Məhkəmə qərarları › İş №2(103)-1386/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1386/2025

17.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1386/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi ”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-155/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllə, cv 108/70, 4 saylı mənzilə cavabdeh X6 tərəfindən suyun axıdılması nəticəsində mənzilə və mənzildəki əmlaklara dəymiş zərərə görə 6000 manat məbləğində maddi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 80 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 108/70 4 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidməti İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə mənim xüsusi mülkiyyətim kimi qeydiyyata alınmışdır. Onun mənzilindən yuxarı mərtəbədə yerləşən həmin mənzilin 7-ci otağının sahibi cavabdeh X6 tərəfindən ona məxsus mənzilinə mütəmadi surətdə su axıdılmış və mənzilinin müəyyən hissəsini yararsız hala salınmışdır. İddia ərizəsinə əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 2 saylı MKS-nın tərtib etdiyi aktda da qeyd olunur ki, onlar aşağıda imza edənlər 2 saylı MKS-nin mühəndisi İsmayılov Asəf, sahə ustası 14-cü məhəllənin Məclumova Rübabə, sahə ustası Əliyeva Vəsilə aktı tərtib etdik ondan ötəri ki, 14-cü məhəllə, ev 108/720. mənzil 4-ün sakini İddiaçı ərizəsi ilə əlaqədar həmin mənizldə baxış keçirilmişdir, mənzil 1 otaqlıdır. Həmin binanın 7-ci otağı mənzil sahibi Səmədov Rəvanın özüvü yaşamır, kirayəşin yaşayır. İddiaçı giriş qapısının üstündən, sanitar qovuşağa, mətbəx və yataq otağına müəyyən vaxtlarda su axıntısı olmuş, elektrik xəttlərində nasazlıq, mətbəx mebelinin müəyyən hissəsi yararsız hala düşmüşdür. Su axıntısından mətbxin kafelləri boşalmış bir necəsi tökülmüşdür. Aktın doğruluğunu öz imzaları təsdiq edirlər.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-155/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyanın əvəzi olaraq 2104 manat məbləğində pul İddiaçı xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun 28 manatının Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması, qalan hissədə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi,aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pulun 70 manatının Cavabdeh, 130 manatının isə İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097, 1108,1115; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Göstərilənlərə əsasən iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh məxsus mənzildən cavabdehin səhlənkarlığına görə İddiaçı məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə, cv 108/70, 4 saylı mənzili su basmış, nəticədə sonuncunun əmlakına maddi ziyan dəymişdir. İddiaçı əmlakına dəymiş ziyanın əvəzini cavabdehdən tələb etsə də, Cavabdeh isə dəymiş ziyanın əvəzini ödəməkdən yayınmışdır. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4228 nömrəli ekspert rəyində zərərin həcmi 2104 manat müəyyən edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1311 nömrəli ekspert rəyində isə zərərin həcmi 2096 manat müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə ekspert rəylərinin qanunvericiliyə zidd verildiyini göstərən heç bir hal müəyyən etmədiyindən, ekspert rəylərini təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq ilkin ekspert rəyində göstərilmiş məbləğin cavabdeh tərəfindən qəbul edilməsi və həmin məbləğin ağlabatan olması əsas götürülməklə, cavabdehin iddia tələbini maddi ziyan hissəsində etiraf etməsi nəzərə alınmalı, 2104 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - 2 saylı MKİS əməkdaşları tərəfindən tərtib edilmiş aktdan məlum olur ki, 14-cü məhəllə, ev 108/720. mənzil 4-ün sakini İddiaçı ərizəsi ilə əlaqədar həmin mənizldə baxış keçirilmişdir, mənzil 1 otaqlıdır. Həmin binanın 7-ci otağı mənzil sahibi Səmədov Rəvanın özüvü yaşamır, kirayəşin yaşayır. İddiaçı giriş qapısının üstündən, sanitar qovuşağa, mətbəx və yataq otağına müəyyən vaxtlarda su axıntısı olmuş, elektrik xəttlərində nasazlıq, mətbəx mebelinin müəyyən hissəsi yararsız hala düşmüşdür. Su axıntısından mətbxin kafelləri boşalmış bir necəsi tökülmüşdür.- 21 iyun 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında 193 nömrəli müqavilədən görünür ki, X3 ilə Əhmədova Aysel arasında hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır;- AR ƏMDK yanında DƏDRX tərəfindən verilən çıxarışın surətindən məlum olur ki, Sumqayıt şəhəri. 14-cü məhəllə, cv 108/70. 4 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2007-ci il tarixdə ********* nömrəli qeyd aparılmışdır;- AR ƏMDK yanında DƏDRX tərəfindən verilən çıxarışın surətindən məlum olur ki, Sumqayıt şəhəri. 14-cü məhəllə, cv 108, mənzil 7, Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, ev 257, M3, 1 saylı mənzil Cavabdeh tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4228 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 4 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 7 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 4 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otağı tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 108 saylı evin 4 nömrəli mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 7 saylı mənzildən su axıdılığı və nəticədə 4 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 108 saylı evin 4 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2104 manat müəyyən edilmişdir;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1311 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 4 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 7 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 4 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otağı tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 108 saylı evin 4 nömrəli mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 7 saylı mənzildən su axıdılığı və nəticədə 4 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 108 saylı evin 4 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2096 manat müəyyən edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(005)-155/2024 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-155/2024 saylı qətnaməsi ilə qismən razı olduğuna görə, həmin qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Hesab edir ki, məhkəmə tərəfindən məhkəmə gedişatı zamanı iki dəfə texniki tikinti ekspertizası təyin edilməsinə baxmayaraq ziyan dəymiş mənzilə baxış keçirən hər iki ekspert maddi ziyanı müəyyən edərkən bir-birinə yaxın ziyanla bağlı rəqəmlər müəyyən etmişlər. Hazırki ekspert tərəfindən müəyyən edilmiş mənzilin yararlı vəziyyətinə gətirilməsi ilə bağlı məbləğ reallığı əks etdirmir və real bazar qiyməti ilə uyğunsuzluq təşkil edir. Həmçinin rəydən də göründüyü kimi ekspert tərəfindən mətbəxdəki qabyuyan maşının yararlı vəziyyəti üçün 200 manat maddi ziyan müəyyən edilmişdir. Halbuki, mətbəxin elektrik əşyasına dəymiş ziyanın müəyyən edilməsi texniki tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Lakin işə baxan birinci instansiya məhkəməsi həmin hallara hüquqi qiymət verməyərək iddia tələbini qismən yəni, ekspertiza rəyinə uyğun təyin etmişdir. Ona görə də, hesab edir ki, hazırda mənzilə dəymiş real ziyanın müəyyən etmək üçün müstəqil ekspertizanın işə cəlb olunmasına ehtiyac vardır.

Apellyasiya icraatında müəyyən edilən hallar

5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

6. İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 10.Məhkəmə kollegiyası qeyd edilənlərə və mübahisə edilən hissədə apellyasiya şikayətinin sübuta yetirilməyən və iddiaçıya aidiyyəti olmayan dəlillərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385-390-ci maddələrinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmiş qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. İddiaçı apellyasiya şikayətində ekspert rəylərindən narazı olduğunu, onun mənzilinə daha böyük həcmdə ziyan dəydiyini iddia etsə də, bununla bağlı mötəbər sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına təqdim edə bilməmişdir. Ekspert rəylərinin mötəbərliyinə şübhə gətirəcək hər hansı əsas müəyyən edilmir. Həmçinin ekspert tərəfindən mətbəxdəki qabyuyan maşına dəymiş ziyanın müəyyən edilməsinin texniki-tikinti ekspertin səlahiyyətinə aid olmasa belə, cavabdehin qətnamədən şikayət vermədiyi prosessual vəziyyətdə dəymiş zərərin az qiymətləndirilməsi və bu xüsusatın iddiaçının ziyanına şərh edilməsi mümkün deyil. 11.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu şəxsin özünə aid edilməlidir.

12. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-155/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar