Məhkəmə qərarları › İş №2(103)-1407/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1407/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1407/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1407/2024 (Açar sözlər: müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-142/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 09 oktyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 400.000 manat borc, habelə 690 manat dövlət rüsumu olmaqla, ümumilikdə 400.690 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması və tutmanın Abşeron rayonu, Saray qəsəbəsi, Şəhriyar küşəsi 1 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 321 m2 fərdi yaşayış evi və ümumi sahəsi 0,0545 ha olan torpaq sahəsi) ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək evin açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə arasında 400.000 manat məbləğində borcun verilməsinə dair Bakı şəhəri 6 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixdə 3M-2750 saylı kredit müqaviləsi bağlanmış, müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliyin icrasının təmin olunması məqsədilə onunla cavabdehlər arasında eyni tarixli üçtərəfli ipoteka müqaviləsi imzalanmış, müqaviləyə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Şəhriyar küçəsi ev 1 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 321 m2 fərdi yaşayış evi və ümumi sahəsi 0,0545 ha olan torpaq sahəsi) ünvanında yerləşən mülkiyyətçi Cavabdeh1 tərəfindən onun xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehlərə öhdəliyin icra olunmasına dair bildiriş göndərilmiş və xx.xx.2022-ci il tarixədək öhdəliyin tam şəkildə icra edilməsi tələb edilmiş, əks halda aidiyyəti orqana müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də cavabdehlərə xx.xx.2022-ci il tarixdə yenidən bildiriş göndərilmiş, lakin borclu hal-hazıradək öhdəliyini yerinə yetirməmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-142/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissədə baxılmamış saxlanılmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-142/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 400.000 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 690 manatın İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 740.2 maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddiamın təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, Yasamal Rayon Məhkəməsinin e-2(004)-142/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmış, qərardad mübahisələndirilməmişdir.

7. Qətnamədən həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək onun iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iddia ərizəsi üzrə xx.xx.2020-ci il tarixli, 3M-2750 saylı kredit müqaviləsi formal xarakter daşımışdır. Belə ki, tərəflər arasında real kredit münasibətləri mövcud olmamışdır. Cavabdeh2 fərdi sahiblarlıq sahəsi kimi quşçuluqla məşğul olmuşdur. İddiaçında 300.000 AZN dəyərində qul yemi almışdır. Həmin quş yemi keyfiyyətsiz çıxmış və yarasız olmuşdur. Bununla bağlı tərəflər arasında akt da tərtib edilmişdir. Həmçinin "xxxx" MMC ilə Cavabdeh2 arasında quş yeminin alqı-satqısına dair müqavilə də bağlanmışdır. Qanunvericiliyin tələbinə görə həmin quş yeminin keyfiyyətsiz olmasına hazırki iş üzrə iddiaçı cavabdehlik daşımalı olmuşdur. Yəni iddiaçının özünün təklifi ilə onlar arasında alqı-satqı müqaviləsi deyil kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlanan zaman onlar aralarında olan real münasibətləri pərədələmişdirlər. Qeyd etmək lazımdır ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutlara və onun izahatında göstərdiyi xüsusatlara əhəmiyyət vermədən, iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə çıxarmışdır. Halbuki, tərəflərin hər ikisinin eyni və ya oxşar sahibkarlıq sahəsi ilə məşğul olmaları və bağlanmış kredit müqaviləsinin həcminin yüksək olması cavabdeh tərəfindən alqı-satqımüqaviləsinə dair sübutun təqdim edilməsi iş üzrə pərdələnmiş əqdin müəyyən edilməsi üçün əhəmiyyətli olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apelyasiya şiayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3538/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər –Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-142/2023 saylı iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 400.000 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 690 manatın İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apellyasiya instansiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh2 iddiaçıdan 400.000 manat borc pul alması və həmin borcu qaytarmaq öhdəliyini götürməsi, onların arasında bununla bağlı borc müqaviləsinin bağlandığı, Cavabdeh2 həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. tərəflər arasındakı borc müqaviləsinin bağlanmasına səbəb olan şərait, tərəflərin münasibətinin mahiyyəti və borcun quş yeminin cavabdehə satışına görə yaranması hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamışdır. 23 dekabr 2020-ci il tarixli müqavilə üzrə borcundan 80.000 manat ödəmiş olması ilə bağlı isə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

ç) Kassasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir..

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4285/2023 saylı qərarı ilə (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

14. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “....Borc məbləğinin notariatın depozit hesabına ödənilməsi müəyyən olunmur. ........ əqdə əsaslanan tələbə baxarkən məhkəmənin ilk vəzifəsi müqavilənin etibarlığına qiymət verilməsi ilə bağlıdır. Məhz cavabdeh etirazında istinad edilənlər müqavilənin etibarlılığına qiymət verilməsi ilə bağlıdır. Bu istiqamətdə təqdim olunmuş sübutların qiymətləndirilməsindən sonra əqdin etibarlı olması müəyyən olunduğu təqdirdə bununla bağlı yaranacaq öhdəliklərin mövcudluğuna qiymət verilə bilər. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, notariat qaydasında təsdiq olunmuş müqavilənin etibarsız (əhəmiyyətsiz) olması istisna edilməsə də, buna əsas verən bilavasitə və mötəbər sübutlar mövcud olmalıdır. O cümlədən, müqavilənin yalan, uydurma və digər hər hansı bir əsasla etibarsızlıq halını yaradan əqd hesab olunması üçün onun tərəflərlə formal hüquqi görünüş yaradılması, pərdələnməsi və digər hər hansı bir məqsədlə bağlanması təsdiq olunmalıdır. Bu halın sübutetmə yükü isə müqavilənin etibarsız olmasını iddia edən tərəfin – hazırki işdə cavabdehin üzərinə düşür. Göstərildiyi kimi hazırki iş üzrə iddiaçı müqavilənin formal bağlanmasını etiraf etmir. Cavabdeh tərəf isə iddia edir ki, müqavilənin imzalanması zamanı tərəflərin məqsədini, ona hər hansı məbləğdə pul verilmədiyini, onlar arasında uzun illər ərzində formalaşmış işgüzar münasibətlərin mövcudluğuna və digər sübutlara istinad etməsinə baxmayaraq apellyasiya məhkəməsi isə bununla bağlı araşdırma aparmamışdır. Apellyasiya instansiya məhkəməsi faktiki olaraq tərəflər arasında və ya tərəflərin aid olduğu hüquqi şəxslər arasında uzun müddət fomalaşmış işgüzar münasibətlərə, həmin münasibətlər zamanı yaranmış mübahisələrə, mübahisələrin həlli ilə bağlı aparılmış məhkəmə icraatlarına, məhz həmin icraatların iddiaçının və onun aid olduğu hüquqi şəxslərin iddiası əsasında başlanmasına və baxılan iş üzrə iddianın verilmə əsası olan borc müqaviləsinin bağlaması ərəfəsində cavabdehlə iddiaçıya aid olan MMC arasında məhsulların alqı-satqı müqaviləsinin bağlanması və həmin müqavilədə xx.xx.2020-ci il tarixli borc müqaviləsinin təminatı olan ipoteka müqaviləsinin təminat olaraq göstərilməsi, onların arasında qarşılıqlı etimadın mövcudluğunun mübahisələndirilməsi, cavabdehin etirazında istinad etdiyi dəlillərin dəstəklənməsinə yönələn hallar olmasına baxmayaraq bu sübutları işdə olan digər sübutlarla qarşılıqlı olaraq qiymətləndirməyərək, cavabdehin etirazında olan dəlillərinin təsdiq olunmadığını göstərmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilməmişdir. Nəzərə alınmamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. ”

c) Proses iştirakçılarının izahatı

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini qəbul etmədi və şikayətin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.

16. Cavabdehlər işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

18. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

19. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

20. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

21. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

22. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

23. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

24. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

25. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

26. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

27. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

28. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

29. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.

30. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

34. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

35. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

38. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

39. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

40. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

47. Hazırda iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində verilmiş apellyasiya şikayəti geri qaytarıldığından və bununla bağlı qərardad qanuni qüvvəsini aldığından, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə iddianın təmin edilən hissəsinin yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

50. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

51. Hazırki iş üzrə iddiaçı tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması və həmin müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına istinad edərək müqavilədə göstərilən həddə pul məbləğinin ona qaytarılmasını tələb edir. Cavabdeh isə bildirmişdir ki, tərəflər arasında real kredit münasibətləri olmamış, formal müqavilə bağlanmış, özü fərdi sahibkar kimi quşçuluqla məşğul olmuş, iddiaçıdan 300.000 AZN dəyərində quş yemi almış, buna dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, hər ay 20.000 AZN olmaqla, iddiaçıya 4 ay pul ödəmiş, sonradan quş yeminin keyfiyyətsiz olmasına dair tərəflər arasında mübahisə yaranmış, yem iddiaçıya geri qaytarılmış, buna baxmayaraq xx.xx.2020-ci il tarixdə tərəflər arasında alqı-satqı müqaviləsini formal, pərdələmək məqsədi ilə kredit müqaviləsi bağlanmışdır.

52. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

53. Kassasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib işi yenidən baxılması üçün göndərərkən mövqelərindən biri o olmuşdur ki, tərəflər arasında bağlanmış və hazırki mübahisənin predmeti olan kredit müqaviləsinin real əsaslarla bağlanıb-bağlanmaması, müqavilə üzrə borc məbləğinin, həqiqətən, cavabdehə verilməsini təsdiq edən sübutların mövcudluğu lazımi qaydada araşdırılmamışdır.

54. Bununla bağlı apellyasiya baxışı zamanı xx.xx.2024-cü il tarixli sübutların təmin edilməsi barədə qərardad qəbul edilmiş, qərardadla Bakı şəhəri 6 saylı notariat ofisindən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin rəsmiləşdirilməsinə dair reyestrdə 3M-2750 nömrə ilə qeydiyyata alınmış notariat işinin, o cümlədən Cavabdeh2 tərəfindən 400.000 manat pulun alınmasına dair müvafiq qəbzin əslinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur.

55. Bunun əsasında məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə olunan sənədlərin əsllərindən görünür ki, həqiqətən də, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin rəsmiləşdirilməsindən irəli gələrək Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X2 "xxxx" ASC-də açılmış depozit hesabı vasitəsilə həyata keçirilmiş əməliyyatlar üzrə GB 121473 nömrəli çek əsasında Cavabdeh2 tərəfindən həmin depozit hesabından 400.000 manat pul götürülmüş və həmin çek Cavabdeh2 tərəfindən imzalanmışdır.

56. Cavabdeh qeyd olunan qəbzdəki imzanın ona məxsus olmadığını bildirmiş və bununla bağlı işin bütün hallarının aydınlaşdırılması məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/906 nömrəli rəyindən görünür ki, Cavabdeh2 adına olan "xxxx" ASC-nin GB seriyalı 121473 saylı, xx.xx.2020-ci il tarixli çekinin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım” qrafasında “aldım” yazısı, həmin çekdəki “Çeki aldım” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Bundan əlavə cavabdehin nümayəndəsi və vəkili təkrar ekspertizanın keçirilməsini xahiş edərkən cavabdehin verdiyi imza nümunələrində və şəxsiyyət vəsiqəsində ekspertizanın təsdiq etdiyinin əksinə “B” hərfinin olmadığını bildirsə də, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında izahat verən cavabdeh özü də imzasının “B”, yəni rus əlifbası ilə “Б” hərfi ilə başladığını qeyd etmişdir.

57. Mülki Məcəllənin 743.1-ci maddəsinin birinci cümləsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qanunverici borc müqaviləsinin öz məqsədinə çata bilməsi və mahiyyətini daşıya bilməsi üçün ilk növbədə məhz borcverən üçün öhdəlik müəyyənləşdirmiş, borcun müqaviləsinin reallaşdırılması üçün ilk növbədə borc verən tərəfindən müqavilədə göstərilmiş məbləğin borcalana verilməli olduğunu, yalnız bundan borcalanın aldığı pul vəsaitini müəyyənləşdirilmiş şərtlərlə qaytarmaq öhdəliyinin yarandığını qeyd etmişdir. Bu da o deməkdir ki, borc müqaviləsi öz xarakterinə və müqavilənin bağlanmış hesab edilməsi anına görə konsensual, yəni tərəflərin müqavilənin şərtləri barədə razılığa gəlməsi ilə yekunlaşan müqavilə deyil, real müqavilədir, yəni onun bağlanmış hesab olunması üçün təkcə şərtlər barədə razılığa gəlinməsi kifayət deyil, müqavilənin predmetinin də təqdim edilməsi şərtdir.

58. Qanunvericiliyin yuxarıda qeyd edilən normasının məzmunundan da göründüyü kimi borc müqaviləsinin bağlanmış hesab olunması və etibarlı nəticələr doğura bilməsi üçün müəyyən olunan şərtlərdən biri də müqavilənin predmetinin, yəni indiki halda pulun qarşı tərəfə təqdim edilməsi ilə bağlıdır. Hazırki işin hallarından da göründüyü kimi tərəflər arasında notarial qaydada kredit müqaviləsi bağlanmış və cavabdeh müqaviləyə əsasən ona verilməli olan 400.000 manat məbləği bununla bağlı müvafiq qəbzə imza atmaqla götürmüş, bu hal özünü yuxarıda adı çəkilən ekspert rəyində də tapmışdır.

59. Daha sonra kassasiya instansiyası məhkəməsi işi apellyasiya baxşına göndərərkən öz mövqeyində alğı-satqı müqaviləsinin tarixinin borc müqaviləsinin tarixindən sonra olmasına baxmayaraq MMC ilə cavabdeh arasında bağlanmış həmin müqavilədə məhz borc müqaviləsinin təminatı olan ipoteka müqaviləsinə istinad edilməsi və onun təminat olaraq qəbul edilməsi iş üçün əhəmiyyətli olan hal kimi araşdırılmalı olmuşdur. Qeyd edilənlərin araşdırılması məqsədi ilə apellyasiya baxışında tərəflərə göstərilən hala aydınlıq gətirilməsi təklif olunmuş, iddiaçının nümayəndəsi vəkili buna münasibətdə bildirmişdir ki, yem alışı müqaviləsi əvvəldən hazırlansa da, qeyd olunan bənd (2.3) borc verildikdən sonra əlavə edilmişdir. Çünki cavabdehlə borc alışı müzakirələri artıq gedirdi və yem alışı müqaviləsi sadəcə əvvəlcədən hazırlanmış, lakin imzalanmamışdır. Lakin alqı-satqı müqaviləsi çap edilərkən çap edilmə tarixi yenilənməmiş və mexaniki səhv olaraq əvvəlki tarix qalmışdır. Belə ki, kredit və ipoteka müqavilələrinin bağlanacağı gün və bu müqavilələrin nömrələrinin əvvəlcədən bilinməsi qeyri-mümkündür. Alqı-satqı müqaviləsi borc və ipoteka müqavilələri bağlandıqdan sonra bənd əlavə edilərək çap edilmiş və imzalanmışdır.

60. Göründüyü kimi apellyasiya baxışında sözügedən halın aydınlaşdırılması ilə bağlı öz mülahizə və sübutlarını təqdim etmək üçün tərəflərə şərait yaradılmış, iddiaçının nümayəndəsi və vəkili mübahisənin mahiyyətinə uyğun olaraq həmin halın texniki yanlışlıqla bağlı olmasını qeyd etmiş, cavabdeh isə bunu təkzib edəcək, o cümlədən başqa səbəbə bağlı olduğunu sübut edəcək hər hansı mülahizə və ya dəlillə çıxış etməmişdir.

61. Kassasiya instansiyası məhkəməsinin digər bir mövqeyi isə ondan ibarət olmuşdur ki, müqavilənin imzalanması zamanı tərəflərin məqsədini, ona hər hansı məbləğdə pul verilmədiyini, onlar arasında uzun illər ərzində formalaşmış işgüzar münasibətlərin mövcudluğuna və digər sübutlara istinad etməsinə baxmayaraq apellyasiya məhkəməsi isə bununla bağlı araşdırma aparmamışdır. Göstərilənlərə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, sözügedən halın aydınlaşdırıması məqsədilə yuxarıda da bildirildiyi kimi məhkəmə tərəfindən mübahisəli borc müqaviləsinə dair kredit müqaviləsi ilə bağlı notariat işi, o cümlədən pulun, həqiqətən, verilməsi və müvafiq olaraq cavabdeh tərəfindən məxaric olunmasına dair qəbzin əsli tələb olunmuş, cavabdehin həmin qəbzdəki imzanın özünə məxsus olmadığını bildirməsi üzərinə ekspertiza təyin edilmiş və imzaların məhz sonuncuya aid olması, beləliklə, pulun cavabdeh tərəfindən məxaric edilməsi bir daha öz təsdiqini tapmışdır. Bundan əlavə kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh öz apellyasiya şikayətində və işə bundan öncə baxmış məhkəmə instansiyalarında tərəflər arasında, ümumiyyətlə, borc müqaviləsinin bağlanması ilə əlaqəli heç bir niyyətlərinin olmadığını, sadəcə digər müqaviləni pərdələmək məqsədi ilə imza atıldığını bildirsə də, hazırki apellyasiya baxışı zamanı öz mövqeyini tamamilə fərqli və qeyd olunan mövqeyi istisna edən mülahizələrlə əsaslandırmışdır. Belə ki, cavabdeh öz şikayətində müqavilənin bağlandığını və bununla bağlı iradəsinin olmasını, lakin niyyətinin borc götürmək deyil, digər əqdi pərdələmək olduğunu bildirsə də, sonradan apellyasiya baxışındakı iclaslarda müqavilədəki imzaların, ümumiyyətlə ona məxsus olmadığını və belə bir müqavilənin onun tərəfindən bağlanmadığını bildirmişdir. Sonrakı məhkəmə iclasında isə iddiaçıdan borc götürmək niyyətində olsa da, sonuncunun 400.000 manat vəsaiti notariat ofisinə gətirdiyini, lakin son anda fikrindən daşınaraq vermədiyini qeyd etmişdir.

62. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Göründüyü kimi cavabdeh iddia tələbinə etirazını hər dəfə müxtəlif mülahizələrə söykənməklə əsaslandırsa da, bu mülahizələr bir-biri ilə təzad təşkil edərək heç biri mötəbər dəlillərlə təsdiq olunmamışdır.

64. Bundan başqa kassasiya instansiyası məhkəməsi cavabdehin “hökmü ona görə təqdim edirəm ki, 400.000 manat borc münasibətinin yaranması üçün bir-birlərinə qarşı real inam yoxdur. İddiaçı cinayət və mülki icraat qaydasında ondan şikayətçi olub, dəfələrlə arasında mübahisə olub” məzmunlu etirazına münasibət bildirilməsini və digər sübutlarla yanaşı qiymətləndirilməli olmasını bildirmişdir. Buna münasibətdə tərəflərin apellyasiya baxışındakı izahatlarına, o cümlədən işdəki digər dəlillərin məcmu halında araşdırılmasına əsasən kollegiya qeyd edir ki, sözügedən hökm 2019-cu il tarixli olmaqla tərəflər arasındakı alqı-satqı və borc müqaviləsinin bağlanmasından təxminən 1 il əvvəlki dövrü əhatə etmiş, cavabdeh tərəfindən sözügedən müqaviləsinin etibarlılığı mübahisələndirilsə də, ondan qısa müddət öncə bağlanmış alqı-satqı müqaviləsi və onun bağlanması zamanı tərəflərin bir-birilərinə olan işgüzar inamı nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Yəni tərəflər arasındakı cinayət hüquqi xarakterli mübahisə onların arasındakı inamın tam olaraq zədələnməsinə gətirib çıxarmış olsa idi, bu zaman təkcə xx.xx.2020-ci il tarixli borc müqaviləsi deyil, ondan qısa müddət öncə bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi də cavabdeh tərəfindən mübahisələndirilər və şübhə doğurar, yaranan şərait hər iki müqavilənin bağlanmasına təsir göstərərdi. Bundan əlavə sözügedən borc və alqı-satqı müqavilələrinin ipoteka təminatı ilə bağlanması iddiaçının cavabdehlə olan işgüzar münasibətlər fonunda bundan əvvəlki mübahisədən müəyyən qədər ehtiyatlanaraq bununla bağlı qanunvericiliyin imkan verdiyi həddə zəmanət tədbirləri gördüyünü deməyə əsas verir.

65. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

66. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında isə qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər... Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.....Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.

67. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və iş üzrə tədqiq olunan sübutların məcmusu baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış borc müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və həmin borc müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən iddianı təmin etməkdə haqlı olmuşdur.

68. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. 69 Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

70. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

71. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

72. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

73. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

74. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

75. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməlidir.

76. Həmçinin apellyasiya baxışında keçirilmiş ekspert tədqiqatının dəyəri olan 127 manat pul vəsaiti Cavabdeh2 tutulmalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-142/2023 saylı, 31 yanvar 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar