Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1373/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Cavabdeh qarşı “binanın zirzəmisinin ilkin birtipli layihəyə uyğun bərpa edilməsi” tələbinə dair ilkin, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti, Cavabdeh, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “binanın ilkin layihə vəziyyətinə qaytarılması, qanunsuz tikilinin sökülməsi, restoranın və restoranın borusunun ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “binanın zirzəmisinin ilkin birtipli layihəyə uyğun bərpa edilməsi, binanın ilkin layihə vəziyyətinə qaytarılması, qanunsuz tikilinin sökülməsi, restoranın və restoranın borusunun ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X2, Müstəqil tələb irəli sürən üçüncü şəxs X8, Cavabdeh və vəkilləri Vəkil2 və Vəkil1 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-400/2019 nömrəli, 14 oktyabr 2019- cu il tarixli qətnaməsindən cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Cavabdeh qarşı “sökülmüş hissələrin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin 90,2 kv.m hissəsində 0,6x0.6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0m və 2,4x0,8m ölçüdə qapı boşluqlarının cavabdehin vəsaiti hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə binanın zirzəmisinin ilkin birtipli layihəyə uyğun olaraq bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə, Cavabdeh, Binəqədi Rayon İcra Hakimiyyətinə və 3-cü şəxs Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılaraq ilkin layihəyə qaytarılması, qanunsuz tikilinin sökülməsi, restoranın və restoranın borusunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özəlləşdirilməsi qanunvercilikdə qadağan edilmiş texniki zirzəmilərinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsini təsdiq edən çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılması, orada yaşayan 48 ailənin həyatını xilas etmək üçün dağıntıların və söküntülərin ekspertizası sahəsində əsas dövlət qurumu olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin aktında göstərilən bütün dağıntı və söküntülərin Cavabdeh vəsaiti hesabına bərpa edilərək ilkin layihəyə qaytarılması, binanın həyətinin qanunsuz zəbt edilməsinin qarşısını almaq məqsədi ilə Cavabdeh tikdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi, binada baş verə biləcək gələcək yanğınların, mənzillərinə dolan tüstünün, digər mənşəyi məlum olmayan iyi-qoxunun qarşısını almaq, insanların sağlamlığını qorumaq məqsədi ilə Cavabdeh tikdiyi restoranın və onun 13 mərtəbəli evin hündürlüyünə qaldırdığı borusunun ləğv edilməsi haqqında qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-400/2019 nömrəli, 14 oktyabr 2019- cu il tarixli qətnaməsi (hakim Fərif Hətəmzadə) ilə ilkin iddia tələbi tam, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 39A saylı binanın zirzəmisinin 90,2 kv.m hissəsində 0,6x0,6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6 m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0 m və 2,4x0,8 m ölçüdə qapı boşluqları Cavabdeh hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə, binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayətləri və onun dəlilləri:
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, qeyd etmişdir ki, qətnamə 7 ədəd nəfəslik və qapı boşluqların spkülməsi hissəsində onun mülkiyyət hüququnu pozur, çünki 4 ədəd nəfəslik və və qapı boşluqları onun mülkiyyətindədir, digər 3 nəfəslik isə əvvəldən binada olsa da, texniki pasportda öz əksini tapmayıb, onun tərəfindən söküntü işləri aparılmamışdır, təmir işləri isə ekspert rəyində qeyd ediliyi kimi gücləndirmə işləri aparılmaqla həyata keçirilmişdir. Eyni zamanda binanın zirzəmisinin ilkin birtipli layihəyə uyğun bərpa edilməsi qərara alınsa da, bu layihə iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa üçüncü şəxs Q.İsaqovun hazırkı iddianı qaldırma səbəbi onun mülkiyyətində olan qeyri-yaşayış sahəsini ələ keçirib, özünün birinci mərtəbədə olan mənzilinə qatmaqla böyük qeyri-yaşayış sahəsinə malik olmaqdır. Bu səbəbdən, iddiaçı və üçüncü şəxsin iddiasının tam həcmdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Üçüncü şəxs X8 apellyasiya şikayəti verərək göstərmişdir ki, rayon məhkəməsi çıxarışın etibarsız hesab edilməsi və qeyri-qanuni çardağın sökülməsi haqqında iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Çünki binanın zirzməmisi bina sakinlərinin ümumi mülkiyyətidir, çardağın sökülməməsi cavabdeh tərəfinfən qanunsuz zəbt olunmuş ərazinin Cavabdeh verilməsini qeyri-qanuni şərait yaradır. Bu səbəbdən, onun iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci apellyasiya icraatı:
6. Cavabdeh və üçüncü şəxs tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya icraatı:
7. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilən kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3375/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İkinci apellyasiya icraatı:
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-718/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-400/2019 saylı, 14 oktyabr 2019- cu il tarixli qətnaməsi -Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi-hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmiş, X6 “Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi” barədə tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-718/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsibarədə məsələ həll edilənə qədər iddiaçı Bakı şəhəri Binəqədi rayon MKTB-nin iddiası, eləcə də üçüncü şəxs X4 digər iddia tələblərinə dair hissədə iş üzrə icraat dayandırılmışdır.
10. Ali Məhkəmənin 2(102)-1885/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-718/2021 nömrəli, xx.xx.2021-ci il tarixli iş üzrə icraata Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi-- hissəsində xitam verilməsi barədə qərardaddan üçüncü şəxs Q.İsaqov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-718/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Q.İsaqov uzun müddət ərzində məsələni inzibati qaydada mübahisələndirməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1373/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Cavabdeh qarşı “binanın zirzəmisinin ilkin birtipli layihəyə uyğun bərpa edilməsi” tələbinə dair ilkin, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti, Cavabdeh, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “binanın ilkin layihə vəziyyətinə qaytarılması, qanunsuz tikilinin sökülməsi, restoranın və restoranın borusunun ləğv edilməsi” tələbinə dair hissədə mülki iş üzrə icaat təzələnmişdir. Tərəflərin izahatı:
13. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Q.İsaqov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, üçüncü şəxs Q.İsaqovun apellyasiya şikayəti ilə razılaşmayaraq onun təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Q.İsaqovun apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Bildirdi ki, burada əsas məsələ aparılan işlərin binanın dayanıqlılığına təsir edib-etməməsi ilə bağlıdır, bu isə sübut olunmur. Bu səbəbdən, cavabdehin apellyasiya şikayətinin təmin edilərək, iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini, üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının əvvəllər keçirilmiş iclasında cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Q.İsaqovun apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının əvvəllər keçirilmiş iclasında iddiaçı Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi E.Şahverənov cavabdehin apellyasiya şikayəti ilə razılaşmadığını və təmin edilməməsini xahiş etdi, Q.İsaqovun apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi.
18. Apellyasiya şikayətlərinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Azrəbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
19. Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 22745 saylı, 04 yanvar 2019-cu il tarixli Rəyindən görünür ki, 1-ci, 2-ci və 3-cü suallar üzrə ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi üzrə baxış zamanı müəyyən olunmuş məlumatlarla mülki iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli Texniki pasportun məlumatları müqayisə edilərkən, həmin qeyriyaşayış sahəsinin 4, 5 və 6 saylı tikililərində, küçə tərəfə olan divarda (0,58x1,1) metr, (0,57x1,12) metr və (0,5x1,5) metr ölçüdə nəfəsliklər açıldığı və həmin nəfəsliklərin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi, həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihəsmeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyatı orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Qeyd olunur ki, məhkəmənin xx.xx.2018-ci il tarixli məktubu ilə Mərkəzə daxil olmuş fotoşəkillərdə və tədqiq olunan qeyri-yaşayış sahəsinə dair layihə sənədlərinin konstruksiya hissəsində, həmin qeyriyaşayış sahəsinin divarlarında açılmış nəfəsliklərin həmçinin mövcud qapı boşluqlarmın ətrafında müvafiq gücləndirmə işləri aparıldığı göstərilmişdir. 4-cü sual üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisi tərəfindən qərardadda qoyulmuş suallar üzrə araşdırmalar aparılaraq 15 oktyabr 2018-ci il tarixli mütəxəssis rəyi tərtib edilmişdir. Mütəxəssis rəyinə əsasən, aşağıdakılar göstərilmişdir: -binanın zirzəmisində 90.2 m2 hissəsində aparılan təmir bərpa işləri və konstruksiyasında edilmiş dəyişikliklər, müvafiq dövlət orqanlarından icazə alınmadan, konstruktiv hesabata, layihə həllinə əsaslanmadan, tikinti norma və qaydalarına əməl olunmadan aparılmışdır. -aparılan təmir-bərpa işləri zamanı fasad hissədə “E” oxu üzrə 2-3 oxları arası hissədə 1.0x2.0(h)m ölçüsündə 1 ədəd qapı boşluğu arxa və yan fasadlarda yükdaşıyan divar panellərində 4 ədəd 0.6mx0.6(h)m və 3 ədəd 1.0mx0.6(h)m ölçülərində nəfəsliklər, daxili orta divarda “b” oxu üzrə 2-3 oxları arasında 0.8mx2.4(h)m ölçüsündə qapı boşluğu açılmışdır. E və B oxları arasında, 3, 4, 5 və 6 oxlarındakı 4 ədəd divar panelində mövcud boşluqların yuxarı hissəsi 40 sm ölçüsündə oval formada dağıdılmışdır. -təmir və bərpa işlərindən əvvəl arxa və yan fasad panellərində heç bir boşluq olmamışdır. Təmir və bərpa işlərindən sonra divar panellərində 2 ədəd qapı və 7 ədəd nəfəslik üçün boşluqlar açılmışdır. -binanın zirzəmisində aparılan yenidənqurma işləri zamanı yükdaşıyan konstruksiyaların dağıldığından binanın gələcəkdə istismarı zamanı hər hansı bir seysmiki və dinamiki təsirlərə qarşı dayanıqlığı zəiflədilmiş və binanın sakinlərinin həyatı üçün təhlükəli vəziyyət yaranmışdır. Gələcəkdə binanın dayanıqlığını təmin etmək üçün sökülmüş və dağıdılmış konstruksiyalarda instrumental müayinə aparılmalı, müvafiq layihə əsasında bərpa-gücləndirmə işləri yerinə yetirilməli, binanın zirzəmisi ilkin birtipli layihəsinə uyğun olaraq bərpa edilməlidir.
20. Tədqiq olunan binaya baxış zamanı həmin binanın küçə tərəfə olan yükdaşıyan divarında beton konstruksiyanın (0,58x1,1) metr, (0,57x1,12) metr və (0,5x1,5) metr ölçüdə kəsilərək nəfəsliklər açıldığı, eyni zamanda ayrı-ayrı konstruktiv elementlər üzərində, o cümlədən yükdaşıyan divarlarda çat, qabarma, çökmə, deformasiya əlamətləri olmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, tədqiq olunan zirzəmidə aparılmış təmir-bərpa işlərinin binanın dayanıqlığına hər hansı təsir göstəribgöstərməməsi, mütəxəssis rəyində də qeyd olunduğu kimi, həmin bina üzrə aidiyyatı təşkilatlar tərəfindən müvafiq müayinə-tədqiqat işləri aparılmaqla müəyyən edilə bilər. Lakin ekspertizaya təqdim olunmuş sənədlərdə binanın zirzəmisində aparılmış təmir-bərpa işlərinin binanın dayanıqlığı baxımından təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi üçün mütəxəssislər tərəfindən instrumental müayinələr və konstruktiv hesabatlar aparılmamışdır. Bu səbəbdən də qoyulmuş sual üzrə tədqiqat aparılması və nəticə verilməsi mümkün olmamışdır.
21. Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 12227 saylı, 11 sentyabr 2019-cu il tarixli Rəyindən görünür ki, 1-ci, 2-ci və 3-cü suallar üzrə ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi üzrə baxış zamanı müəyyən olunmuş məlumatlarla mülki iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli Texniki pasportun məlumatları müqayisə edilərkən, həmin qeyriyaşayış sahəsinin 4, 5 və 6 saylı tikililərində, küçə tərəfə olan divarda (0,58x1,1) metr, (0,57x1,12) metr və (0,5x1,5) metr ölçüdə nəfəsliklər açıldığı və həmin nəfəsliklərin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi, həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihəsmeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyətı orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Qeyd olunur ki, məhkəmənin xx.xx.2018-ci il tarixli məktubu ilə Mərkəzə daxil olmuş fotoşəkillərdə və tədqiq olunan qeyri-yaşayış sahəsinə dair layihə sənədlərinin konstruksiya hissəsində, həmin qeyriyaşayış sahəsinin divarlarında açılmış nəfəsliklərin həmçinin mövcud qapı boşluqlarının ətrafında müvafiq gücləndirmə işləri aparıldığı göstərilmişdir. 4-cü sual üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən Binəqədi məhkəməsinə ünvanlanmış xx/xx-01593 saylı, xx.xx.2019-cu il tarixli məktubda ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair təqdim olunan layihə sənədlərinə baxıldığı və layihə natamam olduğuna görə onun ekspertizasının mümkün olmadığı göstərilmişdir.
22. İcarəyə verilmiş əmlakın 5707 saylı, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2015- ci il tarixli, 7400 saylı icarə müqaviləsi əsasında icarəyə götürülmüş ünvan 4 ünvanında yerləşən 90,2 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısına dair Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X7 ilə (satıcı) Cavabdeh (alıcı) arasında müqavilə bağlanmışdır.
23. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* nömrəli Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanda 90,2 kv.m zirzəmi (qeyri-yaşayış sahəsi) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 14148 nömrəli vərəqində 04 mart 2015-ci il tarixində qeydiyyata alınmışdır.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-718/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
25. 1. ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasında Cavabdeh məxsus qeyriyaşayış sahəsinin qarşısında inşa edilən kölgəlik (kozıryok), binanın önündə döşənilən tamet, salınan yaşıllıqlar (gül kolluqları) və binanın aşağısından yuxarısınadək qaldırılan hava təmizləyici borunun həmin ünvanda yerləşən X4 mülkiyyətində olan mənzildən istifadə hüququna hər hansı maneçilik törədib-törətməməsi müəyyən edilsin.
26. 2. Cavabdeh tərəfindən yuxarda qeyd olunan təmir-tikinti işlərinin ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının dayanıqlığına xələl gətirib-gətirməməsi müəyyən edilsin.
27. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyi ilə 1-ci sual üzrə ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasında Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin qarşısında inşa edilən kölgəlik (kozıryok), binanın önündə döşənilən tamet, salınan yaşıllıqlar (gül kolluqları) və binanın aşağısından yuxarısınadək qaldırılan hava təmizləyici borunun həmin ünvanda yerləşən X4 mülkiyyətində olan mənzildən istifadə hüququna hər hansı maneçilik törətmir. 2-ci sual üzrə cavabdeh tərəfindən yuxarda qeyd olunan təmir-tikinti işləri ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının dayanıqlığına xələl gətirmir.
28. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli yerində müayinə protokolundan məlum olur ki, Müayinə 30 mart 2021-ci tarixdə ünvan 7 ünvanında, yüksək mərtəbəli binanın altında yerləşən cavadeh Cavabdeh məxsus, üzərində “NOXUD pub&gril” yazısı olan qeyri-yaşayış (yarımzirzəmi) sahəsi üzrə aparılır. Müayinə günün işıqlı vaxtı, açıq və sakit hava şəraitində aparılır. Müəyyən olunur ki, həmin sahə binanın Ə.Naxçivani küçəsinə baxan tərəfində, sol alt hissəsində yerləşir, həmin sahə təyinatı üzrə kafe-bar kimi fəliyyət göstəri, sahəyə giriş Ə.Naxçivani küçəsindəndir, girişdə enli taxta qapı var, giriş hissə - divarın üzü rəngli divar daşı ilə işlənmişdir, girişin üstü taxta materialdan zövqlə işlənmiş kölgəliklə bağlanmışdır, həmin hissədə binanın önünə tamet döşənmiş, girişin sağ və solunda yaşıllıq salınmış (gül kolları), ətraf abadlaşdırılmış, binanın yan tərəfində aşağıdan tam yuxarıyadak havatəmizləyici boru quraşdırılmış, cavabdehə məxsus sahənin özü müasir stildə dizayn olunmuş giriş sahəsi, mətbəx və arka tipli arakəsmələrlə ayrılmış hissələrdən ibarətdir, içəri otaqlarda ekspert rəylərində qeyd olunmuş nəfəsliklər mövcuddur. Müayinə zamanı cavabdeh izahat verərək bildirdi ki, onun tərəfindən sahədə hər hansı söküntü və ya dağıntı işi aparılmamış, eləcə də hər hansı nəfəslik açılmamışdır, həmin nəfəsliklər onun tərəfindən sahə alınarkən mövcud olmuşdur, o, yalnız həmin sahənin təyinatına uyğun təmir və dizayn olunması ilə əlaqədar olaraq binanın dayanıqlığı ilə hər hansı əlaqəsi olmayan arakəsmələrin düzbucaqlı olan üst hissəsinə yarımdairə formasını vermişdir. Müayinə zamanı nə cavadehə məxsus sahənin işəri hissəsində, nə də bütünlüklə binanın çöl tərəfində hər hansı çatların olduğu aşkarlanmadı. Yerində müayinədə iştirak edən üçüncü şəxs Q.İsaqov binanın qarşısında cavadehin aparmış olduğu abadlıq işlərinin, eləcə də cavadeh tərəfindən quraşdırılmış havatəmizləyicinin, eləcə də cavabdehə məxsus sahənin giriş qapısı üzərində quraşdırılan kölgəliyin onun hansı hüquqlarını pozması ilə bağlı sualı hər hansı şəkildə cavablandıra bilmədi. Tətbiq edilən maddi hüquq normaları:
29. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 154.2. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi, həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihəsmeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyatı orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Bənd 1.2. Bu qaydalar bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən icazəsiz olaraq yükdaşıyan divarların və bünövrələrin konstruktiv həllinin dəyişdirilməsinin, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasının qarşısının alınması məqsədini daşıyır. Tətbiq edilən prosessual hüquq normaları:
32. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
33. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasına dair hüquqi mövqeyi kontekstindən nəzər alır.
36. Apellyasiya instansiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, üçüncü şəxin iddiasının binanın həyətinin qanunsuz zəbt edilməsi məqsədi ilə Cavabdeh tikdirdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi hissəsində münasibətdə nə birinci, nə də apellyasiya instansiya məhkəməsi araşdırma aparmamışdır.
37. Kollegiya qeyd edir ki, müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 iddia tələbləri aşağıdakılardan ibarətdir: 1) Özəlləşdirilməsi qanunvercilikdə qadağan edilmiş texniki zirzəminin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsini təsdiq edən çıxarışın etibarsız hesab edilməsi; 2) binanın qəzalı vəziyyətdən çıxarılması, orada yaşayan 48 ailənin həyatını xilas etmək üçün dağıntıların və söküntülərin ekspertizası sahəsində əsas dövlət qurumu olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin aktında göstərilən bütün dağıntı və söküntülərin Cavabdeh vəsaiti hesabına bərpa edilərək ilkin layihəyə qaytarılması; 3) binanın həyətinin qanunsuz zəbt edilməsinin qarşısını almaq məqsədi ilə Cavabdeh tikdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi; 4) binada baş verə biləcək gələcək yanğınların, mənzillərinə dolan tüstünün, digər mənşəyi məlum olmayan iyi-qoxunun qarşısını almaq; 5) İnsanların sağlamlığını qorumaq məqsədi ilə Cavabdeh tikdiyi restoranın və onun 13 mərtəbəli evin hündürlüyünə qaldırdığı borusunun ləğv edilməsi;
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-718/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 400/2019 saylı, 14 oktyabr 2019- cu il tarixli qətnaməsi -Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi-hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmiş, X6 “Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi” barədə tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardaddan üçüncü şəxsin verdiyi şikayət isə Ali Məhkəmənin 2(102)-1885/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
39. Bu səbəbdən, üçüncü şəxsin iddiasının 3-cü, 4-cü və eyni zamanda 5-ci tələblərinin təmin edilməməsi barədə dəlilləri yoxlanılır.
40. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 718/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə texniki ekspertizası təyin edilmişdir.
41. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyi ilə 1-ci sual üzrə ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasında Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin qarşısında inşa edilən kölgəlik (kozıryok), binanın önündə döşənilən tamet, salınan yaşıllıqlar (gül kolluqları) və binanın aşağısından yuxarısınadək qaldırılan hava təmizləyici borunun həmin ünvanda yerləşən X4 mülkiyyətində olan mənzildən istifadə hüququna hər hansı maneçilik törətmir. 2-ci sual üzrə cavabdeh tərəfindən yuxarda qeyd olunan təmir-tikinti işləri ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının dayanıqlığına xələl gətirmir.
42. Kollegiya qeyd edir ki, üçüncü şəxsin apelyasiya şikayətinin hazırda yoxlanılan dəlilləri qeyri-yaşayış sahəsinin qarşısında inşa edilən kölgəlik (kozıryok), binanın önündə döşənilən tamet, salınan yaşıllıqlar (gül kolluqları) və binanın aşağısından yuxarısınadək qaldırılan hava təmizləyici borunun həmin ünvanda Q.İsaqovun mülkiyyətində olan mənzildən istifadə hüququna hər hansı maneçilik törətmədiyi yuxarıda qeyd edilən ekspert rəyi ilə müəyyən edilmişdir. Bununla məlum olur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
43. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertizalar nəticəsində verilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 22745 saylı, 04 yanvar 2019-cu il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 39A saylı binanın zirzəmisinin 90,2 kv.m hissəsində 0,6x0,6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6 m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0 m və 2,4x0,8 m ölçüdə qapı boşluqları açılması ilə aparılan təmir bərpa işləri və konstruksiyasında edilmiş dəyişikliklər, müvafiq dövlət orqanlarından icazə alınmadan, konstruktiv hesabata, layihə həllinə əsaslanmadan, tikinti norma və qaydalarına əməl olunmadan aparılmış, bu yenidənqurma işləri zamanı yükdaşıyan konstruksiyalar dağıldığından binanın gələcəkdə istismarı zamanı hər hansı bir seysmiki və dinamiki təsirlərə qarşı dayanıqlığı zəiflədilmiş və binanın sakinlərinin həyatı üçün təhlükəli vəziyyət yaranmışdır.
44. Belə olan halda Kollegiya hesab edir ki, birinci instaniya məhkəməsi ilk iddia tələbi və müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiasının binanın qəzalı vəziyyətdən çıxarılaraq ilkin layihəyə qaytarılması hissəsində təmin edilməsi barədə iş üzrə düzgün qənaətə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:
45. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddia tələbini tam, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş tərəflərin özlərinə aid edilməli, ekspertiza xərci Cavabdeh tutulmalıdır.
47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-400/2019 nömrəli, 14 oktyabr 2019-cu il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına Cavabdeh tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov