Məhkəmə qərarları › İş №2(103)-138/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-138/2023

21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-138/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı QƏTNAMƏSİ iş № 2(103)-138/2023 (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri, 21 fevral 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və üçüncü şəxs “Bank VTB“-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ******* (bir milyon üç yüz min) manat maddi, 100000 (yüz min) manat mənəvi ziyan dəymişdir. Qeyd edilənləri nəzərə alaraq, maddi zayan olaraq ******* (bir milyon üç yüz min) manat, mənəvi ziyan olaraq 100000 (yüz min) manat pulun və dövlət rüsumu kimi ödəbnilmiş 30 manatın cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X5 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ona müraciət edərək, onlara biznes üçün, o cümlədən Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsində parnik quraşdırmaq üçün pul lazım olduğunu, bankdan kredit götürmək üçün razılaşdıqlarını, lakin, bunun üçün isə zamin və girov qoymaq lazım olduğunu bildirmiş, ərindən və ondan kömək istəmişlər. Həmin vaxt həyat yoldaşı X1 olmudur. Onlarla ailəvi dostluq edən cavabdehlər Sadıq Talıbovu razı salmışlar ki, mülkiyyətdə olan Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsini və Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən 408,1 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi banka girov qoyaraq pul götürsünlər. Beləliklə, onlar 21 sentyabr 2012-ci il tarixli 107536-1-3807/1 müqavilə əsasında Bank VTB-dən 635000 ABŞ dolları məbləğində kredit götürmüşlər. Bank tərəfindən verilmiş kreditin taminatı kimi xüsusi mülkiyyət hüququ ilə X4 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən, həmçinin İddiaçı məxsus olan Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Həmin əmlaklar xx.xx.2012-ci ildə və xx.xx.2012-ci ildə bağlanmış ipoteka müqavilələri əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bu zaman X3 adına olan Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsi 203700 ABŞ dollan məbləğində, İddiaçı adına olan Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən 408,1 m2 ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi isə 764000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Cavabdeh3 tərəfindən kreditin ödənilməsi dayandırıldıqdan sonra, iddiaçı məhkəməyə müraciət etmiş, yaranmış borcun cavabdehlərdən tutulması və həmin məbləğin yüklü edilmiş əmlaklara yönəldilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində keçirilmiş məhkəmə prosesinin gedişindən X6 və İddiaçı xəbərsiz olmuşlar. Belə ki, onların hər ikisi yaşlı və bir çox xəstəlikləri olan insanlardır. Sadıq Talıbov ümumiyyətlə sərbəst hərəkət qabiliyyətini itirib. Hər ikisi uzun müddət həkim nəzarətində müalicə olunmuşlar. Daha sonra, Sadıq Talıbov vəfat etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi 28 noyabr 2014-cü il tarixli qətnaməsi ilə, iddianı tam təmin etmiş, Cavabdeh3, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 427816 ABŞ dolları əsas, 6273,82 ABŞ dolları faiz və 30,50 ABŞ dollar cərimə, cəmi 434120,32 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin 64 manat məbləğində dövlət rüsumu və xidmət haqqının tutularaq "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi qənaətinə gəlmişdir. Həmin məbləğin isə, X4 məxsus Gəncə şəhəri Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsi, 75D nömrəli binanın 4-cü girişinin 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə və İddiaçı məxsus Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti, 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Cavabdehlər, əmlakın satılıb borcun bağlanması yolunu seçiblər. Yuxarı instansiya məhkəməsinə şikayət verməyiblər ki, hərrac tez baş tutsun. Bir il sonra iddaçı tərəfindən verilmiş şikayətlərin isə, heç bir əhəmiyyəti olmayıb. Ali Məhkəmənin 13 aprel 2017-ci il tarixli qərarı ilə, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Bundan sonra Gəncə şəhər Kəpəz rayon İcra şöbəsinin sifarişi əsasında cavabdeh İddiaçı məxsus olmuş Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsini ilkin və təkrar hərraca çıxarmış, həmin hərraclarda satış baş tutmadığından ilkin qiyməti 1299029,20 manatdan təqribən 36% ucuzuna, yəni 828131,11 manata tələbkar "xxxx"-yə satmışdır. Əmlak hərrac satışı yolu ilə əlindən çıxdıqdan sonra, iddiaçının ağır maddi vəziyyətə düşdüyünü görən cavabdehlər Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsində kredit hesabına qurulmuş parniki iddiaçının mülkiyyətinə verirlər. Bir müddən sonra isə, iddiaçını aldadaraq həmin torpaq sahəsini digər Cavabdeh2 keçirirlər ki, İddiaçıya dəymiş ziyanı guya o, ödəyəcək. Həmin vaxtdan bir il keçsə də, iddaçıya heç bir maliyyə vəsaiti ödənilməmişdir. Hesab edir ki, cavabdehlər Bank VTB-dən götürülmüş krediti birgə əldə edərək öz maraqları üçün sərf etmiş, bir hissəsinə də istixana quraşdırmışlar. Sonra krediti ödəməyərək iddiaçının əmlakdan məhrum olmasına səbəb olmuşlar. Nəticədə iddiaçıya ******* (bir milyon üç yüz min) manat maddi, 100000 (yüz min) manat mənəvi ziyan dəymişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Kəmalə Əmirxanova). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4.7 ha torpaq sahəsində istixana quraşdırmaq məqsədi ilə 21 sentyabr 2012-ci il tarixli, 107536-1 -3807/1 nömrəli müqavilə əsasında Bank VTB-dən 635000 ABŞ dolları məbləğində kredit götürmüşlər. Həmin vaxt iddiaçının həyat yoldaşı X1 idi. Onlarla ailəvi dostluq edən cavabdehlər Sadıq Talıbovu razı salmışlar ki, mülkiyyətlərində olan Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsini və Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən 408.1 kv. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi banka girov qoyaraq pul götürsünlər. Beləliklə, bank tərəfindən verilmiş kreditin taminatı kimi xüsusi mülkiyyət hüququ ilə X4 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsi, 75D-da yerləşən, həmçinin İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən qeyri-yaşayış, sahəsi ipotekaya qoyulmuşdur. Həmin əmlaklar xx.xx.2012-ci ildə və xx.xx.2012-ci ildə bağlanmış ipoteka müqavilələri əsasında bank qarşısında ipoleka ilə yüklü edilmişdir. Bu zaman X3 adına olan Gəncə şəhəri, Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsi 203700 ABŞ dollan məbləğində, İddiaçı adına olan Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən qeyri-yaşayış sahəsi isə 764000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Cavabdeh3 tərəfindən kreditin ödənilməsi dayandırıldıqdan sonra, iddiaçı məhkəməyə müraciət etmiş, yaranmış borcun cavabdehlərdən tutulması və həmin məbləğin yüklü edilmiş əmlaklara yönəldilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində keçirilmiş məhkəmə prosesinin gedişindən X6 və İddiaçı xəbərsiz olmuşlar. Belə ki, onların hər ikisi yaşlı xəstəlikləri olan insanlardır. Sadıq Talıbov ümumiyyətlə sərbəst hərəkət qabiliyyətini itirib. Hər ikisi uzun müddət həkim nəzarətində müalicə olunublar. Daha sonar, Sadıq Talıbov vəfat edib. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi 28 noyabr 2014-cü il tarixli qətnaməsi ilə, iddianı tam təmin etmiş, Cavabdeh3, İddiaçı, Cavabdeh1 və Mehdiyev Azər Mehdi oğlundan müştərək qaydada 427816 ABŞ dalları əsas, 6273.82 ABŞ dolları faiz və 30,50 ABŞ dollar cərimə, cəmi 434120.32 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin 64 manat məbləğində dövlət rüsumu və xidmət haqqının tutularaq "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi qənaətinə gəlmişdir. Həmin, məbləğin isə, X4 məxsus Gəncə şəhəri Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsi, 751 nömrəli binanın 4-cü girişində yerləşən qeyriyaşayış sahəsinə və İddiaçı məxsus Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti, 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Cavabdehlər, əmlakın satılıb borcun bağlanması yolunu seçiblər. Yuxarı instansiya məhkəməsinə şikayət verəməyiblər ki, hərrac tez baş tutsun. Bir il sonra iddaçı tərəfindən verilmiş şikayətlərin isə, heç bir əhəmiyyəti olmayıb. Ali Məhkəmənin 13 aprel 2017-ci il tarixli qərarı qətnamə qüvvədə saxlanılmışdır. Bundan sonra, Gəncə şəhər Kəpəz rayon İcra Şöbəsinin sifarişi əsasında cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsini ilkin və təkrar hərraca çıxarmış, həmin hərraclardan satış baş tutmadığından ilkin qiyməti 1299029.20manatdan təqribən 36% ucuz, yəni 828.131.11 manata tələbkar Banka satmışdır. Əmlak hərrac yolu ilə əldən çıxdıqdan sonra iddiaçının ağır maddi vəziyyətə düşdüyünü görən cavabdehlər Şəmkir rayonunda yerləşən torpaq sahəsində kredit hesabına qurulmuş istixananı iddiaçının mülkiyyətinə verirlər. Bir müddət sonra iddiaçını aldadaraq həmin torpaq sahəsini digər Cavabdeh2 adına keçirirlər ki, iddiaçıya dəymiş ziyanı guya O ödəyəcək. Həmin vaxtdan bir il keçsə də iddaçıya heç bir maliyyə vəsaiti ödənilməmişdir. Cavabdehlər Bank VTB-dən götürülmüş krediti birgə əldə edərək öz maraqları iiçün sərf etmiş, bir hissəsinə də istixana quraşdırmışlar. Sonra krediti ödəməyərək iddiaçının əmlakdan məhrum olmasına səbəb olmuşlar. Nəticədə İddiaçı ******* (bir milyon üç yüz min) manat maddi, 100000 (yüz min) manat mənəvi ziyan dəymişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi V.Qaracayev Cavabdeh3 banka borcunun qalmadığını və məsələnin həllini məhkmənin mülahizəsinə buraxdığını bildirdi.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

10. 6.1.5-ci maddəsinə əsasən, müqavilənin azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

11. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

12. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

16. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir.

17. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

18. 739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.“

20. 509.1-ci maddəsinə görə, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.

21. 509.2-ci maddəsinə əsasən, əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar.

22. 509.3-cü maddəsinə əsasən, kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir.

Apellyasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk pr, 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsi satış qiyməti 1299029,20 manat məbləğində, təkrar satış qiyməti isə 1104174,82 manat, 25 faiz aşağı olan qiyməti isə 828131,11 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır.

27. Gəncə şəhəri üzrə İcra İdarəsinin 20 fevral 2023-cü il tarixli, 8887/16 saylı sorğuya cavab məktubundan görünür ki, icra sənədi xx.xx.2016-cı il tarixində Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraatın başlanması haqqında qərar qəbul edilərək icraata başlanılmışdır. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən borclu İddiaçı məxsus Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 828.131.11 manat məbləğində Bank VTB ASC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Abdulkərim Mehmandarov küçəsin 75D-də yerləşən qeyri-yaşayış sahəsinin satılması barədə protokol daxil olmamışdır. Külək hərrac Mərkəzi tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilmiş, qalıq 5000 manat pul vəsaiti borclu Cavabdeh3 qaytarılmışdır.

28. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-2779/17 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməməsi, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 06 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, Cavabdeh3 xx.xx.2012-ci il tarixində Bank VTB ASC-dən 635.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bank VTB ASC ilə İddiaçı və onun mərhum əri X6 arasında ipoteka müqavilələri bağlanaraq onlara məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk pr, 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-495/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, borcun X6 və İddiaçı mülkiyyətində olan və Bank qarşısında ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlaklarına yönəldilməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmışdır.

30. Birinci instansiya məhkəməsi hazırki iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbini əsaslandırmamışdır.

31. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmır və qənaətini ilk növbədə onunla əsaslandırır ki, iddiaçı iddia ərizəsində mövqeyini əsaslandırmış və qeyd etmişdir ki, iddiaçıya məxsus əmlaklar bank qarşısında yüklü edildiyindən və banka olan borc həmin əmlak satılaraq ödənildiyindən cavabdehdən həmin məbləğ tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş materiallarında iddiaçı tərəfindən bank qarşısında yüklü edilmiş əmlakın ipotekaya yönəldilməsi yolu ilə Bank qarşısında olan öhdəlik icra edilmişdir.

32. Lakin, iddiaçının istinad etdiyi sübutun araşdırılmasından ötrü birinci instansiya məhkəməsi tərəfindən öhdəliyin icra edilib-edilməməsi, həmçinin borcun ipoteka predmetinə yönəldilib-yönəldilməməsi məsələlərinin müəyyən edilməsi üçün müvafiq sorğular verilməmiş, araşdırmalar aparılmamışdır.

33. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı Gəncə şəhər Məhkəməsindən 2(043)-495/2014 saylı mülki iş materialı sorğu edilmişdir. Həmçinin Gəncə şəhəri üzrə İcra İdarəsinə sorğu verilərək, 434120.32 ABŞ dolları məbləğində borcun hansı əmlaka tutmanın yönəldilməsi nəticəsində icra edilməsi məsələsi araşdırılmışdır.

34. Gəncə şəhəri üzrə İcra İdarəsinin 20 fevral 2023-cü il tarixli, 8887/16 saylı sorğuya cavab məktubundan görünür ki, icra sənədi xx.xx.2016-cı il tarixində Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraatın başlanması haqqında qərar qəbul edilərək icraata başlanılmışdır. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən borclu İddiaçı məxsus Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 828.131.11 manat məbləğində Bank VTB ASC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Abdulkərim Mehmandarov küçəsin 75D-də yerləşən qeyri-yaşayış sahəsinin satılması barədə protokol daxil olmamışdır. Külək hərrac Mərkəzi tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilmiş, qalıq 5000 manat pul vəsaiti borclu Cavabdeh3 qaytarılmışdır.

35. Qeyd edilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, Cavabdeh3 banka olan borcunun icrası üçün ipoteka ilə yüklü edilmiş yalnız İddiaçı məxsus əmlak satılaraq borc ödənilmiş, X4 məxsus əmlak isə satılmamışdır.

36. Kollegiya hesab edir ki, borc məbləği İddiaçı məxsus olan və ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti 265 ünvanında yerləşən qeyriyaşayış sahəsinə tutmanın yönəldilməsi hesabına ödənildiyindən, Mülki Məcəllənin 509.1-ci maddəsinin tələblərinə əsasən iddia tələbi İddiaçı məxsus əmlakın dəyərinin cavabdehdən tutulması hissəsində əsaslıdır.

37. Mülki Məcəllənin 509.1-ci maddəsinə görə, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.

38. İş materiallarından görünür ki, İddiaçı məxsus sözügedən əmlak 828.131.11 manata satılmışdır. Belə olan halda, həmin məbləğ borclu (cavabdeh) Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.

39. Digər cavabdehlər borclu deyil, zamin olduqlarından iddia tələbi borcun Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 tutulması hissəsində təmin edilə bilməz.

40. Kollegiya qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə 828.131.11 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəkil2 məhkəmə prosesində ərizəsinə aydınlıq gətirərək, bildirmişdir ki, iddia tələbindən qalan hissədə, yəni 471.868.89 manat pul vəsaiti (1300000-828.131.11=471.868.89) və 100000 manat mənəvi zərər hissəsində imtina edir.

41. Bakı Apellyasiya Məhkəməsinin 2(103)138/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbindən qismən imtinası qəbul edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

42. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, borc məbləği İddiaçı məxsus olan və ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi hesabına ödənildiyindən qətnamə ləğv edilməli, 828.131.11 manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq İddiaçı ödənilməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

45. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

46. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh3 828.131.11 (səkkiz yüz iyirmi səkkiz min bir yüz otuz bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Hakimlər: İkram Şirinov

Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar