Məhkəmə qərarları › İş №2(103)-1430/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1430/2024

21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1430/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-280/2023 nömrəli, 06 oktyabr 2023cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. 02 avqust 2022-ci il tarixdə saat 10:30-da “Mersedes-Benz E280” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kia K 2700” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə “Mersedes-Benz E280” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir.

2. Hadisənin “Kia K 2700” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri üzündən baş verməsi inzibati xəta haqqında iş üzrə qərarla təsdiq olunmuşdur. İş materiallarından görünür ki, həmin avtomobilin mülkiyyətçisi Cavabdeh1dur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına dəyən zərərin əvəzi olaraq cavabdehlərdən ümumilikdə cəmi 4282,20 manat pul məbləğinin, o cümlədən Cavabdeh1 1920 manat, "xxxx" ASC-dən 2300 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin zərərin məbləğinə iddiaçının mülkiyyətində olan “Mersedes-Benz E280” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin əmtəə görünüşünün itirilməsinin dəyəri kimi 1800 manat, avtomobilin əmtəə görünüşünün itirilməsinin dəyərinin hesablanması barədə müstəqil ekspert rəyi üçün ödənilmiş 120 manat, həmin avtomobildə ehtiyat hissələri alınmasının və təmir işlərinin aparılmasının dəyəri olan 2200 manat, avtomobilə dəymiş zərərin hesablanması barədə müstəqil ekspert rəyi üçün ödənilmiş 100 manat, iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 62,20 manat pul daxildir.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi olaraq 4220 manat məbləğində pulun və iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 62,20 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan idarə etdiyi “Mersedes-Benz E280” markalı Az ** DP *** dövlət qeydiyyat nişanlı avtomobillə 02 avqust 2022-ci ildə təxminən saat 10:30 radələrində Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində “Neolit” şadlıq sarayının yanında piyada keçidinin qarşısında dayanarkən Muradov Ruslan Nürəddin oğlu idarə etdiyi, Cavabdeh1 mülkiyyətində olan “Kia K 2700” markalı 99 0K 428 qeydiyyat nişanlı yük maşını ilə onu arxadan vurmuş, nəticədə onun avtomobilinə ziyan dəymişdir. Yol nəqliyyat hadisəsində Muradov Ruslan Nürəddin oğlunun təqsiri inzibati xəta haqqında iş üzrə qərarla təsdiq olunmuşdur. Hadisə nəticəsində onun avtomobilinin bəzi detalları dəyişilməli olmuş, avtomobil ilkin əmtəə görünüşünü itirmişdir. Avtomobilə dəymiş zərərin hesablanması üçün iki mütəxəssisə müraciət etmiş və 220 manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin ödənilməsi üçün sığorta şirkətinə müraciət etsə də, nəticəsi olmamışdır. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-280/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi (hakim Ülkər Yusifova) ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən maddi zərərin əvəzi kimi 1950 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 62,20 manat pulun 28,60 manat hissəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutulub İddiaçı ödənilməsi, qalan 33,60 manat hissəsinin isə iddiaçıya aid edilməsi, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 23 manat hissəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada və 27 manatı İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 922.1, 925.1, 926.1, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək iddianın 1125 manat hissəsində təmin edilməsi, qalan hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-yə təqdim etdiyi sığorta tələbi barədə ərizəyə əsasən "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyanın məbləği 1 125,00 (bir min bir yüz iyirmi beş) manat məbləğində müəyyən edilmişdir. AR Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Qeyd olunan maddəyə əsasən xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etmək "xxxx" ASC-nin hüququdur. “İcbari sığortalar haqqında” AR Qanununun 20.1-ci maddəsinə əsasən, əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. “İcbari sığortalar haqqında” AR Qanununun 16.2-ci maddəsinə əsasən, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsində üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin maksimum limiti 5000,00 (beş min) manat müəyyən edilmişdir. Həmçinin həmin Qanunun 18.1-ci maddəsində “bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir” qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” AR Qanununun 18.2-ci maddəsi ilə sığortaçı sığorta ödənişini 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunun tələblərinə müddətlər hissəsində tam əməl olunmuş, sadəcə sığorta ödənişinin məbləği hissəsində mübahisə yaranmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

12. 14.2.6-cı maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.

13. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.

15. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

16. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

17. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

18. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

19. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

22. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

23. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 82.3. bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

28. Maddə 82.4. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

29. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki halda, cavabdeh "xxxx" ASC apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini xahiş etdiyindən, iddia tələbi təmin olunmayan hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə iddia tələbinin təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-280/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 02 avqust 2022-ci il tarixdə saat 10:30-da Bakı şəhəri Nizami rayonunun ərazisində baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 mülkiyyətində olan “Kia K 2700” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən anda sürücüsü olan Muradov Ruslan Nürəddin oğlu hadisəni törətməkdə təqsirli bilinmişdir.

39. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, “Mersedes-Benz E280” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilə 2200 manat məbləğində zərər dəymişdir. Avtomobilin qəzadan öncə bazar dəyəri 13000 manat, qəzadan sonra 11200 manat müəyyən olunur. İtirilmiş dəyər 1800 manat müəyyən edilmişdir.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2107 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Mersedes-Benz E280” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1950 manat müəyyən edilir.

41. İş materiallarından görünür ki, “Kia K 2700” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh "xxxx" ASC tərəfindən 5000 manat məbləğində icbari sığorta edilmişdir. Həmin avtomobilin mülkiyyətçisi Cavabdeh1dur.

42. Kollegiya ilk növbədə qeyd edir ki, apellyasiya şikayəti ilə cavabdeh "xxxx" ASC tərəfindən qətnamənin mübahisələndirilən hissəsi dəymiş zərərin nəticəsində ödənilməli olan məbləğ ilə bağlıdır. Belə ki, cavabdeh "xxxx" ASC hesab edir ki, iddiaçıya ödənilməli olan məbləğ 1125 manat müəyyən olunmalıdır. Qətnamə ilə bu məbləğ 1950 manat müəyyən olunmuşdur.

43. Kollegiya bildirir ki, apellyasiya şikayətinin əsas dəlili qismində cavabdeh "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən iddiaçının sığorta tələbi barədə ərizəsinə uyğun zərər dəymiş əmlaka texniki baxış keçirilməsi və dəymiş ziyanın məbləği 1125 manat müəyyən edilməsi qeyd olunmuşdur.

44. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, cavabdeh tərəfindən istinad olunan dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı akt təqdim olunmamışdır.

45. Kollegiya apellyasiya şikayətinin dəlili olan Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçının müəyyən etməsi ilə bağlı münasibət bildirməyi zəruri hesab edir. Belə ki, sığorta münasibətlərinin iştirakçıları arasında ziyanın həcminin müəyyən edilməsi ilə bağlı mübahisələndirilən hal olmadıqda, sığortaçı müstəqil qaydada sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən edir. Hazırkı halda dəymiş ziyanın həcmi ilə bağlı mülki iş üzrə tərəflər arasında fikir ayrılığı olduğundan cavabdeh tərəfin təqdim etdiyi dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı akta istinad edilə bilməz. Odur ki, düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırma aparılması məqsədi ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur.

46. Kollegiya məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2107 nömrəli rəyinin mötəbərliyinə dair hər hansı şübhə mövcud deyil.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

51. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-280/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar