Məhkəmə qərarları › İş №2(103)-14037/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14037/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14037/2019 26.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2037/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı - Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə borc alınmış 9000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2037/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 9 000 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 9 030 manatı məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qərara alınmışdır. Apelyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə onun iştirakı olmadan baxılmışdır. Belə ki, o, 2010-cu il tarixdə “xxx” MMC-ini təsis edib, direktoru olmuşdur. Tanışları T.Rəsulov və E.Paşayev ilə birlikdə 2014-cü ilin yanvar ayında direktoru olduğu “xxx” MMC-nin fəaliyyətə başlaması üçün iş birliyi qurmuş, hər üç tərəf də MMC-nin inkişaf etməsi üçün müəyyən məbləğdə pul xərcləmiş, 2014-cü ilin may ayında E.Paşayev onu iddiaçının mərhum həyat yoldaşı X9 ilə tanış etmiş və onun MMC-nin inkişaf etdirilməsi, gəlirlərindən faydalanması üçün onlarla işləmək istədiyini bildirmişdir. Onlar mərhum B.Bayramovu bütün şərtlərlə tanış etmiş və onlar razılığa gələrək iş birliyinə başlamışlar. Onların hər biri şirkət üçün lazım olan iki ədəd diaqnostik aparatın alınması üçün müəyyən məbləğdə vəsait qoymuş, mərhum B.Bayramov 5000 manat pul qoymuş, onlar da 8000 manat əlavə edib 13000 manat ödəməklə həmin dioqnostik aparatlar alınmışdır. Bundan sonra onlar bir müddət işləmiş, müəyyən məbləğdə gəlir əldə etmişlər. İddiaçı öz iddia ərizəsində də mərhum B.Bayramovun payına 3000 manat gəlir düşdüyünü qeyd etmişdir. Daha sonra 2015-ci ildə onlar işlərini inkişaf etdirə bilməmiş və razılaşma yolu ilə iş birliklərinə son qoymağı qərara almışlar. Həmin vaxt onlar mərhum B.Bayramova aparatın birini götürməyi təklif etsələr də, o, bunu qəbul etməmiş, həmin aparatın onların dördünün olduğunu qeyd etmiş, lakin bildirmişdir ki, ailəsi onu məcbur edir ki, 9000 manat məbləğində pulu onlardan tələb etsin. Bunun qeyri-mümkün olduğunu mərhum B.Bayramov anlayaraq, razılığa gəlmişdir. Bir müddət keçdikdən sonra mərhumun ailəsinin təkidi ilə şikayət etdiyini, ancaq bu şikayətin rədd edildiyini öyrənmişdir. Ona heç bir borc verilməmiş, həmin pul birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilib. Rayon məhkəməsi maddi və prosesual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən xəbəri olmamış, məhkəmə iclasları barədə ona heç bir məlumat verilməmiş və onun iştirakı olmadan qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, 2010-cu ildə “xxx” MMC-ini təsis edib, direktoru olmuşdur. Bundan sonra 2014-cü ilin yanvar ayında T.Rəsulov və E.Paşayev ilə bir yerdə iş qurmaq qərarına gəliblər, diaqnostik aparat gətirib qaynaq yoxlamaq istəyirdilər, may ayında E.Paşayev mərhum B.Bayramovun da gəlib onlarla işləmək istədiyini dedi, onlar da razılaşdılar. Sonra aparat almaq üçün hamısı pul qoydu, həmçinin mərhum B.Bayramov da pul qoymuşdur. Onlar həmin pulun birgə sahibkarlıq fəaliyyəti üçün qoyulduğunu, bu işdə xeyir də, ziyan da ola biləcəyini yaxşı bildirdilər. Daha sonra onlar ofis kirayəyə götürmüş, oraya mebellər almış, bir müddət işləmiş, müəyyən gəlir götürmüşlər, mərhum B.Bayramovun da payına təxminən 7-8 min manat gəlir düşmüşdür. Bundan sonra onlar sifariş götürə bilməmiş, 2015-ci ildə isə fəaliyyətlərini dayandırmışlar. Həmin vaxtlar B.Bayramov ofis mebelini istəmiş, o da ona bir dəst ofis mebelini vermişdir ki, onun da qiyməti 1500 manat təşkil edir. Bundan sonra o, aparatlardan birini istəmiş, əvvəlcə vermək istəməmiş, sonra da verməyə razılaşmışlar, lakin mərhum aparatı gəlib götürməmişdir. Həmin avadanlığın birinin qiymətinin 6500 manat olduğunu qeyd etdi. Həmin vaxtda da mərhum B.Bayramovla aralarında həmişə hörmət və dostluq münasibətini saxladıqlarını, heç bir narazılıq olmadığını qeyd etdi. Sonradan mərhumun polisə şikayət etdiyini bilmiş, gedib izahat vermiş, mərhum isə buna onu ailəsinin məcbur etdiyini bildirmişdir. Rayon məhkəməsində işə onun iştirakı olmadan baxıldığını, bu səbəbdən qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili S.Quliyev apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçının əri tərəfindən verilmiş pul borc məqsədi ilə verilməyib, belə ki, mərhum özü polisə şikayətində də həmin pulu aparat alınması üçün verdiyini qeyd etmişdir. Eyni zamanda, iddiaçı polisə yazdığı ərizədə qeyd edib ki, həmin pulu borc alıb cavabdehə vermişdir. Həmin ərizədə pulun mənbəyinin borc olduğu göstərilmiş, lakin borc kimi cavabdehə verildiyi qeyd edilməyib. Göstərilənlərə əsasən, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, mərhum atası həmin pulu öz qohumundan borc alaraq vermişdir. Nümayəndə həmin pulun cavabdehə 2014-cü ildə verildiyini bildirsə də, lakin konkret olaraq hansı tarixdə, nə qədər müddətə və hansı şərtlə verildiyini, faizə verilib-verilməməsi ilə bağlı sualları da cavablandıra bilmədi. Eyni zamanda, atasının oradan müəyyən qədər gəlir götürdüyünü qeyd etdi, lakin məbləğin nə qədər olduğunu da bildirə bilmədi. Bundan başqa bildirdi ki, mərhum atası oradan ofis mebeli də götürmüş, lakin həmin mebel onun istədiyi mebel dəsti olmamışdır. Nümayəndə pulun borc alınıb cavabdehə verildiyini, hazırda atasının borc götürdüyü adamın pulu ondan tələb etdiyini, bu səbəbdən də, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dinlənilmiş X5 qeyd etdi ki, Cavabdeh, Paşayev Elxan və o, birlikdə iş qurmuş, sonra Elxan mərhum Bağır Bayramovu gətirmiş və bildirmişdir ki, o da onlarla işləmək istəyir. Bundan sonra onlar bir müddət birlikdə işləmiş, adambaşına 7-8 min manat gəlir götürmüşlər. Sonra sifariş götürə bilməmişlər və müəssisənin fəaliyyəti dayanmışdır. Bir müddət sonra onları B.Bayramovun şikayət ərizəsi əsasında polisə çağırmışlar, həmin vaxt o, Bağırdan bunun nə məsələ olduğunu soruşmuş, Bağır da ailəsinin onu məcbur etdiyini bildirmişdir. Bundan sonra Bağır oğlu ilə birlikdə gəlib bir dəst ofis mebelini götürmüş, onlar avadanlığın da birini verməyə razı olmuş, lakin sonra Bağır demişdir ki, Elxanla dostdur, avadanlıq qalsın, iş olsa yenə işləyərlər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dinlənilmiş X10 qeyd etdi ki, o, Cavabdeh, Tariyel Rəsulov birləşib iş qurmuş, sonra onun dostu mərhum Bağır Bayramov da gəlib onlarla işləmək istədiyini bildirib, o da bunu şəriklərə demiş, onlar da razılaşmışlar Həmin vaxt Bağır da investisiya kimi pul qoymuşdur, sonrdan ona demişdir ki, 9000 manat qoymuşdur. Bir müddət onlar işləmiş, adambaşına 7-8 min manat gəlir düşmüşdür, həmin məbləğdə Bağır Bayramovun da payına gəlir düşmüşdür. Daha sonra onların müəssisəsi iş olmadığı üçün fəaliyyətini dayandırdı. Onlar işləyəndə bir mənzil kirayə etmişdilər və ora ofis mebeli almışdılar. Sonradan onların işi dayananda Bağır Bayramov həmin mebelin birini istəmiş və o, oğlu ilə birlikdə gəlib bir dəst mebeli götürmüşdür. Avadanlığı isə istəmədi, elə mebellə kifayətləndi. Sübutların tədiqi: AZ-İ № 974593 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə ölmüşdür və bu barədə 328 nömrəli qeyd aparılmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı X2 vərəsəsidir. Nikahın bağlanması haqqında 324090 nömrəli şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1979-cu il tarixdə X6 ilə nikaha girmişdir. Səbail RPİ-nin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxlərin dövlət reyestrindən çıxarışdan məlum olur ki, “xxx” MMC xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır, təsisçiləri Cavabdeh, X3, X4, qanuni təmsilçisi Cavabdehdur. “xxx” MMC-nin Nizamnaməsindən məlum olur ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxlərin qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, “xxx” MMC-yə xx.xx.2010-cu il tarixdə VÖEN (№ **********) verilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. İddiaçı mərhum ərinin cavabdehə 9000 manat borc verdiyini bildirir, cavabdeh öhdəliyini icra etmədiyindən həmin pulun qaytarılmasını tələb edir. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (daha sonra MM) 739-cu maddəsi təşkil edir. MM-in 386-cı maddəsində öhdəliyin əmələ gəlməsi əsasları nəzərdə tutulmuşdur. Həmin əsaslardan biri də tərəflər arasında müqavilənin olmasıdır. İddiaçı cavabdehdən borc müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını tələb edir. MPM-nin 77.1-ci maddəsinin tələbinə asasən tərəflər arasında etibarilə borc müqaviləsinin olduğunu və buna əsasən də tələb etdiyi məbləğdə pulun cavabdehə verilməsini iddiaçı sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı halda mərhum ərinin cavabdehə borc verməsi ilə bağlı şübhədənkənar və biri-birini tamamlayan əsaslı sübutları məhkəməyə təqdim edə bilməmiş və mərhum B.Bayramovun həmin pulu konkret nə vaxt, hansı şərtlə və nə qədər müddətə cavabdehə verməsini dəqiq izah edə bilməmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək həmin pulun ona borc kimi yox, birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əməkdaşlıqla bağlı verildiyini bildirmiş, məhkəməyə etirazla bağlı dəlillərini, o cümlədən şahidlərin ifadələrini təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş şahidlər X5 və X10 onların birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iş qurduqlarını, B.Bayramovun da onlarla birlikdə sahibkarlıq fəliyyəti ilə məşğul olmaq üçün investisiya kimi pul verdiyini bildirdilər. Məhkəmə kollegiyası qeyd edir ki, Səbail RPİ-dən X2 ərizəsi əsasında aparılmış araşdırma materiallarında olan mərhum B.Bayramovun ərizəsinin surətindən görünür ki, o, cavabdehə verdiyi pulu başqa şəxsdən borca aldığını bildirmiş, bununla da verdiyi pulun mənbəyinin borc olduğunu qeyd etmiş, lakin həmin pulu cavabdehə borc olaraq verdiyini bildirməmişdir. Aparılmış araşdırmalar nəticəsində iddiaçının mərhum əri ilə cavabdeh arasında borc müasibətlərinin olması sübut olunmamış, əksinə, tədiq olunmuş sübutlarla tərəflər arasında sahibakarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı birgə əməkdaşlığa dair razılaşma olduğu müəyyən edilmişdir. Bu, iddiaçı tərəfin öz izahatları, cavabdehin etiraz dəlilləri, şahid ifadələri, Səbail RPİ-nin X2 ərizəsi əsasında aparılmış araşdırma materiallarındakı izahatlar, habelə müəssisənin fəaliyyətinin dayanmasından sonra onun əmlakının bir hissəsinin, (dəyəri 1500 manat olan ofis mebelinin) iddiaçının mərhum əri tərəfindən götürülməsi, eləcə də MMC-nin fəaliyyəti dövründə alınmış və onun fəaliyyətinin həyata keçirilməsində istifadə olunan diaqnostik aparatlardan birinin iddiaçının mərhum ərinə verilməsi ilə bağlı tərəflər arasında əldə olunmuş razılıqla da təsdiq olunur. Bundan əlavə, Kollegiya qeyd edir ki, rayon məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan işə baxılmış, bununla da prosessual pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə də, iddiaçının təqdim etdiyi sübutlar kifayət qədər güclü, aydın və konkret olmadığından, habelə təkzibolunmazlıqla bağlı və əsaslı şübhədənkənar sübut tələblərinə cavab vermədiyindən hazırkı iddia tələbi təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması səhv təfsir olunduğundan, həmçinin iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də prosessual hüquq nomaları pozulduğundan apelyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Eyni zamanda Kollegiya qeyd edir ki, mərhum ərinin də qoyduğu vəsait hesabına birgə sahibkarlıq dövründə alınmış (qaynaqların yoxlanması üçün) diaqnostik aparatlardan mərhum ərinin payına düşəni tələb etmək üçün ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2037/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. Mərhum ərinin də qoyduğu vəsait hesabına birgə sahibkarlıq dövründə alınmış (qaynaqların yoxlanması üçün) diaqnostik aparatlardan mərhum ərinin payına düşəni tələb etmək üçün ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Ödənilmiş dövlət rüsumları iddiaçının özünə aidedilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar