Məhkəmə qərarları › İş №2(103)-1388/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1388/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1388/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3537/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı X3 ilə Cavabdeh birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və uşaq iddiaçının (anasının) himayəsindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-2418/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı məhkəməyə müraciət edərək, həmin qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay 160 manat məbləğində müəyyən edilməsini tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 1948/2019 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Musayeva (Eyvazova) Sevda İsmayıl qızına verilməsi qət olunmuşdur. X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin tutulması qaydasının dəyişdirilməsini, cavabdehin rəsmi iş yeri və daimi gəlirləri olması səbəbindən alimentin cavabdehin qazancının 1/4 hissəsində tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı X5 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi tarixdən başlayaraq hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin iddiaçı Eyvazova (Musayeva) Sevda İsmayıl qızının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh arasında bağlanılmış nikah Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində xx.xx.2018-ci ildə pozulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 2418/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 09 aprel 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək 50 manat alimentin Musayeva (Eyvazova) Sevda İsmayıl qızının xeyrinə tutulması barədə qətnamə qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1948/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 2418/2018 saylı Qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmişdir. Qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın məsrəfləri yetərincə artmışdır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3537/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1948/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh qazancın (başqa gəlirlərin) 1/4 hissəsi həcmində alimentin tutularaq Cavabdeh verilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3537/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3537/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində düzəliş edilərək “xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh qazancın (başqa gəlirlərin) 1/4 hissəsi həcmində alimentin tutularaq Cavabdeh verilsin” cümləsi “xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh qazancın (başqa gəlirlərin) 1/4 hissəsi həcmində alimentin tutularaq Eyvazova (Musayeva) Sevda İsmayıl qızına verilsin” cümləsi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 78-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, Ali Məhkəməsinin Plenum qərarına istnadla əsaslandırmış və məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkilinin cavabdehin rəsmi iş yerinin olmasını, müntəzəm aylıq maaş almasını təsdiq etdiyindən məhkəmə alimentin onun qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində tutulmasının məqbul hesab edilməsi qənaətinə gəlmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3537/2023 nömrəli qətnaməsi ilə qət edilən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi həcmində alimentin tutularaq İddiaçı verilməsi hissəsindəki “başqa gəlirlər”in uşağın maraqlarına xidmət etmədiyi üçün həmin hissədə təmin edilməməsi və aylıq minimum aliment miqdarının əmək haqqı və digər gəlirlərin məbləğindən çox olduğu üçün iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı, iş üzrə həqiqi hallarını vətərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli araşdırmamışdır. Yalnız formal qanunvericilik normalarını sadalamaqla valideyn kimi hüquqlarını kobud şəkildə məhdudlaşdıran qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin əmək haqqını aylıq 700 (yeddi yüz) manatdan bir qədər artıq olmaqla onun 1/4 hissəsi isə minimum aliment miqdarını ödəməməkdədir. Məhkəmə isə cavabdehin minimum aliment miqdarını ödəmək barədə cavabdehin təklifini irəli sürdüyü və üzərinə götürmək istədiyi öhdəliyi qəbul etməyərək alimenti o qədər də yüksək olmayan əmək haqqına yönəldilərək qərar qəbul etməsi qeyri-obyektiv olmaqdadır. Beləliklə, aşağıda qeyd olunanlara əsasən qətnamənin qanunsuz və əsassız olması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Birinci instansiya məhkəməsi tərəfindən alimentin artırılması barədə nəticəyə gəlinməsi zamanı bunun Cavabdeh maddi və ailə vəziyyətinə təsiri nəzərə alınmadığı, iş üzrə əhəmiyyət kəsb edən hallar yanlış qiymətləndirilərək müvafiq normalarla uğursuz formada əlaqəndirildiyi və bu qəbildən olan mübahisələrlə bağlı formalaşmış qanunvericilik təcrübəsi nəzərə alınmadığı üçün məhkəmə tərəfindən qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Məhkəmə tərəfindən diqqətə layiq olan hallar nəzərə alınmayıb və bununlada uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməyib. Nəticədə cavabdehdən sabit pul məbləğində aliment yox, onun əmək haqqının aylıq 700 (yeddi yüz) manatdan bir qədər artıq olmaqla onun 1/4 hissəsi isə minimum aliment məbləğini tutulmasını qət etmişdir. Qanunda“... uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar ”və“... qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır”–qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınmayıb. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməli olsa da, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin qeyd olunan tələbləri yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi. 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onun hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşağı saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ olaraq nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Kollegiya qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə əsasən irəli sürdüyü tələbə (xahiş) əsasən göstərilən nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası uşağın anasının himayəsində olmasını, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının məhz ana tərəfindən çəkildiyini, eyni zamanda atanın maddi vəziyyəti nəzərə almaqla alimentin məbləğinin artırılaraq hər ay uşaq üçün atanın qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində olan dəlillərinə münasibətdə eyni zamanda qeyd edir ki, apellyator bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli və onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının artan tələbatını təmin etməlidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə kollegiyasının qənaətinə görə apellyatorun hazırki apellyasiya şikayətinin dəlilləri onun doğma övladının saxlanması üçün üzərinə düşən vəzifələrdən qismən yayınması məqsədini daşıyır və kollegiya xüsusi olaraq qeyd edir ki, hətta o, heç bir yerdə işləməsəydi belə, bu onu uşağını saxlamaq, maddi təminatı ödəmək vəzifəsindən azad edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd etməyi də zəruri sayır ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsi olsa da, hazırki vəziyyətdə xx.xx.2016-cı il təvəllüdlü X4 ananın yanında qalması və uşağın günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın üzərindədir. Ananın işləyib işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında atanın aliment formasında maddi dəstəyi zəruridir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasızdır. Kollegiya həmçinin apellyatorun qətnamənin nəticə hissəsindəki “başqa gəlirlər” uşağın maraqlarına xidmət etmədiyi üçün həmin hissənin təmin edilməməsinə dair dəlilinə qiymət verərək əvvəla hesab edir ki, qeyd edilən söz birbaşa uşağın maraqlarına xidmət edir. İkincisi də qeyd edilən söz Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbləri baxımından düzgün və olduğu kimi yazılmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olduğu üçün apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3537/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar