Məhkəmə qərarları › İş №2(103)-1384/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1384/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1384/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhəmməd oğlunun Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: üçüncü şəxsin xeyrinə icra, zərərin ödənilməsi, qətnamənin düzgün əsaslandırılmaması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Məhəmməd oğlunun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Məhəmməd oğlunun Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2011-ci il tarixdə kredit müqaviləsi bağlanaraq Cavabdeh avtomobil alınması məqsədilə 36 ay müddətinə illik 19 faiz ödəməsi şərtilə 46 000 ABŞ dolları kredit verilmiş, həmin kredit hesabına (əlavə pul ödənilməklə) alınan “Lexus LX 470” markalı ** LC *** dövlət nömrə nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, 06 dekabr 2011-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı daşınmaz əmlak istisna olmaqla bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka (girov) qoymaq, pulunu almaq, buna dair müqaviləni imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək səlahiyyətlərini ehtiva edən 30 il müddətli etibarnamə verilmiş, eyni tarixli etibarnamə ilə Cavabdeh “Lexus LX470” minik markalı ** LC *** i/o dövlət nömrə nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2016-cı il tarixədək İddiaçı vermişdir.

2. Cavabdeh adından "xxxx" ASC-nə xx.xx.2012-ci il tarixdə 1687 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 1700 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 1687 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 1700 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 1700 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 1700 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 1700 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 1700 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 634 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 800 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 700 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 700 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 1000 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 1000 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 1000 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 1000 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 1000 ABŞ olları, xx.xx.2013-cü il tarixdə 1000 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 1000 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 1000 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 1000 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 1000 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 1000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 1000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 1000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 1300 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 1200 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 1200 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 1200 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 1200 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 1200 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 1000 ABŞ dolları kredit borcu ödənilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh 27 892 ABŞ dolları 13 sent əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan “Lexus LX470” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili - 2007, tip - universal, Ban JTJH00WX74024949, rəng - qara) yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, artıq qalan pul vəsaitinin Cavabdeh qaytarılması, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə bankın apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi Cavabdeh 2134,17 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizin tutulması tələbinin təmin olunmaması hissəsində ləğv olunmuş, iddia həmin hissədə də təmin edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Lexus LX 470” markalı ** LC *** dövlət nömrə nişanlı avtomobilə dair İddiaçı Məhəmməd oğluna vermiş olduğu etibarnaməni ləğv etdirmiş və avtomobilin tapılıb ona qaytarılması barədə Daxili İşlər Nazirliyinin BDYPİ-nə müraciət ünvanlamış, avtomobil 2020-ci ilin sonlarında X2 əməkdaşları tərəfindən İddiaçı (onun oğlundan) alınaraq cərimə meydançasına yerləşdirilmiş, sonradan Cavabdeh təhvil verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. Bəşirov X1 Rauf Əlibala oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dostu olan cavabdehlə "xxxx" ASC arasında xx.xx.2011-ci il tarixdə kredit müqaviləsi bağlandığını, müqaviləyə əsasən minik avtomobilinin alınması üçün cavabdehə 36 ay müddətinə illik 19% dərəcəsi ilə hesablanmaqla 46 000 ABŞ dolları məbləğində kredit verildiyini, kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə cavabdehə məxsus “Lexus LX-470” nömrəli **-LC-*** qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü olunduğunu, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyindən avtomobili ona satdığını və aralarında bank borcunu hər ay onun ödəməsi barədə razılaşma olduğunu, bundan sonra avtomobilin ona verildiyini, xx.xx.2012-ci il tarixdən etibarən 12 ay ərzində 16 408 ABŞ dolları, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixinədək 11 000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək 11 500 ABŞ dolları olmaqla cəmi 38 908 ABŞ dolları kredit borcunu banka köçürdüyünü, lakin sonradan cavabdehin üstün mövqeyindən istifadə edərək ona satmış olduğu avtomobili həyətdən apardığını, beləliklə də onu aldatdığını, nəticədə həm avtomobildən məhrum edildiyini, həm də 38 908 ABŞ dolları zərərə məruz qaldığını irəli sürmüş, buna görə də Cavabdeh 38 908 ABŞ dollarının tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə banka ödənişlər ilk vaxtlardan iddiaçı tərəfindən həyata keçirilmiş və kredit müqaviləsi bağlanan gündən sonrakı gün cavabdeh tərəfindən iddiaçının adına avtomaşına dair ümumi etibarnamə verilmiş, həmin vaxtdan avtomaşın iddiaçının sahibliyində və istifadəsində olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icraya yönəldildikdən sonra qətnamənin icrasının həyata keçirilməsi məqsədilə avtomaşın iddiaçıdan alınmış, cavabdeh tərəfindən ona verilmiş etibarnamə ləğv edilmişdir. ...Kredit müqaviləsinin təminatı kimi yüklü edilmiş avtomaşın cavabdehin istifadəsində və sahibliyində olmuşdur və tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsini könüllü olaraq öz öhdəsinə götürmüş, kredit müqaviləsi bağlanan gündən avtomaşına faktiki sahiblik etməyə başlamış və istifadə etmişdir. İşin bu halları həm cavabdeh tərəfindən avtomaşına dair iddiaçının adına ümumi etibarnamə verilməsi, həm avtomaşının kredit müqaviləsi bağlanan andan iddiaçının istifadəsində və sahibliyində olması, kredit müqaviləsi üzrə ödənişlərin 3 il ərzində həyata keçirilməsi ilə tam təsdiq olunur.

8. Məhkəmə, iddiaçının iddia ərizəsində kredit müqaviləsi bağlanandan bir müddət sonra cavabdeh tərəfindən kredit öhdəliklərinin icra edilməməsi əsası ilə avtomaşının onun sahibliyinə verilməsi barədə dəlilləri üzrə qeyd etmişdir ki, həmin dəlillər işin faktiki halları ilə (kredit müqaviləsinin bağlandığı vaxtdan iddiaçının adına etibarnamə verilməsi və s.) tam təkzib olunur.

9. Mülki Məcəllənin 431-ci maddəsinə istinad edən məhkəmə vurğulamışdır ki, qanunvericiliyin tələbinə əsasən üçüncü şəxs borclunun əvəzinə kreditor qarşısında olan öhdəliyi icra edə bilər və bunun üçün bankla üçüncü şəxs arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. İddiaçı kredit müqaviləsi üzrə ödənişləri cavabdehin əvəzinə aralarında olan razılaşmaya əsasən icra etmişdir və tərəflər arasında icra edilmiş öhdəlik üzrə tələb hüququnun iddiaçıya keçməsi ilə bağlı hər hansı razılaşma olmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən icra edilmiş öhdəlik üzrə tələb hüququ ona keçməmişdir. İpoteka predmeti olan avtomaşının iddiaçıdan alınaraq həmin əmlaka tutmanın yönəldilməsi, kredit müqaviləsi üzrə icra edilmiş öhdəlik həcmində tələb hüququnun ona keçməsi üçün əsas ola bilməz. Qanunun tələbindən göründüyü kimi üçüncü şəxsə tələb hüququ o halda keçir ki, borcluya mənsub əşyaya məcburi icra yönəldilidkdən sonra üçüncü şəxs kreditoru təmin etsin, yəni borclunun kreditor qarşısında olan öhdəliyi icra etsin. Hazırki iş üzrə isə üçüncü şəxs, yəni iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər könüllü və qarşılıqlı razılaşma əsasında icra edilmiş və icra edilmiş öhdəlik üzrə tələb hüququnun iddiaçıya keçməsi barədə hər hansı müqavilə olmamışdır.

10. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı (nümayəndəsi) onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin əsassız qərar çıxardığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işə iştirakı olmadan baxdığını irəli sürmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

11. İddiaçı sonuncu məhkəmə iclasında iştirak edən vəkili avtomobilin 2012-ci ildən 2020-ci ilin sonlarına qədər təmsil etdiyi şəxsin istifadəsində olduğunu, 2020-ci ilin sonlarında polis tərəfindən İddiaçı alındığını, avtomobilin kredit ödənişlərini onun ödəməsi barədə tərəflərin arasında razılaşma olduğunu bildirmiş, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə iclaslarında iştirak edən cavabdeh şikayətin əsassız olduğunu, avtomobilin xatırladığı qədərilə 61 000 ABŞ dollarına faktiki olaraq dostu olan iddiaçı üçün alındığını, bu məbləğin 46 000 ABŞ dolları hissəsinin bankdan götürüldüyünü, qalan hissə üçün isə başqa bir avtomobilin avtosalona pul əvəzi verildiyini, avtomobilin onun adına alınmasının səbəbinin iddiaçının adında başqa kredit olduğu üçün ona kredit verilməməsi olduğunu, avtomobilin 2020-ci ilin sonlarına qədər iddiaçının istifadəsində qaldığını, iddiaçının banka olan borcu ödəməməsi səbəbindən hazırda banka külli miqdarda pul ödəmək məcburiyyətində olduğunu, avtomobilə də tutma yönəldildiyini, iddiaçının hesabına nəinki heç bir şey əldə etmədiyini, üstəlik banka pul ödəməli olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir.

15. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir.

16. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

24. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, “üçüncü şəxsə tələb hüququ, borcluya mənsub əşyaya məcburi icra yönəldilidkdən sonra üçüncü şəxsin kreditoru təmin etdiyi halda keçir, hazırki iş üzrə isə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər könüllü və qarşılıqlı razılaşma əsasında icra edilmiş və icra edilmiş öhdəlik üzrə tələb hüququnun iddiaçıya keçməsi barədə hər hansı müqavilə olmamışdır” əsaslandırması ilə əslində qanunu düzgün təfsir etməmiş, gəldiyi nəticəni işin faktiki halları ilə əlaqəli şəkildə izah etməmiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamışdır.

25. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

26. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

27. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

28. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

29. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

30. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

31. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyindən “Lexus” markalı ** LJ *** dövlət nömrə nişanlı avtomobili ona satmış, buna görə Cavabdeh adından kredit ödənişlərini o həyata keçirmiş, xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək tərəfindən banka 38 908 ABŞ dolları məbləğində pul ödənilmiş, lakin Cavabdeh avtomobili ondan geri aldığından həm avtomobilindən məhrum olmuş, həm də 38 908 ABŞ dolları zərərə məruz qalmışdır.

32. Kollegiyanın qənaətinə görə, İddiaçı iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” və “əsassız varlanma” ilə bağlı müddəaları (Mülki Məcəllənin 431-ci, 1091-ci və 1092-ci maddələri) nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, hər iki halda sübutetmə yükü, yəni məhz cavabdehin əvəzinə kredit öhdəliyini icra etmiş olmasını, habelə cavabdehin onun hesabına hüquqi əsas olmadan varlandığını sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür və kollegiya hesab edir ki, o, həmin halları sübuta yetirə bilməmişdir.

33. Belə ki, işin müəyyən olunan hallarından göründüyü kimi Cavabdehlə bank arasında kredit müqaviləsi bağlandığı gündən sonrakı gün onun tərəfindən İddiaçı adına avtomobilə dair etibarnamə verilmiş, həmin vaxtdan avtomobil iddiaçının sahibliyində və istifadəsində olmuş, məhz bu səbəblə kredit müqaviləsi üzrə banka ödənişlər onun tərəfindən həyata keçirilmiş, sonradan kredit öhdəliyi yerinə yetirilmədiyindən bankın məhkəmədə qaldırdığı iddia tələbi əsasında avtomobilə tutma yönəldilmişdir.

34. Avtomobilin, alındığı tarixdən 2020-ci ilin sonlarına qədər İddiaçı istifadəsində olduğu, onun tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək banka 38 908 ABŞ dolları ödənildiyi işin mübahisələndirilməyən hallarıdır və apellyasiya baxışı zamanı tərəflər bu halların mübahisəsiz olduğunu təsdiq etmişlər.

35. Kollegiyanın qənaətinə görə işin müəyyən olunan halları, xüsusilə kredit müqaviləsinin bağlanmasından dərhal sonra iddiaçıya avtomobilə dair etibarnamə verilməsi və avtomobilin onun istifadəsində olması, habelə müqavilə üzrə ilk ödəmə günündən etibarən ödənişlərin onun tərəfindən həyata keçirilməsi, kredit öhdəliklərini icra edə bilməməsi səbəbilə cavabdehin avtomobili ona satması barədə İddiaçı arqumentinin inandırıcı olmadığına dəlalət edir. Əksinə, işin müəyyən olunan həmin halları ağlabatan mühakimə əsasında belə qənaətə gəlməyə əsas verir ki, bankla kredit müqaviləsi cavabdehlə bağlanmış olsa da, əslində avtomobili iddiaçı özü əldə etmiş (almış), kredit ödənişləri məhz cavabdehlə razılaşması əsasında özü tərəfindən ödənilmiş, cavabdeh iddiaçının hesabına əsassız şəkildə varlanmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, sonradan kredit ödənişləri həyata keçirilmədiyindən bankın iddiası əsasında Cavabdeh qalıq kredit borcu tutulmuş və avtomobilə tutma yönəldilmişdir; bu hal da özü-özlüyündə Cavabdeh iddiaçının hesabına əsassız varlandığı qənaətinə gəlinməsini mümkünsüz edir.

36. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı əldə olunmuş mütəxəssis rəyi ilə (kollegiya iş üzrə verilmiş ekspertiza rəyini mötəbər hesab etmir – çünkü ekspert avtomobilə baxış keçirmədən və heç bir əsaslandırma aparmadan “rəy” vermişdir) “Lexus LX470” markalı (2007-ci il buraxılışlı, qara rəngli) minik avtomobilinin 2011-ci ilin dekabr ayında (avtomobilin alındığı vaxt) bazar qiymətinin 48 000 manat (həmin dövrün məzənnəsi ilə təxminən 61 538 ABŞ dolları), 2020-ci ilin sonlarında (avtomobilin iddiaçıdan alınıb cərimə meydançasına qoyulduğu tarix) bazar qiymətinin 39 000 manat (bu dövrün məzənnəsi ilə 22 941 ABŞ dolları) olduğu müəyyən edilmişdir; bu isə o deməkdir ki, iddiaçı avtomobilin özünün istifadəsində olduğu dövrdə ödədiyi kredit ödənişi (təqribən) məbləğində (həcmində) avtomobildən istifadə etmişdir (onu istismar etmişdir) – (61 538 – 22 941 = 38 597 ABŞ dolları).

37. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və iddia tələbinin təmin olunması üçün əsas yoxdur.

38. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, iddia ərizəsi və apellyasiya şikayəti vermək üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalı, apellyasiya icraatı zamanı alınmış mütəxəssis rəyinə görə ödənilməli olan 250 manat ondan alınıb müvafiq hesaba köçürülməli, ekspert “rəyi”nin xərci isə Dövlət büdcəsinə aid edilməlidir (ekspert faktiki olaraq heç bir tədqiqat aparmadığı üçün). Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2687/2021 saylı iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Məhəmməd oğlunun Cavabdeh qarşı “pulun ödənilməsi” tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumlarının məbləğləri apellyatorun özünə aid edilsin. İş üzrə keçirilmiş qiymətləndirmənin xərci qismində 250 (iki yüz əlli) manat İddiaçı Məhəmməd oğlundan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№: AZ30GUNA********************, Bank: "xxxx"ASC,VÖEN:**********,Müxbir hesab:AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar