iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi isə məhkəmə iclasında onun iştirakını təmin etməmiş və iddia müddətinin ötürülməsini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şiakyətinin məzmununa uyğun uzahat verərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq izahatında bildirmişdir ki, o, borc götürdüyü pulu 2015-ci ildə qaytarmış və bu barədə şahidləri də vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, cavabdeh 2017-cilin may ayında borcundan ona 1000 manat pul ödəmiş və sonradan heç bir ödəniş etməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 8000 manat məbləğində borc pul vermis, Cavabdeh həmin borcu xx xxxx 3015-ci il tarixdə ona qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 089-22176-1219 nömrəli məktundan görünür ki, İddiaçı Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət etmiş, müraciəti mülki xatakter daşıdığı üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyini nəticə ilə razılaşsa da, onu qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya cəmi 8000 manat borcunun olduğu nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı cavabdeh tərəfindən ona borcundan 1000 manat ödənildiyini etiraf etmiş və cavabdehin ümumilikdə 7000 manat borcunun qaldığını bildirmişdir. Nəzərə alınmaldır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Apellyasiya şikayətində qeyd olunan iddiaçının iddia müddətini ötürməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 78.1ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir”. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini də nəzərə almaqla kollegiya hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsinin məhkəmə iclasları barədə məlumatlı olduğu halda, iştirak etməyərək iddia müddətinin tətbiq olunmasına dair ərizə verməmiş olması onun özündən asılı olmayan səbəblərdən baş vermiş olması kimi qəbul edilə bilməz. Buna görə də iddia müddətinin ötürülmüş olmasına dair dalili apellyasiya instansiyası tərəfindən nəzərə alınmamalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh birinci intstansiya məhkəməsinin xx xxxx 2020-ci il tarxli məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə teleqram ünvanlamış və məhkəmə iclası xx xxxxx 2020-ci il tarixə təxirə salınmışdır. Həmin tarixdə də məhkəmə iclasına gəlməmiş və iclas xx xxxx 2020-ci il tarixə təxirə salınmış, bununla belə cavabdeh yenə də teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və iclas xx xxxx 2020-ci il tarixə təxirə salınmışdır. Sonradan məhkəmə iclası xx xxxxxxxx 2020-ci l tarixə təyin edilmiş və cavabdehin gəlmədiyi səbəb göstərilərək xx xxxxxxxx 2020-ci il tarixə təxirə salınmış, bununla belə həmin tarixdə cavabdeh yenidən məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğunu və bu səbəbdən məhkəmə iclasında iştirak edən bilmədiyini bildirmiş, birinci instansiya məhkəməsi isə cavabdehin xəstəliyi barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmiş və hazırki qətnaməni qəbul etmişdir. Göründüyü kimi cavabdeh məhkəmə iclasları barədə məlumatlı olmuşdur. Kollegiya xüsusilə onu da vurğulayır ki, cavabdeh xəstə olsa belə məhkəmyə ünvanladığı teleqramların birinə iddia müddətinin tədbiq edilməsi barədə ərizəsini də əlavə edə bilərdi. Yuxarıda gösətirlənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavadbehdən tutulmalı olan borcun məbləğina dair hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 7000 manat borc tutularaq, İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 2(002)-881/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi “Cavabdeh xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 8000 manat borcun tutularaq, İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 7000 (yeddi min) manat borc tutularaq, İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar