Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1407/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(011)-6115/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2013-cü ildən mənzildən istifadə etməsi və 2016-cı ilin dekabr ayının 19-dan X.Məmmədov küçəsi 2942-ci məhəllədə yerləşən 154 saylı mənzili bu günədək boşaltmamasına görə hər ay üçün 450 manat kirayə haqqı olmaqla cəmi 24300 manat maddi zərərin (əldən çıxmış faydanın) tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2013-cü ilin mart ayında müqavilə bağlanmış, müqavilə əsasında cavabdeh X.Məmmədov küçəsi 2942-ci məhəllədə yerləşən 154 saylı mənzili əldə etmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış bu müqavilə ləğv edilmiş, cavabdehin yaşayış sahəsi ilə təmin edilmədən həmin mənzildən məcburi çıxarılması və ödədiyi 11,340 manat, təmir xərcinə görə 21,404 manatın qaytarılması qət edilmişdir, qətnamədən apelyasiya və kassasiya şikayətləri verilmiş, lakin təmin edilməmişdir, qətnamə icra olunması üçün Xətai rayon İcra və probasiya şöbəsinə göndərilmişdir, MTK tərəfindən cavabdehə ödəniş olunmamışdır, mənzildən çıxacağı təqdirdə ödəniş olunacaqdır, mənzil mülkiyyət hüququ əsasında MTK-ya məxsusdur, cavabdeh bu günədək həmin mənzildən istifadə edir, dəfələrlə ona edilmiş müraciətlərə, yazılmış məktublara məhəl qoymamışdır, hazıradək mənzildən çıxmamaqla mənzilin təmirinə imkan yaratmamış, tam istifadəyə yararsız hala salmışdır, iş materiallarına əlavə edilmiş ekspert rəyindən göründüyü kimi həmin mənzilin 2013-2018-ci il tarixlərində real kirayə haqqı 1 ay üçün 450 manat müəyyən edilmişdir, əgər MTK həmin mənzili 2016-cı ilin dekabr ayında kirayə versə idi, 54 ay üçün 24,300 manat gəlir əldə edə bilərdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(011)- 6115/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4224/2016 saylı 19.12.2016-cı il tarixli qətnaməsi ilə "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 29.03.2017-ci il tarixli 27 saylı kooperativ mənzil tikintisi haqqında müqavilə ləğv edilmiş, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2942-ci məhəllədə yerləşən 154 saylı mənzildən çıxarılması, İddiaçı MTK-dan ödənişlərə görə 11,340 manat, təmir xərclərinə görə 21,404 manat olmaqla, cəmi 32,744 manatın Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2017-ci il tarixli 2(103)-5804/2017 saylı qətnaməsi ilə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2748/2018 saylı 26.04.2018-ci il tarixli Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan «X1 və Ekspertiza Mərkəzi» MMC tərəfindən verilmiş 22.06.2021-ci il tarixli 30 nömrəli rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2942-ci məhəllədə yeni inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, 106,41 kv.m sahəsi olan yaxşı təmirli mənzilin 2013cü ildən 2018-ci il tarixlərində real kirayə haqqı 1 ay üçün 450 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış 23.07.2018-ci il tarixli məktubdan görünür ki, o, 19.12.2016-cı il tarixli icra sənədinin "xxxx" MTK tərəfindən icra edilməsi barədə tədbirlər görülməsini xahiş etmişdir. "xxxx" MTK tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış məktubun surətindən görünür ki, MTK Cavabdeh çıxarılması ilə əlaqədar tədbir görülməsini xahiş etmişdir. Beləliklə müəyyən edilmişdir ki, tərəflər arasında 29.03.2017-ci il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmış, qüvvədə olan qətnamə ilə tərəflər arasında bağlanmış həmin müqavilə ləğv edilmiş, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2942-ci məhəllədə yerləşən 154 saylı mənzilndən çıxarılması, İddiaçı MTK-dan isə cəmi 32,744 manatın Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi qətnamə ilə Cavabdeh mənzildən çıxarılması, MTK tərəfindən isə pulun sonuncunun xeyrinə tutulması müəyyən edilmişdir, iddiaçı hazırda cavabdehin mənzili boşaltmamasına istinad edərək, maddi ziyan tələb edir, lakin həmin qətnamə ilə tərəflərin qarşılıqlı öhdəliyi nəzərdə tutulsa da, tərəflərin hər ikisi öhdəliyini icra etməmişdir. İddiaçı cavabdehin öhdəliyini icra etməməsinə əsaslanaraq vurulmuş ziyanı tələb edərkən, özünün cavabdeh qarşısında icra edilməmiş öhdəliyinin olmasını nəzərə almamış, icranın borclunun təqsiri ucbatından baş verməsini sübuta yetirməmişdir. 2018-ci il tarixdə qətnamə qanuni qüvvəyə minməsinə baxmayaraq MTK həmin vaxtdan hərəkətsizlik göstərmiş, özü də qətnamənin icrasını təmin etməmiş, 2020-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq cavabdehin mənzildə qanunsuz yaşadığını bildirmiş və mənzildən çıxarılması ilə bağlı tədbirlər görülməsini xahiş etmişdir, buna baxmayaraq hazırki vaxtadək MTK tərəfindən həmin qətnamə ilə cavabdeh qarşısında olan öhdəlik icra edilməmişdir. İddiaçının hazırda cavabdehin mənzildən çıxmamasına əsaslanaraq, həmin mənzili kirayə verməklə əldə edə biləcəyi gəliri tələb etməsi əsassızdır. Kollegiya hesab edir ki, məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Kollegiya qeyd edir ki, tərəflər qarşılıqlı öhdəlik daşıyırlar, yəni cavabdehin mənzili boşaltması iddiaçının həmin mənzil üçün onun xeyrinə qət edilmiş pul məbləğini ödədikdən sonra baş verə bilər. Bir qayda olaraq belə qətnamə üzrə tərəflərin qarşılıqlı öhdəlikləri eyni vaxtda icra olunmalıdır ki, icradan yayınan əsl tərəfi müəyyən etmək mümkün olsun. Hazırki vəziyyətdə isə iddiaçı 32,744 manatı ödəmədiyi (icra məmurunun derozit hesabına qoyulmadığı) halda cavabdehdən mənzili boşaltmağı tələb etməsinin əsası yoxdur və belə vəziyyətdə cavabdehi icranı ləngitməkdə təqsirləndirmək mümkün deyildir. Mülki Məcəllənin 446.7-ci maddəsinə görə, borclu öhdəliyi yalnız kreditor tərəfindən qarşılıqlı öhdəliyin icrasından sonra icra etməli olduğu halda kreditor icranı o zaman gecikdirmiş sayılır ki, təklif olunmuş icradan imtina etmədən qarşılıqlı öhdəliyin tələb olunan icrasını təklif etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6115/2021 saylı iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1407/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1407/2022
07.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver