Məhkəmə qərarları › İş №2(103)-1404/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1404/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1404/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və X3 Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər:(zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadəninkatibliyi, İddiaçı2, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(009)-26/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli 2-000101 nömrəli mənzilin alğı-satqı müqaviləsinə görə, satıcı Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 2-ci yaşayış binasının 9-cu mərtəbəsindəki ümumi sahəsi 140,9 kvm olan 4 otaqlı, 62 nömrəli mənzili alıcının mülkiyyətinə verir, alıcı mənzili qəbul edib əvəzində dəyərini satıcıya ödəyir. 2.Cavabdeh MMC tərəfindən verilmiş 13 dekabr 2014-cü il tarixli 2-000101 nömrəli qəbzə əsasən, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 2-ci yaşayış binasının 9-cu mərtəbəsindəki ümumi sahəsi 140,9 kv.m. olan 4 otaqlı, 62 nömrəli mənzilin dəyəri olan 169.080 manat məbləğdə pul ödənilmişdir. 3.Cavabdeh MMC tərəfindən verilmiş 13 dekabr 2014-cü il tarixli 2-000101 nömrəli maliyyə arayışına görə, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 3166 məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsindəki ümumi sahəsi 140,9 kv.m. olan 4 otaqlı 62 nömrəli mənzilinin dəyəri tam ödənilmişdir. Bu mənzilə görə borc yoxdur. 4.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışa əsasən, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 3166-cı məhəllə ev 1, 2, 3, ümumi sahəsi 138 kv.m. olan mənzil 62 (yeni qaydalarla: AZ1011 Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti, 138, M9, m6) xx.xx.2020-ci il tarixdən İddiaçı2 adına qeydiyyata alınmışdır. 5.Cavabdehin məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, iddia bağlanmış müqavilələr üzrə daşınmaz əşyanın (mənzillərin) təhvil verilməsi, qüsurların aradan qaldırılması və sair, yəni, bilavasitə daşınmaz əşyanın (mənzillərin) özləri ilə bağlı deyil. İddia bağlanmış müqavilələr üzrə ödənilmiş pul vəsaiti ilə bağlıdır. Bu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375ci maddələrinə əsasən həmin tələblərə 6 illik deyil, 3 illik iddia müddəti tətbiq edilərək, iddia təmin edilməməlidir. 6.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 13 iyun 2022-ci il tarixli 10/6823 nömrəli rəyinə görə, Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 3166 nömrəli məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 nömrəli mənzilin (binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan, divarlar arası içdən-içə faktiki sahə hesablanmaqla) faktiki sahəsi 135,2 kv.metr (azalma əmsalı tətbiq edilmədən) təşkil etdiyi müəyyən olunur. Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alğısatqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 3166 nömrəli məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 nömrəli mənzilin ümumi sahəsinin 140,9 kv.metr göstərildiyini nəzərə alaraq, müqavilədə göstərilən sahə ilə 62 nömrəli mənzilin faktiki sahəsinin üst-üstə düşmədiyi və faktiki sahənin müqavilədə göstərilən sahədən (140,9-135,2) 5,7 kv.metr az təşkil etdiyi müəyyən olunur. Qeyd olunur ki, müqavilədə göstərilən sahə ilə mənzilin faktiki sahəsi arasında yaranan fərq həmin mənzilin ayrı-ayrı tikililərinin faktiki ölçülərinin layihədə göstərilən ölçülərdən fərqli olması səbəbindən əmələ gəlmişdir. Rəyə əsasən, həmçinin, Cavabdeh MMC ilə X7 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 3166 nömrəli məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 nömrəli mənzilin (binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan, divarlar arası içdən-içə faktiki sahə hesablanmaqla) faktiki sahəsi 112,7 kv.metr (azalma əmsalı tətbiq edilmədən) təşkil etdiyi müəyyən olunur. Cavabdeh MMC ilə X7 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 3166 nömrəli məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 nömrəli mənzilin 112.8 kv.m. göstərildiyini, faktiki sahə 112.7 kv.m. təşkil etdiyini (fərq 0,1 kv.m) nəzərə alınaraq, müqavilədə göstərilən sahə ilə tədqiq olunan mənzilin faktiki sahəsinin üst-üstə düşdüyü müəyyən olunur. a)Birinci instansiya məhkəməsində icraat 7.İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.208 manat, vəkilə ödənilmiş 200 manat, dövlət rüsumu 30 manat, ümumilikdə dəymiş maddi ziyan 8.438 manat pulun Cavabdeh MMC-dən tutalaraq İddiaçı2 xeyrinə, 5.112 manat, vəkilə ödənilmiş 200 manat, dövlət rüsumu manat, ümumilikdə dəymiş maddi ziyan 5.612 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. 8.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-26/2022 nömrəli iş üzrə 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia qismən təmin edilmiş, cavabdehdən 6.840 manat pul, hüquqi xidmətin əvəzi olaraq 150 manat, dövlət rüsumunun 20 manat hissəsi, ümumilikdə 7.010 manat pulun tutularaq İddiaçı2 xeyrinə ödənilməsi, cavabdehdən 120 manat pul, hüquqi xidmətin əvəzi olaraq 50 manat, dövlət rüsumunun 5 manat hissəsi olmaqla, ümumilikdə 275 manat pulun tutalaraq R.Ələskərovanın xeyrinə ödənilməsi, iddia qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. 9.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... müqavilələrin mənzillərin sahəsi ilə bağlı şərtləri onların bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadələrinə tam uyğun olmamış, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması zamanı cavabdeh qismən səhvə yol verərək mahiyyəti üzrə podrat olan, lakin alğı-satqı adlandırılan müqavilələrdə təhvil veriləcək mənzillərin sahələrini 62 nömrəli mənzil üzrə 5,7 kv.metr, 79 nömrəli mənzil üzrə isə 0,1 kv.m çox göstərmələri nəticəsində iddiaçılar həmin sahələr üzrə artıq vəsait ödəmişlər ki, sonuncular da cavabdehin müqavilə öhdəliklərinin düzgün yerinə yetirilməməsi səbəbindən hazırki iddianı qaldırmaqda haqlı olmuş və onların iddialarının yuxarıda göstərilən qaydada qismən əsaslı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.” 10.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 404.1, 404.2, 425, 442, 448.4, 578.1, 752.1, 752.2, 372.1, 377.1, 776.1-ci; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.3, 59.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3, 206.1, 103.1, 103.2, 220.5, 119.1, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 11.Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tamamilə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçılar 2020-ci ilin avqust və sentyabr aylarında çıxarışlar almışlar. Lakin buna qədər, yəni 2017-cı ilin əvvəllərində mənzilləri təhvil almış, 2017-ci ilin yay aylarında mənzilləri təmir etdirmiş, 2017-ci ilin sonlarından başlayaraq mənzillərə köçüb orada yaşamağa başlamışlar. Hazırkı iddia tələbi mənzillərin qüsuru ilə bağlı olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinin tələbinə görə iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etmələri üçün iddia müddəti ən geci xx.xx.2018-ci il tarixdə artıq bitmişdi. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı məsələni doğru həll etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. 13.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2(103)-495/2023 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qətnaməsi qismən, iddiaçı R.Ələskərovanın iddiası təmin edilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməmişdir. 14.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Kollegiya cavabdehin apellyasiya şikayətinin İddiaçı2 iddia tələbinə aid hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində Məhkəmə Ekspertizası Mərkəzinin 10/6823 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin ümumi sahəsinin 140,9 kv.metr göstərildiyini nəzərə alaraq, müqavilədə göstərilən sahə ilə 62 saylı mənzilin faktiki sahəsinin üstüstə düşmədiyi və faktiki sahənin müqavilədə göstərilən sahədən (140,9-135,2) 5,7 kv.metr az təşkil etdiyi müəyyən olunmuşdur. 15.Belə olan halda məhkəmə 140,9 kv.m. sahə üçün ödənilmiş 169.080 manat vəsaitin (5,7 kv.m. x 1.200 manat) 6.840 manat hissəsinin cavabdehdən İddiaçı2 xeyrinə tutulması barədə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır. 16.Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin iddia müddətinin birinci instansiya məhkəməsi tərəfindən düzgün hesablanmaması barədə dəlili üzrə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. (MM 377.1) 17.Həmin Məcəllənin 776.1-ci maddəsinə görə, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 18.Cavabdeh hesab etmişdir ki, iddia müddəti iddiaçılar mənzili təhvil aldıqları dövrdən başlayaraq hesablanmalıdır. 19.Məhkəmə kollegiyası həmin dəlillə razılaşmamış və bildirmişdir ki, iddiaçıların aldıqları mənzil sahələrinin cavabdehlə bağladıqları müqavilə şərtlərindən fərqlənməsi halı onlara 2020-ci ilin müvafiq olaraq avqust və sentyabr aylarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışları aldıqları vaxt onlara məlum olduğundan birinci instansiya məhkəməsi iddia müddətinin axımının çıxarışın alındığı vaxtdan hesablamaqda haqlı olmuşdur, apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlili əsassızdır. Çünki qanunun tələbinə görə də iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. (MM 377.1)” Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 21.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin qismən, iddia təmin olunan hissədə ləğv edilib, iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. 22.Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçılar tərəfindən sifariş verilən podrat müqavilələri üzrə iddiaçılara inşa edilib təhvil verilmiş mənzillərin sahələrinin binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan divarlararası içdən-içə faktiki sahələr hesablanmaqla ölçülməsi və bu əsasla birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Şəhərsalma və Tkinti Məcəlləsinin 59.1, 59.2 və 59.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitekutra Komitəsinin Kollegiyasının 07 saylı 04 dekabr 2012-ci il tarixli qərarının 3.8-ci bəndinə istinad edərək mənzillərin sahələrinin az ölçüdə təhvil verilməsinə dair nəticəyə gəlməsi, apellyasiya instansiyası məhkəməsinin isə birinci instansiya məhkəmsinin bu qənaəti ilə razılaşması, əsassız və qanunsuz olmuşdur. İddiaçılar 2017-cı ilin əvvəllərində mənzilləri təhvil almış, 2017-ci ilin yay aylarında mənzilləri təmir etdirmiş, 2017-ci ilin sonlarından başlayaraq isə mənzillərə köçüb orada yaşamağa başlamışlar. Yəni, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti 2017-cı ilin əvvəllərindən başlamış, 2018-ci ilin, ən geci sonuncu günü bitmişdir. Lakin iddiaçılar həmin müddətdən 2 ildən də çox vaxt keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər, bununla da iddia müddətini ötürmüşlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 375.2-ci maddəsini mübahisənin həllinə tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin bu yanaşması ilə razılaşaraq, iddia müddətinin müqavilələrin bağlandığı, yaxud mənzillərin təhvil alındığı tarixlərdən deyil, qanunsuz və əsassız olaraq, iddiaçılar tərəfindən mənzillərinə dair çıxarışların alındığı tarixdən hesablamışdır. 23.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2(102)-3811/2023 saylı qərarı iləBakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 495/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən (İddiaçı2 tələbi təmin olunan) hissədə ləğv edilərək, iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, Cavabdeh MMC-nin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. 24.Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisənin həlli üçün araşdırılması zəruri olan hal tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə hansı ölçüdə mənzilin sifarişçiyə təhvil verilməli olması və həmin öhdəliyin faktiki yerinə yetirilib-yetirilmədiyi olmalıdır. Nəzərə alınmalıdır ki, əgər tərəflərarasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və ona ziddiyyət təşkil etmə ilə nəticələnə bilər. 25.Eyni zamanda, o da vurğulanmalıdır ki, sifarişçi tərəfindən məhsul qəbul edildikdən sonra onun tərəfindən mənzilin yenidən qurulması və ya yenidən planlaşdırılması həyata keçirildiyi halda tərəflərin müqavilə öhdəliyini hansı dərəcədə yerinə yetirdiyi barədə məsələ yalnız müqavilə öhdəlikləri çərçivəsində, o cümlədən layihə sənədlərinə əsasən həll edilməlidir. Çünki, sifarişçinin sonradan öz mənzilində apardığı əlavə təmir və tikinti işləri nəticəsində mənzilin işçi sahəsinin bir hissəsinin tikintialtı sahəyə çevrilməsi podratçının ziyanına qiymətləndirilə və onun üçün əlverişsiz nəticələr yarada bilməz. 26.Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin tikinti qanunvericiliyinin normalarının mübahisəyə düzgün tətbiq edilməməsi barədə dəlili əsassızdır. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır, sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir (§20). Qeyd olunan hesablama qaydasını tətbiq edən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, İddiaçı2 mənzilinin ümumi sahəsi, divarlararası içdən-içə faktiki sahə hesablanmaqla və azalma əmsalı tətbiq edilmədən, 5,7 kv.m. az təşkil edir. 27.Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin sözügedən ekspert rəyinə əsaslanaraq İddiaçı2 müqavilədən irəli gələn hüquqlarının cavabdeh tərəfindən pozulması ilə bağlı qənaəti düzgündür və bu nəticə Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə xx.xx.2008-ci il tarixli Qərarı ilə verilən şərhə uyğundur (§22). 28.Lakin nəzərə alınmalıdır ki, cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə çıxış etmişdir. Bu da o deməkdir ki, subyektiv hüququn pozulmasının məhkəmə tərəfindən müəyyən edilməsi artıq təkbaşına iddianın təmin edilməsinə kifayət etmir. Bunun üçün iddiaçının pozulduğu güman olunan hüquqlarının bərpasını müddət baxımından vaxtında tələb etməsi də şərtdir. 29.Cavabdeh həm apellyasiya, həm də kassasiya şikayətində dəlil kimi ona istinad etmişdir ki, iddiaçılar 2017-cı ilin əvvəllərində mənzilləri təhvil almış, 2017-ci ilin yay aylarında mənzilləri təmir etdirmiş, 2017-ci ilin sonlarından başlayaraq isə mənzillərə köçüb, orada yaşamağa başlamışlar. Yəni, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti 2017-cı ilin əvvəllərindən başlamış, 2018-ci ilin, ən geci sonuncu günü bitmişdir. Lakin iddiaçılar həmin müddətdən 2 ildən də çox vaxt keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər, bununla da iddia müddətini ötürmüşlər. 30.Apellyasiya instansiyası məhkəməsi həmin dəlilə qiymət verərək, qeyd etmişdir ki, iddiaçıların aldıqları mənzil sahələrinin cavabdehlə bağladıqları müqavilə şərtlərindən fərqlənməsi halı onlara 2020-ci ilin müvafiq olaraq avqust və sentyabr aylarında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları aldıqları vaxt məlum olduğundan, birinci instansiya məhkəməsi iddia müddətinin axımının çıxarışın alındığı vaxtdan hesablamaqda haqlı olmuşdur, apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlili əsassızdır. Çünki qanunun tələbinə görə də iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 31.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə iddia müddətinin ötürülməməsi ilə bağlı gəldiyi nəticəni həmin hissədə işin hallarının natamam araşdırılması və bundan doğan qanunun səhv təfsir edilməsi kimi qiymətləndirmişdir. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsi müəyyən edir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Cavabdeh iddiaçıların 2017-ci ilin sonlarından başlayaraq mənzillərə köçüb, orada yaşamağa başladıqlarını irəli sürür, fakt iddiaçılar tərəfindən təkzib olunmur, işə baxan apellyasiya instansiyası məhkəməsi isə bununla bağlı heç bir dəlili tədqiq etmir. Məsələnin bu qaydada araşdırılması zərurətinin eyni qəbildən olan mübahisələrə münasibətdə əhəmiyyəti ondan ibarətdir ki, yeni mənzillər əldə edərək, orada təmir işləri aparıb, yaşamağa başlayan şəxslər artıq “öz hüququnun pozulduğunu bilən” statusunda olmurlar. Ona görə ki, onlar podratın nəticələrini qəbul etdikləri gündən (hazırkı kazusa münasibətdə, cavabdehin apellyasiya şikayətinin dəlili sübuta yetirildiyi halda, 2017-ci ildən) hər bir halda “öz hüququnun pozulduğunu bilməli olduğu” şəxsin hüquq və vəzifələrinin daşıyıcısına çevrilirlər. Bu mənada, qeyd edilən şəxslər sifarişçi olaraq podratçıdan işi qəbul etdikdən sonra podratın nəticəsinin müqavilə ilə şərtləşdirilmiş keyfiyyətə uyğun gəlib-gəlmədiyini yoxlamaq yükü bilavasitə onlara aid edilən subyektlər qismində çıxış edir, ümumi iddia müddətinə nisbətən Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan qısaldılmış bir illik müddət isə həmin vəzifənin yarandığı gündən axmağa başlayır. 32.Məhkəmə kollegiyası bildirmişdir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X9rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67). 33.Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. 34.MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır 35.İşə apellyasiya instansiyası məhkəməsində mübahisələndirilən hissədə yenidən baxılarkən hazırkı Qərarda (§29-43) şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat d)Məhkəmə icraatı iştirakçılarının izahatları 36.Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı 2017-ci ilin sonlarından başlayaraq mənzillərə köçüb, orada yaşamağa başladıqlarını irəli sürür, fakt iddiaçı tərəfindən təkzib olunmur.İşə baxan apellyasiya instansiyası məhkəməsi isə bununla bağlı heç bir dəlili tədqiq etmir. Ona görə ki, onlar podratın nəticələrini qəbul etdikləri gündən (hazırkı kazusa münasibətdə, cavabdehin apellyasiya şikayətinin dəlili sübuta yetirildiyi halda, 2017-ci ildən) hər bir halda “öz hüququnun pozulduğunu bilməli olduğu” şəxsin hüquq və vəzifələrinin daşıyıcısına çevrilirlər. Bu mənada, qeyd edilən şəxslər sifarişçi olaraq podratçıdan işi qəbul etdikdən sonra podratın nəticəsinin müqavilə ilə şərtləşdirilmiş keyfiyyətə uyğun gəlib-gəlmədiyini yoxlamaq yükü bilavasitə onlara aid edilən subyektlər qismində çıxış edir, ümumi iddia müddətinə nisbətən Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan qısaldılmış bir illik müddət isə həmin vəzifənin yarandığı gündən axmağa başlayır. Göründüyü kimi, kassasiya instansiya məhkəməsi bir illik iddia müddətinin yoxlanılmasını qeyd etmişdir. İddiaçı 2017-ci ilin əvvəlindən mənzili təhvil almış, 2017-ci ilin sonlarından həmin mənzildə yaşamağa başlamış, bir illik iddia müddəti keçəndən sonra 2020-ci ilin oktyabr ayından həmin mənzildə yaşamağa başlamışdır. Xahiş etdi ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. 37.Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, o, mənzili 2017-ci ilin əvvəlində cavabdehdən təhvil almış, orada təmir işləri apararaq, 2017-ci ilin sonlarından yaşamağa başlamışdır. O, iddia müddətini keçirməmişdir. Hüququnun pozulduğu vaxt 2020-ci ilin müvafiq olaraq avqust və sentyabr aylarında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları aldıqları vaxt ona məlum olmuşdur. 38.Məhkəmə kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 39.İş üzrə digər cavabdeh İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 40.Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: -Maddə14.2.6. Başqa şəxsə zərər vurulması; 41.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 42.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 43.Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 44.Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 45.Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər; 46.Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir; 47.Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 48.Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 49.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 50.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 51.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 52.Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 53.Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 54.Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 55.Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. AzərbaycanRespublikası MülkiProsessualMəcəlləsi: 56.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 57.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 58.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 59.Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 60.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.. 61.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 62.Maddə 420.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri 63.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 64.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin İddiaçı2 iddia tələbinin qismən təmin olunan hissəsindəqanuniliyinin və əsaslılığınınyoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 65.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməli, birinci instasniya məhkəməsnin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. 66.Belə ki, hazırda mübahisələndirilən hissədə mübahisənin mahiyyəti onan ibarətdir ki, İddiaçı2- Sifarişçi Cavabdeh MMC-Podratçı arasında bağlanmış 2-000101 nömrəli, 13 dekabr 2014-cü il tarixli mənzilin alğı-satqı müqaviləsi ilə iddiaçıya təhvil veriləcək 4 (dörd) otaqlı, 62 saylı mənzilin sahəsinin 140.9 kv.m olması qeyd olunsa da, ona fakitiki olaraq müqavilədə nəzərdə tutulandan az sahədə mənzil verilməsini qeyd etmişdir. 67.Bu kontekstdə həmçinin kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin tikinti qanunvericiliyinin normalarının mübahisəyə düzgün tətbiq edilməməsi barədə dəlili əsassızdır. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır, sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd olunan hesablama qaydasını tətbiq edən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, İddiaçı2 mənzilinin ümumi sahəsi, divarlararası içdəniçə faktiki sahə hesablanmaqla və azalma əmsalı tətbiq edilmədən, 5,7 kv.m. az təşkil edir. 68.Bu baxımdan, kollegiya kassasiya instansiyası məhkəməsinin də mövqeyini nəzərə alaraq hesab edir ki, məhkəmənin sözügedən ekspert rəyinə əsaslanaraq İddiaçı2 müqavilədən irəli gələn hüquqlarının cavabdeh tərəfindən pozulması ilə bağlı qənaəti düzgündür və bu nəticə Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə xx.xx.2008-ci il tarixli Qərarı ilə verilən şərhə uyğundur. 69.Hazırda cavabdeh tərəfindən mübahisələndirilən məqam iddia müddətinin ötürülməsindən ibarətdir. 70.Nəzərə alınmalıdır ki, cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə çıxış etmişdir. Bu da o deməkdir ki, subyektiv hüququn pozulmasının məhkəmə tərəfindən müəyyən edilməsi artıq təkbaşına iddianın təmin edilməsinə kifayət etmir. Bunun üçün iddiaçının pozulduğu güman olunan hüquqlarının bərpasını müddət baxımından vaxtında tələb etməsi də şərtdir. 71.Bu anlamda, iddia müddətinin mahiyyətinə dair qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. 72.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (“X4rşı” iş üzrə xx.xx.1985-ci il tarixli, “Bellet Fransaya qarşı” iş üzrə xx.xx.1995-ci il tarixli qərarlar). 73.Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. 74.İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001ci il tarixli Qərarı). 75.Cavabdeh öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 2017-cı ilin əvvəllərində mənzili təhvil almış, 2017-ci ilin yay aylarında mənzili təmir etdirmiş, 2017-ci ilin sonlarından başlayaraq isə mənzilə köçüb, orada yaşamağa başlamışdır. Yəni, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti 2017-cı ilin əvvəllərindən başlamış, 2018-ci ilin, ən geci sonuncu günü bitmişdir. Lakin, iddiaçı həmin müddətdən 2 ildən də çox vaxt keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. 76.Məhkəmə iddia müddətinin ötürülməməsi ilə bağlı qənaətini belə əsaslandırmışdır ki, İddiaçı2 aldığı mənzil sahəsinin cavabdehlə bağladığı müqavilə şərtlərindən fərqlənməsi halı ona 2020-ci ilin müvafiq olaraq avqust və sentyabr aylarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışları aldıqları vaxt məlum olmuş və iddiaçı 2020-ci ilin oktyabr ayında digər iddiaçı ilə birlikdə məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişdir. 77.Məhkəmə kollegiyası məhkəmənin iş üzrə iddia müddətinin ötürülməməsi ilə bağlı gəldiyi nəticəni həmin hissədə işin hallarının natamam araşdırılması və bundan doğan qanunun səhv təfsir edilməsi kimi qiymətləndirir. 78.Kassasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsi müəyyən edir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Cavabdeh iddiaçıların 2017-ci ilin sonlarından başlayaraq mənzillərə köçüb, orada yaşamağa başladıqlarını irəli sürür, fakt iddiaçılar tərəfindən təkzib olunmur, işə baxan apellyasiya instansiyası məhkəməsi isə bununla bağlı heç bir dəlili tədqiq etmir. Məsələnin bu qaydada araşdırılması zərurətinin eyni qəbildən olan mübahisələrə münasibətdə əhəmiyyəti ondan ibarətdir ki, yeni mənzillər əldə edərək, orada təmir işləri aparıb, yaşamağa başlayan şəxslər artıq “öz hüququnun pozulduğunu bilən” statusunda olmurlar. Ona görə ki, onlar podratın nəticələrini qəbul etdikləri gündən (hazırkı kazusa münasibətdə, cavabdehin apellyasiya şikayətinin dəlili sübuta yetirildiyi halda, 2017-ci ildən) hər bir halda “öz hüququnun pozulduğunu bilməli olduğu” şəxsin hüquq və vəzifələrinin daşıyıcısına çevrilirlər. Bu mənada, qeyd edilən şəxslər sifarişçi olaraq podratçıdan işi qəbul etdikdən sonra podratın nəticəsinin müqavilə ilə şərtləşdirilmiş keyfiyyətə uyğun gəlib-gəlmədiyini yoxlamaq yükü bilavasitə onlara aid edilən subyektlər qismində çıxış edir, ümumi iddia müddətinə nisbətən Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan qısaldılmış bir illik müddət isə həmin vəzifənin yarandığı gündən axmağa başlayır. 79.MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 80.Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən hazırki halda 1 illik iddia müddətinin yoxlanılması ilə bağlı göstəriş vermişdir. 81.Məhkəmə kollegiyasının iclasında iddiaçı izahatında qeyd etdi ki, o, mənzili 2017-ci ilin əvvəlində cavabdehdən təhvil almış, orada təmir işləri apararaq, 2017-ci ilin sonlarından yaşamağa başlamışdır. 82.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sifarişçi olaraq podratçıdan işi qəbul etdikdən sonra podratın nəticəsinin müqavilə ilə şərtləşdirilmiş keyfiyyətə uyğun gəlib-gəlmədiyini yoxlamaq yükü iddiaçının üzrənə düşür. 83.Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin qərarının 42-ci bəndində qeyd olunan hal hazırki məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Yəni, mənzil cavabdeh tərəfindən iddiaçıya 2017-ci ilin əvvəlindən təhvil verilmiş, sonuncu mənzili təmir edərək, 2017-ci ilin sonlarından orada yaşamağa başlamışdır. Hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətinin axımı 2017-cı ilin əvvəllərindən başlamış, iddiaçı 1 illik iddia müddətini keçirməklə, xx.xx.2020-ci ildə məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürüldüyündən və mübahisə üzrə qarşı tərəf olan cavabdeh iddia müddətinin tətbiqini tələb etdiyindən, iddia müddəti tətbiq edilməklə, qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmaqla, iddia qeyd olunan hissədə təmin edilməməlidir. 84.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia müddətini ötürülməmiş hesab edərkən birinci instasiya məhkəməsi maddi hüquq normasının tələbini pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. 85.Kollegiya həmçinin hesab edir ki, iddia mübahisələndirilən hissədə təmin edilmədiyindən, qətnamə məhkəmə ekspertiza tədqiqatlarının dəyərinin cavabdehdən tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 400 (dörd yüz) manatın 250 (iki yüz əlli) manatı İddiaçı2, 150 (bir yüz əlli) manatı iddiaçı X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X5, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməlidir. 86.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(009)-26/2022 saylı qətnaməsi mübahisələndirilən- İddiaçı2 iddia tələbinin qismən təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı2 iddia tələbi qeyd olunan hissədə təmin edilməsin. Qətnamə məhkəmə ekspertiza tədqiqatlarının dəyərinin cavabdehdən tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 400 (dörd yüz) manatın 250 (iki yüz əlli) manatı İddiaçı2, 150 (bir yüz əlli) manatı iddiaçı X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X5, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar