Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1413/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nizamlı Aygün Ülvoyyət qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1032/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1577,28 ABŞ dolları məbləğində əsas, 2078,75 ABŞ dolları faiz, 1417,01 ABŞ dolları cərimə, 292,16 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış 5 faiz məbləği olmaqla, ümumilikdə 5365.20 ABŞ dolları borcun və 112 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC «Bank Standard» KB ilə X8 arasında xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsi bağlamışdır. Həmin Müqaviləyə əsasən bank borcluya illik 26% olmaqla 48 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. 4 saylı Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məktubdan müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci ildə Notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş,. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən miras əmlak kimi qəbul edilmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X3 Banka ödənilməmiş kredit müqaviləsi üzrə 1577.28 ABŞ dolları məbləğində əsas, 2078.75 ABŞ dolları məbləğində faiz, 1417.01 ABŞ dolları məbləğində cərimə borcu, 292.16 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 5365.20 ABŞ dolları borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1032/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsi üzrə 690,74 ABŞ dolları əsas borc, 298,06 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, 292.16 ABŞ dolları vaxtı keçmiş faiz borcu, cəmi 1330,96 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 112 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ekspertiza xərci olan 100 manat pulun Cavabdeh və QSC «Bank Standard» KB-dan birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1032/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – qətnamənin iddianın təmin olunmayan hissələrində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, ekspert rəyinin kifayət qədər aydın olmadığını, rəydə cavabdehin ödənişlərinin düzgün göstərilməməsi və nəticədə cavabdehin borcunun səhv hesablanması, ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixdə 41,08 ABŞ dolları məbləğinin əsas borcdan silinməsi qeyd olunduğu halda, məhkəməyə təqdim olunan hesabdan çıxarışda qeyd edilən tarixə 31.08 ABŞ dolları məbləğinin silinməsinin öz əksini tapması, bununla yanaşı ekspert rəyində xx.xx.2015-ci il tarixinə 120 ABŞ dolları və xx.xx.2015-ci il tarixinə 220 ABŞ dolları mədaxilin olduğunun qeyd edilməsi, halbuki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə 120 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 100 ABŞ dolları mədaxil edildiyi halda, xx.xx.2015-ci tarixində hesaba mədaxil olmaması, yəni rəydə xx.xx.2015-ci il tarixinə mədaxil kimi qeyd olunmuş məbləğin cavabdeh tərəfindən xx.xx.2015-ci il və xx.xx.2015-ci tarixlərində edilmiş mədaxillərin cəmi olması, qeyd edilən tarixlərdə hesabdan silinmə həyata keçirilmədiyindən, yalnız xx.xx.2015-ci il tarixdə qeyd edilmiş iki ödəniş üzrə ümumi 220 ABŞ dolları məbləğindən silinmənin həyata keçirilməsi, həmçinin xx.xx.2016-cı il tarixdə 102.05 ABŞ dolları mədaxil olması, 46.76 ABŞ dolları əsas borc, 53.42 ABŞ dolları faiz, 1,87 ABŞ dolları cərimə borcuna silinməsi, ekspert rəyində isə bu məbləğlərin düzgün qeyd edilməməsi, cərimənin həddin çox azaldılması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayənədəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, ekspertiza rəyi ilə 19 noyabr 2016-cı il tarixə əsas kredit borcunun 2325,92 ABŞ dolları olması qeyd edilmiş, həmin tarixdən sonra 886,54 ABŞ dollarının ödənildiyi göstərilmişdir. Bank tərəfindən məhkəməyə müraciət olunan zamanı həyata keçirilmiş bütün ödənişlər, eləcə də rəydə göstərilən 886,54 ABŞ dolları çıxılaraq əsas kredit borcu kimi 1577,28 ABŞ dolları tələb olunmuşdur. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq 886,54 ABŞ dolları pulu 1577,28 ABŞ dollarından çıxmaqla əsas kredit borcunu 690,74 ABŞ dolları kimi müəyyən etmişdir. Göründüyü kimi, həmin ödəniş faktiki iki dəfə nəzərə alınmış olmuşdur. belə olan halda hətta ekspert rəyi nəzərə alınmaqla əsas kredit borcu 1439,38 ABŞ dolları (2325,95-886,54=1439,38) edir. Lakin, ekspertizə rəyində olan bəzi texniki səhvlər də nəzərə alınsa, əsas kredit borcu təqribən iddia ərizəsində göstərilən məbləgə uyğun təşkil edir. Texniki səhvlər barədə apellyasiya şikayətində ətraflı izah verilib. Məsələn, ekspert xx.xx.2015-ci il tarixinə 120 ABŞ dolları və xx.xx.2015-ci il tarixinə 220 ABŞ dolları mədaxilin olduğunun qeyd etsə də, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə 120 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə isə 100 ABŞ dolları mədaxil olunmuşdur. Beləliklə, rəydə 120 ABŞ dolları artıq yazılmışdır və s. Bununla yanaşı, birinci instansiya məhkəməsi cəriməni həddindən artıq azaltdaraq cəmi 50 ABŞ dolları həddində təmin etmişdir. Halbuki, əsas kredit borcu 1577,28 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyasından cərimənin yuxarı həddə müəyyən olunmasını xahiş edir. Bununla yanaşı, iddia ərizəsində 2078,75 ABŞ dolları faiz borcu tələb olunsa da, məhkəmə iddianı həmin hissədə 298,06 ABŞ dolları həddində təmin etmişdir. Faizlə bağlı hissədə qeyd edir ki, borclunun 19 noyabr 2016-cı il tarixdə vəfat etməsindən məlumatlı olmadıqlarından həmin tarixdən sonra da faizlərin müqavilə şərtlərinə uyğun qaydada hesablanması davam etmişdir. Əgər bankda məlumat olsa idi, o zaman faizlərin hesablanması dayanardı. Ona görə də hesab edir ki, faizlər tam təmin olunmalıdır. Birinci instansiya məhkəməsi iddianı vaxtı keçmiş borca görə hesablanmış illik 5 faiz kimi 292.16 ABŞ dolları hissədə iddianı tam təmin etdiyindən həmin hissədə qətnaməni mübahisələndirmirlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmiş, iddiaçı isə qətnaməni qismən (cavabdehdən xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsi üzrə 690,74 ABŞ dolları əsas borun, 298,06 ABŞ dolları faiz borcunun və 50 ABŞ dolları cərimə borcunun tutulması hissələrində) mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qismən (əsas kredit borcunun və cərimənin tutulması hissələrində) ləğv olunmalı, iddia həmin hissələrdə qismən təmin olunmalı, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, QSC «Bank Standard» KB ilə X8 arasında xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsinin bağlanması və həmin müqaviləyə əsasən bankın borcluya illik 26% olmaqla 48 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verməsi işin mübahisə olunmayan halıdır. Bununla yanaşı, işdən görünür ki, X1 19 noyabr 2016-cı il tarixdə ölmüş (AZ-İ 806602 saylı ölüm haqqında şəhadətnamə), onun vərəsəsi (oğlu) miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini qəbul etmiş, bu barədə notariat orqanı tərəfindən müvafiq şəhadətnamə verilmişdir (4 saylı Asan Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubu, xx.xx.2018-ci il tarixli 2V-955 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə). İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, X3 1577.28 ABŞ dolları məbləğində əsas, 2078.75 ABŞ dolları məbləğində faiz, 1417.01 ABŞ dolları məbləğində cərimə borcu, 292.16 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 5365.20 ABŞ dolları borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, QSC «Bank Standard» KB tərəfindən X3 vərəsəsi Cavabdeh yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdir. Birinci instansiya məhkəmə iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı QSC «Bank Standard» KB ilə X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsinə əsasən bank X6 illik 26 % olmaqla 48 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit alan X8 xx.xx.2016-cı il tarixdə ölmüş və xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh X3 vərəsəsi hesab olunmuş və miras əmlak ünvan 1-dən ibarətdir. İş üzrə iddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, ekspertiza rəyinə əsasən xx.xx.2016-cı il tarixdən sonra ödənilmiş 886.54 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadığından həmin məbləğ əsas borcdan çıxılmaqla Cavabdeh (1577.28-886.54) 690.74 ABŞ dolları əsas borc, 298.06 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, 292.16 ABŞ dolları vaxtı keçmiş faiz borcu, cəmi 1330.96 ABŞ dolları və 112 manat dövlət rüsumu tutularaq iddiaçı QSC «Bank Standard» KB-yə ödənilməlidir. Məhkəmə kollegiyası əsas kredit borcunun və cərimənin tutulması hissədə rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan ekspertiza rəyinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7299 nömrəli rəyi) əsasən - iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 1xx/xx/99133/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq - X3 19 noyabr 2016-cı il tarixə (sual üzrə tarixə) "xxxx" KB QSC olan borcu 2623.98 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 2325.92 ABŞ dolları, faiz borcu üzrə 298.06 ABŞ dolları. Rəydə həmçinin qeyd olunmuşdur ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, X8 tərəfindən xx.xx.2016-cı il tarixdən sonra 886.54 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2016-cı il tarixə göstərildiyindən 886,54 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi əsas kredit borcuna müqasibətdə iddianı qismən təmin edərkən, xx.xx.2016-cı il tarixdən sonra həyata keçirilmiş 886,54 ABŞ dolları məbləğində ödənişi əsas borc üzrə tələb olunan 1577,28 ABŞ dolları məbləğindən çıxmış, iddianı həmin hissədə 690,74 ABŞ dolları həddində təmin etmişdir. Halbuki, işdə olan sübutlardan (hesabdan çıxarış, ekspertiza rəyi və s.) açıq-aşkar görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən sonra da həyata keçirilmiş ödənişləri nəzərə almaqla hazırki iddianı irəli sürmüşdür. Ən azından 19 noyabr 2016-cı il tarixədək ekspertiza rəyi ilə müəyyən olunan 2325,92 ABŞ dolları əsas borcdan, sonradan həyata keçirilmiş 886,54 ABŞ dolları ödənişi çıxdıqda əsas borcun tələb həddinə yaxın məbləğ (1439,38 ABŞ dolları) təşkil etməsi görünür. Birinci instansiya məhkəməsi isə qətnaməni həmin hissədə əsaslandırmamış, qeyd edilən hallara aydınlıq gətirməmiş, faktiki olaraq eyni ödənişləri iki dəfə nəzərə almışdır ki, bu da işin hallarına uyğun olmamışdır. Apellyasiya şikayətinin digər dəlilləri ekspertiza rəyində texniki səhvlərin, qeyri dəqiqliklərin olması ilə bağlıdır. Belə ki, işdə olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixində 120 ABŞ dolları və xx.xx.2015-ci il tarixdə isə 100 ABŞ dolları mədaxil olunmuş, xx.xx.2015-ci il tarixdə günün sonuna cəmi qalıq məbləği 220 ABŞ dolları (120+100) təşkil etmiş, həmin məbləğ xx.xx.2015-ci il tarixdə 90,32 ABŞ dolları əsas borca, 129,68 ABŞ doları faiz borcuna silnmişdir. Ekspert rəydə xx.xx.2015-ci il tarixdə 120 ABŞ dolları mədaxili düzgün nəzərə alsa da, yanlışlıqla xx.xx.2015-ci il tarixdə 220 ABŞ dolları mədaxilin olmasını qeyd etmiş, beləliklə cavabdehin xeyrinə əsassız olaraq 120 ABŞ dolları artıq mədaxilin olmasını göstərmişdir. Bununla yanaşı, rəydə xx.xx.2015-ci il tarixdə 62 ABŞ dolları mədaxilin olması qeyd olunsa da, hesabdan çıxarışdan görünür ki, həmin günü 52 ABŞ dolları mədaxil olmuşdur. bunun davamı olaraq ekspert əsas borcdan 41,08 ABŞ dolları silmiş, lakin hesabdan çıxarışda 31,08 ABŞ dolları qeyd olunmuşdur. Beləliklə, rəydə göstərilən hissədə üzrə cavabdehin xeyrinə əsassız olaraq 10 ABŞ dolları artıq mədaxilin olması qeyd olunmuşdur. İddiaçı apellyasiya şikayətində 21 aprel 2016-cı il tarixli ödənişlə (102,5 ABŞ dolları) bağlı da ekspertiza rəyinin düzgün olmamasını qeyd etmiş, lakin hesabdan çıxarışdan görünür ki, həmin günü həqiqətən mədaxil 102,5 ABŞ dolları olmuş, ekspert məhz həmin məbləğdə ödənişi nəzərə alaraq müvafiq silinmələri hesablamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası həmin hissədə şikayətin dəlili ilə razılaşmır. Göründüyü kimi, ekspertiza rəyində yol verilmiş yanlışlıqlar nəticəsində cavabdehin xeyrinə əsassız olaraq 130 ABŞ dolları artıq mədaxil göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas kredit borcunun müəyyən olunması hissədə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də qətnamə həmin hissədə ləğv olunmalı, iddia qeyd edilçən hissədə qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas kredit borcunun məbləği 1569,38 ABŞ dolları müəyyən olunmaldıır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini də işin hallarına və əsas borca münasibətdə düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, qanunverici məhkəməyə tənasübsüz surətdə yüksək cərimənin azaldılması imkanının müəyyən etmiş, lakin birinci instansiya məhkəməsi bu imkandan işin hallarına uyğun istifadə etməmiş, tələb olunan 1417,01 ABŞ dolları cərimənin azaldılaraq 50 ABŞ dolları həddində müəyyən etməkdə haqlı olmamış, bu zaman kreditorun əmlak mənafeləri nəzərə almamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası cərimənin məbləğinin 300 ABŞ dolları həddində müəyyən olunmasını istər tərəflərin əmlak mənafeləri baxımından, istərsə də işin hallarına münasibətdə uyğun hesab edir. Apellyasiya şikayətinin digər dəlili 2078,75 ABŞ dolları faiz borcu hissədə iddianın tam təmin olunması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə qismən təmin edərkən, borclunun öldüyü xx.xx.2016-cı il tarixədək (ekspertiza rəyi ilə müəyyən olunmuş) 298,06 ABŞ dolları faiz borcunun mövcudluğuna əsaslanmışdır. Məhkəmə kollegiyası həmin hissədə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, MM-nin 25.1-ci maddəsinə səasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. MM-nin 25.2-ci maddəsinin tələbinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Göründüyü kimi, borclunun vəfatından sonra faizlərin ödənilməməsi obyektiv olaraq mümkün olmamış, bu səbəbdən də iddiaçının həmin vaxtdan sonra müqavilə şərtlərinə uyğun olaraq faizlərin hesablanmasını davam etdirməsi əsaslı və qanunna uyğun sayıla bilməz. Belə olan halda, iddiaçının borclu vəfat edən anda mövcud olmuş faiz borcunu (miras passivini) onun vərəsəsindən (cavabdehdən) tələb etmək hüququ yaranır. Qeyd edilməlidir ki, MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. MM-nin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. MM-nin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. MM-nin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən maddələrin tələblərinə əsasən belə nəticəyə gəlmək olar ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən həm də miras qoyanın borc öhdəliklərini də qəbul etmiş sayılır, bu səbəbdən borclu qismində çıxış edərək, borc verən qarşısında icranın vaxtında və lazımınca həyata keçirilməməsi ilə bağlı məsuliyyət daşıyır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarındakı mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarındakı mövqeyinə görə borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göründüyü kimi, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mübahisəli hüquq münasibətinin yarandığı vaxtı qüvvədə olmuş MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı qarşısında yoxlanılan hissə üzrə xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsindən irədli gələn öhdəliyi - 1569,38 ABŞ dolları əsas borc, 298,06 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcundan ibarətdir (yuxarıda da qeyd edildiyi kimi tərəflər qətnaməni - 292.16 ABŞ dolları vaxtı keçmiş illik 5 faiz borcu hissədə mübahisələndirmədiklərindən həmin məbləğ hazırki apellyasiya baxının həddini təşkil etməmişdir). Məhkəmə kollegiyası işin hallarını, tədqiq olunmuş sübutları, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qismən əsassız olmaqla, işin həqiqi hallarına uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bu hallar isə MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin qeyd edilən hissədə ləğvinə tam əsasdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qismən (Cavabdeh xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsi üzrə 690,74 ABŞ dolları əsas borcun və 50 ABŞ dolları cərimənin, cəmi 1330,96 ABŞ dollarının tutulması hissələrdə) ləğv olunmalı, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsi üzrə 1569,38 ABŞ dolları əsas borc və 300 ABŞ dolları cərimə borcu (qətnamə icra olunduğu vaxt ABŞ dollarının manata olan məzənnəsi üzrə, manatla) tutularaq ləğv prosesində olan QSC «Bank Standard» KB-nin xeyrinə verilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Həmçinin qeyd edilməldiir ki, MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən göründüyü kimi, tərflər qətnamədən kassasiya şikayəti verə bilməz, çünki mübahisələndirilən hissədə hər iki tərəf üçün məbləğ 5000 manatdan az təşkil edir (birinci instansiya məhkəməsində iddia əsas borc və cərimə hissədə ümumilikdə 740,74 ABŞ dolları həddində təmin olunmuş, cavabdeh həmin hissədə qətnaməni mübahisələndirməmiş, apellyasiya icraatı zamanı isə iddia qeyd edilən hissədə 1869,38 ABŞ dolları həddində təmin olunmaqla, mübahisələndirilən hissə hər bir halda ABŞ dollarının manata olan 1,7 məzənnəsi nəzərə alınmaqla 5000 manatdan az məbləğ təşkil edir. Eyni zamanda iddiaçının xeyrinə təmin olunmuş hissələr nəzərə alınmaqla, yoxlanılan hissədə iddianın məbləği ilə təmin olunan hissə arasında olan fərq, yəni mübahisələndirilən hissə üzrə məbləğ (5073,04 - 2167,44=2905,63 ABŞ dolları) 5000 manatdan az təşkil edir.) Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1032/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1032/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə qismən (Cavabdeh xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsi üzrə 690,74 ABŞ dolları əsas borcun və 50 ABŞ dolları cərimənin, cəmi 1330,96 ABŞ dollarının tutulması hissələrdə) ləğv olunsun, iddia həmin hissədə qismən təmin olunsun. Cavabdeh xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsi üzrə 1569,38 (bir min beş yüz altmış doqquz ABŞ dolları, 38 sent) ABŞ dolları əsas borc, 300 (üç yüz) ABŞ dolları cərimə borcu (qətnamə icra olunduğu vaxt ABŞ dollarının manata olan məzənnəsi üzrə, manatla) tutularaq ləğv prosesində olan QSC «Bank Standard» KB-nin xeyrinə verilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1413/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1413/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver