Məhkəmə qərarları › İş №2(103)-1397/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1397/2020

27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1397/2020 27.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “Lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 04.05.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “Lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 27 may 2014-cü il tarixli “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19 fevral 2018-ci il tarixə 6311.94 manat əsas, 3247.61 manat mükafat və həmin günə hesablanmış 7571.67 manat dəbbə pulunun, cəmi 17131.22 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: İddiaçı ASC ilə X4 arasında bağlanmış 27.05.2014-cü il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, 1Q-PV-388 dövlət qeydiyyat nişanlı, XWB5V319DEA533983 ban, 0152 mühərrik nömrəli, qara rəngli avtomobil X3 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 10 iyul 2014-cü il tarixdə X4, X1 və İddiaçı ASC arasında “Öhdəliklərin ötürürtilməsi” müqaviləsi bağlamışdır və 27.05.2014-cii il tarixli “Daxili Lizinq” müqaviləsi üzrə X1 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 16.04.2015-ci il tarixdə X1, X5 və İddiaçı ASC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamışdır və 27.05.2014-cü il tarixli "Daxili Lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 30.09.2015- ci il tarixdə Ə.Məmmədov, Cavabdeh və İddiaçı ASC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamışdır və 27.05.2014-cü il tarixli AL-408 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 17% hesablanmaqla 49 aylıq müddətə, hər ay sabit olaraq 329.64 manat, ümumilikdə isə 16152.07 manat lizinq şirkətinə ödəməyi Öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 30.09.2015-ci il tarixdə 344 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 27.05.2014-cü il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19.02.2018-ci il tarixə 6311.94 manatborcu yaranmışdır. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. X2 16.1-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1 -ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 16.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. Öhdəliklərin ötürülməsi müaviləsinin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 04.05.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə bağlanmış 27.05.2014-cü il tarixli X2 ləğv edilməsi, Cavabdeh 6311,94 manat əsas borcun, 3247,61 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: PV-388 dövlət qeydiyyat nişanlı, XWB5V319DEA533983 ban, 0152 mühərrik nömrəli, qara rəngli avtomobil 2015-ci il tarixində İddiaçı” ASC-nin əməkdaşları tərəfindən yaşadığı evin həyətində ondan alınmış və ona bildirilmişdir ki, artıq bundan sonra avtomobilə görə ödəniş etməyəcək. Belə ki, lizinq müqaviləsi başqa şəxsin adına rəsmiləşdiriləcəkdir. Lakin bəlli olmuşdur ki, lizinq müqaviləsi ləğv edilməmiş və avtomobillə bağlı başqa şəxs arasında müqavilə bağlanmamışdır. Lakin sonradan məlum olmuşdur ki, lizinq obyekti olan avtomobil 3 il tanımadığı şəxsin istifadəsində olmuş, o da avtomobili idarə etmiş və avtomobil sonuncu dəfə Bərdə rayonunda 23 fevral 2018-ci il tarixdə Bərdə RPİ-nin cərimə meydançasından götürülərək şirkətin müvəqqəti duracağına gətirilmişdir. Avtomobil 2015-ci ildən 2018-ci ilədək onun istifadəsində olmamışdır. Lakin bu hallar, yəni lizinq obyektinin 2015-ci il tarixdən 2018-ci ilədək onda olmaması məhkəmədən gizlədilmişdir. Qeyd edilənlərlə yanaşı məsələyə aydınlıq gətirmək məqsədilə İddiaçı ASC-nin əməkdaşı və məsul şəxsi olan Ramin adlı şəxslə görüşmüş və o bildirmişdir ki, avtomobil artıq satılıb. Lizinq obyekti artıq 4 ildir ki, İddiaçı ASC-nin əməkdaşları tərəfindən alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinov apellasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, lizinq obyektindən istifadə ilə bağlı haqq tələb olunur. Avtomaşın həqiqətən 2018-ci ildə Öərdə rayon Pİ-nin cərimə meydançasından götürülmüşdür. Lakin həmin vaxta qədər cavabdehin istifadəsində olmuşdur. Ona görə həmin tarixədək yaranan borcu tələb edirlər. Qarşı tərəf avtomaşının onun iradəsindən kənar, və yaxud lizinq şirkəti tərəfindən başqa şəxsə verilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Avtomobil 2014 ildən 2018 ilə kimi iddiaçıda olmuşdur. Ona görə apellyasiya şikayətinin təmin olunması üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları bunlardır: İddiaçı ASC ilə X4 arasında bağlanmış 27.05.2014-cü il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən “İddiaçı" ASC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA533983 ban, 0152 mühərrik nömrəli, qara rəngli avtomobil X3 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 10 iyul 2014-cü il, 16.04.2015-ci il və 30.09.2015-ci il tarixdə “Öhdəliklərin ötürürülməsi” müqavilələri bağlamış və sonuncu müqavilə ilə Cavabdeh “Daxili Lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 17 % hesablanmaqla 49 aylıq müddətə hər ay sabit olaraq 329.64 manat, ümumilikdə isə 16152.07 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. 03.05.2018-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 27.05.2014-cü il tarixli daxili lizinq müqaviləsi üzrə 19.02.2018-ci il tarixə 6311,94 manat əsas borcu, 3247,61 manat mükafat borcu, 7571,67 manat cərimə olmaqla, cəmi 17131,22 manat məbləğində borcu var. Mübahisə ilə bağlı dəyərləndirmə: İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış Daxili lizinq müqaviləsinə əsasən, cavabdehə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA533983 ban, 0152 mühərrik nömrəli, qara rəngli avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddiaçı 19 fevral 2018-ci il tarixə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə borcun ödənilməsini, lizinq müqaviləsinin ləğvini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1. maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, lizinq müqaviləsinin mahiyyəti, əşyanı dəyəri ödənilməklə müəyyən müddətə istifadəyə götürməkdən ibarətdir. Lizin verən əşyanı geri alırsa, əşyaya görə haqq ödənilməsi həmin vaxtdan dayanır. Çünki lizinq mükafatı əmlakdan istifadəyə görə edilən ödənişdir. İddiaçı iddia ərizəsinə əlavədə avtomaşının 23 fevral 2018-ci il tarixdə lizinq şirkətinə qaytarılmasını təsdiq etmişdir. Cavabdeh bildirir ki, avtomobil 2015-ci il tarixdə İddiaçı ASC-nin əməkdaşları tərəfindən yaşadığı evin həyətində ondan alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh istinad etdiyi halı təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Mübahisəli avtomobil 23 fevral 2018-ci il tarixdə Bərdə RPİ-nin cərimə meydançasından götürülərək lizinq şirkətinin duracağına gətirilmişdir. Bununla əlaqədar olaraq, iddiaçı avtonobilin geri qaytarılması barədə tələbdən imtina edərək, iddia tələbinin azaldılması barədə ərizə təqdim etmişdir. Bundan başqa, avtomaşın təhvil verildiyi zaman tərəflər arasında təhvil-təslim aktı imzalanmalıdır. Lakin hazırkı iş üzrə belə bir akt mövcud deyil. Çünki avtomaşın Bərdə RPİ-nin dayanacağından tapılaraq ötürülmüşdür. Cavabdeh həmin avtomaşının iddiaçı şirkət tərəfindən götürülməsi, başqa şəxsə verilməsi ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinin tələblərinə uyğun olaraq cavabdehin ona verilən pulun bir hissəsini hədiyyə kimi almasını, borc aldığı hissəni isə qaytaraması faktını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəmə iclaslarına gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinəəsasən məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh öz etirazlarına dair sübutlar təqdim edə bilmədiyi üçün apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 04.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar