Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1424/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi və əməliyyat xərcinin yarısının ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4728/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-264/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment, həmçinin xx.xx.2018-ci il təvəllüdlü X4 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 100 manat sabit pul məbləğində aliment müəyyən edilməsi və İddiaçı tərəfindən oğlu X3 xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün ödənilmiş 2.200 manat vəsaitin 50%-i, yəni 1100 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-264/2019 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda Cavabdeh “xxxx” MMC-də hüquqşünas işləyir və aylıq əmək haqqı 1800 manat təşkil edir. Bundan əlavə cavabdehin əmək haqqından əlavə bonus və mükafatlar kimi əlavə gəlirləri də mövcuddur. Birgə nikahdan dünyaya gəlmiş X5 əməliyyat olunmuşdur. Cavabdeh uşağın əməliyyatına biganə qalmış, əməliyyatxərcini iddiaçı ödəmişdir. əməliyyat xərci 2.200 manat təşkil etsə də, iddiaçı yalnız ödədiyi 937 manat vəsaitə dair sübutları məhkəməyə təqdim edə bilir. Bu səbəbdən Azərbaycan Respublikası MPM-in 53cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 264/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməsini, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment, həmçinin xx.xx.2018-ci il təvəllüdlü X4 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən oğlu X3 xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün ödənilmiş 937 manat vəsaitin 50%-i, yəni 468,50 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsini xahiş etdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4728/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-264/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin, həmçinin xx.xx.2018- ci il təvəllüdlü X4 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən oğlu X3 xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün ödənilmiş 937 manat vəsaitin 50%-i, yəni 468,50 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını hər tərəfli araşdırmamış, onun işləyib işləmədiyi və gəlirini nə qədər olması müəyyən edilməmişdir. Həmçinin məhkəmə onun valideynlərinə aliment ödəmədiyini əsas gətirərək valideynlərinin onun himayəsində olmaması qənaətinə gəlmişdir. Halbuki alimentin ödənilməməsi valideynlərinin onun himayəsində olmamasını təsdiq etmir. Həmçinin iddiaçı uşağın əməliyyatı üçün 2200 manat pul xərclədiyini bildirsə də, məhkəməyə 900 manata aid sənədlər təqdim etmişdir. Məhkəmə hipospatiya əməliyyatının 200 manata olmasını nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə onun təmin edilməsini xahiş etmiş, bununla yanaşı oğlunun 1600 manat əmək haqqı aldığını, yalnız 260 manat məbləğində aliment ödəyə biləcəyini, uşağın 3 yaşına çatanadək tutulmuş 100 manat alimentin tutulmasına etiraz etdiyini və oğlundan tutulmuş əməliyyət xərclərindən narazı olmadığını vurğulamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabde apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyi aydın olur. Buna gürə də kollegiya qətnamənin iddia tələbinin təmin edilmiş hissəsi üzrə qanuniliyini və əsaslılığımı yoxlayır. Kollegiya xüsusilə vurğulayır ki, iddiaçı qətnaməni mübahisələndirməmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 264/2019 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 18412/2019-53-9 nömrəli icra işinin xx.xx.2020-ci il tarixli elektron çıxarışından müəyyən edilir ki, Cavabdeh “xxxx” MMC-də hüquqşünas işləyir və aylıq əmək haqqı 1800 manat təşkil edir. Həmçinin xx.xx.2020-ci il tarixdən Cavabdeh mülkiyyətində “Mercedes Benz E200” minik markalı, 2007-ci il buraxılışlı, 99OA226 dövlət qeydiyyat nişanlı avtomobil var. İş materiallarında olan Bakı Sağlamlıq Mərkəzi X8 verdiyi xx.xx.2020-ci il tarixli 523/02 nömrəli məktubdan və xx.xx.2020-ci il tarixli hesab-fakturadan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan müddətdə İddiaçı tərəfindən oğlu X3 xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün 883 manat vəsait ödəmişdir. Ümumilikdə isə 937 (813 manat əməliyyat xərci+124 manat ƏDV) manat vəsait ödəmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından və cavabdehdən uşağın müalicəsi üçün pulun tutulmasından ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Yasamal Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun xeyrinə aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşaqların ehtiyaclarının səviyyəsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmışdır. Kollegiyanın qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Xüsusilə nazərə alınmalıdır ki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin onun qazancının ¼ hissəsində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Kollegiya “uşağın üç yaşına çatanadək əlavə olaraq 100 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə apellyasiya şikayətində irəli sürülənlərlə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin cavabdehəndən iddiaçının xeyrinə uşaq 3 yaşına çatanadək 100 manatın tutulması barədə gəldiyi nəticəni də əsaslı hesab edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi X3 xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün ödənilmiş 937 manat vəsaitin 50%-ini də cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4728/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1424/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1424/2021
01.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver