Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1390/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredi müqaviləsinin ləğv edilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan 178133 manat əsas borc, 81005.97 manat faiz borcu, 196152.80 manat dəbbə borcu, ümumilikdə 455291.77 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 745.29 manat dövlət rüsumu və 1.12 manat bank xidməti haqqının Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan xx.xx.2020-ci il tarixli RPZG-00010- 00/20A saylı sonrakı ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanında yerləşən 9 saylı mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin, Cavabdeh tutulması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, 36 ay müddətinə, 17 faiz olmaqla 178133 AZN məbləğində kredit verilmişdir və Cavabdeh isə həmin kreditdən xx.xx.2019-cu il tarixli, DEN-00011- 00/19A saylı kreditin bağlanması məqsədi ilə istifadə etməyi və onu 12 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2023-cü il tarixədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçıyla RPZG-00010-00/20A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq, mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanında yerləşən 9 saylı mənzili xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. "xxxx" MMC tərəfindən 2019-cu il tarixində Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanında yerləşən 9 saylı mənzilin qiymətləndirilməsi keçirilmiş və mənzilin real bazar dəyəri 250 000 manat, likvid dəyəri isə 230 000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq, ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 7-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 178 133 manat, faizlərin məbləği 81 005.97 manat, dəbbə borcu 196 152.80 təşkil edir. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixə ümumi borcu 455 291.77 manat təşkil edir.
3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia ərizəsi qismən təmin edilmişdir.
4. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:
5. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir, tərəflər arasında kredit müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanılmışdır. Həmin vaxtdan etibarən kredit müqaviləsi üzrə öhdəliklər birinci ayda artıq pozulmuşdur. Buna baxmayaraq iddiaçı heç bir hərəkət etməyərək öhdəliklərin pozulmasına göz yumaraq hüquq müdafiə vasitələrinə əl atmamışdır. İddiaçı müqavilənin sonunu gözləyərək qəsdən cərimə borcunun şişməsinə şərait yaratmış və bununla da hüquqlarından sui-istifadə etmişdir. Lakin məhkəmə işin bu hallarını araşdırmamış və hazırkı işdə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinin tətbiqi imkanlarını lazımi səviyyədə dəyərləndirməmişdir. Bu səbəbdən hesab edir ki, dəbbə borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız hesab edilməli və həmin hissədə qətnamə ləğv edilərək iddia rədd edilməlidir. Qanunun tələbinə əsasən hazırkı iş üzrə ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehlər yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılmasına dair iddia tələbi ümumiyyətlə məhkəmə baxışının predmeti ola bilməzdi. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsini müvafiq hissədə ləğv edərək iş üzrə icraata həmin hissədə xitam verməli idi. Göstərilənlərə əsasən, qətnamənin faiz və dəbbə borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə, ipoteka predmeti satıldıqda sonra cavabdehin həmin əmlakı tərk etməsi hissəsində işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: 6.Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi
7. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və elektron kabinet vasitəsi ilə ərizə verərək, işə onların iştirakı olmadan baxılaraq, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
8. “Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, RPZ-00010-00/20A saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, 17 faiz olmaqla 178133 manat məbləğində kredit verilmişdir.
9. 27 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 178.133,00 manat, faiz borcu üzrə 81.005,97 manat, dəbbə borcu 196.152,80 manat, cəmi 455291,77 manat təşkil edir.
10. xx.xx.2020-ci il tarixli RPZG-00010-00/20A saylı Sonrakı İpoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanda yerləşən 9 saylı mənzili xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsinə əsasən öhdəliyin təmin edilməsi məqsədilə ipoteka saxlayan “Bank "xxxx" ASC-nin xeyrinə yüklü etmişdir.
11. 13 mart 2023-cü il tarixli MXD-2023/970 saylı bildirişdən görünür ki, Cavabdeh öhdəliyini 5 (beş) gün müddətində tam formada icra etməsi ilə bağlı xəbərdarlıq edilmiş, Bankın pul tələbləri ödənilməzsə, tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. Bakı Nikah evi tərəfindən 02 iyun 2012-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 05 noyabr 1993-cü il tarixdə nikah bağlanmış, bu barədə həmin tarixdə 2580 nömrəli qeyd edilmişdir. Ərə Hüseynzadə, arvada Hüseynzadə soyadı verilmişdir.
13. 24 avqust 2021-ci il tarixdə 29 saylı notariat ofisində təsdiqlənmiş ərizədən görünür ki, X1 Natiq Hüseynağa oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22, 9 saylı mənzilin "xxxx" ASC-yə ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzil Cavabdeh tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2019-cu il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzil "xxxx" ASC-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 3288 nömrəli reyestr kitabının 307310 nömrəli vərəqində qeydiyyata alınmışdır.
16. 17.03.2023-cü il tarixli "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 13 mart 2023- cü il tarixli MXD-2023/970 saylı bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Həmin bildiriş xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.
17. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 90/5091/2023 №-li rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı, xx.xx.2020-ci il tarixli, RPZ-00010- 00/20A №-li Kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə: - əsas borc üzrə 178 133,00 manat; - faiz borcu üzrə 81 005,98 manat; xx.xx.2023-cü il tarixə: - əsas borc üzrə 178 133,00 manat; - faiz borcu üzrə 88 408,40 manat
18. “X5 Mərkəzi” MMC-nin 03 sentyabr 2023-cü il tarixli YDQM № 005-045/2023 saylı hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzilin bazar dəyəri 322 000 AZN, likvid dəyəri isə 290 000 AZN müəyyən edilmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə görə, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 39.4-cü maddəsinə əsasən tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. 39.5-ci maddəsinə əsasən bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadı: Bənd 11. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Bənd 21. ...kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
20. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, faiz və dəbbə pulu hissədə, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Apellyasiya şikayətinin faiz borcunun şişirdilməsi barədə dəlili üzrə kollegiya qeyd edir ki, rayon məhkəməsi faiz borcunu 81 005,98 manat müəyyən edilməsi barədə qənaətə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 90/5091/2023 nömrəli ekspert rəyinə əsasən gəlmişdir. Mülki iş materiallarında həmin rəyin əsaslılığını şübhə altına ala biləcək hər hansı sübut yoxdur. Bu baxımdan, apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
23. Cavabdehin apellyasiya şikayətinin borclu tərəfindən ilk aydan öhdəlik icra edilmədiyi halda, iddiaçı tərəfindən hüquqdan sui-istifadə edilərək məhkəməyə gec müraciət edilməsi, nəticədə faiz borcunun şişirdilməsi barədə dəlili üzrə Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən öhdəliyin icra müddətindən əvvəl məhkəməyə müraciət etməsi müqaviləyə əsasən, onun hüququ kimi müəyyən edilmişdir.
24. MM-in 427.1-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
25. Bundan başqa cavabdehin də qeyd etdiyi kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borclu, yəni cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.
26. Mülki Məcəllənin 5.3-cü maddəsinə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
27. MM-in 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Bununla da məlum olur ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklə bağlı mülki dövriyyənin subyekti kimi vicdanlılığın tələb etdiyi tərzdə davranmamışdır.
29. Cavabdehin apellyasiya şikayətinin dəbbə pulu ilə bağlı MM-in 467-ci maddəsinin tətbiqinin lazımi dəyərləndirilməməsi barədə dəlili üzrə Kollegiya qeyd edir ki, rayon məhkəməsi iddiaçının tələb etdiyi 196152,80 manat cərimə borcunu MM-in 467-ci maddəsinə əsasən, yaranmış borc məbləğinə mütənasib olmadığından azaldaraq, 10000 manat müəyyən etmişdir ki, bu da hazırkı iş üzrə əsas və faiz borcu baxımından ağılabatandır, demək ki, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
30. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehlər yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılmasına dair iddia tələbi ümumiyyətlə məhkəmə baxışının predmeti ola bilməzdi.
31. Kollegiya həmin dəlil üzrə qeyd edir ki, MM-in 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
32. MM-in 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir.
33. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
34. Beləliklə, Kollegiya qeyd edir ki, xx.xx.2020-ci il tarixli RPZG-00010-00/20A saylı sonrakı ipoteka müqaviləsi ilə ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanda yerləşən 9 saylı mənzili xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsinə əsasən öhdəliyin təmin edilməsi məqsədilə ipoteka saxlayan “Bank "xxxx" ASC-nin xeyrinə yüklü etdiyindən, iddiaçının hazırkı kredit müqaviləsi ilə bağlı tələbi üzrə, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə tələbinə məhkəmədə baxılması, Qanunun tələblərinə uyğun olmuşdur.
35. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Nəticə:
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
38. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.