Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1423/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4300 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
3. Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı (hakim Kərim Xudayev) ilə ərizə təmin edilməmişdir.
5. Həmin qərardaddan cavabdehin verdiyi şikayət rayon məhkəməsinin eyni saylı, xx.xx.2024-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunması və mülki iş materiallarının sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Bundan sonra, Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə şikayətvermə müddətinin ötürülməsi əsası ilə baxılmadan geri qaytarılmışdır.
8. Həmin qərardaddan cavabdehin verdiyi şikayət rayon məhkəmənsinin eyni saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
10. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
11. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, mübahisələndirilən qərardaddan verilmiş şikayətdə cavabdeh qətnaməni icra şöbəsindən aldığını bildirmiş və mülki iş materiallarında qətnamənin alınması barədə xəbərnamədəki imzanın ona məxsus olmadığını göstərmişdir. Rayon məhkəməsi belə olan halda həmin imzanın cavabdehə məxsus olub-olmamasının müəyyən edilməsi üçün müvafiq araşdırma (məsələn, məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi) aparmamışdır.
12. Məhkəmə kollegiyası qeyd edir ki, 2(103)-7159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadda müddətin keçməsinin ərizənin təmin edilməməsi yox, onun geri qaytarılması üçün əsas olması ümumi qayda olaraq göstərilmişdir. Çünki rayon məhkəməsi mübahisələndirilən əvvəlki qərardadında qiyabi qətnamənin ləğv edilməsinə dair cavabdeh tərəfin qiyabi qətnamənin ləğvinə dair ərizəsini məhz müddətin keçməsinə istinad edərək təmin etməmişdi.
13. Mülki iş materialları ilə müəyyən olunur ki, cavabdeh ilkin ərizəsində qiyabi qətnaməni icra şöbəsindən aldığını qeyd etmiş və mülki iş materiallarında olan qətnamənin alınması barədə xəbərnamədəki imzanın ona məxsus olmadığını bildirmişdir.
14. Apellasiya məhkəməsinin 2(103)-7159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında məhz həmin halın yoxlanılmalı olmasına dair göstərişin verilməsinə baxmayaraq, rayon məhkəməsi isə mülki iş materiallarında qətnamənin alınması barədə xəbərnamədəki imzanın cavabdehə məxsus olub-olmamasını araşdırmadan, onun qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsini müddətin ötürülməsi əsası ilə geri qaytarmaqla kifayətlənmişdir.
15. Halbuki, hazırkı iş üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi üçün cavabdehin israrla qeyd etdiyi həmin halın, yəni qiyabi qətnaməni almaması barədə dəlilin müvafiq xətşünaslıq ekspertizası təyin edilməklə araşdırılması zəruri olmuşdur. Çünki həmin halın araşdırılması cavabdeh tərəfindən müddətin ötürülüb-ötürülməməsinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Buna baxmayaraq, rayon məhkəməsi apellyasiya məhkəməsinin qeyd olunan halın araşdırılmasına dair göstərişini nəzərə almamış, nəticədə prosessual qanunun tələbini pozmuşdur.
16. Belə ki, MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
17. Cavabdeh tərəf rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadında əks olunmuş həmin göstərişə əməl olunmasının zəruriliyini məhkəmənin diqqətinə çatdırmış və şikayətində bu halı xüsusi olaraq qeyd etmişdir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
19. Konstitusiya məhkəməsinin həmin qərarındakı hüquqi mövqe ondan ibarətdir ki, yuxarı instansiya məhkəməsinin göstərişləri qanuni hədlər daxilində olduqda aşağı instansiya məhkəməsi üçün məcburidir.
20. Demək ki, hazırkı iş üzrə apellyasiya məhkəməsinin əvvəlki qərardadındakı göstərişi qanuni hədlər daxilində olduğu halda, birinci instansiya məhkəməsinin həmin göstərişlərə əməl etməməsi prosessual qanunun imperativ tələblərinin pozulması ilə yanaşı, həm də ədalət mühakiməsinin həyata keçirilməsinin ümumi prinsiplərinə də uyğun olmamamışdır.
21. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və mülki iş materialları, bu qərardadın əsaslandırma hissəsində qeyd edilənlər nəzərə alınmaqla müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
23. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
24. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. q ə r a r a a l d ı:
Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş materialları qərardadın əsaslandırma hissəsində qeyd edilənlər nəzərə alınmaqla müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.