Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1412/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «alimentin sabit pul məbləğində müəyyən edilməsi» qarşılıqlı iddiasına dair mülki iş (Açar sözlər: «alimentin tutulma qaydasının dəyişdirilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3423/2023 saylı, 15 noyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(002)-315/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşağın onun himayəsində saxlanması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 09 dekabr 2006-cı il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində 1048 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X2 İddiaçı yanında və himayəsində saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirinin və ya qazancının 1/4 hissəsi miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin xx.xx.2021-ci il tarixdən tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, ödənilmiş dövlət rüsumunun həmin iş üzrə cavabdehə aid edilməsi qət edilmiş, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 4196/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(002)-315/2021 saylı qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilmiş, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 4196/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sonradan, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsində qeyd olunan alimentin miqdarının artırılması tələbinin, alimentin tutulma qaydasının dəyişdirilməsi kimi qəbul edilməsini və məhkəmə qətnaməsi çıxarılarkən bunun nəzərə alınmasını xahiş etmişdir.
5. İddiada göstərilir ki, işə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında baxılarkən özü alimentin miqdarının dəyişdirilməsinə, yəni cavabdeh uşağına əlavə yardım edəcəyini bildirdiyi üçün alimentin azaldılmasına razılıq vermişdir. Artıq uşağın tələbatı artmışdır. Həmçinin cavabdeh 1.000 manatdan yuxarı təqaüd alır və gəliri yüksəkdir. Qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment 250 manatdan artıq edir. Cavabdeh isə könüllü olaraq əlavə yardım etmək istəmir. Ona görə də, alimentin miqdarının artırılması tələbi ilə bağlı məhkəməyə müraciət edir. X1 iştirak edilməsi barədə arayış alınmışdır.
6. Cavabdeh da İddiaçı qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-4196/2021 saylı qətnaməsini aliment hissəsində dəyişiklik edərək, hər ay 220 manat sabit pul məbləğində alimentin ondan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddiada göstərilir ki, birgə yaşadıqları dövrdə aralarında məişət zəminində dəfələrlə mübahisələr olmuş, bunun nəticəsi olaraq nikahın pozulmasına dair Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd etmək istəyir ki, ailə münasibətlərində problem olduğuna görə və övladı ilə ünsiyyətdə az olduğuna görə öz arzusu ilə hərbi xidmətdən ehtiyata çıxmasına dair qərar qəbul etmişdir və 2020-ci ilin sentyabr ayından ehtiyata buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında proses zamanı İddiaçı özü tərəfindən alimentin miqdarının 175 manat sabit pul məbləğinə dair yazılı razılıq ərizəsini məhkəməyə təqdim etmişdir. Hazırda, İddiaçı tərəfindən ona qarşı qaldırılan xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması tələbinə dair iddia ərizəsi barədə aşağıda qeyd olunanları əsas tutaraq etiraz edir. Bildirir ki, oğlu Kəlbiyev Amir və onun anası İddiaçı indiki vaxta kimi onunla birgə ona məxsus olan ünvan 1 ünvanda yaşayırlar. Həmin mənzili güzəştli ipoteka krediti ilə aldığı üçün hər ay 173 manat 33 qəpik aylıq ödənişləri, ipoteka sığorta haqqı 192 manat, həm özünün illik həyat sığortası, 108 manat həcmində keçmiş həyat yoldaşının (İddiaçı) illik həyat sığotası 74 manat vəsaiti İpoteka Fonduna köçürür. Bir də, yaşadıqları mənzilin bütün kommunal xərclərini hər ay azı 50-60 manat onun pul vəsaitindən ödənilir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni əsas tutaraq, o, hər ay 175 manat alimenti övladının anasının bank hesabına köçürür. Oğlunun yaşadığı mənzildə bütün uşağa lazım olan şərait qurulub və uşağının ehtiyacı olduğu idman və tədris ləvazimatlarla təmin olunub. Oğlunun xahiş etdiyi hər hansı tələbatlarını, uşaq əyləncə və istirahət məkanlarında olmasını, sağlamlıq və tibb müəssisələrində müayinə edilməsini qarşılayır və davam edəcək. Hesab edir ki, o, bir ata kimi öz övladının tərbiyəsinə, qorunmasına və saxlanılmasına kifayət qədər qayğı göstərir və diqqət edir. Oğlunun anası İddiaçı halhazırda işləyir və Amaliyanın gəliri onun gəlirindən az deyil, buna baxmayaraq birgə yaşadıqları mənzilin kommunal və ipoteka xərclərini qarşılamır. Bir də, bütün gün işdə olduğu üçün uşağa az vaxt ayırır. Özü heç bir yerdə işləmədiyi üçün, günün bütün vaxtını öz övladı ilə keçirir və övladının lazımi tələbatlarını, ehtiyaclarını qarşılayır. Övladının onunla bir evdə qalması, övladının maddi tələbatını alimentdən kənar qarşıladığına görə, həmçinin keçmiş həyat yoldaşının gəlirləri onun gəlirindən az olmadığına görə hesab edir ki, aliment məbləği cari ilin uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə uyğundur.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3423/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair ilk iddiasının təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-4196/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılması (alimentin tutulma qaydası dəyişdirilməsi) və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (gəlirinin) 1/4 hissəsi miqdarında alimentin tutulması, alimentin tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, 50 manat mediasiya xərcinin Cavabdeh İddiaçı xeyrinə tutulması, ilk iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya aid edilməsi, ilk iddia üzrə 56 manat 24 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh İddiaçı qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdehin stabil qazancı (gəliri) olması, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət olmaması, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan verməməsi nəzərə alınaraq ilk iddia təmin edilməlidir. Qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olaraq gəlirə malik olması, uşağın atası olan cavabdehi aliment ödəmək vəzifə və öhdəliyindən azad etmir. Uşağa baxmaq hər iki valideynin borcudur. İkincisi, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qarşılıqlı iddia üzrə iddiaçının (aliment verməyə borclu olan valideynin) qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən deyil, qazancın (gəlirin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə almır, onun stabil qazancı (gəliri) var, alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkündür, çətinlik törətmir və onun marağını əhəmiyyətli dərəcədə pozmur. Belə olduğu təqdirdə, qarşılıqlı iddia təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək, ilkin iddia ərizəsinin təmin olunmaması, qarşılıqlı iddia ərizəsinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 10.Apellyasiya şikayətində göstərilir ki, nikah pozulduqdan sonra övladı ilə eyni mənzildə yaşayır, lazımi bütün tələbatları tərəfindən ödənilir. Hesab edir ki, övladının bütün maddi tələbatı onsuz da tərəfindən qarşılandığına görə, cavabdeh tərəfindən verilən iddia təmin edilməməli, aliment sabit pul məbləğində müəyyən edilməlidir. Övladı ilə bağlı olan bütün maddi problemlər tərəfindən qarşılanmasına, uşağın anasından çox atasının yanında vaxt keçirməyinə baxmayaraq, ana tərəfindən “alimentin tutma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi maraq doğuran məqamlardandır. Həmçinin İddiaçı gəlirləri onun gəlirləri qədər olmasına baxmayaraq, övladının bütün maddi tələbatı tərəfindən qarşılanır və bundan sonra da qarşılanacaqdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflər, məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məlumat verməyiblər. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
14. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd).
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ilk iddia təmin edildiyi, qarşılıqlı iddia isə təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. Əvvəla, təmin edilən hissədə ilkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddanın isə faktiki əsası isə (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilk iddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, qarşılıqlı iddia isə uzlaşmadığından, üstəlik ilk iddia üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından ilk iddia haqlı sayılır, qarşılıqlı iddia isə haqlı sayılmır. 25.İşin mübahisəsiz halıdır ki, tərəflər əvvəllər rəsmi nikahda olmuş, rəsmi nikahdan 1 uşağı var, tərəflər arasında olan nikahın pozulub, uşaq ananın yanında qalıb və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur.
26. İlk iddia üzrə cavabdehin göstərdiyi dəlillər onu ilk iddiaçı ilə rəsmi nikah münasibətlərindən olan uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi dəlillər, o cümlədən ilk iddiaçının işləməsi, özünün uşağına daha çox qayğı göstərməsi alimentin tutulma qaydasının dəyişdirilməsinin, yəni alimentin sabit pul məbləğində deyil, qazancın və digər gəlirlərin müəyyən hissəsi kimi tutulmasının rədd edilməsi üçün birmənalı əsas ola bilməz. Çünki, təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Azərbaycan Respublikasında 2023-cü il üçün müəyyən olunmuş bir uşaq üçün yaşayış minimumu 220 manat olmuş və bu məbləğdən yaxud qazancın və digər gəlirlərin ¼ hissəsindən az olması uşaqlarla bağlı Beynəlxalq Konvensiyaların tələblərinə də zidd olardı. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi ilk iddia üzrə cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. 27.Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi ilk iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan yaxud qazancın və digər gəlirlərin ¼ hissəsindən az olmayan məbləğdə ilk iddia üzrə cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Ona görə də cavabdehin şikayətində göstərdiyi hallar alimentin artırılmasının və tutulma qaydasının dəyişdirilməsinin rədd edilməsi üçün əsas ola bilməzdi. Təbii ki, tərəflər özləri də qarşılıqlı razılıq əsasında alimentlə bağlı məsələni uşağın mənafeyinə zidd olmamaq şərtilə məhkəmə qətnaməsinə zərurət olmadan da həll edə bilərlər.
28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3423/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3423/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.