Məhkəmə qərarları › İş №2(103)-1397/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1397/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1397/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit borcunun qaytarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-494/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4889.90 manat əsas; 362.71 manat faiz;cəmi 5252.61 manat məbləğində vəsaitin və ödənilmiş 72.53 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK1931263B249 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 4889.90 AZN əsas; 362.71 AZN faizc; cəmi 5252.61 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-494/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 13 iyun 2023-cü il tarixli, RGTK1931263B249 saylı kredit müqaviləsinə əsasən 4889,90 manat əsas borc, 315,02 manat məbləğində faiz borcu olmaqla, cəmi 5204,92 (beş min iki yüz dörd manat doxan iki qəpik) manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 71 (yetmiş bir) manatı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması; qalan hissədə iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 99 (doxsan doqquz) manatın Cavabdeh, 01 (bir) manatı isə İddiaçı ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul etmişdir, odur ki, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi elektron qaydada ərizə verərək işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin əsassız olması səbəbindən təmin edilməməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

7. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK1931263B249 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir.

8. xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 29xx.xx.2023-cü il tarixli, RGTK1931263B249 saylı kredit müqaviləsinə əsasən 4889,90 manat əsas, 362,71 manat faiz, cəmi 5252,61 manat borcu yaranmışdır.

9. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023- cü il tarixinə 5119,43 manat məbləğində ümumi borcu, gecikmə günü 47 gün olmaqla 315,02 manat məbləğində gecikmə yaranmışdır.

10. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4098 №-li ekspert rəyindən məlum olur ki, hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK1931263B249 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 4889,90 manat, faiz borcu üzrə 315,13 manat müəyyən edilmişdir. Qeyd edilmişdir ki, ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, RGTK1931263B249 saylı kredit müqaviləsinin 3.1.4-cü bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmamışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

12. Maddə 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş veribverməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

20. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

21. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

25. Maddə 146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

34. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

36. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, tərəflər arasında müvafiq kredit müqaviləsi bağlanmış, cavabdeh öhdəliyi yerinə yetirməmiş, kreditor borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

39. Müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir.

40. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.

41. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

42. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə əsasən, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Həmçinin rayon məhkəməsi qeyd etmişdir ki, borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Odur ki, faiz borcunun məbləğinə münasibətdə isə məhkəmə xx.xx.2023-cü il tarixli bildirişi əsas götürərək hesab etmişdir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 315,02 manat (pretenziya məktubunun ünvanlandığı tarixə yaranmış faiz borcu) faiz borcu tutulmalıdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi barədə mövqeyi işin halları və hüquq normalarının tələbinə uyğun olmuşdur.

44. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə mülahizə xarakterli olduğundan əsassızdır və təmin edilməməlidir.

45. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Bununla da, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə:

48. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-494/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilmişdir. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar