Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1406/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X3 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6530/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh 03 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar.
2. Onların birgə nikahından 24 fevral 2009-cu il təvəllüdlü X4 doğulmuşdur.
3. Tovuz Rayon Məhkəməsinin 2(62)-851/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaq ananın yanında saxlanılmış və xx.xx.2014-cü il tarixdən başlayaraq, uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan övladları ananın - iddiaçının himayəsində saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin cavabdeh uşağı ilə maraqlanmamış, qət edilmiş alimenti ödəməmişdir. Həmçinin həmin vaxtdan uzun müddət keçmiş, bu müddət ərzində uşağın xərcləri artmışdır. Bu səbəbdən də iddiaçı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ünvanlayaraq, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh Nazim oğlundan tutulmalı olan aliment miqdarının artırılaraq, cavabdehin əmək haqqısının ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6530/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia tələbi təmin edilmişdir.
7. Məhkəmə uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağın saxlanılması üçün cavabdehdən tutulacaq alimentin miqdarının onun qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissədə müəyyən edilməsini onun mənafeyinə uyğun hesab etmişdir.
8. Məhkəmə öz mövqeyini "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə, “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə, “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin 06 dekabr 2022–ci il tarixli e-2(001)-6530/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə tərəfindən təqdim olunmuş sübutlara qiymət verilməmiş, həmçinin iddiaçının formal mülahizələri əsasında qərar qəbul edilmişdir. Qətnamənin qət etdi hissəsində cavabdehdən 50 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qeyd edilməsinə baxmayaraq, hansı rüsumdan söhbət getdiyi məlum deyil. Belə ki, iddiaçı tərəfdən heç bir rüsum ödənilməməsinə baxmayaraq, məhkəmə ondan 50 manat rüsumunun tutulması barədə qərar qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
20. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarı
21. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.
22. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
23. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
AR Mülki Prosessual Məcəlləsi
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Novruzova İddiaçı və Cavabdeh 03 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar.
29. Onların birgə nikahından 24 fevral 2009-cu il təvəllüdlü X4 doğulmuşdur. Tovuz Rayon Məhkəməsinin 2(62)-851/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaq ananın yanında saxlanılmış və xx.xx.2014-cü il tarixdən başlayaraq, uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
30. Birinci instansiya məhkəməsi uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(62)-851/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay Cavabdeh aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün və əsaslı hesab edir.
32. Kollegiya hesab edir ki, iddiaçının onun yanında qalan uşağın saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş, həmin tələbi isə uşağın böyüməsi, tələbatlarının artması, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən 2023-cü il üçün yaşayış minimumun artırılması ilə əlaqədar əsaslı olmuşdur.
33. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar onun uşağını saxlamaq öhdəliyindən azad etmir.
34. Kollegiya nəzərə alır ki, həm milli qanunvericilikdə, həm də Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdə uşaqların hüquqlarının təmin edilməsi ilə bağlı məsələlərin həll edilməsi zamanı uşaqların üstün mənafeyinin nəzərə alınmalı olması müəyyən edilir. Bu yanaşmadan çıxış edərək kollegiya qeyd edir ki, hazırkı vəziyyətdə Cavabdeh tutulan alıment məbləğinin artırılmasının onun maddi durumunu çətinləşdirməsi aşkar olsa da, bu məbləğin artırılmamasının uşaqların üstün tutulmalı olan mənafeyinə zidd olması əsas götürülməli və mübahisə məhz bu yanaşma əsasında həll edilməlidir.
35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas deyildir.
36. Kollegiya həmçinin qeyd edir ki, alimentin artırılması xahiş edilən məbləğin bir il üçün ödənilməli hissəsi 5000 manatdan çox olduğundan (1881,60/4x12=5.644,80), Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6530/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.