Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1377/2022 06.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə ərizə ilə bağlı apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərardadı ilə, Bakı şəhər İcra Hakimiyyətinin Cavabdeh1, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və reyestr çıxarışının ləğv olunması” tələbinə dair iddia ərizəsi tərəflərin məhkəmə iclasına gəlməmələri (MPM-in 259.0.6-cı maddəsi) əsas göstərilməklə baxılmamış saxlanılmış, iddiaçının nümayəndəsinin həmin qərardadın ləğvi olunması barədə ərizəsini qərardaddan verilən şikayət kimi qiymətləndirən birinci instansiya məhkəməsi 22 dekabr 2021-ci il tarixli qərardadla onu təmin etməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilərək həmin ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.5-ci maddəsinə görə, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir; 260.6-cı maddəsinə görə isə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, prosessual qanunvericilik işdə iştirak edən şəxslər üçün iddianın Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələrində göstərilən əsaslarla baxılmamış saxlanılması ilə bağlı qərardadlara münasibətdə iki mümkün davranış imkanı verir. Birinci halda (MPM-in 260.5-ci maddəsi) işdə iştirak edən şəxslər məhkəmənin mövqeyi ilə razılaşaraq iddianın baxılmamış saxlanılmasına səbəb olan hal(lar)ın üzürlü hesab olunması və işə baxılmasının davam etdirilməsi barədə məhkəməyə müraciət edə bilərlər bu halda baxılmamış saxlama qərardadının ləğvi üçün əsas kimi qərardaddan verilmiş şikayət çıxış etmir. MPM-in 260.6-cı maddəsində nəzərdə tutulmuş ikinci hal isə işdə iştirak edən şəxslərin işin baxılmamış saxlanılmasına dair məhkəmənin mövqeyi ilə razılaşmayaraq ümumi qaydada şikayət vermələri imkanını nəzərdə tutur. Tərəflər (maraqlı şəxslər) bu imkandan istifadə etmək istədikdə, məhkəməyə müraciətləri şikayət formasında etməli, qərardadın qanunsuzluğu və əsassızlığı ilə bağlı mövqelərini göstərməlidirlər. Öz növbəsində məhkəmə tərəfindən həmin şikayətlərə MPM-in 267-269cu maddəsində nəzərdə tutulmuş qaydada baxılaraq müvafiq qərardadlar qəbul edilməlidir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi iddianın baxılmamış saxlanılması barədə qərardaddan şikayət verməmiş, MPM-nin 260.5-ci maddəsinin ona verdiyi imkandan istifadə edərək qərardadın ləğvini istəmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin iradə ifadəsinin həqiqi məzmununu nəzərə almamış, MPM-in 260.6-cı maddəsində nəzərdə tutulmuş qaydada qərardaddan şikayət verilmədiyi halda, düzgün olmayaraq MPM-in 269-cu maddəsini tətbiq edərək olmayan şikayətin təmin edilməməsinə dair qərardad çıxarmış və işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Əslində isə iddiaçının nümayəndəsinin ərizəsi ilə bağlı MPM-in 260.5-ci maddəsində nəzərdə tutulmuş qaydada işin baxılmamış saxlanılması qərardadının ləğv edilməsinin məqsədəmüvafiq olub-olmadığı məsələsi həll edilməli idi. Məhz bununla bağlı qəbul edilmiş qərardaddan isə tərəflərin, o cümlədən iddiaçının nümayəndəsinin şikayət vermə hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə ərizə ilə bağlı apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-20/2021 saylı iş üzrə 03 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə ərizə ilə bağlı apellyasiya qeyri-mümkün hesab edilsin və ərizəyə Mülki-Prosessual Məcəllənin 260.5-ci maddəsinə uyğun olaraq baxılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən, yaxud maraqlı şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1377/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1377/2022
06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver