Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1428/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bank) ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 bankın xeyrinə 1786,30 manat əsas, 1273,38 manat faiz olmaqla cəmi 3059,68 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə əmr çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli əmri ilə ərizə təmin olunmuşdur. Cavabdeh1 həmin əmrə verdiyi etiraz Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilərək iddia icraatına keçilmiş, məhkəmə prosesinin gedişində Cavabdeh2 da cavabdeh qismində işə cəlb olunmuş, sonradan iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 və Cavabdeh2 1202,71 manat əsas, 857,10 manat faiz borcu olmaqla cəmi 2059,81 manat kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X1 683 (altı yüz səksən üç) manat 29 (iyirmi doqquz) qəpik əsas, 152 (bir yüz əlli iki) manat 49 (qırx doqquz) qəpik faiz borcu olmaqla cəmi 835 (səkkiz yüz otuz beş) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində borcun, habelə 12 (on iki) manat 17 (on yeddi) qəpik dövlət rüsumunun X1 tutularaq İddiaçı-yə ödənilməsi, 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin 86 (səksən altı) manat 17 (on yeddi) qəpiyinin iddiaçıdan, qalan 58 (əlli səkkiz) manat 83 (səksən üç) qəpiyinin X1 tutularaq Dövlət Xəzinədarlığı Agentliyinə köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, birinci instansiya məhkəməsinin borcun məbləğinin ekspert tərəfindən düzgün hesablanmadığını nəzərə almadığı, gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddiaçı banka münasibətdə və onun iddia tələbinin təmin edilmədiyi hissədə yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər mübahisələndirməmişlər; iddiaçı bank isə yalnız qətnamənin sözügedən hissələrindən şikayət vermişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmayaraq qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş halına görə, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2012-ci il tarixdə kredit müqaviləsi bağlanaraq adı çəkilən şəxsə 30 (otuz) ay müddətinə, illik 26 (iyirmi altı) faiz ödəmək şərtilə 5000 (beş min) manat kredit verilmiş, həmin müqaviləyə Cavabdeh2 tərəfindən də imza etdirilərək onun, borc alanın öhdəlikləri üçün tam həcmdə maddi məsuliyyəti daşıdığı barədə müddəlar əlavə olumuşdur. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza rəyi əsasında müəyyən etmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2015-ci il tarixinə Cavabdeh1 əsas kredit borcu 1266,88 manat, faiz borcu 152,49 manat təşkil etmiş, bununla yanaşı o, xx.xx.2019-cu il tarixdə 583,59 manat ödəniş həyata keçirmiş, beləliklə də iddiaçı banka 683,29 manat əsas, 152,49 manat faiz borcu qalmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və apellyatorun “kredit borcunun düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd edir ki, borcalana müqavilə əsasında xx.xx.2020-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla borcalan arasında bağlanmış müqavilə üzrə kredit 30 ay müddətinə verilmiş və məhz bu dövr ərzində onun illik 26 % ödəməli olduğu razılaşdırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Bu baxımdan kollegiya hesab edir ki, kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində Cavabdeh1 hesablanmalı olan əsas və faiz borcunun məbləği barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin zaminə yönəlmiş tələbin rədd edilməli olduğu mövqeyini də kollegiya əsaslı hesab edərək vurğulayır ki, məhkəmə müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı hüquq və vəzifələri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə Əliəsgərov X6 arasında bağlanmış kerdit müqaviləsi zamin qismində Cavabdeh2 tərəfindən imzalansa da, kollagiya hesab edir ki, həmin müqavilə üzrə zaminlik konkret müddət təyin edilməklə verildiyndən, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri YasamalRayon Məhkəməsinin e-2(004)-21/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-si il tarixli qətnaməsi mübahisəlndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1428/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1428/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver