Məhkəmə qərarları › İş №2(103)-1387/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1387/2025

14.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1387/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və müalicə xərcinin tutulması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-6836/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsi xx.xx.2024-cü il tarixdə verilib. İddia ərizəsində tələb olunub ki, xx.xx.2015-ci il təvəllüdlü uşaq X1 üçün Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(064)-747/2021 nömrəli qətnaməsi ilə cavabdehdən (atadan) iddiaçının (ananın) xeyrinə hər ay tutulan 130 manat alimentin miqdarı artırılaraq 235 manat müəyyən edilsin, habelə uşağın müalicə xərci kimi hər ay 500 manat cavabehdən iddiaçının xeyrinə tutulsun. 2.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, alimentin miqdarı dəyişdirilsin, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq hər ay 200 manat aliment tutulsun, uşağın müalicəsi üçün o, yetkinlik yaşına çatanadək hər ay 100 manat pul tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 3.İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. 4.Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdilər. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Qətnamə alimentə aid hissədə dəyişdirilməlidir. Belə ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(064)-747/2021 nömrəli qətnaməsi ilə alimentin miqdarı hər ay üçün 130 manat müəyyən edilib. Alimentin miqdarının artırılması üçün AR Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşağın həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2021-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq alimentin miqdarını artırıb, lakin artırılmış alimentin miqdarı 200 manat deyil, iddiaçının tələb etdiyi kimi 235 manat müəyyən edilməlidir. AR Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin miqdarının 235 manat müəyyən edilməsi həmin maddənin göstərişinə uyğundur. 8.Məhkəmə AR Ailə Məcəlləsinin 110-cu maddəsinin göstərişinə və AR Ali Məhkəməsi Plenumunun “AR Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli 15 №-li qərarında verilən izaha əsaslanaraq hesab edir ki, tutulmalı olan 235 manat alimentin miqdarı alimentin indeksasiyasının təmin edilməsi məqsədilə ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. İddianın verildiyi 2024-cü ildə minimum əmək haqqının məbləği 345 manat təşkil edib. Bu hesabla alimentin miqdarı minimum əmək haqqının 0,68 misli həddində müəyyən edilməlidir (235 manat : 345 manat = 0,681). Odur ki, qətnamə alimentin miqdarına aid hissədə dəyişdirilməlidir. Artırılmış miqdarda aliment iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalıdır. 9.Qətnamə müalicə xərcinə görə hər ay 100 manat tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, uşaq anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir (iş v. 18) və müddətsiz birinci qrup əlildir (iş v. 17). Uşaq bu xəstəliyə görə davamlı müalicə və müayinələrdən keçir, dərman vasitələri qəbul edir, bunu təsdiq edən tibbi sənədlər məhkəməyə təqdim olunub (iş v. 50-65). Ona görə də uşağın müalicəsi ilə bağlı əlavə xərclərə görə uşaq yetkinlik yaşına çatana kimi atadan hər ay 100 manat tutulması AR Ailə Məcəlləsinin 81-ci maddəsinin göstərişinə uyğundur. Müalicə xərcinin tələb edilməsi üçün əsaslar uşaq yetkinlik yaşına çatana kimi aradan qalxdıqda, ata həmin ödənişdən azad edilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 10.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-6836/2024 nömrəli qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 (sıfır tam yüzdə altmış səkkiz) misli həddində sabit pul məbləğində aliment tutulsun. Həmin qətnamə uşağın müalicəsinə görə əlavə xərci kimi hər ay 100 manat tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar