Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14043/2019 10.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəfadar Səfərovun, üçüncü şəxs "Üfüq" X1 Zavodunun nümayəndəsi Dəyanət Abidovanın iştirakı ilə, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi tələblərinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5767/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh qarşı (üçüncü şəxslər "Üfüq" X1 Zavodu (bundan sonra – Radioquraşdırma Zavodu) və Bakı şəhəri Maraqlı şəxs2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 55/58 saylı otaqlarına (bundan sonra – mübahisəli otaqlar) dair cavabdehə verilmiş xx.xx.2006-cı il tarixli, 0161 saylı orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia onunla əsaslandırılmışdır ki, mübahisəli otaqların yerləşdiyi yataqxana binası 2013-cü ildən iddiaçının balansındadır. Bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməyib. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşıb. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" xx.xx.2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafıq Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə yeni mənzillərə köçürülüb, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh iddiaçıya müraciət edərək mübahisəli otaqlara dair kirayə müqaviləsi bağlanmasını xahiş edib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, həmin otaqlarda məskunlaşmış məcburi köçkün ailələri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülüblər. Bundan istifadə edən cavabdeh mübahisəli otaqları əldə etmək məqsədilə qapısını bağlayıb. Qanunsuz hərəkətini onunla əsaslandırıb ki, məcburi köçkün ailəsi yaşadığı halda Zavodun xx.xx.2006-cı il tarixli, 0236 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə həmin otaqlar onun istfadəsinə verilib, oraya qeydiyyata düşüb. Faktiki olaraq məcburi köçkünlərin yaşadığı, boş olmayan otağa guya order verilib, order isə Radioquraşdırma Zavodu tərəfindən möhürlə təsdiq edilməyib, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmayıb. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və müddət keçdiyi üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən, order boş olan, başqa şəxslərin hüquqları ilə yüklü olmayan otaqlara verilə bilər. Bundan başqa, birgə qərarın olmadığı qeyd edilir, lakin iş materiallarında Radioquraşdırma Zavodu HİK X2 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli protokolu var. Digər tərəfdən, təhvil verildikdən sonra otaqlara dair orderlərin verilməməsi əvvəlki dövrlərdə verilmiş orderin etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz. İş materialları ilə təsdiqlənir ki, order verilərkən qanunvericliyin tələbləri pozulmayıb, məcburi köçkünlərin məskunlaşdığı otaqlara dair ayrı-ayrı şəxslərin adına orderlərin verilməsi barədə sənədlər mövcuddur və təhvl verilib. Lakin iddiaçı isə yataqxana 2013-cü ildə təhvil verildikdən 6 il sonra müddəti ötürməklə iddia qaldırıb, buna görə iddia rədd edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi. Radioquraşdırma Zavodunun nümayəndəsi məhkəmə iclasında bildirdi ki, onlarda mövcud olan bütün sənədləri məhkəməyə təqdim ediblər. Nümayəndə apellyasiya şikayətinin həllini Məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və digər üçüncü şəxs iclasda təmsil olunmamışdır. Kollegiya işə həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməlidir. İşdə olan Radioquraşdırma Zavodu və HİK-in X2 Şurasının və MMK-nin xx.xx.2004cü il tarixli, 41 saylı birgə növbəti iclasından çıxarışlardan görünür ki, iclasda Birlikdə uzun illər işləyən və yataqxana növbəsində olan fəhlə və qulluqçulara növbə əsasında mənzil verilə bilinməməsi nəzərə alınaraq Zavoda məxsus yataqxanalarda, o cümlədən, ünvan 1 ünvanında yerləşən yataqxanada onlara məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, orderlər verilməsi və pasport qeydiyyatına alınmaları qərara alınmışdır. Eyni iclas protokolundan çıxarışa görə, mübahisəli otaqların cavabdehin adına sənədləşdirilməsi, otaqlarda yaşayan məcburi köçkün ailələrinə mənzil verilərkən qeyd şərtsiz boşalacaq mənzilin cavabdehə verilməsi qərara alınmışdır. Radioquraşdırma Zavodunun baş direktoru V.Cəlilovun və HİK-in sədri B.Nəcəfovun adından imzalanmış, Zavodun Mənzil təsərrüfatı şöbəsinin və HİK-in möhürü ilə təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 0161 saylı orderlə mübahisəli otaqları tutmaq hüququ özü və üç nəfər ailə üzvü (qızı və iki oğlu) ilə birlikdə növbə əsasında cavabdehə verilmiş, orderdə onun verilməsinə əsas kimi Radioquraşdırma Zavodunun müdiriyyətinin və HİK-in xx.xx.2004-cü il tarixli birgə qərarı göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131 saylı sərəncamına, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamına, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2013-cü il tarixli, 122 saylı sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2013-cü il tarlxli, 16 saylı əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2013-cü il tarixli, 01-1/984 saylı məktubuna və Müdafiə Sənayesi Nazirliyi xxxxxxxxxxxxxxxxxxxxxxxxnin xx.xx.2013-cü il tarixli, 15 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxxxxxxxxxxxxxxxxxxxxxnin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktı tərtib edilmişdir. İddiaçı tərəfindən Radioquraşdırma Zavoduna ünvanlanmış xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması xahiş edilmişdir. Radioquraşdırma Zavodunun xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMCnin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat verə bilmirlər. Cavabdeh xx.xx.2019-cu il tarixdə ərizə ilə iddiaçıya müraciət edərək, mübahisəli otaqlara dair adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Cavabdeh sözügedən otaqlarda pasport qeydiyyatındadır, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək Radioquraşdırma Zavodunda işləmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Radioquraşdırma Zavodunda əmək fəaliyyəti göstərməmiş, həmçinin mübahisəli otaqlara dair orderin verildiyi tarixdə həmin müəssisənin işçisi olmamışdır. Habelə, order qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Həmin yataqxana xx.xx.2014-cü il tarixli təhvil aktına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin balansından Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş, yataqxana təhvil verilərkən məcburi köçkünlərin məskunlaşdığı otaqlara dair ayrı-ayrı şəxslərin adına orderlərin verilməsi barədə sənədlər təhvil verilməmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən yaşayış sahəsinə hüququnun itirilməsi barədə tələb qoyulsa da, mahiyyət etibarı ilə yaşayış sahəsinə istifadə hüququnun itirilməsi xahiş edilmişdir və həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər (maddə 33). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48). Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər (maddə 49). Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir (107-ci maddəsinin ikinci bəndi). İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Həmin qərar əsasında verilən order isə qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir və özü-özlüyündə (ayrılıqda) hər hansı hüquq müəyyənedici sənəd sayıla bilməz. Qüvvədən düşmüş mənzi qanunvericiliyi orderin etibarsızlığı barədə iddiaların mümkünlüyünü nəzərdə tutsa da, onun verilməsinə əsas olan hüquq müəyyənedici sənədin və ya müvafiq qərarın qanuniliyi yoxlanılmadan ayrıva olaraq orderin etibarsızlığı barədə iddia tələbi təmin oluna bilməz. Baxılan iş üzrə iddiaçı orderin verilməsinə əsas olmuş qərarın qanuniliyini mübahisələndirməmişdir. Digər tərəfdən qüvvədən düşmüş Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və müvafiq ərizənin verilib-verilməsindən asılı olmayaraq mübahisəyə tətbiq edilməlidir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 15 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 5 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderin verilməsinə əsas olan hüquqi şəxs baxılan iş üzrə yalnız maraqlı (üçüncü) şəxs kimi cəlb edilmişdir. Halbuki birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisələndirilən order Radioquraşdırma Zavodu tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, orderin və onun verilməsinə əsas olmuş qərar Cavabdeh mübahisəli otaqlara köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxs məhz Radioquraşdırma Zavodudur. Lakin birinci instansiya məhkəməsi iddiaya cavab verməli olan şəxsin cavabdeh kimi qoyulmadığı iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxmış və iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması və ya yeni cavabdehin cəlb edilməsi barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir (maddə 387.2.2). Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququndan məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddia tələbinin ikinci hissəsi – cavabdehin mübahisəli otaqlara yaşayış sahəsinə hüququnun itirilməsi tələbi orderin etibarsızlığı tələbinin təmin olunmasından birbaşa asılı olduğundan, iddianın birinci hissəsi əsassız olduğu üçün iddia tam rədd edilməlidir. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5767/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 55/58 saylı otaqlarına dair cavabdehə verilmiş xx.xx.2006-cı il tarixli, 0161 saylı orderin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-14043/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14043/2019
10.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver