Məhkəmə qərarları › İş №2(103)-1421/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1421/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1421/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Ağayev Firidun Cəlil oğlunun, onun nümayəndəsi və vəkili Abdıyev Rəşad İlqar oğlunun, cavabdeh Gəncəliyev Fədail Kamran oğlunun nümayəndəsi və vəkili Vəliyev Toğrul Rasim oğlunun iştirakları ilə, İddiaçı Ağayev Firidun Cəlil oğlu cavabdeh Gəncəliyev Fədail Kamran oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2614/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ağayev Firidun Cəlil oğlu cavabdeh Gəncəliyev Fədail Kamran oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncəliyev Fədail Kamran oğlundan Ağayev Firidun Cəlil oğlunun xeyrinə cəmi 41000 ABŞ dolları ekvivalentində 69700 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Gəncəliyev Fədail Kamran oğlu ilə 2005-ci il tarixdə tanış olmuşdur. Bir müddət sonra cavabdeh ona özünə məxsus olan obyektləri göstərdi və ondan oranı işlətmək üçün borc pul verməyi xahiş etdi. O, cavabdehin səmimiliyinə inanaraq 2005-ci il 08 iyun tarixdə 41000 ABŞ dolları manat məbləğində ona borc vermişdir. Cavabdeh almış olduğu pulu 2005-ci il 08 iyul tarixə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2614/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi müddət ötürüldüyü üçün təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərə əsasən o, 2018-ci ilin sentyabr ayının 10-da Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, ərizəsi əsasında təhqiqat araşdırması aparılmış, araşdırma zamanı izahatı alınmış Fədail Gəncəliyev öz izahatında ona olan borcunu etiraf etmiş və borcundan 700 manat ödədiyi və qalan borcu qaytaracağını bildirmişdir. Buna görə də hesab edir ki, cavabdehlə aralarında olan müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə təzələnmiş və həmin tarixdən 3 il keçməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişlər və əlavə olaraq bildirmişlər ki, cavabdeh 2006-cı ildən həbsdə olduğundan ona qarşı iddia tələbi irəli sürmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdeh 2006-cı il tarixdə həbs edilməmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli Hökmü ilə cərimə edilmişdir. Cavabdeh yalnız xx.xx.2010-cu il tarixli Hökmlə 8 il müddətinə azadlıqdan məhrum edilmiş, 23.06.201-ci il tarixdə azad olmuşdur. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2005-ci il tarixli “Borc verən” Ağayev Firidun Cəlil oğlu ilə “Borc alan” Gəncəliyev Fədail Kamran oğlu arasında bağlanmış kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alan”-a 41000 ABŞ dolları manatla köhnə kurs üzrə 200.900.000 məbləğində borc pul vermişdir. "Borc alan" kredit məbləğini 1 aya, yəni xx.xx.2005-ci il tarixdən gec olmayaraq "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilmiş hallarında əsasən, xx.xx.2005-ci il tarixli “Borc verən” Ağayev Firidun Cəlil oğlu ilə “Borc alan” Gəncəliyev Fədail Kamran oğlu arasında bağlanmış kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alan”-a 41000 ABŞ dolları manatla kurs üzrə 200.900.000 məbləğində borc pul vermişdir. "Borc alan" kredit məbləğini 1 aya, yəni xx.xx.2005-ci il tarixdən gec olmayaraq "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan hüquq normaları kontekstində işin faktiki hallarını nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, yuxarıda da göstərildiyi kimi, tərəflər arasında bağlanılmış kredit borc üzrə öhdəliklər 1 aya, yəni ən geci xx.xx.2005-ci il tarixədək icra edilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair x xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. İşin müəyyən edilmiş və mübahisələndirilməyən hallarına əsasən xx.xx.2005-ci il tarixli borc müqaviləsi üzrə borcun qaytarılması üçün 1 aylıq müddət müəyyən edilmişdir və onun icra müddəti xx.xx.2005-ci ildə başa çatmışdır. İddiaçı isə borc pulun geri qaytarılmasını xx.xx.2020-ci il tarixdə məhkəmə müstəvisində mübahisələndirmişdir. Hazırda iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti ötürülmüşdür. Apellyasiya şikayətinin cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə ödəniş edilməsi ilə bağlı arqumentinə münasibətdə qeyd edir ki, xx xxxxxx 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, cavabdeh xx.xx.2018-ci ildə iddiaçıya 700 manat verdiyini etiraf etsə də, həmin pulun iddiaçıya nə üçün verilməsi barədə heç bir qeyd olmamışdır. Həmin tarixdə borca görə ödənilmiş olunsa belə kollegiya qeyd edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti xx.xx.2008-ci il tarixdə bitmişdir. İddiaçının istinad etdiyi ödəniş və cavabdehin azadlıqdan məhrum edilməsi iddia müddəti ötürüldükdən sonra olmuşdur. Belə ki, iş materillarına əlavə edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli Hökmündən görünür ki, cavabdeh Gəncəliyev Fədail Kamran oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 16.500.000 manat (3300 AZN) məbləğində cərimə edilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli arayışında görünür ki, Gəncəliyev Fədail Kamran oğlu xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədən cəzaçəkmə müəssisəsində olmuşdur. Göründüyü kimi cavabdeh 2006-cı ildə deyil, 2010-cu ildə azadlıqdan məhrum edilmiş və cavabdehin azadlıqdan məhrum edilməsi iddia müddəti ötürüldükdən sonra olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Nəzərə alınmalıdır ki, iddia müddətin axımının kəsilməsi iddia müddəti ərzində hüquqi əhəmiyyətə malik olan edilən hərəkətin nəticəsi olaraq ortaya çıxır. İddia müddəti axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. Normanın məzmunundan da görünür ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri iddia müddətinin ötməsinə kimi edilməlidir. Əgər iddia müddəti ötərsə, onda borcun etirafı iddia müddəti axımının kəsilməsinə səbəb olmur. Bu, yalnız borclunun könüllü surətdə öhdəliyi icra etmək niyyətini bildirir. Çünki ötmüş iddia müddətinin axımı kəsilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hətta cavabdehin cəzaçəkmə müəssisəsində olması iddiaçının ona qarşı iddia tələbi irəli sürmək hüququnu məhdudlaşdırmır. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2614/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar