Məhkəmə qərarları › İş №2(103)-1393/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1393/2025

12.02.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1393/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1393/2025 (Açar sözlər: əmlakda payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4364/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci il tarixində nikaha daxil olaraq ailə qurmuşlar. Aralarındakı nikah Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok mənzil 14-də 1/3 pay olmaqla mülkiyyət hüququnun tanınması, eyni zamanda 50 manat iddia ərizəsinin hazırlanması üçün, 61 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun da Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X4 adlı övladı anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaqları mümkün olmamış, nəticədə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, mənzil 14 nikahdan əvvəl -xx.xx.2016-ci ildə illik 8 faiz ilə alınmış olsa da, mənzil ipoteka krediti ilə (69050 aznə) alınmış, ipoteka kreditinin aylıq ödənişləri (aylıq ödəniş 568,57 manat təşkil etmişdir.) birlikdə ödənilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulduğundan və həmin müddətdə ipoteka ödənişləri birlikdə ödədiyindən hesab edir ki, sözügedən mənzil birgə mülkiyyət hesab edilməlidir və paylar müəyyən edilməlidir. Hal-hazırda banka olan borc 52575 manat təşkil edir. Buna görə də hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, mənzil 14 birgə mülkiyyət hesab edilməli, həmin mənzilin 1/3 hissəsində onun payı müəyyən edilməlidir. Bildiyi qədərilə hal-hazıra qədər banka 40.000 manatdan artıq pul ödənilib. Sözügedən mənzili də anası təmir etdirmişdir, təmir xərci ilə bağlı anası tərəfindən cavabdehə qarşı iddia qaldırılmışdır, sözügedən iddia Yasamal Rayon Məhkəməsinin icraatındadır. Bununla belə hesab edir ki, ipoteka ödənişləri onun tərəfindən cavabdehlə birlikdə ödənildiyi üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, mənzil 14 -də onun da payı var. O, banka olan borcu da nəzərə almaqla həmin payı 1/3 olaraq qiymətləndirir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4364/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1, 225.4, 666.1, 666.2-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 35, 36.3, 37.1-ci maddələrinin, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, baxmayaraq ki, mənzil nikah dövründən əvvəl alınıb, lakin mənzilə görə ödənilən ipoteka müqaviləsindən irəli gələn xərclər birgə təsərrüfat dövründə qarşılanmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iclasdan öncə məhkəməyə ərizə ilə müraciət edərək işin barışıqla həll olunma imkanının mövcud olmasını nəzərə alaraq iclasın təxirə salınmasını xahiş etsə də, apellyasiya baxışında iştirak edərək bildirmişdir ki, tərəflər nikaha daxil olan ərəfədə evin təmiri aparılmışdır və bunu o özü aparmışdır. Bu barədə hazırki iş üzrə cavabdehə, yəni kürəkəninə qarşı ayrıca iddia da qaldırmışdır. Həmin iş üzrə ekspertiza təyin olunmuşdur. Tərəflər arasında nikah 2023-cü ildə pozulsa da, qızı 2021-ci ildə öz evlərinə qayıdıb. Evin ödənişləri birgə edilib.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayətin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mənzil nikahdan öncə alınıb. Evin təmirini iddiaçının anası edib. Birgə nikah dövründə ipoteka müqaviləsi çərçivəsində ödənilmiş məbləğin yarısını ödəməyə hazırdır

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

13. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

14. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

15. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

16. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri 2 üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

17. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

18. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

19. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

20. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

21. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Kollegiya iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

32. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 5xx-xx-2016-RA-BM saylı, 10 iyun 2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank borcluya müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində tikilməkdə olan bina 1, blok 1, mərtəbə 4, ümumi sahəsi 69,75 kv.m. ibarət 2 otaqlı 14 nömrəli mənzilin alınması üçü 240 ay müddətinə, illik 8% hesablanmaqla 69050,00 manat məbləğində kredit vermişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş kredit öhdəliklərinin icrasının təminatı üsulu ipoteka və 5-xx-xx-2016-RA-BM nömrəli, 10 iyun 2016-cı il tarixli zaminlik müaviləsindən irəli gələn zaminlikdir. Müqavilənin 5.3-cü bəndinə əsasən borcalan kredit 240 ay müddətinə verilir.

33. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 22 saylı, 10 iyun 2016-cı il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK E.Xəlilov 1 (S.Qocayev 142) saylı küçəsində inşa edilən (inşa edilmiş) 3 girişli 13 mərtəbəli yaşayış binasında giriş 1, mərtəbə 4, ümumi sahəsi 69,75 kv.m. ibarət 2 otaqlı, 14 saylı təmirsiz mənzili Cavabdeh təhvil verməyi, Cavabdeh isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə qiymətinin 7675 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 69-50 manat isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcək.

34. "xxxx" ASC-nin 15 oktyabr 2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, 5-xx-xx-2016-RA-BM saylı, 10 iyun 2016-cı il tarixli təminatlı kredit müqaviləsi üzrə 15 oktyabr 2024-cü il tarixə borc 51701.36 manat təşkil edir. Kreditin müddəti 10 iyun 2036-cı il tarixdə bitəcəkdir.

35. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-447/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh ilə Məmmədli (Acalova) Nigar Mədət qızı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi ilə bağlanmış 54 saylı akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 anası Məmmədli (Acalova) Nigar Mədət qızının himayəsində saxlanılması, Cavabdeh Məmmədli (Acalova) Nigar Mədət qızının xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

36. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 01 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 16 oktyabr 2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, 14 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

37. Qeyd olunduğu kimi mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin qeyd olunan tələblərinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qeyd olunmalıdır ki, prosessual qanunvericiliyin normalarının mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

38. İşdən göründüyü kimi tərəflərin nikahı xx.xx.2017-ci il tarixində bağlanmışdır. Hazırda iddiaçı tərəfindən birgə nikah dövründə əldə edilməsi vurğulanan əmlak 10 iyun 2016-cı il tarixində bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə olunmuşdur.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: ·əmlakın ər-arvadın nikah müddətində əldə olunması; ·əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərar).

40. Hazırki iddia tələbinin təhlili onu göstərir ki, bu 2 mühüm şərtin ilki, yəni birgə nikah dövründə əldə olunma baş verməmiş, mübahisəli mənzil hələ tərəflər nikaha girmədən öncə cavabdeh tərəfindən alınmışdır.

41. Mübahisəli mənzilin tərəflərin birgə təsərrüfatdan irəli gələn ümumi gəlirlər hesabına əldə olunmasına münasibətdə isə Kollegiya qeyd etməyi zəruri hesab edir ki, istər tərəflərin izahatlarında, istərsə də apelyasiya icraatı zamanı məlum olmuşdur ki, mülkiyyətin əldə olunması birgə gəlirlər hesabına baş verməmişdir.

42. Qeyd olunan halların mötəbər hesab olunması üçün həmin sübutlar bir sıra şərtlərə cavab verməlidir. Hazırki iddia tələbinin predmeti qismində birgə nikah dövründə əldə olunan əmlaka payın müəyyən edilməsi tələbi çıxış edir. Yəni göründüyü kimi, iddiaçı tərəfindən analoji halların mövcudluğunu sübut olunması üçün ilk növbədə həmin əmlakın birgə nikah dövründə əldə olunması, müvafiq ödəmələri birgə təsərrüfat zamanı həyata keçirilməsini sübut edən sənədlər və s. hallar iddiaçı tərəfindən əsaslandırılmalıdır.

43. Məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

44. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

45. Lakin, iddiaçının nümayəndəsi, yəni anası belə öz izahatında bildirmişdir ki, mənzilə dair tikinti xərcləri onun tərəfindən (ana tərəfindən) qarşılanmışdır və cavabdeh tərəfindən də bu fakt mübahisələndirilmir. Lakin hazırda müvafiq məsələyə digər məhkəmə icraatı çərçivəsində hüquqi qiymət verildiyindən Kollegiya bu məsələyə münasibət bildirilməsini zəruri hesab etmir.

46. Apelyasiya şikayətinin əsaslandırılması qismində iddiaçı tərəfindən qeyd olunan ipoteka müqaviləsindən irəli gələn ödənişlərin birgə təsərrüfat dövrünə təsadüf etməsinə münasibətdə isə qeyd olunmalıdır ki, cavabdeh də öz izahatında bildirmişdir ki, birgə nikah dövründə ipoteka müqaviləsi çərçivəsində ödənilmiş məbləğin yarısını iddiaçıya ödəməyə hazırdır və iddiaçının müvafiq tələblə ayrıca olaraq iddia qaldırmaq hüququ vardır.

47. Beləliklə, nikaha qədər tərəflərə məxsus olan və ya nikah dövründə onlardan birinin hədiyyə, vərəsəlik və s. əvəzsiz əqdlər üzrə əldə etdiyi əşya ərin və ya arvadın şəxsi mülkiyyəti hesab olunur.

48. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

49. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

50. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

51. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4364/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar