Məhkəmə qərarları › İş №2(103)-1421/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1421/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1421/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, e-2(007)-1860/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə X5 arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli, 180/21 saylı kredit, ipoteka və alqı-satqı müqavilələrindən görünür ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli 180/21 saylı kredit müqaviləsinə əsasən təminatlılıq əsasında 8 ay müddətinə 54400 manat məbləğində ipoteka krediti verilmişdir. X5 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə əsasən əldə edilmiş ünvan 1 ünvanında yerləşən əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka predmeti olaraq yüklü edilmişdir.

2. 07 oktyabr 2021-ci il tarixli, ******* nömrəli İpoteka Krediti üzrə Borcalanın həyat sığortası şəhadətnaməsindən görünür ki, sığortalı X2 ərizəsi əsasında sonuncuya Sığortaçı "xxxx" ASC tərəfindən sığorta şəhadətnaməsi verilmişdir. Faydalanan şəxs - Sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində Azər-Türk Bank ASC, təkrar maliyyələşdirmədən sonra Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu; Sığorta təminatı - “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydalarının 5-ci bəndinə əsasən məhdudiyyətlər nəzərə alınmaqla aşağıdakılara təminat verilir: Sığorta olunanın ölməsi xəstəlik və ya bədbəxt hadisə nəticəsində İ, İİ və İİİ dərəcəli əlilliyin təyin edilməsi; Sığorta məbləği - 06 oktyabr 2021-ci il tarixli (1243259) Sığortalının ipoteka krediti müqaviləsi üzrə kredit məbləği 54400,00 AZN təşkil edir. Növbəti aylar üçün ipoteka krediti müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə və sığorta hadisəsinin baş verməsi tarixinə uyğun olaraq müəyyən edilir. Sığorta müddəti- Yerli vaxtla 07 oktyabr 2021-ci il saat 24:00-dan, 01 iyul 2034-cü il saat 24:00-dək müəyyən edilmişdir. Sığorta ödənişinin həddi isə Sığorta olunanın istənilən səbəbdən ölümü halında - sığorta ödənişinin həcmi qalıq borc məbləğinin 100,00%-i həcmində müəyyən edilmişdir.

3. X5 16 oktyabr 2021-ci ildə ürək çatışmazlığından vəfat etmişdir.

4. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 16 fevral 2023-cü il tarixli pretenziyadan görünür ki, cavabdehlər yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 AzərTürk Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 54400 manat əsas, 7936,13 manat faiz, cəmi 62336,13 manat pul, bildirişin ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 45 manat ödəniş tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, tutma ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka predmeti açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli 180/21 saylı kredit müqaviləsinə əsasən təminatlılıq əsasında 8 ay müddətinə 54400 manat məbləğində ipoteka krediti verilmişdir. 16 oktyabr 2021-ci il tarixində vəfat etmiş X5 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə əsasən əldə edilmiş ünvan 1 ünvanında yerləşən əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka predmeti olaraq yüklü edilmişdir. İpoteka Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Ərazi İdarəsinin 177 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində (reyestr nömrəsi **********41-05303- 093009, qeydiyyat nömrəsi **********) 26 oktyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1.-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Eyni zamanda bildiririk ki, Məcəllənin 1151.1-ci maddəsinə əsasən mərhum X5 yuxarıda istinad edilən müqavilənin şərtlərinə əsasən əldə etdiyi əmlak miras toplusuna daxildir. 06 oktyabr 2021-ci il tarixli 180/21 saylı Kredit Müqaviləsi üzrə öhdəliklər vaxtlı-vaxtında yerinə yetirilmədiyi üçün mərhumun ailə üzvlərinə 17 yanvar 2023-cü il tarixli 6-3/07/05-196/2023 saylı pretenziya məktubu göndərilmiş və bunun heç bir nəticəsi olmamışdır. 06 oktyabr 2021-ci il tarixli 180/21 saylı Kredit Müqaviləsi üzrə 04 may 2023-cü il tarixinə əsas borcu 54400 manat, faiz borcu 7936,13 manat təşkil edir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə edilmiş məlumata əsasən vərəsəlik işinin açılması aşkarlanmamışdır. Bununla da cavabdehin vərəsələrindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş 17 yanvar 2023-cü il tarixli, 6-3/07/05-195 saylı pretenziya (xəbərdarlıq) məktubu, o cümlədən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 16 fevral 2023-cü il tarixli, 6-3/xx/xx-1211 saylı bildiriş də cavabsız qalmışdır.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, e-2(007)- 1860/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

8. Qətnamənin əsaslarına görə, işin faktiki halları ilə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli 180/21 saylı kredit müqaviləsinə əsasən təminatlılıq əsasında 8 ay müddətinə 54400 manat məbləğində ipoteka krediti verilmişdir. X5 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə əsasən əldə edilmiş ünvan 1 ünvanında yerləşən əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka predmeti olaraq yüklü edilmişdir. Bundan sonra, 06 oktyabr 2021-ci ildə X5 ərizə ilə "xxxx" ASC-yə müraciət etmiş və ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinə əsasən, sığorta məbləği 06 oktyabr 2021-ci il tarixli (1243259) Sığortalının ipoteka krediti müqaviləsi üzrə kredit məbləği 54400 manat təşkil etməklə, sığorta müddəti 01 iyul 2034-cü il saat 24:00-dək müəyyən edilməklə, "xxxx" ASC ilə sığorta ödənişinin həcmi Sığorta olunanın istənilən səbəbdən ölümü halında qalıq borc məbləğinin 100,00%-i həcmində müəyyən edilmişdir, hansı ki, iddiaçının hazırkı tələbinin əsasını da qeyd olunan sığortalanmış məbləğ təşkil edir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

11. Şikayətin dəlillərinə görə, Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına əsasən vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. X5 xeyrinə sığorta müqaviləsi bağlanan zaman təqdim olunmuş ərizədə heç bir xəstəliyinin olmamasını bəyan etməklə əslində mövcud olan və onun ölümü ilə bağlı olan xəstəlikləri barədə sığortaçıya yalnış məlumat verməsi, sığortaçını müqavilə bağlamaqdan imtina etmək imkanından məhrum etmişdir. Belə ki, “Qala Həyat Sığorta Şirkəti” ASC tərəfindən banka ünvanlanmış və iş materiallarına əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli 0257-21 saylı məktubunda göstərilmişdir ki, "xxxx" ASC ilə X5 arasında 07 oktyabr 2021-ci il tarixli MLİ-FM- ATB0003176 saylı “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirlməsi hallarında sığorta müqaviləsi bağlanmışdır. Təqdim edilən ölüm haqqında şəhadətnaməyə əsasən sığorta olunanın ölümünün səbəbi “Durğunluq ürək çatışmamamızlığı” müəyyən olunmuşdur. 12 avqust 2009-cu il tarixli 2792 №-li Epikrizə görə R.Poladovun 06 avqust 2009-cu il tarixdən “ÜYX, Qeyri Stabil stenokardiya, İİ dərəcə hipertaniya, Daxili işlər Nazirliyinin Tibb İdarəsi tərəfindən təqdim edilmiş, 18 sentyabr 2018-ci il tarixli Epikrizə əsasən şəkərli diabet, ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv” xəstəlikləri müəyyən edilmiş və müalicələr aparılmışdır. Ölümə səbəb olan xəstələliklərin ilkin aşkar olunduğu tarix 07 oktyabr 2021-ci il tarixli MLİ-FM-ATB0003176 saylı sığorta müqaviləsinin qüvvədə olmadığı müddət ərzində yarandığına görə qeyd edilən hal sığorta hadisəsi hesab edilmir. “Qala Həyat Sığorta Şirkəti” ASC tərəfindən banka ünvanlanmış və iş materiallarına əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli 0257-21 saylı məktubunda göstərilmişdir ki, "xxxx" ASC ilə X5 arasında 07 oktyabr 2021-ci il tairxli MLİFM-ATB-0003176 saylı “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirlməsi hallarında sığorta müqaviləsi bağlanmışdır. Təqdim edilən ölüm haqqında şəhadətnaməyə əsasən sığorta olunanın ölümünün səbəbi “Durğunluq ürək çatışmamamızlığı” müəyyən olunmuşdur. 12 avqust 2009-cu il tarixli 2792 №-li (xəstəlik tarixindən) Epikrizə görə R.Poladovun 06 avqust 2009-cu il tarixdən “ÜYX, Qeyri Stabil stenokardiya, İİ dərəcə hipertaniya, Daxili işlər Nazirliyinin Tibb İdarəsi tərəfindən təqdim edilmiş, 18 sentyabr 2018-ci il tarixli Epikrizə əsasən şəkərli diabet, ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv” xəstəlikləri müəyyən edilmiş və müalicələr aparılmışdır. Cavabdeh2 hazırki mübahisə ilə heç bir hüququ yoxdur. Belə ki, ipoteka ilə yüklü edilmiş edilmiş əmlak alınan zaman Poladov RövşənQasım oğlu ilə Cavabdeh2 rəsmi nikahları pozulmuşdur. Hazırki iddia ipoteka ilə yüklü edilmiş əmlakın satılması hesabına X2 Banka olan borcunun ödənilməsi təşkil edir. Vəfat etmiş şəxsə sığorta ödənişinin verilməsindən imtina edilməsi Bankın kredit borcu ilə tələbinin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə hüquq normasının pozulmasına yol verərək "xxxx" ASC-ni işə cəlb etməmişdir. Belə ki, şikayətin dəlillərindən asılı olmayaraq məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə işin faktiki hallarını tam araşdırmamış, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsassız olmasını qətnamədə qeyd etsə də hər hansı əsaslandırma aparmamış, "xxxx" ASC ilə X3rasında 07 oktyabr 2021-ci il tarixli MLİ-FM- ATB-0003176 saylı “Fiziki şəxslərə təqdimedilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirlməsi” hallarında bağlanmış sığorta müqaviləsinə istinad etsə də, iş üçün əhəmiyyət kəsb edən “Qala Həyat Sığorta Şirkəti” ASC tərəfindən banka ünvanlanmış və iş materiallarına əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli 0257-21 saylı məktubuna hüquqi qiymət verilməmişdir. Həmin məktubda qeyd edilmişdir ki, sığortalı 07 oktyabr 2021-ci il tarixdə “Qala Həyat Sığorta Şirkəti ” ASC ilə sığorta müqaviləsini bağlayarkən şəkərli, diabet, onkoloji və yaxud xroniki ürək damar xəstəliklərindən əziyyət çəkmədiyini və bəyannamədə qeyd olunanlarla razı olduğunu və orada olan məlumatların doğruluğunu təsdiq etmiş, sığortalı bəyannamədə tibbi müayinədən keçmədiyinə görə və ya yanlış və natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etməkdən imtina baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığrta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas ola biləcəyini qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri ) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2024-cü il tarixli, 2(103)-1421/2024 nömrəli qərardadına əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70,2 kv.m olan 80 nömrəli mənzilin bazar dəyəri və ilkin satış qiymətinin (likvid dəyəri) müəyyən olunması ilə bağlı məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

15. Məhkəmə - əmtəəşünaslıq ekspertizasının 05 iyun 2024-cü il tarixli, 9/27xxxx/2718 nömrəli rəyində qeyd olunmuşdur ki, ünvanında yerləşən, ümumi sahəsi 70,2 kv.m olan 80 nömrəli mənzilin bazar dəyəri təqribən 95500 manat, likvid qiyməti 85950 manat müəyyən edilir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Maddə 295. Girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir; Maddə 319.6. Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1243.1 – 1243.3. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli Qərardadı: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli qərarı: “...mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. ... vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. ... Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.”

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı: ... Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ... miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. ... Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.”

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmaqla, iddia qismən təmin edilməlidir.

24. Birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən ona əsaslanmışdır ki, 06 oktyabr 2021-ci ildə X5 ərizə ilə "xxxx" ASC-yə müraciət etmiş və ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinə əsasən, sığorta məbləği 06 oktyabr 2021-ci il tarixli (1243259) Sığortalının ipoteka krediti müqaviləsi üzrə kredit məbləği 54400 manat təşkil etməklə, sığorta müddəti 01 iyul 2034-cü il saat 24:00-dək müəyyən edilməklə, "xxxx" ASC ilə sığorta ödənişinin həcmi Sığorta olunanın istənilən səbəbdən ölümü halında qalıq borc məbləğinin 100,00%-i həcmində müəyyən edilmişdir, hansı ki, iddiaçının hazırkı tələbinin əsasını da qeyd olunan sığortalanmış məbləğ təşkil edir.

25. Məhkəmə kollegiyası bu əsaslandırma ilə ona görə razılaşmır ki, borcalanın həyat sığortasıının olması, sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi hazırkı iddianın rəddi üçün əsas ola bilməz. Belə ki, iddiaçı tərəfindən kreditin verilməsi və təminat olaraq daşınmaz əmlakın yüklü edilməsi işin mübahisələndirilməyən hallarıdır. İddiaçı ilkin olaraq sığortaçıya müraciət etmiş, sığorta ödənişinin verilməsindən imtina olunduqda isə tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, qanunvericilik bu situasiyada imperativ olaraq kreditorun üzərinə sığortaçıya qarşı tələb irəli sürmək vəzəifəsini qoymur.

26. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarında əks olunmuş hüquqi mövqeyə görə mirasdan imtina qanunvericiliklə müəyyən olunmuş müddət ərzində olmalıdır, əks təqdirdə miras vərəsə tərəfindən qəbul edilmiş hesab olunur. Cavabdehlər tərəfindən qanunvericiliklə müəyyən olunmuş müddət ərzində mirasdan imtina olunmadığına görə cavabdehlər qanun üzrə vərəsələrdir və miras aktivini qəbul etməkdən qanunvericiliklə müəyyən olunmuş müddət ərzində imtina etmədiklərindən miras passivinə münasibətdə də məsuliyyət daşıyırlar. Xüsusilə də qeyd olunmalıdır ki, kredit öhdəliyinin təminatı olaraq daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğinin cavabdehlərdən tutulması üçün hüquqi əsaslar mövcuddur. Əgər cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borcun sığortaçı tərəfindən ödənilməli olduğu qənaətində olsalar, maraqlı şəxs olaraq sığortaçıya qarşı müstəqil olaraq iddia irəli sürmək hüquqları vardır. Lakin hal – hazıra kimi, sığortaçının imtinası vərəsələr tərəfindən də mübahisələndirilməmişdir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli qərarında da qeyd olunmuşdur ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar və miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.

28. Lakin məhkəmə kollegiyası borc müqaviləsi üzrə yaranmış faizlərin cavabdehlərdən tutulması ilə razılaşmır. Belə ki, borclu kredit müqaviləsi bağlandıqdan 10 gün sonra vəfat etmişdir, yəni, faizlərin ödənilməməsi vərəsələrin hər hansı öhdəlik münasibətləri üzrə öhdəliklərini yerinə yetirməməsi halı, hər hansı hüquq pozuntusu səbəbindən baş verməmişdir. Buna görə də faizlərin ödənilməsi ilə bağlı vərəsələrin məsuliyyəti yarana bilməzdi və iddia həmin hissədə təmin oluna bilməz.

29. Məhkəmə kollegiyası hesab edir ki, öhdəlik icra olunmadığı üçün müqavilənin təminatı kimi qoyulmuş daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə tələb də əsaslı və qanunidir və ilkin satış qiyməti ekspert rəyinə uyğun olaraq likvid qiymət əsas götürülməklə 85950 manat müəyyən olunmalıdır .

30. Lakin məhkəmə kollegiyası iddianın “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və satıldıqda cavabdehlər və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda məcburi qaydada çıxarılması” hissəsini əsassız hesab edir.

31. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən həmin Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

32. Qeyd olunan normanın məzmunundan görünür ki, mənzildən çıxarılma ilə bağlı ayrıca məhkəmə qərarı tələb olunmur və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi həmin tələbin təmin olunması üçün əsasdır.

33. 30 dekabr 2018-ci il tarixdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə dəyişiklik edilmiş, göründüyü kimi qanunverici ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılmasının yeni qaydasını müəyyən etmişdir.

34. Həmin qaydaya görə bunun həyata keçirilməsi üçün ayrıca iddianın qaldırılması və məhkəmə tərəfindən qərarın qəbul edilməsi tələb olunmur, çünki qanunun imperativ göstərişinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Hazırkı mübahisə üzrə də vərəsələr miras əmlakı yüklü olaraq qəbul etdiyindən qeyd olunan müddəalar həmin şəxslərə də şamil olunur, yəni, mirası yüklü olaraq qəbul etmiş vərəsələr də bu şəxslərin təsiri dairəsinə düşür.

35. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia yuxarıda göstərilən məzmunda qismən edilməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, e-2(007)- 1860/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, e-2(007)- 1860/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması barədə iddiası qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli, 180/21 saylı kredit müqaviləsi üzrə 54400 manat məbləğində əsas borc Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borcun ödənilməsi üçün tutma Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksi, 5B nömrəli evin 28 nömrəli mənzilinə yönədilsin, həmin mənzilin ilkin satış qiyməti 85950 manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına 54400 manat məbləğində borc ödənilsin, borc ödənildikdən və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 241,7 manat və tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş vəsaitin əvəzi qismində 45 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə - əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat məbləğdə pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar