Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1403/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2(006)-2986/2024 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2017-ci il tarixində borcun etirafı haqqında müqaviləyə əsasən iddiaçı cavabdehə 45.000 dolları məbləğində borc vermiş, borc alan isə etiraf etdiyi borcu xx.xx.2018-ci tarixədək hissə-hissə (22.500 ABŞ dolları-xx.xx.2018-ci ilədək, 22.500 ABŞ dolları-xx.xx.2018-ci ilədək) qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda İddiaçı cavabdehin 44.524 (qırx dörd min beş yüz iyirmi dörd) ABŞ dollarının ödəmədiyini bildirərək, həmin məbləğin və borcun gecikdirilməsinə görə illik 5 faiz məbləğin hesablanmaqla cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 44.524 (qırx dörd min beş yüz iyirmi dörd) ABŞ dolları borc məbləğinin, borcun 6 il gecikdirilməsinə görə illik 5% hesablanmaqla 13.357 (on üç min üç yüz əlli yeddi) ABŞ dolları olmaqla, cəmi 57.881 ABŞ dolları pulun Mərkəzi Bank tərəfindən müəyyən edilən ödəniş gününə manat məzənnəsilə hesablanaraq (57.881 x 1.7= 98.397 azn), dövlət rüsumunun əvəzi olaraq 390 (üç yüz doxsan) manatın və hüquqi xidmətə görə ödənilən 300 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 01 dekabr 2017-ci il tarixində 3M-2658 nömrəli borcun etirafı ilə bağlı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 45.000 (qırx beş min) ABŞ dolları məbləğində borcun alındığını etiraf etmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixində cəmi 300 ABŞ dolları məbləğində pul vəsaiti nəğd şəklində ödənilmişdir. Bununla bağlı 01 dekabr 2017-ci il tarixində 3M-2658 nömrəli müqavilənin 1-ci səhifəsini borclu öz əl yazısı ilə qeydiyyat aparmış və imza etmişdir. Bundan başqa 03 aprel 2024-cü il tarixdə 300 AZN (176 ABŞ dolları ekvivalentində) bank kartı vasitəsilə ödənilmişdir. Bununla bağlı “Whatsapp” mobil tətbiqi üzərindən tərəflər arasında yazışma və ödənişi təsdiq edən çıxarış da göndərilmişdir. Geri qalan 44.524 (qırx dörd min beş yüz iyirmi dörd) ABŞ dolları isə ödənilməmişdir. Belə ki, tərəflərindən 29 aprel 2024-cü il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir. Həmin məktuba əsasən, cavabdehə borcunu 7 (yeddi) gün ərzində ödəməsini, ödəməzsə, tərəflərindən məhkəməyə müraciət olunacağını və bu zaman məhkəməyə müraciətlə bağlı ödənilən rüsumun, mediasiya xərcinin, borclunun icranı gecikdirməsi ilə bağlı cərimənin, həmçinin hüquqi yardımla əlaqədar vəkilə ödənilən məbləğin də ondan tutulacağını bildirmişlər. Amma cavabdeh tərəfindən ödəniş edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2(006)- 2986/2024 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 33.324 ABŞ dolları (otuz üç min üç yüz iyirmi dörd) əsas borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 9997,2 dolları (doqquz min doqquz yüz doxsan yeddi dollar, iyirmi sent) faiz borcu olmaqla, ümumilikdə 43.321,2 ABŞ dolları (qırx üç min üç yüz iyirmi bir dollar, iyirmi sent) məbləğində borcun tutulması (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), Cavabdeh iddiaçı X5 xeyrinə hüquqi xidmət üçün ödədiyi 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 291.9 manat, cəmi 591.9 (beş yüz doxsan bir manat, doxsan qəpik) manat məbləğində pulun tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında olan “Whatsapp” proqramı vasitəsilə olunan yazışmalar ilə cavabdehin iddiaçıdan pul alması və həmin borcu tam şəkildə qaytarmaması təsdiq olunur. Məhkəmə hesab etmişdir ki, iddiaçı verdiyi borcu geri tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, cavabdeh borcunu tam şəkildə ödədiyini, hətta 5000 USD dolları daha çox ödədiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh Şahsuvaroğlu Ender tərəfindən təqdim edilən 2 dəqiqə 58 saniyəlik səs yazısından görünür ki, cavabdeh 10.000 ABŞ dollarını və 1.200 ABŞ dollarını iddiaçıya verdiyini qeyd etmiş, iddiaçı isə bunu inkar etməmiş, lakin həmin məbləğin faiz məbləği olduğunu bildirmişdir. Beləliklə məhkəmə qeyd etmişdir ki, həmin səs yazısı ilə cavabdeh Şahsuvaroğlu Ender tərəfindən iddiaçı X7 11.200 ABŞ dollar məbləğində pulun ödənilməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh ilə iddiaçı arasında olan səs yazıları gizli səs yazısı olsa da sübut kimi qəbul edilməlidir. Çünki bu halda səs yazısındakı tərəflər eyni olmuş və hazırki müqavilə tərəfləri arasındakı borcun ödənilməsi kimi danışıqları əhatə etmiş, cavabdeh özünü hardasa sığortlamaq üçün bu addıma əl atmışdır. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı X8 "pul tələbinə dair" məhkəməyə müraciət edərək, cavabdehin ona 44.524 USD dolları məbləğində borcunun olduğunu bildirsə də, iş materiallarından görünür ki, cavabdeh tərəfindən 2018-ci ildə ödənişlər edilmiş və hazırda onun iddiaçıya yalnız 33.324 USD dolları (44.524 USD-11.200 USD) məbləğində borcu qalmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh borc müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilələrin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla xx.xx.2017-ci il tarixli borc müqaviləsi üzrə 13.357 (on üç min üç yüz əlli yeddi) ABŞ dolları məbləğində pulun tutulması hissəsində qismən təmin edilməli, müqavilə üzrə əsas borc 33.324 manat müəyyən edildiyindən, 5% illik faiz dərəcəsi nəzərə alınmaqla cavabdehdən borcun 6 il gecikdirilməsinə görə illik 5% hesablanmaqla 9.997.2 ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə ödənilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə görə “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına 300 manat ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri-ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (291.9 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin qətnamədən narazı qalan iddiaçı X8 və Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qarşı tərəf borc müqaviləsi üzrə öhdəliyini icra etməsə də, məhkəmə öhdəliyin qismən icra edilməsi barədə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə tərəfindən hansı sübutlar əsasında borclunun öhdəliyini qismən icra etməsini dəqiqləşdirilməmişdir. Göstərilənlərə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2(006)-2986/2024 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam şəkildə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə özünün sübut kimi qəbul edib istinad etdiyi hallara obyektiv hüquqi qiymət verməmiş, həmin sübutları əsasən iddiaçının xeyrinə olan sübut kimi təfsir etmişdir. Bundan başqa, məhkəmə işin düzgün həll edilməsinin təmin olunması məqsədilə cavabdehin iştirakını məhkəmədə təmin etməli və cavabdeh tərəfin dəlil və sübutlarını məhkəməyə təqdim edilməsinə şərait yaratmalı onu dinləməli və bundan sonra mübahisəyə obyektiv hüquqi qiymət verməli olduğu halda, bunu etməmiş və cavabdehin Türkiyə Respublikası vətəndaşı olmaqla, məhkəmədə onu tərcüməçi ilə təmin etməməklə, ona qarşı verilmiş iddiadan müdafiə olunmaq hüququnu təmin etməmişdir. Hətta məhkəmə, cavabdehin vəkilinin iştirakını məhkəmədə təmin etməmişdir. Digər tərəfdən iş materiallardan və qətnamədən görünür ki, cavabdeh iddianı qəbul etməmiş və iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir. Cavabdeh bildirir ki, ümumiyyətlə iddiaçından heç vaxt pul almamışdar, onunla aralarında hər hansı borc münasibətləri olmamışdır. O, iddiaçının qardaşı X2 bir neçə dəfəyə, cəmi 45.000 ABŞ dolları məbləğində pul borca aldığını və həmin borcunu da Məmmədə qaytardığını göstərmişdir. Bu fakt cavabdehin məhkəməyə təqdim etdiyi tərəflər arasındakı telefon danışığı ilə də təsdiq olunmuşdur. Məhkəməyə təqdim olunmuş tərəflər arasındakı səs yazısından da görünür ki, cavabdeh iki il ərzində 2.000 ABŞ dolları, həmçinin əlavə olaraq 10.000 ABŞ dolları pul ödədiyini, iddiaçı isə həmin məbləğin 2.000 deyil, 1.200 ABŞ dolları olduğunu və həmin pulların da Məmməd adlı şəxsə verildiyini bildirir. Həmçinin danışıqdan belə məlum olur ki, cavabdeh tərəfindən verilən bu pullar faizlə bağlı ödənilən pullar olmuşdur. Məhkəmə isə Məmməd adlı şəxsin tərəflər arasındakı mübahisəyə hansı aidiyyətinin olmasını, nə üçün pulun Məmmədə ödənilməli olduğunu, tərəflər arasındakı müqavilədə faiz nəzərdə tutulmadığı halda ödənilən pullar hansı faizə hesablandığını aydınlaşdırmamışdır. Bundan başqa, tərəflər arasındakı həmin telefon danışıqlarında iddiaçı tərəfindən cavabdehin iki il ərzində 2.000 ABŞ dolları deyil, 1.200 ABŞ dolları pul ödədiyi etiraf olunsa da, məhkəmə həmin telefon danışığını sübut kimi qəbul etməsinə baxmayaraq, nədənsə cavabdehin yalnız bir ay 1.200 ABŞ dolları ödədiyini qəbul etmiş, qalan ödənişlərini isə qəbul etməmişdir. Bu isə iddia tələbinin tam və ya hansı hissədə ödənilməsinin sübut edilməsində mühüm əhəmiyyətə malik olan dəlildir. Belə ki, digər ödənişlər nəzərə alınmadan, təkcə iki il ərzində 2.000 ABŞ dolları və 10.000 ABŞ dollarının ödənildiyi təqdirdə artıq 45.000 ABŞ dollarından artıq məbləğdə ödənişin edildiyi təsdiq edilir. Digər halda, iki il ərzində iddiaçının özünün etiraf etdiyi kimi 1.200 ABŞ və əlavə 10.000 ABŞ dolları ödənildiyi halda isə borcun məhkəmənin hesabladığı miqdardan daha az miqdar təşkil etdiyi müəyyən edilir. Bu hallar isə məhkəmədə araşdırılmamış və qətnamədə bu hallara ümumiyyətlə münasibət bildirilməmişdir. Bundan başqa, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi “Whatsapp” yazışmaları və telefon danışıqlarını sübut kimi qəbul edib, iddianın təmin olunan hissədə əsası hesab etsə də, iddiaçının bu dəlilini, cavabdehin təqdim etdiyi dəlil və sübutlarla müqayisəli şəkildə araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. Yəni, bu danışıqların və yazışmaların nə vaxt, hansı şəraitdə yazıldığını aydınlaşdırmamışdır. Bununla bağlı cavabdeh bildirmişdir ki, iddiaçının təqdim etdiyi yazışmalar daha əvvəl olmuşdur. Bundan sonra isə onunla iddiaçı arasındakı məhkəməyə təqdim olunan telefon danışığı olmuşdur ki, həmin danışıqda iddiaçı onların arasındakı borcun konkret məbləğini bildirmir, cavabdehlə Məmməd arasındakı razılaşmada və iddiaçı ilə cavabdeh arasındakı müqavilədə borca görə faiz barədə hər hansı razılaşma olmadığı halda, iddiaçı cavabdehin qeyd etdiyi iki dəfə 30.000 və bir dəfə 10.000 ABŞ dolları pulun gecikməyə görə nəzərə almadığını və bütün bunları məhkəməyə bildirməsini cavabdehə deməklə cavabdehin ödənişlərini qəbul etdiyi göstərmişdir. Həmçinin, tərəflər arasındakı borc münasibətinin yaranmasının əsas səbəbkarı və cavabdehin əsasən ödənişlərini qəbul edən iddiaçının Məmməd adlı qardaşı həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin əsas şahidi olmasına, həmçinin cavabdeh tərəfdən həmin şəxsin məhkəmədə şahid kimi dindirilməsinin təmin olunması barədə vəsatəti təmin olunmamış və məhkəmə həmin şəxsin məhkəməyə gətirilməsinə şərait yaratmamışdır. Bununla da məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd olunduğu kimi məhkəmə tərəflərin təqdim etdiyi telefon danışıqlarını və yazışmaları iddianın qismən təmin olunmasında sübut kimi qəbul etmişdir. Cavabdeh tərəfindən təqdim olunan və məhkəmə tərəfindən sübut kimi qəbul olunan tərəflər arasındakı səs yazısına əsasən cavabdehin ödədiyi məbləğ müqavilədə qeyd olunan məbləğdən artıq miqdar, həmin danışıqda iddiaçının etiraf etdiyi miqdar isə 37.000 ABŞ dollarına yaxın məbləğ təşkil etməsinə baxmayaraq, məhkəmə cavabdehin cəmi 11.200 ABŞ dolları ödədiyini qəbul etmiş, bununula da cavabdeh tərəfindən təqdim edilən sübutlara birtrəfli, qeyri-obyektiv və subyektiv mülahizələrinə uyğun hüquqi qiymət verməklə, iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə iş üzrə əsas şahid olan X3 dindirilməsini təmin etməmişdir. Bu da cavabdehin məhkəmədə tərcüməçi və vəkillə təmin edilməməsi və ona müdafiəsini təşkil etməyə şərait yaradılmaması ilə bağlı olmuşdur. Ona görə də hesab edir ki, işə obyektiv hüquqi qiymət verilməsinin təmin edilməsi məqsədilə həmin şəxs apellyasiya baxışında dindirilməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı cavabdeh Ender Şahsuvaroğluna qarış “pul” tələbinə dair iddiasının qismən təmin edilməsi haqqında 08 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması və ya iddianın daha az hissədə qismən təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsivəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiyada)
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarı.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2017-ci il tarixində borcun etirafı haqqında müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2018-ci tarixədək hissə-hissə (22.500 ABŞ dollarıxx.xx.2018-ci ilədək, 22.500 ABŞ dolları xx.xx.2018-ci ilədək) 45.000 USD məbləğində borc verilmişdir. İddiaçı tərəfindən Şahsuvaroglu Enderə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 390 manat məbləğində dövlət rüsumu vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım xərcinə görə “Kəngərli və Partmyorları” Vəkil Bürosuna 300 manat məbləğində pul ödənilmişdir. Mülki iş materiallarına tərəflər arasında “Whatsapp” sosial şəbəkədə olan yazışmalar, həmçinin həmin yazışmalara olan səs yazıları ilə CD-disklər əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirakı zamanı cavabdeh izahatında göstərmişdir ki, pulu aldığını inkar etmir, lakin borcunu ödəyib, hətta 5000 USD artıq ödəniş etmişdir, lakin iddiaçıya güvəndiyi üçün əlində hər hansı sənəd yoxdur. 24 ay boyunca hər ay 1500 ABŞ dolları ödəniş etmişdir, sübutları olmadığı üçün səs yazısı yazmışdır (i.v.61). Mülki iş materiallarına əlavə edilmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 mülahizəsindən görünür ki, iş üzrə cavabdeh Şahsuvaroğlu Ender tərəfindən təqdim edilən 2 dəqiqə 58 saniyəlik səs yazısı iddia tələbinin rədd edilməsi üçün əsas deyil. Belə ki, həmin səs yazısında cavabdeh israrla 10.000 ABŞ dollarını verdiyini qeyd etsə də, İddiaçı bildirir ki, həmin pul vəsaiti X6 adlı şəxsdən faizə götürdüyü pul vəsaiti ilə bağlı ödədiyi faiz məbləğidir və həmin məbləğ Vaqifə deyil Məmmədə ödənilmişdir. 1.200 ABŞ dolları ilə bağlı isə Vaqif bildirir ki, həmin məbləği də aylıq ödəniş məbləği olaraq Ender Məmməd adlı şəxsə ödəmişdir ki, bunun da 45.000 dollarla əlaqəsi yoxdur. Ender də onunla razılaşır. Həmçinin həmin səs yazısında qeyri-müəyyən ifadələr işlədildiyindən tərəflərin fikirləri aydın olaraq bilinmir. Elə bu səbəbdən də həmin səs yazısı iş üzrə sübut kimi qəbul edilməməlidir. Tərəflər arasında “Whatsapp” yazışması barədə videogörüntü və səs yazısını hazırki mülahizəyə əlavə edilmişdir. Həmin CD diskdə olan videogörüntüdən və səs yazısından aşağıdakılar müəyyən olur: Mülahizəyə əlavə edilən Şahsuvaroğlu Enderlə (*** *** ** **) İddiaçı arasında olan 20 aprel 2023-cü il tarixli səs yazısında Ender Vaqifə bildirir ki, “səbrli ol sənə pul verək. 01 dekabr 2023-cü il tarixli səs yazısında Ender ona 10 il borcu olan şəxsdən pul vəsaitinin alınmasını (öz borcunun əvəzi olaraq) İddiaçı təklif edir və bununla bağlı fikirlər səsləndirir. 29 iyul 2024-cü il tarixli səs yazısında isə Ender bildirir ki, bu gün-sabah dəqiq sənə pul verəcəm. İddiaçı isə cavabında bildirir ki, “7 ildir eyni sözü deyirsən, bezdim bu sözlərdən.” Ender isə cavab olaraq səs yazısında qeyd edir ki, bax bu dəfə görəcəksən olur ya olmur (ödənişi nəzərdə tutur). 19 avqust 2024-cü il tarixli yazışmada Ender Vaqifə bildirir ki, “uzağı 3-4 günə milyon faiz sənə pul (para) verəcəm, gələn həftə və ondan sonrakı həftələrdə də pul verəcəm.” Daha sonra isə növbəti səs yazısında Ender bildirir ki, “işin içinə məhkəmə girsə bizim planlar pozulur” (Vaqifdən iddianı geri götürməsini tələb edir).19 avqust 2024-cü il tarixli “Whatsapp” sosial şəbəkəsi üzərindən olan yazışmada Ender səs yazısında qeyd edir ki, bu həftə ödənişlə bağlı başlanğıcı edəcək. Buradan aydın olur ki, həmin tarixə kimi borcun bağlanması mümkün deyil. Əks halda Ender borcu geri qaytardığını qeyd etməli idi. Tərəflər arasında olan bütün yazışmalarda və səs yazılarında İddiaçı mütəmadi olaraq borc məbləğini geri tələb edir, Şahsuvaroğlu Ender isə pulunun olmadığı üçün vaxt istəyir, üzrxahlıq edir. İş üzrə olan bütün “Whatsapp” yazışmalarında və səs yazılarında Şahsuvaroğlu Ender bir dəfə belə olsun borc məbləğini qaytardığını bildirmir. Daima borcu qaytarmaq üçün müddət istəyir. Vaqif isə daima ödənişin edilməməsi ilə bağlı öz etirazını qeyd edir. Bu baxımdan cavabdehin məhkəmədə bildirdiyi və təqdim etdiyi anlaşılmaz səs yazısı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki 45.000 ABŞ dolları kifayət qədər böyük məbləğdir və cavabdehin onu geri qaytardığı halda səs yazılarına bu barədə heç bir fikir bildirməməsi, etiraz etməməsi onun borcu ödəməsi baxımından qətiyyən inandırıcı deyil. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında olan “Whatsapp” proqramı vasitəsilə olunan yazışmalar ilə cavabdehin iddiaçıdan pul alması və həmin borcu tam şəkildə qaytarmaması təsdiq olunur. Cavabdeh tərəf borcun məbləğini mübahisələndirsə də, qanunvericiliyin tələblərinə əsasən sübutetmə yükü cavabdehin üzərinə düşmüş, lakin buna baxmayaraq ödənilməmiş borcun məbləğinin tələb olunan həddə deyil, daha az olmasına və ya konkret hansı məbləğdə ödənilməmiş olmasına dair, başqa sözlə, borcunu hətta 5000 USD artıq ödəməsini, 24 ay boyunca hər ay 1500 dollar və kollegiya iclasında səsləndirdiyi hər ay 2000 dollar olmaqla ödənişlər etməsinə dair sübutlar təqdim edilməmişdir. Apellyasiya məhkəməsinin iclasında cavabdeh iddiaçıya onun xahişi ilə ad günü münasibəti ilə ehtiyac olduğundan 300 manat məbləğində kartına ödəməklə borc verməsini göstərsə də, bu hal iddiaçı tərəfindən təsdiqlənməmiş, cavabdeh bu faktın təsdiqini sübut etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdeh müqavilədə iddiaçıya ümumi borcdan 300 ABŞ dolları qaytarmasını müqavilədə özü tərəfindən qeyd etməsini təsdiqləsə də, sədrlik edənin sualı olan hansı səbəbdən iddiaçıya hər ay 2000 dollar məbləğini də qaytarmasına dair qeydlərin aparmamasının səbəblərini açıqlaya bilməmişdir. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən cavabdeh Şahsuvaroğlu Ender tərəfindən təqdim edilən həmçinin apellyasiya məhkəməsinin iclasında dinlənilmiş səs yazısından görünür ki, cavabdeh 10.000 ABŞ dollarını və 1.200 ABŞ dollarını iddiaçıya verdiyini qeyd etmiş, iddiaçı isə bunu inkar etməmiş, lakin həmin məbləğin faiz məbləği olduğunu bildirmişdir. Daha sonra səs yazısından görünür ki, cavabdeh iddiaçıya hər ay 2000 dollar ödənişlər etməsini bildirsə də, iddiaçı bu halı təsdiq etməmişdir. Eyni hallar kollegiyanın iclasında təkrarlansa da, iddiaçının nümayəndəsi bu halı bir daha təsdiq etməmişdir. Göründüyü kimi həmin səs yazısı ilə cavabdeh Şahsuvaroğlu Ender tərəfindən İddiaçı 11.200 ABŞ dollar məbləğində pulun ödənilməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh ilə iddiaçı arasında olan səs yazıları gizli səs yazısı olsada sübut kimi qəbul edilməlidir. Çünki bu halda səs yazısındakı tərəflər eyni olmuş və hazırki müqavilə tərəflərin arasındakı borcun ödənilməsi kimi danışıqları əhatə etmiş, cavabdeh özünü hardasa sığortlamaq üçün bu addıma əl atmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Plenum Qərarındakı hüquqi mövqeyə görə müəyyən edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Bundan başqa iddiaçı tərəf apellyasiya şikayətində qarşı tərəf borc müqaviləsi üzrə öhdəliyini icra etməsə də, məhkəmə tərəfindən öhdəliyin qismən icra edilməsi barədə səhv nəticəyə gəlinməsini qeyd etsə də, işin sadalanan hallarından göründüyü kimi cavabdeh Şahsuvaroğlu Ender tərəfindən İddiaçı 11.200 ABŞ dollar məbləğində pulun ödənilməsi məhz tərəflər arasında olan səs yazısı ilə öz təsdiqini tapmışdır. Bu isə cavabdehin öhdəliyini qismən icra edilməsi kimi qiymətləndirilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin-gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla xx.xx.2017-ci il tarixli borc müqaviləsi üzrə 13.357 (on üç min üç yüz əlli yeddi) ABŞ dolları məbləğində pulun tutulması hissəsində qismən təmin edilməsi, müqavilə üzrə əsas borc 33.324 manat müəyyən edildiyindən, 5% illik faiz dərəcəsi nəzərə alınmaqla cavabdehdən borcun 6 il gecikdirilməsinə görə illik 5% hesablanmaqla 9.997.2 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh borc müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu baxımdan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən hüquqi yardıma görə görə “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına 300 manat ödənilmişdir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər kağız daşıyıcıda, eləcə də sms formasında cavabdehə göndərilmişdir. Həmçinin cavabdeh məhkəmənin ilk iclaslarında iştirak etmiş və mövqe bildirmişdir (i.v.61). Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin Türkiyə Respublikası vətəndaşı olmaqla, məhkəmədə onu tərcüməçi ilə təmin etməməklə, ona qarşı verilmiş iddiadan müdafiə olunmaq hüququnu təmin edilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, əvvəla iş materiallarından görünür ki, İddiaçı ilə cavabdeh Ender Şahsuvaroğlu arasında 01 dekabr 2017-ci il tarixli borcun etirafı haqqında azərbaycan dilində bağlanılmış müqavilə sonuncu tərəfindən imzalanmış və o bu müqavilənin məzmunu ilə tanış olmasını məhkəmə kollegiyasının iclasında etiraf edərək izahatında pulu aldığını inkar etməmiş, lakin borcunu qaytarmasını, iddiaçıya güvəndiyi üçün əlində hər hansı sənəd olmamasını, 24 ay boyunca hər ay 2000 dollar ödəniş etməsini, sübutları olmadığı üçün səs yazısı yazmasını göstərmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, türk dili azərbaycan dilinə yaxın dil olması hamıya bəlli olmaqla, cavabdeh birinci instansiya məhkəməsinin iclasında azərbaycan dilində başa düşmədiyi üçün ona tərcüməçi verilməsini tələb etməmişdir. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh sədrlik edənin bütün suallarını aydın başa düşmüş, türk və azərbaycan dilində də cavablandırmışdır. Bir sözlə tərəflər arasında çəkişmə və proses anlaşılan dildə davam etmişdir. Həmçinin, iş materiallarında olan cavabdehin istinad etdiyi səs yazılarında da müəyyən edilir ki, cavabdeh iddiaçı ilə öz aralarında həm anlaşılan dildə, yəni həm türk, həm də azərbaycan dilində danışaraq söz mübahisəsi aparmışlar. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehə qarşı verilmiş iddiadan müdafiə olunmaq hüququnu təmin edilməməsinə dair dəlili əsassızdır. Hətta, məhkəmə kollegiyasının iclasında ona tərcüməçi təklif edilmiş, lakin o nümayəndəsinin yanında olmasına görə bu təklifdən imtina etmişdir. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmuşdur. Çünki tərəflər apellyasiya şikayətlərini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişlər, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2(006)- 2986/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə