Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1371/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1500 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(002)-2465/21) iddia rədd edilmişdir. İddiaçı narazı qalaraq qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ətir və xırda məişət texnikasının fərdi qaydada satışı ilə məşğuldur. Təxminən 1 il öncə rəfiqəsi vasitəsi ilə tanış olduğu cavabdeh X1 2000 manat dəyərində əmlak satmışdır. Aralarında olan danışığa əsasən alıcı aldığı malın dəyərini hissə-hissə, yəni 2-3 ay ərzində ödəməli idi. Lakin bütün müddət ərzində cavabdeh ona bir dəfə 60 manat, bir dəfə 50 manat, bir dəfə də 20 manat pul ödəmişdir. Bir dəfə isə ödəniş əvəzinə ona özünə məxsus qızıl-zinət əşyası verərək borcundan 300 manat çıxmağı xahiş etmişdir. Yəni cavabdehin hazırki günə iddiaçıya 1500 manat məbləğində borcu qalmışdır. Lakin cavabdeh bu borcun ödənilməsinə hər hansi təşəbbüs göstərmir. Birinci instansiya məhkəməsində işə baxılarkən şahid kimi dindirilmiş X4 və X3 ifadələrindən görünür ki, iddiaçı cavabdehə satmaq üçün soba və “Faberlic” malları vermiş, lakin cavabdeh həmin malların dəyərini ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, məhkəmə qanunsuz və əsassız qətnamə çıxarmış, sübutları düzgün qiymətləndirməmiş, qətnamə qəbul edərkən şahid ifadələrini nəzərə almamışdır. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Qaradağ Rayon Məhkəməsinin iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehdən 1500 manat borcun tutulması barədədir. İddiaçı tələbini əsaslandırarkən fərdi qaydada ətir və xırda məişət texnikasının satışı ilə məşğul olduğunu, təxminən bir il əvvəl cavabdehə 2000 manat dəyərində əmlaklar satdığını, cavabdehin həmin əmlaklara görə 1500 manat borcu qaldığını göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəllənin 739, 740-cı və MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamədə cavabdehin əvvəlki məhkəmə iclasında iştirak etdiyini və iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdiyini göstərsə də, bu hal iş materialları, o cümlədən məhkəmə iclas protokolu ilə təkzib olunur. Belə ki, işdən göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə üç məhkəmə iclası keçirilmişdir. Cavabdeh Ş.Sarıyeva bu iclaslardan yalnız birində - 25.10.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş və əlavə sübutları və ərizəsi olacağını bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə onun vəsatətini təmin edərək məhkəmə iclasını 02.11.2021-ci il tarixə təxirə salmış, lakin cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası 25.10.2021-ci il tarixli məhkəmə iclas protokolunda cavabdehin iddia tələbini qəbul etməməsi və iddianın rədd olunmasını xahiş etməsinə dair hər hansı qeyd müəyyən etmədi. Göründüyü kimi, cavabdehin iddianı qəbul etməməsi barədə qətnamədə göstərilənlər iş materialları ilə təkzib olunur. Lakin apellyasiya baxışı zamanı cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etdi və iddianı qəbul etməyərək göstərdi ki, o, həqiqətən də iddiaçıdan müəyyən məişət texnikası əşyaları və ərzaq malları almış, həmin mallara görə onun iddiaçıya cəmi 1000 manat borcu qalmış və o, həmin borcu ödəmişdir. Onun iddiaçıya ödənilməyən borcu yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 1000 manat borcu olmasını etiraf etməklə iddiaçını həmin hissədə iddiasını sübut etmək vəzifəsindən azad edir və belə olan vəziyyətdə 1000 manat borcun qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh apellyasiya baxışı zamanı 1000 manat məbləğində borcu iddiaçıya qaytarmasını sübuta yetirə bilmədi. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, borcun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 1000 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Bundan başqa, birinci instansiya məhkəməsində işə baxılarkən iki şahid dindirilmiş olsa da, məhkəmə həmin şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında şahid ifadələrinin mötəbərliyini şübhə altına alan hər hansı hal yoxdur. Şahidlər öz ifadələrində cavabdehin satmaq üçün iddiaçıdan soba və “Faberlic” malları götürdüyünü, lakin həmin malların dəyərini ödəməyərək iddiaçıya borclu qaldığını təsdiq etmişlər. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsində şahid ifadələri sübut növlərindən biri kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş halları ilə cavabdehin iddiacıya 1500 manat deyil, 1000 manat məbləğində borcu olması təsdiq olunduğundan iddia qismən təmin edilməklə həmin məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia tələbi təmin edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1371/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1371/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver