Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1370/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2259/2024 saylı 18 oktyabr 2024cü il tarixli qətnaməsindən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 394-ABC-0838-22 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə illik 28% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir.
2. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 394-ABC-0838-22 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh 24 ay müddətində hər ay 274 manat sonuncu ay 289.20 manat ödəniş etməlidir.
3. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, bank ilə borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 394-ABC0838-22 saylı kredit müqaviləsinə əsasən öhdəlikləri yerinə yetirmədiyi üçün borclunun banka xx.xx.2024-cü il tarixinə 1175.90 manat əsas, 362.55 manat faiz, 622.01 manat cərimə borcu olmaqla, cəmi 2160.46 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 5 gün müddətində ödənilməsi borcluya təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.
4. İş marteriallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə xx.xx.2024-ci il tarixə 3818.96 manat əsas, 546.71 manat faiz, 572.84 manat cərimə, cəmi 4938.51 manat borcu vardır.
5. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 69.39 manat dövlət rüsumu ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3818.96 manat əsas, 546.71 manat faiz, 572.84 manat cərimə və dövlət rüsumu olaraq ödənilmiş 69.79 manat, cəmi 5008.30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərti ilə 5,000 AZN məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 394-ABC-0838-22 saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin 3.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit Müqaviləsinin 3.4.3-cü bəndinə əsаsən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas borcu 3818.96 AZN, faiz borcu 546.71 AZN, cərimə borcu 572.84 AZN, olmaqla ümumi borcu 4938.51 AZN təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixli, 0220/24 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2259/2024 saylı 18 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, Cavabdeh 1175.90 manat əsas, 362.55 manat faiz, 80 manat cərimə borcu olmaqla, cəmi 1618.35 manat borcun və ödənilmiş dövlət rüsumu 22.42 manatın iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 443.1, 448.1, 462.1, 465.2, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.3-cü maddələrinə, istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı BOKT "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq qətnamənin 21-ci bəndində qeyd edir ki,“ cavabdehin xx.xx.2024-cü il tarixli bildirişə əsasən 1175,90 manat əsas, 362,55 manat faiz, 622,01 manat cərimə borcu olmaqla, cəmi 2160,46 manat borcu qeyd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. Göründüyü kimi məhkəmə qət edilən məbləği BOKT "xxxx" QSC-nin Cavabdeh göndərdiyi xx.xx.2024-cüil tarixli, 0220/24 saylı xəbərdarlıq məktubunda qeyd olunan 1175,90 manat əsas, 362,55 manat faiz, 622,01 manat cərimə borcu olmaqla, cəmi 2160,46 uyğun olaraq müəyyən edərək həmin pretenziya məktubunu iddiaçının müqavilədən imtinası kimi qəbul etmişdir. Halbuki xəbərdarlıq məktubunda qeyd olunan məbləğ Cavabdehnun xx.xx.2024-cü il tarixinə gecikmədə olan borc məbləği idi. Belə ki, tərəflər arasında bağlanmış 394-ABC-0838-22 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə görə cavabdehə 24 ay müddətinə 5,000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan göründüyü kimi cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə ümumilikdə 2148,00 manat (əsas borc üzrə 1181,04 AZN, faiz borcu üzrə 912,14 AZN, hesablanmış cərimə üzrə 54,82 AZN) məbləğində ödəniş etmişdir. Sözügedən pretenziya (xəbərdarlıq) məktubu kredit müqaviləsi rəsmiləşdirildikdən təxmini 13 ay sonra göndərilmiş, həmin xəbərnamədə cavabdehin xx.xx.2024-cü il tarixinə olan gecikmədə olan əsas borc, faiz borcu, cərimə borcu məbləğləri qeyd olunmuşdur. Xəbərnamədə tələb olunan gecikmədə olan borc məbləğləri cavabdeh tərəfindən icra olunacağı təqdirdə, tərəflər arasında bağlanmış kredit müqaviləsi öhdəlikləri kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə uyğun tənzimlənə bilərdi. Yəni iddiaçı həmin xəbərnaməni cavabdehə göndərərkən sözügedən kredit müqaviləsindən imtina etmək niyyətində olmamış bu səbəbdən cavabdehdən kredit müqaviləsi üzrə olan ümumi borc tələb edilməmişdir. Məhkəməyə təqdim olunan maliyyə arayışı kredit müqaviləsinin 2.1.1-ci bəndinin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Kredit müqaviləsinin 2.1.1-ci maddəsinə əsasən, Borcalan bu Müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini Borcalandan tələb edə bilər. Göründüyü kimi məhkəmə qanunsuz və əsassız olaraq kredit müqaviləsi üzrə cavabdehin əsas qalıq borcu olan 3818,96 manatın belə cavabdehdən tutulub iddiaçıya ödənilməsini təmin etməmiş, iddiaçının qanunla qorunan mənafelərinə zidd olaraq 1640,77 manat ümumi borc məbləğinin (dövlət rüsümu daxil) cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Hesab edir ki, qətnamə iddiaçının qanunla qorunan mənafelərinin kobud şəkildə pozulması ilə çıxarılmışdır. Hər bir halda halda məhkəmə iş materiallarında olan sübutları qanunvericiliyə uyğun olaraq ətraflı tədqiq etməli, iş materiallarına əlavə olunan sənədlər üzrə düzgün araşdırma aparmalı idi. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nizami rayon məhkəməsi iddaçı tərəfindən təqdim edilən sübutları araşdırmamış, işdə olan materiallara düzgün baxış keçirməmiş və işin hərtərəfli, tam və obyektiv tədqiq etməyərək Azərbaycan Respublikası mülki qanunvericiliyinin müddəalarını pozaraq ədalətsiz nəticə çıxartmışdır. Bu səbəblərdən qətnamə ləğv edilməli, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz etdiklərini bildirərək təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
20. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
22. Maddə 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər.
23. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək tələbin tam təmin edilməsini xahiş etdiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2259/2024 saylı 18 oktyabr 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, birinci instansiya qeyd etmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 3818.96 manat əsas, 546.71 manat faiz, 572.84 manat cərimə, cəmi 4938.51 manat, xx.xx.2024-cü il tarixli bildirişə əsasən 1175.90 manat əsas, 362.55 manat faiz, 622.01 manat cərimə borcu olmaqla, cəmi 2160.46 manat borc qeyd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir.
37. İddiaçı apellyasiya şikayətində pretenziya məktubunda kredit müqaviləsindən imtina etmək niyyəti olmadıqlarını bildirsələr də, şikayətin göstərilən dəlili əsassızdır. Belə ki, iddiaçı apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, pretenziya məktubu müqaviləyə xitam vermək üçün deyil, borcluya ödəniş öhdəliyini xatırlatmaq və borcun qaytarılmasını tələb etmək məqsədi daşıyıb, buna görə də müqavilə qüvvədə qalmış və faizlər, cərimələr hesablanmağa davam etməlidir. Lakin birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin presedent qərarına və Mülki Məcəllənin 422 və 447-ci maddələrinə əsasən, pretenziya məktubunu müqaviləyə birtərəfli qaydada xitam vermə iradə ifadəsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı bu məktubda konkret borc məbləğini müəyyənləşdirib və tələb irəli sürüb, bu isə praktiki olaraq müqavilənin artıq bitdiyini və bankın yalnız həmin tarixə qədər hesablanmış borcu tələb edə biləcəyini göstərir. Əgər iddiaçı həqiqətən müqaviləni davam etdirmək istəyirdisə, pretenziya məktubunda müqaviləyə xitam verdiyini ifadə etməməli və borcun ödənilmədiyi təqdirdə müqavilə müddəalarına uyğun olaraq faiz və cərimələrin davam edəcəyini açıq şəkildə bildirməli idi. Göstərilənlərə əsasən iddiaçının bu arqumenti hüquqi baxımdan əsassızdır, çünki hüquqi münasibətlərdə iradə ifadəsi niyyətə deyil, konkret hərəkətlərə və sənədlərə əsasən qiymətləndirilir.
38. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir.
39. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilənlə qeyd edilənlərə əsasən qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2259/2024 saylı 18 oktyabr 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.