Məhkəmə qərarları › İş №2(103)-1377/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1377/2024

20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1377/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin bir hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin bir hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(004)-5250/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin 50% məbləğinin yetkinlik yaşına çatmayan 07 oktyabr 2016-cı il təvəllüdlü X2 adına açılmış bank hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(004)- 5250/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq 07 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin 50 faiz məbləğinin X2 adına açılmış bank hesabına köçürülməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli, 04/2023 nömrəli qərardadı: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. ... Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. ... Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.”

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

8. Hazırkı mübahisənin predmetini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(011)-704/2022 nömrəli qətnaməsinə əsasən X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulmalı olan qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi təşkil edir.

9. Bu mübahisə üzrə Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan alimentin 50 faizindən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi qətnamənin icrası qaydasıdır, çünki, aliment ödəyən şəxsin bu barədə müraciəti alimentin tutulması barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra edilmişdir.

10. Alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyən şəxsin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələbinə baxıldıqda, aliment yenidən tutulmur və ya onun məbləği müəyyən edilmir, yalnız alimentin bir hissəsinin hansı qaydada ödəniləcəyi müəyyən olunur. Buna görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli, 04/2023 nömrəli qərardadında əks olunmuş hüquqi mövqeyə də əsaslanaraq hesab edir ki, bu müraciətə iddia icraatı qaydasında deyil, MPMin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılmalıdır.

11. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qətnamə qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qismən təsdiq edilməklə qətnamənin ləğvinə əsas verir. Buna görə də şikayət qismən təmin edilərək qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir.

12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(004)- 5250/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(004)- 5250/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alimentin bir hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar