Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1388/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Əliyeva (Həsənova) Fərəh Əzizağa qızına qarşı mülki iş üzrə (Açar sözlər: iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Əliyeva (Həsənova) Fərəh Əzizağa qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5934/2022 saylı 29 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Əliyeva (Həsənova) Fərəh Əzizağa qızı arasında bağlanmış 18 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 28% hesablanmaqla 2.500 ABŞ dolları məbləğində məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 538,72 ABŞ dolları əsas borc və 666,99 ABŞ dolları faiz borcu yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Əliyeva (Həsənova) Fərəh Əzizağa qızına qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 538,72 ABŞ dolları məbləğində əsas borcun, 666,99 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 1.205,71 ABŞ dolları məbləğində borcun və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.
4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ondan 1.217,95 ABŞ dolları alınıb bankın hesabına keçirilməsi barədə Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən 13 oktyabr 2020-ci il tarixdə reyestr qeydi 8i-15369 saylı icra qeydi verilmişdir. Həmin icra qeydi qanuna zidd, iddia müddəti keçəndən sonra verildiyi üçün Lənkəran Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(029)-2052/2021 saylı qətnaməsi ilə onun tələbi təmin edilmiş və verilmiş icra qeydi ləğv edilmişdir. İddiaçı ilk dəfə iddia müddətindən yayınmaq üçün icra qeydi çıxartdırır, məhkəmə icra qeydini ləğv edir, bundan sonra ikinci dəfə məhkəməyə müraciət edir və güman edir ki, o, iddia müddəti məsələsini mübahisələndirməz və məhkəmə qətnamə çıxarar və yol verdiyi ciddi qanun pozuntularını bununla ört basdır edə bilər. Lakin iddiaçı iddia müddətini buraxıb və iddiaçı məhkəmədə müddətin buraxılmasına heç bir qanuni don geyindirə bilməz. Hətta icra qeydi üçün notariat orqanına müraciət edən iddiaçı öhdəliyin yaranma tarixini 19 sentyabr 2016cı il tarixdə yaranmasını göstərməli olduğu halda, notariat orqanını aldadaraq 19 oktyabr 2017- ci il tarix göstərmişir. Göstərilənlərə əsasən iddia müddəti tədbiq edilməklə iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5934/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 18 sentyabr 2014-cü il tarixli kredit sazişindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 19 sentyabr 2016-cı il tarixdə bitmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının 19 sentyabr 2016-cı il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik müddət ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı iddia ərizəsi ilə 13 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh isə hazırki mülki iş üzrə məhkəmə qətnaməsi qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 372.1, 373.2, 375.2 və 377.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5934/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən iş üzrə cavabdeh Əliyeva (Həsənova) Fərəh Əzizağa qızı barəsində Binəqədi rayon Məhkəməsinə xx.xx.2018-ci il tarixdə iddia ərizəsi göndərilsə də iddia ərizəsi imtina edilmişdir. Sonradan Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanın icrası məqsədilə iddialar məhkəmələr tərəfindən icraata qəbul edilmədiyindən yeni iddia tələbləri məhkəmələr tərəfindən icraata qəbul edilmirdi. Cavabdehin müvafiq kredit müqaviləsi üzrə CC/53001/44/3 saylı hesabına Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla bağlı xx.xx.2019-cu il tarixində 764.12 ABŞ Dolları pul vəsaiti mədaxil olunmuşdur. Qeyd olunan kompensasiya məbləğinin ödənilməsinə cavabdeh etiraz etməmiş, həmçinin, məbləğin hesaba mədaxil olunmasına öz hərəkətsizliyi ilə razılığını bildirmişdir. Bundan başqa cavabdehin vəkili Vəkil məhkəmədə Əliyeva (Həsənova) Fərəh Əzizağa qızının banka əsas borc məbləğində borcunun olduğunu etiraf etmiş və bu da məhkəmə iclas protokolunda və qətnamədə öz əksini tapmışdır. Kredit sazişləri, tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Cavabdehin imzaladığı xx.xx.2014-cü il tarixli Kredit sazişinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli Xidmət Şərtinin 9.3-cü maddəsində göstərildiyi kimi müqavilə üzrə öhdəlik lazımi şəkildə icra olunmadığı üçün müqavilə öz qüvvəsini saxlayır və buda müqavilə müddətinin bitməməsi üçün bir əsasdır.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 13.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 15.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
16.372-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 17.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
18. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
19. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 20.380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 21.739-cu maddəsinə əsasən kredit üzrə borcun tutulması müqaviləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
22.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı ASC ilə cavabdeh Əliyeva (Həsənova) Fərəh Əzizağa qızı arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri 18 sentyabr 2014-cü il tarixdə yaranmışdır. Həmin kredit müqaviləsi 24 ay müddətinə bağlanmış, müqaviləyə əsasən icra müddətinin sonu 18 sentyabr 2018 -ci il tarixi kimi müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ərizəyə əsasən məhkəmədən iddia müddətinin tətbiqi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddiaçının icra müddəti bitdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürdüyü qənaətinə gəlmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətdə iddiaçının xx.xx.2018-ci il tarixdə iddia ərizəsi məhkəməyə müraciət etdiyinə, lakin iddiadan imtina edildiyinə istinadı ilə əlaqədar qeyd edir ki, iddiaçı bunu təsdiq edəcək hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də ki apelyasiya icraatı qaydasında işə baxan məhkəmə kollegiyasına təqdim etməmişdir. 25.Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 26.İş materiallarından isə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Əliyeva (Həsənova) Fərəh Əzizağa qızından xeyrinə 1.217,95 ABŞ dolları tutulmasına dair icra qeydi verilməsi barədə ərizə ilə Lənkəran rayonu 1 saylı Notariat ofisinə müraciət edilmiş, Lənkəran Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(049)-2052/2021 saylı qətnaməsi ilə X1 1.217,95 ABŞ dollarının alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilməsi barədə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 13 oktyabr 2020-ci il tarixdə verilmiş reyestr qeydi 8i-15369 saylı icra qeydinin iddia müddətinin ötürülməsi əsası ilə ləğv edilməsi qət edilmişdir. 27.Məhkəmə iddiaçı tərəfin xx.xx.2019-cu il tarixdə Əliyeva (Həsənova) Fərəh Əzizağa qızının adına açılmış hesaba “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı”na əsasən kompensasiya olaraq 764,12 ABŞ dolları məbləğində pulun köçürüldüyünə və bununla da iddia müddətinin axımının kəsildiyinə dair dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. 28.Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinin tələblərinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 29.Qeyd edilən maddənin məzmunundan göründüyü kimi tərəflərin müəyyən hərəkətləri (müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə və ya borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə) nəticəsində iddia müddətinin axımı kəsilir və belə kəsilmədən sonra iddia müddətinin axımı keçirilmiş müddət nəzərə alınmadan yenidən başlanır. 30.Məhkəmə mülki qanunvericiliyin müvafiq normasına uyğun olaraq hesab edir ki, iddia müddətinin axımının kəsilməsinə əsas verən halların mövcudluğu hazırki işdə müəyyən edilməmişdir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən müqavilə tərəfi olmuş Əliyeva (Həsənova) Fərəh Əzizağa qızına məxsus hesaba müəyyən kompensasiyanın köçürülməsi müqavilə üzrə yaranmış borcu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirilə bilməz. 31.Belə ki, müvafiq hərəkətin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə - insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilməlidir. «İradə ifadəsi» deyimi altında iradənin insanın daxili aləmindən başqa şəxslərə çatacaq dərəcədə xaricə bəyan edilməsi anlaşılır. Şəxs öz istəyinə nail olmaq üçün başqaları ilə hüquq münasibətlərinə daxil olmalı, öz iradəsini başqalarına bildirməlidir. İş materiallarından göründüyü kimi iddiaçının istinad etdiyi hal cavabdeh tərəfindən öz iradəsinə əsaslanan hər hansı hərəkətin edilməsi nəticəsində baş verməsmişdir. 32.Beləliklə iddia müddətinin axımının kəsilməsinə və ya onun hesablanması qaydasının dəyişilməsinə əsas verən halların mövcudluğu müəyyən edilmədiyindən, iddia müddəti isə keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. 33.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 35.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 1.205,71 ABŞ dolları (2.049,71 manat) olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5934/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov