Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1378/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Əbülfəz oğlunun iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(002)-3254/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 8885 saylı kredit müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 7.000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 8885 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı qismində buraxılış ili 2009 olan Daewoo Nexia avtomobili ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti olan həmin avtomobil 8.000 manat məbləğində qiymətləndirilmişdir.
3. xx.xx.2011-ci il tarixdə ipoteka müqaviləsi dövlət reyestrində qeydiyyata alınmışdır.
4. xx.xx.2019-cu il tarixli tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması barədə ərizəyə əsasən xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinin predmeti olan əmlaka tutma yönəldilməsi barədə bildiriş dövlət qeydiyyatına alınmışdır.
5. xx.xx.2019-cu il tarixli pretenziya məktubu ilə bank tərəfindən Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun olduğunu, ödənilməsinin tələb edildiyi, əks halda borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.
6. xx.xx.2019-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka olan borcu aşağıdakı kimidir: cəmi borcu 6.900,65 manat, bundan 2.874,97 manat əsas, 82,26 manat faiz, 3.152,62 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 790,80 manat faiz borcu.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 1 saylı filialı ilə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 8885 saylı kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəlikləri icra etməməsinə görə Cavabdeh 2.874,7 manat əsas borc, 82,26 manat müqavilə müddəti üçün nəzərdə tutulmuş faiz borcu, 790,8 manat AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu olmaqla, cəmi 3.747,43 manat borcun və ödənilmiş 58 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün “Daewoo Nexia” minik markalı, qara metallik rəngli, XWB3L32BD9A055724, **-LV-*** Dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 1 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011- ci il tarixli, 8885 saylı kredit müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 7.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən borcalana kredit “avtomobilin alınması” məqsədilə verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün “Daewoo Nexia” minik markalı, qara rəngli, XWB3L32BD9A055724, **-LV-*** Dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq reyestrindən AA131770 saylı, xx.xx.2011-ci il tarixli çıxarış verilmişdir. Kredit müqaviləsinin 6.1.3-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehin 2.874,7 manat əsas borc, 82,26 manat müqavilə müddəti üçün nəzərdə tutulmuş faiz borcu, 790,8 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu olmaqla, cəmi 3.747,43 manat borcu vardır.
9. Cavabdeh iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək banka olan borcunu ödədiyini, lakin bank bağlanandan sonra ona qalıq borcunun olub-olmamasına dair məlumat verilmədiyini bildirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Bank isə iddia müddəti başa çatdıqdan sonra 5 il sonra müraciət etmişdir. Göstərilənlərə əsasən iddia müddətinin tədbiq edilməsi və iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
10. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(002)- 3254/2022 saylı qətnaməsi ilə (hakim G.Əhmədova) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 58 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sənədlər əsasında hesab etmişdir, cavabdehin kredit müqaviləsi üzrə qalıq borcu yaranmış, lakin cavabdehin iddiaçı bank qarşısında kredit borcu mövcud olsa da, iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd olunmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1, 739.2, 427.3, 448.1, 445.7, 372.1, 373.2, 376, 377.2, 375.2-ci maddələrinə, Mülki- Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə qarşı ilk dəfə iddia ərizəsi ilə xx.xx.2015-ci il tarixində müraciət edilmiş, ilkin məhkəmə proseslərində iştirak edilmiş, lakin sonradan məhkəmə tərəfindən işlə bağlı iddiaçıya rəsmi və ya şifahi olaraq heç bir məlumat verilməmiş, bu səbəbdən nə məhkəmə bildirişlərini, nə də işin sonrakı gedişatı barəsində məlumat ala bilməmişlər. Məhkəməyə ünvanlanan müraciətlərdən və işin nəticəsi ilə bağlı yekun məlumat verilməsinə dair xx.xx.2019-il tarixli sorğudan sonra onlara xx.xx.2016-cı il il tarixli qərardad ( mülki işin baxılmamış saxlanması barədə) təqdim edilmişdir. Qeyd edilən mülki iş üzrə icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət edilsə də, məhkəmə ərizəni təmin etməmiş və bu səbəbdən yenidən iddia ərizəsi ilə müraciət etmək zərurəti yaranmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi isə iddia tələbini rədd edərək, iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqlarının pozulubpozulmamasını nəzərə almamış və mühüm əhəmiyyət kəsb edən bu halı qiymətləndirməmişdir. Məhkəməyə təqdim edilən mötəbər sübut hesab olunan hesabdan çıxarış məlumatlarında da göründüyü kimi, borclu tərəfindən ödənişlərin davamlılığının pozulmasına və ödənilməmiş borcun olmasına baxmayaraq məhkəmə formal mülahizələr və borclunun qeyri-adekvat fikirlərinə əsaslanmışdır. Həmçinin məlumdur ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Lakin, hazırki iş üzrə tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Müqavilədə qeyd olunmuş 30 aylıq müddət müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir. Bundan əlavə, sözügedən pul məbləğinin cavabdehdə qalması iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Görünüyü kimi, hələ də borclu tərəfindən kredit öhdəliklərinin tam yerinə yetirilməsi təmin edilməmişdir, lakin məhkəmə yuxarıda göstərilən halları araşdırmadan əsassız qərar qəbul etmişdir. Halbuki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Məhkəməyə iddianın əsaslı olmasına dair yetəri qədər sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin sübutlara və iddiaçının nümayəndəsinin izahatlarına qiymət vermədən əssasız qərar qəbul etmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi.
17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
19. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
20. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir.
21. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
23. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən tərəflər arasında xx.xx.2011-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı bank tərəfindən cavabdehə 30 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 7.000 manat məbləğində kredit verilmiş, cavabdeh isə həmin kredit məbləğini təhvil almaqla, hər ay ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı qismində həmin tarixdə ipoteka müqaviləsi bağlanmışdır.
37. Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhədlikləri tam və vaxtında lazimi qaydada icra etməmiş, nəticədə müqavilə üzrə qalıq kredit borcu yaranmışdır.
38. Cavabdeh həmin müqavilə üzrə borcunu tam ödədiyini bildirsə də, həmin hala dair heç bir sübutu (ödəniş qəbzi və digər) məhkəməyə təqdim etməmişdir.
39. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməklə verildiyindən iddia təmin edilə bilməz.
40. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixdə bitmiş, iddia müddəti xx.xx.2017-ci il tarixdə başa çatsa da, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət olunmuşdur.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında Plenum belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə müddəti bitdikdə başlanır.
42. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, həmin tələb əlavə tələb qismində çıxış etdiyindən, əsas tələb üzrə iddia müddəti ötürülməsi halı əlavə tələb üzrə də iddia müddətinin ötürülməsinə səbəb olur.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
44. Odur ki, iddiaçının apellyasiya şikayətində bildirdiyi kimi, xx.xx.2015-ci il tarixində hazırki iddia ilə məhkəməyə müraciət etməsi, xx.xx.2016-cı il il tarixdə isə iddianın baxılmamış saxlaması yalnız həmin müddətdə iddia müddətinin axımının kəsilməsinə səbəb olmuşdur.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
46. Həmçinin qeyd edilməldiir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddia üzrə əsas tələbin qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(002)- 3254/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov