Məhkəmə qərarları › İş №2(103)-1413/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1413/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1413/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-2692/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-2692/2020 nömrəli qətnaməsi ilə Bank “xxxx” ASC-nin '‘Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli FN-00044-01/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli FN-00044-01/19A nömrəli kredit müqaviləsi üzrə 2601,12 manat əsas borc, 479,76 manat faiz borcu, 170,17 manat dəbbə borcu, ümumilikdə 3251,05 (üç min iki yüz əlli bir manat, beş qəpik) manat borc, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu Bank“xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə əsas borcun dəqiqləşdirilməsindən sonra faiz borcunun və cərimənin tam ləğv edilməsi, əsas borcun hissə-hissə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə onun iştirakı olmadan baxılmış, o məhkəmə iclasının vaxtı barədə bildiriş almadığımdan məhkəmə iclasında iştirak edə bilməmişdir. Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinin «Sənaye» filialından götürdüyü 3.000 manat kreditin 900 manatını ödəmiş, lakin sonradan işləmədiyindən və koronavirus xəstəliyi ilə əlaqədar ödənişi aylıq qrafiq üzrə davam etdirə bilməmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçı bankın verdiyi maliyyə arayışı əsasında qətnamə qəbul etmiş, hətta ona 170,17 manat dəbbə pulu hesablanmışdır. Birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizası keçirilmədiyindən düzgün olmayan qətnamə qəbul etmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə gəlməmə səbəbini göstərməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, xx.xx.2019-cu tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 26 faizlə, 24 ay müddətinə 3000 manat kredit vermişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixə 2601,12 manat əsas və 479,76 manat faiz, 170,17 manat cərimə, cəmi 3251,05 manat borcu vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən mövcud olan və iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsində olan ünvanına sifarişli məhkəmə bildiriş və SMS bildiriş göndərilmişdir. Cavabdeh ona məxsus kredit müqaviləsində qeyd edilmiş mobil telefonda SMS bildirişi qəbul etmişdir. İkincisi, borc məbləğinin şişirdilməsini bildirilsə də bu dəlillər də əsassızdır. Çünki, bu barədə heç bir sübut təqdim edilməmişdir. İddia tələbi üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət və əsas olmamışdır. Çünki, iddia tələbində göstərilən əsas və faiz borcunun məbləğləri işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından ekspertizanın keçirilməsinə də əsas mövcud deyildir. Üçüncüsü, cavabdehin göstərdiyi digər dəlillər də onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx xxx 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-2692/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar