Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1372/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə ilk, həmçinin Cavabdeh İddiaçı ASC-yə qarşı “bank tərəfindən ona dəymiş zərərin ödənilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(011)-2175/2021 saylı qərardadından tərəfindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı ASC-yə qarşı “bank tərəfindən ona dəymiş zərərin ödənilməsi” barədə qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 23 avqust 2021-ci il tarixli, 2(011)-2175/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(011)-2175/2021 saylı qərardadı ilə apellyasiya şikayəti, qanunla müəyyən olunmuş forma və qaydaya riayət olunmaması əsası ilə qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini, apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qətnamədə ondan veriləcək apellyasiya şikayətlərinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməsi barədə ona heç bir məlumat verilməmişdir. Ona görə də, cavabdeh apellyasiya şikayətini qanuni surətdə sifarişli poçt xidməti vasitəsilə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(011)- 2175/2021 saylı qərardadı ilə, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) apellyasiya şikayətinin verildiyi vaxt qüvvədə olan 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) riayət etmədən poçt vasitəsilə vermişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinin qeyd olunan əsaslarla qaytarılması barədə gəldiyi qənaət qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvinə əsas ola bilməz. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə ilk, həmçinin Cavabdeh İddiaçı ASC-yə qarşı “bank tərəfindən ona dəymiş zərərin ödənilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(011)-2175/2021 saylı qərardadından tərəfindən Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(011)- 2175/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1372/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1372/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver