Məhkəmə qərarları › İş №2(103)-13712/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13712/2019

03.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13712/2019 03.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh və onun vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3311/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh maddi zərər qismində 3.000 manat, məhkəmədə iddia qaldırması üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 3030 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq “iddia ərizəsinə əlavə” barədə məhkəməyə ərizə vermiş və Cavabdeh maddi zərər qismində 24.750 manat, məhkəmədə iddia qaldırması üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 24.780 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq “iddia ərizəsinə əlavə” barədə məhkəməyə ərizə vermiş və Cavabdeh bank uçot dərəcəsinə əsasən 5250 manatməbləğində faizin, manatın devolvasiyası ilə əlaqədar isə 19500 manat maddi zərər, məhkəmədə iddia qaldırması üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 24.780 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq “iddia ərizəsinə əlavə” barədə məhkəməyə ərizə vermiş və Cavabdeh bank uçot dərəcəsinə əsasən 8925 manatməbləğində faizin, manatın devolvasiyası ilə əlaqədar isə 19500 manat maddi zərər, məhkəmədə iddia qaldırması üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 28455 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3311/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə əsasən iddia qismən təmin edilmiş,Cavabdeh 8925 manat məbləğində faiz borcu və 30manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göstərilən qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun ünvanına xx.xx.2019cu il tarixdə daxil olmuş, 2(010)-3311/2019 saylı icraata başlamaq haqqında icra vərəqəsinə görə ondan İddiaçı xeyrinə 8925 manat faiz borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. Hesab edir ki, qərar əsassızdır. Belə olan halda iddia tələbinin rədd edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkilinümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının cavabdehə münasibətdə yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Belə ki, iddiaçının şikayəti olmadığı halda qətnamənin ona münasibətdə yoxlanılması onun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh özgəsinin pul vəsaitini qanunsuz saxladığından və qaytarmaqdan imtina etdiyindən həmin vəsaitin məbləğindən faizlər iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2019-cu il tarixəuçot faiz dərəcəsi 8.5% təşkil etdiyindən (30000x8.5%=2550manat) 2550x3 il 6 ay=8925 manat faiz hesablanmalı və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılamır. Belə ki, kollegiya tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki,xx.xx.2014-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə qaytarılması şərti ilə Cavabdeh30.000 manat məbləğindəborc pul vermişdir.Kredit müqaviləsi üzrə öhdəlik lazımi qaydada yerinə yetirilməmiş cavabdeh tərəfindən borc xx.xx.2018-ci ilə kimi hissə-hissə ödənilmişdir. Belə ki, 2015-ci ilin iyun ayından başlayaraq 6 ay ərzində hər ay 500 manat; 2016-cı ilin aprel ayında 1116 manat; 2016-cı ilin may ayında 750 manat, 2016-cı ilin iyun ayında 1116 manat; 2016-cı ilin iyul ayında 750 manat; 2017-ci ilin aprel ayında 10.000 manat əvəzində avtomobil verilmiş; 2017-ci ilin may ayından başlayaraq, 18 ay ərzində hissə-hissə cəmi 10.000 manat civarında (hər-ay 551- 553 manat) pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh özgəsinin pul vəsaitini özündə qanunsuz saxlamış və nəzərdə tutulmuş müddət ərzində iddiaçıya olan borcunu xx.xx.2015-ci il tarixədək qaytarmalı olduğu halda qaytarılmamışdır. Belə olan halda iddiaçının cavabdehdən əldən çıxmış faydaya görə pul vəsaitinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, pul vəsaiti 2015-ci ilin may ayında qaytarılmadığından 30.000 manat əvəzində 5% əldən çıxmış faydaya görə həmin ilin may-iyun ayı üçün 125 manat; iyun-iyul ayları üçün 123 manat; iyul-avqust ayları üçün 121 manat, avqust-sentyabr ayları üçün 119 manat, sentyabr-oktyabr ayları üçün 117 manat, oktybr-noyabr ayları üçün 114 manat hesablanmalıdır. Bundan başqa həmin ilin dekabr ayından 2016-cı ilin aprel ayınadək 573 manat; 2016-cı ilin aprel-may ayları üçün 110 manat, may-iyun ayları üçün 107 manat, iyun-iyul ayları üçün 102 manat, iyul-avqust ayları üçün 99 manat hesablanmalıdır. Həmin ilin sentyabr ayından 2017-ci ilin aprel ayınadək 792 manat, həmin ilin may-iyun ayları üçün 57 manat hesablanmalıdır. 2018-ci ilin dekabr ayına (borc tam qaytarılanadək) kimi isə ümumilikdə 850 manat hesablanmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan başqa ölkədə devalvasiyanın baş verməsi və cavabdehin maddi vəziyyətinin aşağı olması halı, sonuncunu üzərinə götürdüyü öhdəliklərin icrasından azad etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdehuna apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3311/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh İddiaçı xeyrinə ödənilməli olan borc 3409 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3311/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə ödənilməli olan borc 3409 manat məbləğində müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar