Məhkəmə qərarları › İş №2(103)-1383/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1383/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1383/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1383/2025 (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1537/2024 nömrəli 16 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə Ərizə əsasında aylıq faiz dərəcəsi 2% оlmaqla 30 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir.

2. 030A********** saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 270 manat, xx.xx.2022-ci il tarixdə isə 269,34 manat ödəməyi öhdəsinə götürmüşdür.

3. 030G**********01 №-li Zaminlik Müqaviləsindən görünür ki, AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 – “Borcalan” xx.xx.2020-ci il tarixli, 030A********** nömrəli kredit müqaviləsi əsasında ona veriləcək 6000 AZN məbləğində kreditlə əlaqədar olaraq Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin" - Cavabdeh1, “Borcalan" ilə birlikdə qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.

4. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə İddiaçı QSC-yə xx.xx.2024-cü il tarixinə 2259,83 manat əsas, 1246,49 manat faiz, 1275,99 manat cərimə borcu olmaqla, 4782,31 manat borcu yaranmışdır.

5. xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli 030A********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə yaranmış borcun 02.02.204-cü il tarixədək ödənilməsi tələb olunmuş, əks halda kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2259,83 manat məbləğində kredit bоrcu, 1246,49 manat məbləğində faiz bоrcu və 1275,99 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4782,31 manat məbləğində bоrcun və ödənilmiş 67,83 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 2% оlmaqla 30 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3740,17 manat ödəniş etmiş və оnun iddiaçıya 2259,83 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 861 gün üçün hesablanmış faiz borcu 1246,49 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 861 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1275.99 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli Ərizənin və Ödəniş cədvəlinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə (sualda göstərilən tarixlər) banka olan əsas və faiz borcu 2.533,88 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərə: əsas borc üzrə - 2.531,57 manat faiz borcu üzrə - 2,32 manat müəyyən edilir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 noyabr 2024-cü il tarixli 2(005)-1537/2024 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin edilmiş, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə 2259,83 manat əsas, 2,32 manat faiz borcu, 150 manat cərimə borcu olmaqla, ümumilikdə 2412,15 manat pul vəsaiti və 67,83 manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın Cavabdeh2 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.

10. Məhkəmənin faiz borcu ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə borcun tam qaytarılması haqqında borcluya borcu tələb edilməsi barədə xəbərdarlıq etməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir.

11. Məhkəmə cərimə borcuna aid hissədə qeyd etmişdir ki, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, 1275,99 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 150 manata endirilməlidir.

12. Məhkəmə zaminə münasibətdə hesab etmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən (xx.xx.2023-cü ilədək) iddia tələbi həmin hissədə əsassız hesab edilməli və Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 421.2, 423.2, 442, 443.1, 448.1, 458.1, 465.2, 467, 470.1, 470.2, 472.1, 472.2, 477.0.4, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1, 119.1, 80, 81 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin zamin Cavabdeh1 münasibətdə ləğv edilməsini və iddia tələbinin zaminə münasibətdə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, zaminlik müqaviləsində həmin müqavilənin qüvvədə olma müddəti dəqiq göstərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 477.0.4-cü maddəsi düzgün tətbiq edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 030G**********01 saylı zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən “bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir”. Birinci instansiya məhkəməsinin qətnaməsi zaminə dair iddianın təmin edilməmiş hissəsində qanuni və əsaslı deyil, məhkəmə tərəflərin qarşılıqlı münasibətlərinə düzgün qiymət verməmiş və həmin hissələrdə doğru olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

18. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

19. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 22.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

27. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

29. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.

30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. İddiaçı apellyasiya şikayətində yalnız iddianın zaminə aid hissəsini mübahisələndirmişdir.

38. Qətnamə apellyasiya şikayətinə münasibətdə yalnız zaminə aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

41. Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə Ərizə əsasında aylıq faiz dərəcəsi 2% оlmaqla 30 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 manat məbləğində kredit verilmişdir.

42. 030G**********01 №-li Zaminlik Müqaviləsinə əsasən AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 – “Borcalan” xx.xx.2020-ci il tarixli, 030A********** nömrəli kredit müqaviləsi əsasında ona veriləcək 6000 manat məbləğində kreditlə əlaqədar olaraq Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin" - Cavabdeh1, “Borcalan" ilə birlikdə qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.

43. xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli 030A********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə yaranmış borcun 02.02.204-cü il tarixədək ödənilməsi tələb olunmuş, əks halda kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

44. Məhkəmə kollegiyası borcun həcmi, onun hesablanması və s. məsələlərlə bağlı hər hansı mübahisə olmadığından qeyd edilən məsələyə münasibət bildirməyi zəruri hesab etmir.

45. İddiaçı apellyasiya şikayətində qətnaməni zamin Cavabdeh1 aid hissədə mübahisələndirərək, iddia tələbinin zaminə aid hissədə də təmin edilməsini xahiş etmişdir.

46. Kollegiya iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.).

47. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər.

48. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

49. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər.

50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, beləliklə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı xx.xx.2023-cü il tarixinədək iddia irəli sürmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir.

51. Beləliklə Kollegiya hesab edir ki, məhkəmənin zamin X3 aid hissədə qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-1537/2024 nömrəli iş üzrə 16 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar